image-qanunla-reklam
image-16046-1606287750

Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur

image-lady-day-az

Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur

Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göy-Göl və Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir.

Azərbaycanın ən yüksək dağ rayonu Kəlbəcər Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü il aprelin 2-də işğal olunmuşdu. Bu rayon qızıl, zod yataqları, müalicəvi mineral su sanatoriyaları, sıx meşələri, çayları, bulaqları ilə tanınır.

Ermənistan noyabrın 25-i Kəlbəcər rayonunu Azərbaycana qaytarıb. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə 10 noyabr birgə bəyanatına görə, rayon noyabrın 15-də təhvil verilməli idi, lakin sonradan Ermənistana daha 10 gün vaxt verildi. Azərbaycan Prezidenti cənab İlham Əliyev sentyabrın 27-də başlayan döyüşlərdən bəri ilk dəfə Kəlbəcərin azad edilməsilə bağlı xəbəri oktyabrın sonunda bildirmişdi. O, Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirilən operativ müşavirədə çıxışı zamanı Kəlbəcər rayonun bir hissəsinin işğalçılardan azad edildiyini bəyan etmişdi. Daha sonra noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalandı. Bu bəyanata görə, Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonunu Azərbaycan Respublikasına qaytarmalı idi.

Lakin noyabrın 15-də Azərbaycan rəsmiləri bəyan etdilər ki, Ermənistan rayondan çıxmaq üçün daha 10 gün vaxt istəyib.

Murovdağ silsiləsiylə əhatə olunan Kəlbəcər ən qədim insan məskənlərindən biri hesab olunur.  Kəlbəcərin iqtisadiyyatını əsasən heyvandarlıq və əkinçilik təşkil edib. Kəlbəcərdə alban dövrünə aid xeyli tarixi abidələr var. Bunlardan ən məşhuru Xudavəng məbəd kompleksidir. Bundan başqa rayonun Vəng kəndi ərazisində də digər bir alban məbədi yerləşir.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktoru-Rəşad İsmayılov

 

 

Kəlbəcərin azad olunmasının strateji əhəmiyyəti.

Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunun 25 noyabr 2020-ci il tarixdə geri qaytarılmasını təmin etdi. İkinci Qarabağ müharibəsində hərbi-siyasi  qələbənin davamı olaraq düşmənin rayondan çıxarılması hərbi əməliyyatlar olmadan insan itkisi verilmədən boşaldılmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir.

1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra 60 min Kəlbəcər sakini təxliyə edilmişdi. Həmin zaman Azərbaycanın bir sıra tarixi əraziləri ermənilərin və onların havadarlarının, eləcə də daxildə özünə yer tutan riyakarların satqınlığının qurbanı olmuşdur. Günahsız insanlarımız öz dədə-baba torpaqlarından vəhşicəsinə qovulmuş, tarixi abidələrimizə, təbiətinə böyük ziyan vurulmuşdur. Ali Baş Komandan Prezident cənab İlham Əliyev “Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi” tarixi kəlamı bu rayonun nə qədər strateji əhəmiyyət daşımasından xəbər verir. Kəlbəcərin işğal altına düşməsi Ermənistanın sonrakı işğalçılıq siyasətinə böyük üstünlüklər vermiş, Kəlbəcər üzərindən Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradılmış, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir.

Kəlbəcərə təcavüz erməni barbarlığının və vandalizminin təzahürüdür. Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Buradan qaçmağa məcbur olan qeyri-qanuni sakinlərin rüsvayçı hərəkətləri və barbar davranışları bir daha kim olduqlarını dünyaya göstərdi. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuran ermənilər öz vəhşi, dağıdıcı xislətlərini nümayiş etdirdilər. İşğal olunmuş bütün ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalarla təsdiq olunan hərbi cinayətdır. Buna cavab veriləcəyi hec şübhəsizdər. Əslində Kəlbəcərin və diğər işğal altında olan ərazilərimizin azad olunması ilə Qafqaz Albaniyasına aid olan tarixi abidələrimizin, kilsələrimizin bizim tarixi-mədəni sərvətimiz kimi qorunmasını  təmin edirik. Onların vandalizmə məruz qalmasının qarşısını almış oluruq. Prezident cənab İlham Əliyev bir daha vurğuladı ki, “Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Onlar qorunacaq, bərpa ediləcək”.

Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi Kəlbəcər rayonunda da böyük quruculuq işləri aparılır. Bu işlər nəticəsində Kəlbəcərin əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır. Bu gün işğaldan azad olunmuş ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin müəllimi-Səidə Tağıyeva

 

 

Rəsmi İrəvanın hərbi cinayəti

Bildiyimiz kimi, əsrlər boyu Azərbaycanın tarixi torpaqlarına göz dikən erməni millətçiləri fitnəkar siyasət yeridərək “Dənizdən dənizə Böyük Ermənistan” yaratmaq üçün tarixi torpaqlarımızı işğal etmiş, xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirmişlər. Tək torpaqlarımıza deyil, milli-mənəvi sərvətlərimizə, musiqimizə, ədəbiyyatımıza, tarixi abidələrimizə göz dikərək, mənimsəmək, özününküləşdirmək istəmişlər.  Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan əraziləri vandalizmə məruz qalmış, həmin torpaqlarda misli görünməmiş cinayətlər törədilmişdir. 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı erməni işğalından azad etdik. Bu gün Azərbaycan dövləti Ermənistanın bu cinayətlərinin dünyada ifşa olunması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirməkdədir. Artıq bir çox beynəlxalq qurum və təşkilatların nümayəndələri, o cümlədən media təmsilçiləri işğaldan azad edilmiş ərazilərə etdikləri səfərləri zamanı işğalçı erməni ordusunun, Ermənistan hökumətinin ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər əldə ediblər. Ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident cənab İlham Əliyevin imzaladığı 2020-ci il 2 dekabr tarixli Sərəncamla sentyabrın 27-si Azərbaycan Respublikasında hər il Anım Günü kimi qeyd olunur. 2020-ci ilin sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələri növbəti dəfə bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə olunmaqla Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərimizi atəşə tutdular. Bu qanlı təxribat nəticəsində mülki şəxslər, hərbçilər həlak oldular.  Artıq bundan sonra Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə erməni qəsbkarlarının qanlı cinayətlərinə son qoymaq məqsədilə bütün təmas xətti boyunca hərbi əməliyyatlara başladı.Rəsmi İrəvan hərbi cinayətkardır. Ermənistanın ballistik raketlərlə və artilleriya qurğuları ilə daim bizim şəhər və kəndlərimizi atəşə tutmağının nəticəsində mülki şəxslər, o cümlədən qadınlar və uşaqlar həlak oldular.
Beynəlxalq hüquqa görə mülki şəxslər, habelə döyüş qabiliyyəti olmayan şəxslər hədəfə çevrilə bilməz. Gəncənin, Bərdənin və digər ərazilərin hücuma məruz qalması, orada çoxsaylı vətəndaşlarımızın həlak olması, çoxsaylı mülki obyektlərin məhv edilməsi beynəlxalq humanitar hüquq qaydalarının pozulması deməkdir. Qadağan edilən silahlardan, kasetli bombalardan istifadədə ermənilərin beynəlxalq konvensiyaların tələblərini pozması deməkdir. Ermənistan tarixən regionumuzda olan münaqişələrin səbəbkarıdır.

Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun düşmənə, ancaq döyüş meydanında layiqli cavab verməsi, hərbi əməliyyatları beynəlxalq hüquq və müharibə qanunları çərçivəsində aparması bir daha sübut edir ki, Azərbaycan hər zaman beynəlxalq humanitar hüquqa sadiqdir və öz siyasətində bu sadiqliyi nümayiş etdirir.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru- Kəmalə Əliyeva

 

 

“Kəlbəcər” toponimi. ”

Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Kəlbəcər rayonu Ermənistanla sərhəd rayonudur. Şimalda isə Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə əhatə olunub. Kəlbəcər Azərbaycanın yüksək dağlıq rayonlarından biri olmaqla bərabər qədim tarixə malikdir.  Kəlbəcər rayonu ərazisi ən qədim insan məskənlərindən biri kimi tanınır. “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Kevli “çayın üstü”, çer/car “qala” mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər. Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.
Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.  Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
Kəlbəcərdə “Türk qəbristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir. Kəlbəcərdə dünya əhəmiyyətli 2 tarix-mədəniyyət abidəsi var, onlar Gəncəsər və Xudavəng monastrlarıdır. Qafqaz Albaniyasının tarixi və memarlıq nöqteyi-nəzərindən ən möhtəşəm və məşhur xristian kompleksi – Gəncəsər və Xudavəng monastırı Ermənistan tərəfindən “təmir-bərpa” işləri adı altında saxtalaşdırılıb, erməni abidəsi kimi təqdim edilib. İşğaldan sonra abidənin daşları üzərində olan yazılar dəyişdirilib, bu alban incisinin erməni tarixi abidəsi olması barəsində materiallar yayılıb. 44 günlük vətətn müharibəsində qazanılan Zəfərdən sonra ermənilərin bu saxtakarlığı ifşa edilmişdir.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki