image-qanunla-reklam
image-e64dcebc7663b1d5ea5a1f2d85969dd5

Qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi

image-lady-day-az

Qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi

Müharibə başlayanda Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi. Minlərlə oğlan və qız hərbi komissarlıqlara ərizə ilə müraciət edərək cəbhəyə getdilər. Bu Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Müharibə illərində göstərdikləri igidliyə görə 42 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. 77-ci, 223-cü, 271–ci, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, həmçinin İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi

Qafur Məmmədovun, Leninqradın müdafiəsi zamanı 17 ölümcül yara almasına rəğmən təyyarəsini yerə endirən Hüseynbala Əliyevin, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları tarixə düşmüşdür. Qafqazın müdafiəsi uğrunda döyüşlərdə Ziya Bünyadovunbölməsi düşmənin xeyli canlı qüvvə və texnikasını məhv etmişdi. 1945-ci ilin yanvarında isə sovet ordusu Polşada döyüşdüyü zaman Ziya Bünyadovun başçılıq etdiyi bölüyün bütün döyüşçüləri Plitsa çayı üstündəki körpü uğrunda qeyri-bərabər döyüşdə göstərdikləri igidliyə görə təltif edildilər. Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verildi.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev

 

Azərbaycan oğulları faşizmə qarşı partizan və müqavimət hərəkatında da fəal iştirak etmişdilər

Ötən əsrin ən böyük müharibəsi sayılan II Dünya Müharibəsi bütün xalqların, ölkələrin tarixində və yaddaşında silinməz izlər qoyub. Mayın 9-da faşizm üzərində qələbənin 78-ci ildönümüdür. II Dünya Müharibəsi Azərbaycanın sərhədlərindən uzaqda getsə də, xalqımız bütün gücü və resursu ilə bu döyüşlərin iştirakçısına çevrilib. Həmin dövrdə faşizmə qarşı mübarizədə həm yeraltı və yerüstü sərvətləri, həm də canlı qüvvəsi ilə düşmənə qarşı səfərbər olan Azərbaycan xalqı göstərdiyi rəşadət və cəsarətlə adını tarixə qızıl hərflərlə yazdı.

Azərbaycanın igid oğulları cəbhədə düşmənə qarşı layiqli mübarizə aparıb. Xalqımızın nümayəndələri istər açıq döyüş meydanında, istərsə də, partizan və müqavimət hərəkatında igidlik nümayiş etdirib, fəal iştirak ediblər. Azərbpaycanlılar partiyazan və müqavimət hərəkatı çərçivəsində Qərbi Avropada da böyük şöhrət qazanıblar. Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada müqavimət hərəkatında iştirak etmişdilər. Onlardan Fransa müqavimət hərəkatında vuruşan Əhmədiyyə Cəbrayılovun adı yaddaşlarda daha çox qalmışdır. Ulu Öndər Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik edərkən yenidən Mehdi Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsi istiqamətində əməli işlər görüb, onun şərəfli xidmətlərinin İttifaq miqyasında tanınmasına nail olub və Bakıda möhtəşəm abidəsinin ucaldılmasına göstəriş verib. Yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçı Mehdi Hüseynzadənin qəhrəmanlarının gənc nəslin Vətənə sədaqət ruhunda tərbiyə edilməsində xüsusi əhəmiyyətini nəzərə alan dövlətimizin başçısı İlham Əliyev igid döyüşçünün anadan olmasının 100-cü ildönümünün qeyd edilməsi barədə 2018-ci il iyulun 23-də Sərəncam imzalayıb.

Ümummilli Liderin dövlətçilik siyasətini və azərbaycançılıq irsini uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev görkəmli sərkərdələrimizin, hərb xadimlərimizin, qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsinə və yubileylərinin dövlət səviyyəsində qeyd olunmasına xüsusi diqqət yetirir.

 Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva

 

 

1941-ci ildə Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi.

İkinci dünya müharibəsində faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük rolu olub. 1941-ci ildə Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi. Minlərlə oğlan və qız hərbi komissarlıqlara ərizə ilə müraciət edərək cəbhəyə yollandı. Azərbaycan xalqının ümumilikdə 600 mindən çox oğul və qızı 1941-1945-cı illərdə İkinci Dünya müharibəsində iştirak edib. Azərbaycanda təşkil olunmuş 416, 271, 77 və 223-cü diviziyalar şanlı döyüş yolu keçmiş, minlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşmuşlar.

Xalqımız arxa cəbhədə də misilsiz əmək hünərləri göstərmiş, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz bilmədən fədakarlıqla çalışmışdır. Böyük Qələbədə xüsusən Bakı neftinin töhfəsi əvəzsizdir. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzininin və yüksək keyfiyyətli sürtgü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. Faşizm üzərində qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi.

İkinci dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə vətənpərvərlik nümunəsi olacaqdır. Faşizm üzərində qələbə Azərbaycan xalqının fəxr etdiyi, qürurlandığı unudulmaz tarixdir. 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 9 May – Qələbə Gününə və müharibə veteranlarına qarşı əvvəlki hakimiyyətin cəmiyyətdə formalaşdırmağa cəhd göstərdiyi münasibət birdəfəlik aradan qaldırıldı. Ümummilli lider Heydər Əliyev 9 May – Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməsi, müharibə veteranlarına diqqət və qayğının artırılması, imtiyazların verilməsi, onların həyat, qurub-yaratmaq eşqini daha da gücləndirdi.

Bu gün Ulu öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur. Prezident İlham Əliyev hər il Qələbə günündə görkəmli sərkərdə, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edir, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir. Dövlət başçısının müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, yubiley medallarının təsis edilməsi cəmiyyətdə böyük razılıqla qarşılanır.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin müəllimi-Səidə Tağıyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki