image-qanunla-reklam
image-277899122_516674603235645_2039448114784942653_n

Milli dəyərlərimizə əsaslanan ailə münasibətləri hüquqi cəhətdən necə tənzimlənir?-MÜSAHİBƏ

image-lady-day-az
Sosial şəbəkələrdə boşanmalarla bağlı hüquqşünaslara müraciət edən qadınların əksəriyyəti, mal bölgüsü, alimentlə bağlı suallar ünvanlayırlar. Qadınlar boşanma üçün müraciət etməmişdən öncə, bu izdivacdan nə kimi pay ala biləcəklərini aydınlaşdırmağa çalışırlar. Nədir qadınları bu qədər ailələrdən soyudan? Boşanma ən son, ən çıxılmaz anda verilməli qərar deyilmi?
Ailə kiçik dövlət sayıldığından bu dövlətdə hər kəsin öz hüquq və vəzifələri olur. Hətta bəzən ailənin kiçik üzvləri sayılan uşaqların belə ən xırda yanlış hərəkəti ailədəki tarazlığı alt-üst edir.
Ailələrdə yaranan sosial problemlərlə bağlı vəkil köməkçisi hüquqşünas Süleyman Tarverdi Qanunla.Az saytına müsahibə verib.
Süleyman bəy ailə münasibətləri qanunda necə tənzimlənir?
Əslində ailə münasibətlərinin tarixi inkişaf mərhələsinə baxdıqda bu münasibətlərin ən klassik nümunəsi məhz Roma hüququ üçün xarakterikdir. Roma hüququnda ailə münasibətlərini tənzimləyən normalar olsa da, ancaq uzun müddət ərzində ailə rəisi məhz ata sayılırdı. O öz himayəsində olanlar üzərində sərhədsiz hakimiyyətə malik idi. Bu hakimiyyət patria potestas (atanın gücü) adlanırdı. Lakin sonralar klassik Roma hüququnda dəyişiklik olmağa başladı. Bu isə tədricən ailə xanımının da hüquqlarının yaranması və eyni zamanda, ər-arvadın bir birilərinə qarşı və həmçinin övladlarına qarşı hüquq və vəzifələrinin əmələ gəlməsi ilə nəticələndi. Bu gün hüquq ailə hüquq sistemimizin tərkibinə daxil olan aliment institutu məhz Roma ailə hüquq münasibətlərində baş verən dəyişiklik nəticəsində əmələ gəlib. Azərbaycanda da ailə münasibətlərini tənzimləyən qanunvericilik bazası mövcuddur”.
Azərbaycan Respublikasının Konstitusiyasının 17-cu maddəsində qeyd edilir ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.
Ər və arvadın boşanma zaman əmlakı necə bölünür?
Nikaha girməzdən əvvəl tərəflərin hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun öz mülkiyyətidir.
Ər-arvad birgə nikah dövründə əldə etdikləri ümumi əmlakı öz aralarında bağlanmış notariat qaydasında təsdiq edilmiş sazişə əsasən bölə bilərlər. Mübahisə yarandığı təqdirdə tərəflər ümumi əmlakın bölünməsini və yə həmin əmlakda payının müəyyən olunmasını məhkəmə qaydasında tələb edə bilərlər. Təcrübədə bir qayda olaraq ər-arvadın birgə nikah dövründə əldə etdikləri ümumi əmlak bölündükdə onların payları bərabər müəyyən olunur. Bəzi hallarda yetkinlik yaşına çatmayan uşağın mənafeyi nəzərə alınaraq ümumi əmlakdakı paylar bərabər bölünməyə də bilər. Qeyd edək ki, zinət əşyaları istisna olmaqla fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
Sizcə Nikah müqaviləsi nədir?
Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və ya nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsində tərəflərin bir-birini qarşılıqlı saxlaması, bir-birinin gəlirlərində iştirak üsulları, ailə xərclərində iştirak qaydası ilə bağlı öhdəlikləri, ər-arvadın əmlakının hüquqi rejimi müyyənləşdirilir. Nikah müqaviləsi həm də ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər.
Əgər tərəflər arasında nikah müqaviləsi bağlanmamışdırsa, ər-arvadın nikah dövründə əldə etdikləri mülkiyyət onların birgə mülkiyyətidir və bərabər payda bölünür.
Nikah müqaviləsi əmlakın kimin mülkiyyətinə verilməsini, ondan istifadə qaydalarını müəyyənləşdirməyə imkan verir və bu da gələcəkdə yarana biləcək hər hansı mübahisələrin qarşısını ala bilər.
Ər-arvad nikah müqaviləsinə bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər.
Nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən müddəalar nəzərdə tutula bilər.
Nikah pozulduqda yetkinlik yaşına çatmayan uşaq valideynlərdən hansının yanında qalır?
Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını müəyyən edən saziş təqdim edə bilərlər. Uşaqların kimin yanında qalması barədə ər-arvad arasında belə saziş olmadıqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Bu halda, əgər valideynlər arasında razılıq yoxdursa, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
Məhkəmə təcrübəsi göstərir ki, uşaq əksər hallarda anasının yanında qalır. Burada uşağın yaşından çox şey asılıdır. Bir qayda olaraq, azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s.
Uşağın maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır.
Uşaqlar üçün tutulan alimentin miqdarı nə qədər olmalıdır?
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən yetkinlik yaşına çatmayan uşaqlar ata və anaları tərəfindən saxlanılmağa borcludur. Eyni zamanda nikahı pozulmuş və uşaqlarından ayrı yaşayan valideynlər, atalar və ya analar uşaqlarını saxlamaq üçün müəyyən məbləğdə pul ödəməyə borcludurlar. Həmin pul və məbləğ aliment adlanır. Əgər şəxs alimenti könüllü ödəmək istəyirsə, bu zaman valideynlər Ailə Məcəlləsinin 75.3-cü maddəsinə uyğun olaraq aliment ödənilməsi barədə saziş imzalaya və həmin sazişdə ödəniləcək alimentin məbləğini müəyyən edə bilərlər. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda isə, bu məsələ məhkəmə qaydasında həll edilir. Məhkəmə qaydasında uşaqlar üçün onların valideynlərindən hər ay aşağıdakı miqdarda aliment tutulur:
1 uşağa görə – qazancın və başqa gəlirlərin dörddə bir hissəsi;
2 uşağa görə – qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;
3 və daha çox uşağa görə – qazancın (başqa gəlirlərin) yarısı.
Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
Bir çox hallarda boşanan ailələrdə aliment ödəmə problemləri ilə rastlaşırıq.
Zəhmət olmasa deyərdiniz aliment ödəməməyin cəzası nədir?
Alimentin ödənilməməsi məhkəmə qərarını icra edilməməsidir, bu isə inzibati və cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə görə, məhkəmə qərarının icra edilməməsi cərimə  və ya bir aya qədər inzibati həbs cəzası ilə nəticələnə bilir. Məhkəmə qərarını qəsdən icra etməyən şəxsə Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cərimə, ictimai işlərə cəlb etmə, eyni zamanda 3 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik!
Buyurun!
Vüqar Rəhimov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki