image-qanunla-reklam
image-1638263364_0001

Mina terroru davam edir

image-lady-day-az

Mina terroru davam edir.

Azərbaycan ərazilərində Ermənistan tərəfindən kütləvi şəkildə minaların və digər partlayıcı qurğuların yerləşdirilməsi bərpa və yenidənqurma işlərinin əngəlsiz şəkildə irəliləməsinə ciddi maneə olaraq qalır. Bu, otuz illik məcburi köçkünlükdən sonra öz evlərinə qayıdan şəxslər üçün də real təhlükə yaradır. Mina və partlamamış hərbi sursatların təmizlənməsi ağır zəhmət, uzun və yorucu əmək tələb edən işdir. Eyni zamanda, böyük vəsait tələb edir.Ermənistanın bütün minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi və bütün hərbi əməliyyatların dayandırıldığının elan edilməsindən sonra da minaların, mina tələlərinin və digər partlayıcı maddələrin davamlı yerləşdirilməsi vəziyyəti daha da ağırlaşdırıb və insan tələfatının sayını artırıb. İşğaldan azad olunmuş ərazilərdə minalar elə quraşdırılıb ki, hadisə zamanı minaya düşən şəxsin sağ qalmaq ehtimalı olmasın. Bütün bunlarda məqsəd daha çox insanı qətlə yetirmək üçün partlayışın dalğasını maksimum böyütməkdir. Ermənistan işğal etdiyi ərazilərdə hərbi təyinatı olmayan yerləri də minalamışdı. Bu faktın özü Ermənistanın terrorçu xislətindən xəbər verir. Prezident İlham Əliyevin dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı söyləyib ki, müharibədən sonra ermənilər yüzlərlə minanı məhz təmas xətti olacaq yerlərdə basdırıblar, yəni, separatçı qüvvələrlə Azərbaycanın Silahı Qüvvələri arasında olan yerlərdə: “O minalar 2021-ci ildə Ermənistanda istehsal olunub. Biz Rusiya sülhməramlılarını və Türkiyə monitorinq missiyasının üzvlərini dəvət etdik, həmin minaları onlara göstərdik. Bu onu göstərir ki, erməni terroru davam edir.” Azərbaycan Prezidenti onu da bildirib ki, Qarabağda əsas maneə basdırılmış minalardır. Bundan başqa, bizim üçün hər hansı bir maneə yoxdur.

Azərbaycan üzləşdiyi mina təhlükəsi problemini müxtəlif beynəlxalq platformalarda mütəmadi olaraq qaldırır. Bununla bağlı Bakıda beynəlxalq tədbirlər keçirilir. Elə dekabrın 6-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Bakı Forumu keçirilməsi buna nümunə hesab oluna bilər. Sözügedən tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qeyd edib ki, bu gün dünyada 60-dan çox ölkə mina və partlamamış sursatlardan əziyyət çəkir və Azərbaycan bu siyahıda ilk sıralardadır. İlkin məlumatlara görə, hazırda ərazilərimizdə 1,5 milyondan çox mina və PHS var. Minalar və partlamamış hərbi sursatlarla ərazilərimizin çirklənməsinə beynəlxalq ictimaiyyətin etinasız yanaşması, minalar səbəbindən bərpa və quruculuq işlərinin gecikməsi, insanlarımızın öz doğma yurdlarına qayıtmasının yubanması yaşamaq hüquqlarının pozulmasına səbəb olur.  44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrlərdə Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının pozulması faktları ilə əlaqədar tərəfimizdən ümumilikdə 18 hesabat, 29 bəyanat, 7-si videomüraciət olmaqla 60 müraciət hazırlanıb, xarici dillərdə Ombudsman tərəfindən verilmiş açıqlamaların sayı isə 300-dən çoxdur. Beynəlxalq təşkilatlar tərəfindən göstərilən dəstək də bu işə adekvat deyil. Buna görə də beynəlxalq ictimaiyyət hər kəsin yaşamaq, mülkiyyət, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq kimi fundamental insan hüquqlarının müdafiəsi naminə ikili standartlardan əl çəkməli və Azərbaycana münasibətdə ədalətli mövqe nümayiş etdirməlidirlər. Qeyd edək ki, 10 noyabr 2020-ci il tarixindən bu günə kimi 338 nəfər mina və müharibənin digər partlayıcı qalıqlarının qurbanı olub, onlardan 65 nəfər həyatını itirib, 273 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Azərbaycan ərazilərinin mina və partlayıcı sursatlarla çirklənmə səviyyəsinə görə dünya ölkələri arasında ilk sıralarda yer alır. İlkin hesablamalara görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 1,5 milyona yaxın mina yerləşdirilib və 9 min kv.km-ə yaxın ərazi minalarla çirklənib. 2020-ci ilin noyabr ayından bu günə qədər aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 114 400.9 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib. Ümumilikdə 110 347 mina və müharibənin digər partlayıcı qalıqları, o cümlədən 30 795 piyada əleyhinə mina, 18 582 tank əleyhinə mina və 60 970 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri. 

 

 

Vasitəçilik alternativləri.

Qarabağın 30 illik işğal müddəti Azərbaycan xalqı üçün bir həqiqəti aydın şəkildə göstərdi ki,  beynəlxalq hüquq normaları, insan azadlıqları beynəlxalq aləm üçün ikinci, hətta sonuncu məsələdir. Ölkəmiz  isə  “Amerika ədalətini” 30 il  gözləyib. Vaşinqton münaqişəni həll etməyə məsul olan paytaxtlar sırasında yer alsa da, işğalın davam etməsi, problemin həllini tapmaması üçün əlindən gələni etdi. Ümumiyyətlə, ABŞ, Fransa kimi Qərb dövlətləri ölkəmizin Cənubi Qafqaz regionunda yaratdığı  reallıqları və  güclü, suveren, müstəqil Azərbaycan dövlətini qəbul edə bilmirlər.  Unutmayaq ki, ABŞ  30 ilə yaxın müddət ərzində keçmiş Qarabağ münaqişəsinin nizamlanması mandatına malik olan ATƏT-in Minsk qrupunda həmsədr  vəzifəsini daşıyırdı. Amma, bu, müddət ərzində sülhə nail olunması istiqamətində heç bir addım atılmadı. ABŞ bir dəfə də olsun işğalçı Ermənistanı qınamadı, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrası istiqamətində addım atmadı. ABŞ-ın bu mövqeyi sülhə xidmət etmir. Əksinə, iki dövlət arasında olan bütün körpüləri yandırır.

Qafqazda 30 illik işğala faktiki olaraq göz yuman, vasitəçi kimi münaqişənin həllinə töhfə verməyən və bunu heç arzulamayan Vaşinqton xarici siyasət idarəsi indi Ermənistanın suverenliyi və ərazi bütövlüyünün “qətiyyətli” dəstəkçisinə çevrilib. Məktubda həmçinin ermənipərəst qüvvələrin ölkəmizə qarşı istifadə etdiyi digər əsassız iddiaları da yer alır. Belə ki, sözügedən məktubda Azərbaycanın guya Ermənistanın ərazisinə qarşı “təcavüzünü davam etdirəcəyi” ilə bağlı narahatlıq ifadə edilir.Ölkəmizin Ermənistanın cənubuna “Qərbi Azərbaycan” kimi istinad etdiyi, habelə, Azərbaycanla sərhəddə yerləşən və “erməni” mənşəli kimi təqdim edilən səkkiz kəndin azad edilməsinə çağırış edildiyi qeyd edilir. Qərb “demokratiyaları” ilə yaxın münasibətlər üçün Ermənistanın özünü Rusiyadan uzaqlaşdırdığı da məktubda iddia edilir. Məktubda inam ifadə edilir ki, Rusiyadan uzaqlaşdığı üçün Ermənistanın təhlükəsizliyinin təhlükəyə məruz qalmaması üçün ABŞ vacib rol oynaya bilər. Bu kontekstdə Azərbaycanı “təcavüzdən” çəkindirmək və Ermənistanı öz “demokratiyasını” qorumaq üçün ABŞ-nin liderliyinə ehtiyac yarandığı vurğulanır. Vasitəçilik missiyasını yerinə yetirən bəzi dünya gücləri 27 il münaqişənin həlli istiqamətində hansısa irəliləyişə nail olmadılar. Sonadək belə bir yanlış mövqe nümayiş etdirdilər ki, sanki işğalçının adı ilə çağırılması münaqişənin həllinə mane ola bilər. Ermənistana demokratiyaya dəstək adı altında göstərilən maddi və mənəvi dəstəklər, işğalçı dövlətin silahlandırılması və sair kimi addımlar tarixi Zəfərimizdən sonra da davam etdirilir. Belə ki, sözügedən məktubda ABŞ Konqresindən xahiş edilmiş əlavə büdcədən Ermənistan üçün 10 milyon ABŞ dolları “Xarici Hərbi Maliyyələşmə” (Foreign Military Financing) proqramı üçün vəsait istənilir. Həmçinin ümid ifadə edilir ki, əlavə büdcədə humanitar yardım məqsədi üçün nəzərdə tutulmuş vəsaitdən Ermənistana gəlmiş 120 min “qaçqın” üçün müəyyən məbləğ ayrılacaq.

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Münaqişə həll olunub

Dekabrın 6-da ölkəmiz yenidən dünyanın diqqətini özünə yönəltdi. Belə ki, ADA Universitetində ənənəvi olaraq keçirilən beynəlxalq tədbirlər sırasına daha biri əlavə olundu. Dövlət başçısı İlham Əliyevin iştirakı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda Forum keçirildi. Bu mühüm platforma xarici ekspertlərə postmünaqişə dövründə işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə dolğun məlumatların əldə olunması, Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın formalaşdırdığı Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan yaratdı. Prezident İlham Əliyev “Mən bu cür toplantıları faydalı hesab edirəm, çünki bu təmas vaxtı biz bir sıra vacib məsələləri müzakirə edirik. Mən də beynəlxalq ekspert dairələrində regionumuzda cərəyan edən son proseslərlə bağlı hansı sualların olduğunu daha da yaxşı anlayıram” kimi fikirləri ilə beynəlxalq tədbirlərin əhəmiyyətini açıqladı. Bir daha qeyd olundu ki, regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır.

Dövlət başçısı cənab İlham Əliyevin hər bir çıxışı Azərbaycan həqiqətlərinin təbliğində zəngin mənbədir: “Bu baxımdan cənab İlham Əliyevin Forumdakı çıxışı da biri-birindən mühüm məqamları, çağırışları, Ermənistana və havadarlarına ünvanlanan mesajları ilə diqqətdə oldu. 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi, postmünaqişə dövrünün reallıqları barədə Forum iştirakçılarına geniş məlumat verən dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin üzərində suverenliyini tam bərpa etməli idik. Bunu sülh yolu ilə etmək istəyirdik. Lakin, təəssüflər olsun ki, bu mümkün olmadı.

Cənab İlham Əliyevin hər bir çıxışında 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizə və onun yaratdığı reallıqlara xüsusi diqqət yönəldilir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi oldu. Lakin Ermənistan ötən üç ildə sənəddən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə səy göstərmədi. Dövlət başçısı İlham Əliyevin Forumdakı çıxışında vurğulandığı kimi, imzalarına hörmət edəcəklərinə, uzun müddət davam edən qarşıdurmaya son qoymaq üçün vacib addımlar atacaqlarına ümid edirdik. Ermənistan öz qoşunlarını Qarabağdan çıxarmalı idi. Onlar müxtəlif səbəblərdən bunu etmədilər. Aparılan bir gündən də az lokal antiterror tədbirləri nəticəsində suverenliyimizi bərpa etdik.

Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki