“Üçtərəfli Brüssel görüşü və Moskvada keçirilən Paşinyan-Putin görüşü Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanması, sərhədlərin dəqiqləşməsi, kommunikasiyaların açılması ilə bağlı ciddi fikirlərin müzakirəsini göz önünə gətirib”.
Bunu Yenisabah.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.
O əlavə edib: “Paşinyanın parlamentdəki çıxışlarından da bu, açıq görünür. Azərbaycanın mövqeyi təbii ki, bəllidir. Prezident səviyyəsində 5 bənddən ibarət təklifləri Ermənistana və beynəlxalq təşkilatlara təqdim etmişik.
Bu şərtlər Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə zərrə qədər xələl gətirmir. Paşinyana da həmin şərtlər əsasında başa salırlar ki, Azərbaycanla sülh sazişi bağlamaq, sərhədləri dəqiqləşdirmək və kommunikasiyaları açmaq lazımdır”.
Partiya sədri qeyd edib ki, Rusiyanın özü də maraqlıdır ki, kommunikasiyalar tez açılsın.
“Xüsusilə Cənub və Zəngəzur dəhlizləri Rusiya üçün dünyaya çıxış pəncərələridir. Rusiya bu gün çalışır ki, ən azı Cənubi Qafqazda, Azərbaycan və Ermənistan arasında sülhü reallaşdıran bir dövlət kimi, Ukrayna-Rusiya müharibəsi fonunda kifayət qədər torlanan imicinə müəyyən müsbət elementlər gətirsin.
Müəyyən revanşist qüvvələr, “Qarabağ klanı” Paşinyanın addımlarını qəbul etmək istəmir. Onlar Azərbaycan və Ermənistan arasında vəziyyətin normallaşmasına mane olmağa çalışır. Xüsusən, Qarabağda yaşayan ermənilər status məsələsini gündəliyə gətirməyə çalışır.
Paşinyan başa düşür ki, ölkəsini xilas etmək üçün Azərbaycanla münasibətləri normallaşdırmalıdır. Lakin Paşinyan xarakter etibarı ilə zəif olduğuna görə istənilən kiçik təzyiqdən ehtiyat edir, qorxur və manevr etməyə çalışır. “Qarabağ klanı” güclü təsirə malikdir və güclü maliyyə imkanları var.
Amma erməni müxalifətinin Paşinyanı devirmə ehtimalı kiçikdir, onların elə bir gücü yoxdur. Paşinyanı devirmək üçün revanşistlərə xarici dəstək lazımdır. Amerika və Avropadan dəstək almırlar, Rusiyanın isə Paşinyanın yerinə vassalını gətirmək imkanları kifayət qədər məhduddur.
Nəticə etibarı ilə Paşinyan istəyinə nail olacaq. O, bizi sevdiyinə görə deyil, bizdən qorxduğuna görə sülh sazişini bağlamaq zorunda qalacaq”.
























