image-qanunla-reklam
image-17101576932455320621_1200x630

Ölkəmizə göstərilmiş dəstək

image-lady-day-az

Ölkəmizə göstərilmiş dəstək

Qazaxıstan və Azərbaycan iki qardaş dövlətdir. Xalqlarımız ictimai-siyasi formasiyadan asılı olmayaraq, uzun əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşayır. İki müstəqil dövlət olaraq isə artıq uzun illərdir ki, həm beynəlxalq strukturlarda, həm də ikitərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir.

Azərbaycan və Qazaxıstan SSRİ-nin dağılmasından sonra təkcə dostluğu qoruyub saxlamayıb, həm də ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə nail olublar. Əlaqələrin möhkəmlənməsi istiqamətində ilk addımı heç şübhəsiz Ulu öndər Heydər Əliyev atıb və bu da sonrakı dövrlərdə iki qardaş xalq arasında münasibətlərin inkişafında müstəsna rol oynayıb. Bu siyasətin nəticəsi olaraq hər iki ölkə bu gün regional inteqrasiya və təhlükəsizliyin arxitekturasını müəyyən edir, inkişaf paradiqmalarını uğurla tənzimləyir, qlobal uğura töhfəsini verir.

Bununla yanaşı, hər iki ölkə regionda əsas inteqrator rolunda çıxış edir, yüklərin Çindən Avropaya və geriyə daşınmasında uğurlu fəaliyyət göstərirlər. TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində sıx qarşılıqlı, faydalı əlaqələr bunun sübutudur. Qazaxıstandan keçməklə Çin Xalq Respublikasından Azərbaycana qədər yol qət edən konteyner qatarının Abşeron stansiyasına gəlməsi iqtisadi nailiyyət kimi tarixə yazıldı.

Ölkələrimiz arasında sıx siyasi və iqtisadi dialoqla yanaşı, mədəni-humanitar, elm və təhsil sahələrində əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Aydındır ki, mədəni mübadilə və sıx əlaqə iki xalq arasında qarşılıqlı anlaşmada mühüm rol oynayır. Xalqlarımız arasında münasibətlər dilin, mədəniyyətin oxşarlığına, dinlərin birliyinə, tarixi köklərə və coğrafi yaxınlığa əsaslanır. Ölkələrimiz arasında vaxtaşırı mədəniyyət günləri, dəyirmi masalar, beynəlxalq konfranslar, təqdimatlar, sərgilər və  yaradıcılıq görüşlərinin keçirilməsi münasibətlərin doğmalaşmasına, əlaqələrimizin daha da inkişafına geniş imkanlar açıb.

Xalqımız 44 günlük Vətən müharibəsində Qazaxıstanın rolunu və sərgilədiyi mövqeyini heç vaxt unutmayacaq. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarıq. Dünən haqq savaşımızda ölkəmizin yanında olan Qazaxıstan bu gün işğaldan azad edilmiş ərazilərimizdə quruculuq prosesinə öz töhfələrini verir.

Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirmək qarşımızda duran əsas vəzifələrdəndir

Dünyada bir sıra uğurlu birlik nümunəsi olsa da, gücünü tarixindən alan və eyni soykökə sahib dövlətlərin səmərəli əməkdaşlığına rast gəlmək olduqca çətindir. Məhz bu çərçivədə Türk Dövlətləri Təşkilatı  yeni dünya nizamında aparıcı mövqeyə sahibdir. Bu təşkilatın üzvlərinin sayı 2009-cu ildə təşkilatın cəmi dörd iştirakçısı olsa da, 2021-ci ildə iştirakçıların sayı yeddiyə çatıb. Türk Dövlətləri Təşkilatı iştirakçı ölkələrin müstəqilliyinə və suverenliyinə heç bir maneə yaratmır. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. Son illərdə cənab Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20-dən çox səfəri təşkil olunmuşdur. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər.

Azərbaycan ilə Qırğızıstan arasında Strateji Tərəfdaşlıq haqqında, Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi barədə bəyannamələrin, Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması, o cümlədən Azərbaycanın Qazaxıstanla, Türkiyənin Özbəkistan və Qırğızıstan ilə imzaladıqları ikitərəfli sazişlər olduqca böyük əhəmiyyət kəsb edir. İkitərəfli tərəfdaşlıq çoxtərəfli əməkdaşlığa yol açır, öz növbəsində strateji layihələrin reallaşdırılmasına münasib zəmin formalaşdırır.

Türk Dövlətləri Təşkilatı ilə münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib. Azərbaycan Şərq-Qərb Nəqliyyat Dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir.

Tarixi İpək Yolunun üzərində yerləşən, Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısı olan Azərbaycan türk dövlətləri arasında əməkdaşlığın genişlənməsinə də önəmli töhfələr verir.

Türk Dövlətləri Təşkilatı ilə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadi, hərbi, ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi mühüm sahələrin əhatə olunması, hər iki dövlətin təşəbbüsü ilə reallaşan enerji, nəqliyyat layihələrinin əhəmiyyətinin, müdafiə sahəsində əməkdaşlığın, iş birliyi məsələsinin ön planda göstərilməsi tarixi nailiyyətdir.

Əminliklə deyə bilərik ki, türk dövlətləri gələcəkdə də, daha böyük nailiyyətlərə imza ataraq qlobal destabilliyin aradan qaldırılmasına önəmli töhfələr verəcəklər.

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

TransXəzər nəqliyyat dəhlizi

Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər. Hər iki ölkənin regionda bütün sahələr üzrə lokomotiv rolunda olması və qarşılıqlı müsbət əlaqələrin inkişafına meyillənməsi Avrasiya regionu üçün çox mühüm hesab edilir.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına 1999-cu ildə yaradılmış Ticari-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya da mühüm töhfə verir. Azərbaycan – Qazaxıstan arasında ticarət əlaqələri müsbət tendensiya ilə inkişaf edir. İxrac-idxal mallarının nomenklaturalarının genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiya qoyuluşlarının təşviq edilməsi, nəqliyyat-logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi kimi məsələlər qarşıya qoyulan hədəflər sırasındadır. Son dövrlərdə Azərbaycan və Qazaxıstan dövlət başçılarının qarşılıqlı silsilə səfərləri iki ölkə arasında münasibətlərdə yeni mərhələnin yaranmasına təkan verib. İki ölkə arasındakı çoxtərəfli əməkdaşlıqlar çərçivəsində tranzit imkanlarının genişləndirilməsi, multimodal nəqliyyat dəhlizlərinin mövcudluğu ilə biznesin inkişafı və investisiya qoyuluşlarının artması Mərkəzi Asiya, Cənubi Qafqaz, ümumilikdə Türk dünyasında qarşılıqlı əlaqələrin inkişafına töhfə verir. Regionda yaranmış yeni reallıqlar çərçivəsində nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində aparılan işlər və postmünaqişə dövrünün reallığı olan Zəngəzur dəhlizi Mərkəzi Asiya regionu, o cümlədən Qazaxıstan üçün də yeni fürsətlər yaradır. Ölkələrimizin maraqları bu məsələdə də üst-üstə düşür. Əlaqələrin genişlənməsində həm Qazaxıstanın, həm də Azərbaycanın Xəzər sahilində yerləşməsinin mühüm əhəmiyyəti vardır.

Qeyd edək ki, Xəzər dənizi Avropa və Asiyada, beş ölkə – Azərbaycan, İran, Qazaxıstan, Russiya və Turkmənistan sahilində yerləşir. Həm dənizdə, həm də sahillərdə yerləşən yataqlarda böyük həcmdə neft və təbii qaz ehtiyatları var.  Xəzər təkcə ölkələrimiz arasında yox, həm də bir çox ölkələr arasında körpüdür, çünki TransXəzər nəqliyyat dəhlizi bu gün öz potensialını tam şəkildə açır. TransXəzər nəqliyyat marşrutu möhkəm bazaya malikdir. Çünki həm Qazaxıstanda, həm də Azərbaycanda əvvəlki illərdə bu sahəyə böyük investisiyalar yatırılıb.

Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da qurulub

Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Qazaxıstan arasında əlaqələrin uğurla inkişaf etməsini şərtləndirən bir sıra amillər sadalamaq mümkündür. Burada geosiyasi amillərlə yanaşı, Azərbaycan və qazax xalqları arasında tarixi bağlılıq, ənənələrin, mədəniyyətlərin, dillərin oxşarlığı, eyni dinin daşıyıcıları olmaları və əlbəttə ki, coğrafi yaxınlıq kimi amillər müstəsna rol oynayır. Hər iki dövlət tarixi yaxınlığa və ənənələrə sadiqlik nümayiş etdirərək regional və beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyalı fəaliyyət həyata keçirir və Xəzər hövzəsi regionunda təhlükəsizliyin möhkəmlənməsinə, əməkdaşlığın dərinləşməsinə öz töhfələrini verir.

Azərbaycanın və Qazaxıstanın cəmiyyəti və siyasi rəhbərliyi tarixi birliyinin möhkəmlənməsinə, Türk Şurasının nüfuzlu beynəlxalq təşkilata çevrilməsinə və türkdilli ölkələr arasında bağlantıların möhkəmlənməsinə böyük səy göstərirlər.

Uzun illər ərzində keçmiş ittifaqın tərkibində eyni siyasi-iqtisadi və coğrafi məkanı bölüşən müstəqil Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 30 avqust 1992-ci ildə yaradılıb. 9 yanvar 1993-cü ildə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı, 1 mart 2004-cü ildə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirlikləri fəaliyyətə başlayıb. Azərbaycan Respublikasının Qazaxıstanın Aktau şəhərində Baş konsulluğu 2008-ci ildən fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, bu əlaqələrin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndər Heydər Əliyevin miras qoyub getdiyi siyasəti uğurla davam etdirən Prezident cənab İlham Əliyevin sayəsində əlaqələrimiz günü-gündən daha da inkişaf edir. 44 günlük Vətən müharibəsində Qazaxıstan daim yanımızda olmuşdur. Bu danılmaz faktdır.

Bu gün hər iki ölkənin yüksək səviyyəli rəsmiləri müntəzəm olaraq qarşılıqlı səfərlər edərək əməkdaşlığın perspektivlərini müzakirə edirlər. Ölkələrimiz arasında təhsil sahəsində də əməkdaşlıq mövcuddur. 2022-2023-cü tədris ilinin əvvəlinə olan məlumata əsasən, Azərbaycanda 87 Qazaxıstan vətəndaşı təhsil alır. Bakı Dövlət Universitetində müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev adına Qazax Mərkəzi, Qazaxıstanda isə L.Qumilyov adına Avrasiya Milli Universitetində Heydər Əliyev adına auditoriya, Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində “Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzi” fəaliyyət göstərir.

Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soykök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcək.

Aytac Həşimzadə- Zərdab rayon İsaqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Azərbaycan-Qazaxıstan əməkdaşlığında ticarət-iqtisadi əlaqələr xüsusi yer tutur.

Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də məhz Qazaxıstandır.  Hər iki dövlət arasında demək olar ki, bütün sahələrdə əlaqələr mövcuddur. Xüsusilə də Azərbaycanla  Qazaxıstan arasında ticarət-iqtisadi əlaqələrin inkişafında müsbət dinamika var. 2020-ci ildən Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 5 dəfə artıb. Doğrudan da, əməkdaşlığın diapazonu çox genişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat və logistikadan başlayaraq, neft və qaz, rəqəmsallaşma məsələləri mühüm məsələlərdən biridir. Bu baxımdan  hər iki dövlət başçısı tərəfindən bu mövzularda geniş tərkibdə müzakirələr aparılmışdır.  Hər iki dövlət beynəlxalq arenada uğurla işləyir. Azərbaycan və Qazaxıstanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlardakı nümayəndə heyətləri uğurla qarşılıqlı fəaliyyət göstərir.

Qeyd edilməlidir ki, Azərbaycan-Qazaxıstan əməkdaşlığında ticarət-iqtisadi əlaqələr xüsusi yer tutur. Ölkəmizdə Qazaxıstan investisiyalı 182 kommersiya qurumu (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, xidmət) qeydiyyatdadır. Qazaxıstandan Azərbaycana 102,2 milyon dollar, Azərbaycandan Qazaxıstana isə 205,2 milyon dollar investisiya qoyulub.

Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 598,47 milyon dollar təşkil edib.
Bütün bunlarla yanaşı, iki ölkə arasında neft və neft məhsullarının ticarəti sahəsində uğurlu əməkdaşlıq davam etdirilir. Buraya Qazaxıstan mənşəli xam neftin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə dünya bazarına çatdırılması, Qazaxıstan mənşəli xam neftin Azərbaycanda emalı, Qazaxıstan mənşəli xam neftin dünya bazarına təchizatı və sair daxildir.

“SOCAR Midstream Operations” MMC 2023-cü ilin martından etibarən Qazaxıstanın Tengiz yatağından ayda 125 min ton həcmində neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsi ilə nəqlinə başlayıb. Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr bütün sahələrlə yanaşı, enerji sektorunda da uğurla inkişaf edir. SOCAR ilə “KazMunayGaz” arasında ötən il imzalanan yol xəritəsi əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradıb.  Vurğulamaq lazımdır ki, Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı səmərəli əməkdaşlıq, neftin emalı, tranziti, ticari-iqtisadi münasibətlər ölkəmizin sürətli inkişafına təkan verərək onu regional enerji mərkəzinə çevirib.
Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki