image-qanunla-reklam
image-heyder

Müstəqil Azərbaycanın mövcudluğuna görə məhz Heydər Əliyevə borcluyuq

image-lady-day-az

Müstəqil Azərbaycanın mövcudluğuna görə məhz Heydər Əliyevə borcluyuq

Danılmaz həqiqətdir ki, Ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin banisidir. Ümummilli lider Heydər Əliyevin yaxın silahdaşlarından biri kimi bu kontekstdə 1990-cı illərin gərgin şəraitinə, o cümlədən Ulu öndər Heydər Əliyevin həmin dövrdəki yorulmaz fəaliyyətinə nəzər salmağınızı istərdik…

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir. Müstəqillik Azərbaycan xalqının çoxdankı arzusu idi və Sovet İttifaqının dağılması yeni müstəqil dövlətlərin yaranması ilə nəticələndi. Azərbaycan da keçmiş SSRİ-nin tərkibindən çıxaraq özünün dövlət müstəqilliyini elan etdi. Lakin qarşıda daha mühüm bir vəzifə dururdu – bu müstəqilliyi qoruyub saxlamaq, müstəqilliyin xalqa xeyir verməsinə nail olmaq, insanların layiqli həyatını təmin edə bilən güclü və müasir dövlət qurmaq lazım idi.

Lakin müstəqilliyin ilk illərində tarixi proseslər milyonlarla insanın istədiyi məcrada cərəyan etmədi. 1990-cı illərin əvvəlində Azərbaycan müstəqilliyini bərpa edəndən sonra onun başı üzərində qara buludlar dolaşırdı. Bir tərəfdən erməni təcavüzü, Azərbaycan torpaqlarının bir hissəsinin ermənilər tərəfindən işğal edilməsi, ölkə daxilində separatçı meyillər, digər tərəfdən isə hökm sürən hərc-mərclik, anarxiya, iqtisadi tənəzzül total böhrana gətirib çıxarmışdı. Azərbaycan real təhlükə qarşısında idi – o, nəinki müstəqilliyini, hətta ərazi bütövlüyünü itirə bilərdi. Əgər 1993-cü ilin ortalarında xalqın istəyi, arzusu, hətta tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, indi Azərbaycanın tarixi tamam başqa cür olar, Azərbaycan xalqı başqa taleyi yaşamağa məhkum olardı.

Buna görə də düşünürük ki, müstəqil Azərbaycanın mövcudluğuna görə biz məhz Heydər Əliyevə borcluyuq. Bunu bütün Azərbaycan xalqı başa düşür. Güclü Azərbaycan dövlətinin yaradılması, qüdrətli Azərbaycan iqtisadiyyatının qurulması 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı, Onun iradəsi və müdrikliyi sayəsində təhlükəli proseslərin və təhdidlərin cilovlanması ilə bağlıdır.

Daxili və xarici təhlükələrin qarşısının alınmasında Heydər Əliyevin xidmətlərindən danışarkən ilk növbədə, Azərbaycanda sabitliyin, qanunçuluğun və asayişin təmin olunmasını qeyd etmək istərdim. Hərc-mərclik və anarxiyanın qarşısı alındı, erməni təcavüzü dayandırıldı, xaricdən yaranan təhlükələr və daxili separatizm məğlub edildi. Sabitlik və qanunçuluq iqtisadiyyatda islahatlara yönəlmiş layihələrin həyata keçirilməsi üçün bir təməl oldu. Bu sıraya neft strategiyasını, torpaq islahatını, iqtisadiyyatın bazar münasibətlərinə keçirilməsini və hüquqi dövlət və vətəndaş cəmiyyəti qurulması kimi əsaslı məqamları aid etmək olar. Əlbəttə, siyasi islahatlar da kənarda qalmadı – ölkənin yeni Konstitusiyasının qəbul edilməsi, demokratik təsisatlar yaradılması nəticəsində müstəqil Azərbaycan dövlətinin mütləq şəkildə öz müstəqilliyinə qovuşması prosesi başa çatdı. Azərbaycan xalqı haqlı olaraq belə hesab edir ki, Ulu öndər Heydər Əliyevin şah əsəri Onun yaratdığı müstəqil Azərbaycan dövlətidir. Heydər Əliyevin qətiyyəti, iradəsi, müdrikliyi və uzaqgörənliyi sayəsində qurulmuş bu dövlətin əsasları o qədər möhkəmdir ki, bugünkü güclü və müasir Azərbaycan həmin əsaslara söykənir.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki