image-qanunla-reklam
image-e315c5e41da383adb62d5c7ce9d00a5f

İnsan alverinin beləsi – bir futbolçuya 91 milyon avro verib, nə qazanacaqlar?

image-lady-day-az

Dünyanın ən gəlirli işlərinə dair çox populyar bir ifadə var, deyirlər, bunların sayı üçdür: narkotik ticarəti, silah qaçaqmalçılığı və insan (qadın) alveri. Üçü də cinayət sayılır.

Belə anlaşılır ki, bu sıraya dördüncünü də əlavə etmək olar: futbolçu alveri. Bu isə leqal alverdir.
Ona görə də bunu üçüncüyə, yəni insan alverinə qatmaq olmaz. O, alınıb-satılan qadınların seks industriyasında istismarını nəzərdə tutur.

Futbolçu alverində də istismar var, ancaq bu cür alverlərdən bir çox işbazlarla yanaşı, futbolçular özləri də qazanır, milyonçu olurlar. Bir neçə milyarder də var.

Bir futbolçunun qiyməti isə eskort xidməti göstərən minlərlə qadının dəyərindən yüksəkdir.

Məsələn, bu günlərdə İtaliyanın “Napoli” klubundan Türkiyənin “Qalatasaray” klubuna transfer olunan nigeriyalı Viktor Osimhenə görə 75 milyon avro ödəniləcək. Viktorun özünə isə 16 milyon avro maaş veriləcək.

91 milyon avro. Bizim pulla 182 milyon manat. Nigeriyanın özündə bu qədər pulu daşımaq üçün bir neçə pikap növlü avtomobil lazımdır.

Ağlasığmaz məbləğdir. Bir oyunçuya görə, türkün sözü, dünyanın parası verilir.

“Havaya sovrulur” demək düzgün olmaz, çünki “Qalatasaray” rəhbərliyi Osimhen üçün xərclədiyi pulun iki qatını qazanmaq niyyətindədir və fors-major hallar olmasa, qazana bilər.

Yəqon ki, Osimhenin zədələrdən sığortası da nəzərdə tutulub. Çünki zarafat deyil, rəqibin bir qaba oyunçusu qəsdən və ehtiyatsızlıqdan ona xəsarət yetirsə, 75 milyon avro payız xəzəlinə dönər.

Bir Osimhen deyil, bu il onun kimi yeni parlayan oyunçuların böyük klublara keçməsi üçün milyardlar xərclənib və xərclənir.

Ərəb milyarderlər futbol biznesinə yatırım etməyə başlayandan bəri klubların və ayrı-ayrı futbolçuların qiyməti kəllə-çarxa qalxıb.

Futbola yatırılan milyardlar həmişə çempionluqlar gətirməsə də, milyarder klubları hər zaman üzdə tutur, necə deyərlər, “beş klubdan biri” edir.

Artıq furbol milyonlarla azarkeşə əyləncəli saatlar bəxş edən idman növü olmaqdan çıxıb, futbol qumarı oynadanlara milyardlar qazandıran idman-qumar növünə çevrilib.

Ortada qazanılan milyardlar var deyə futbolçuların da qiyməti bu cürdür: bir oyunçuya görə 75milyon avro tələb edirlər və o məbləği verənlər tapılır.

“Napoli” klubu binnət olandan bəri, hətta əfsanəvi Maradonanın vaxtında da transferlərdən bu qədər pul qazanmamışdı.

Son iki ildə bu klub ən yaxşı iki oyunçusu baha qiymətə satıb. Osimheni dedik, digər baha qiymətə satılan futbolçu gürcü Xviça Kvaratsxeliyadır.

Fransanın “Pari Sen-Jermen” klubu Xviçanı 70 milyon avroya alıb.

Bəli, göründüyü kimi, futbolçu alveri artıq “dünyanın ən gəlirli işləri”ni qabaqlamaqdadır.

Bəs bir idman şousunun iştirakçısına bu qədər pul xərcləməyə dəyərmi? Klub rəhbərləri, məşqçilər, menecerlər, seleksiyaçılar, futbolçuların özləri, qatı azarkeşlər “bəli” deyəcəklər.

Ancaq düşüncəsi ölkə insanlarını dolandırmaq, yeni iş yerləri açmaq, əhalinin rifahını yüksəltmək olan iqtisadçılar bu qədər pulu səmərəsiz xərclənmiş sərmayə sayırlar.

Osimhenin “Qalatasaray”a transferinin dəyəri məlum olduqdan sonra türkiyəli iqtisadçılar oturub həmin pulla nə qədər daha faydalı işlər görülə biləcəyini hesablayıblar.

Onların təsbitinə görə, 75 milyon avro ilə Türkiyədə:

– 1200 uşaq baxçası açmaq olar;

– 30 “Pendik-Sabiha Gökçen” metro xətti tikmək mümkündür;

– 14 “Bakırköy-Bahçelievler-Kirazlı” metro xətti çəkilə bilər;

– 1000 “Kent” restoranı açmaq olar;

– 200 tələbə yataqxanası tikmək mümkündür;

– 1,2 milyon mənzil tikilə bilər;

– 20.000 kilometr fiber optik internet infrastrukturu qurular;

– 175 zeytun yağı fabriki tikib işlətmək olar;

– 100.000 tələbəyə yeddi ay ərzində ayda 5.000 TL təqaüd verilə bilər.

Ən ümdəsi odur ki, Türkiyədə bunların çoxuna ehtiyac var. Bir futbolçuya verilən 75 milyonla ölkənin qarşısında duran bu problemləri həll etmək olar. Hələ bir futbolçuya maaş kimi ödəniləcək 16 milyon da var.

Həm də bu, son deyil. Türkiyənin digər klubları – “Fənərbağça”, “Beşiktaş”, “Trabzonspor” və digərləri “Qalatasaray”a baxacaq, öz kisələrinin ağzını açacaq və milyonlar xərcləyəcəklər.

Beləcə, Türkiyənin ehtiyacı olduğu milyonlar əcnəbi klublara, menecerlərə, dəllalara axacaq. Onlar milyonlar qazanacaq, Türkiyə klubları isə borc içində üzəcəklər.

Bahalıı futbolçu iki oyun ard-arda qol vura bilməyəndə isə qəzetlərdə manşet atılacaq: “Filankəs göndərilir”. Bir gün elə də olacaq. 50 milyona alınmış furbolçuya 25 milyon da verən olmayacaq.

İspaniya, İngiltərə, Fransa, Almaniya və İtaliya kimi liqaları “ilk beşlik”də olan ölkələrlə ayaq uzadaraq, bir transferə bu qədər pul xərcləmək o qədər də düşünülmüş hərəkət deyil., özləri demişkən, çılğınlıqdır. “Qalatasaray” rəhbərliyi buna görə peşman olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki