image-qanunla-reklam
image-media-ulu-onder-heyder-eliyev-etqp35jyslkowciv2z40

İlk siyasi-hüquqi qiymət

image-lady-day-az

İlk siyasi-hüquqi qiymət.

Ulu Öndər Heydər Əliyev elə bir böyük şəxsiyyət idi ki, Azərbaycan SSR-in rəhbəri, daha sonra Moskvada yüksək vəzifələrdə olanda o, Azərbaycana olan hücumların qarşısını ala bilirdi. Ona görə də Azərbaycanı istəməyən qüvvələr respublikamıza qarşı öz çirkin niyyətlərini həyata keçirmək üçün daim Heydər Əliyevin vəzifədən getməsinə çalışırdılar.

XX əsrin 80-ci illərinin sonlarında ərazi bütövlüyümüzə, suverenliyimizə yaranan təhlükə xalqımızı qəzəbləndirdi, milli azadlıq hərəkatı başladı. Mütəmadi etiraz mitinqləri keçirilirdi. Lakin tarixi ədalətsizliyi bərpa edib istiqlalına qovuşmaq istəyən xalqı sovet imperiyası müstəqil görmək istəmirdi. Bu məqsədlə imperiyanın xüsusi xidmət orqanlarının hazırladığı 20 Yanvar qırğını həyata keçirildi. Həmin gün öz hüquqları, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış xalqımız sovet ordusunun zirehli tankları, tərkibində ermənilərin də olduğu xüsusi təyinatlı hərbi dəstələri ilə üzləşdi. İmperiya ordusu heç nəyə baxmadan dinc vətəndaşlarımızı qətlə yetirdi, tankların tırtılları altında əzdi. Bu hadisə SSRİ rəhbərliyinin əsl mahiyyətini göstərdi.

O vaxt istefada olan Heydər Əliyev səhhətinin pis olmasına baxmayaraq, ailə üzvləri ilə birlikdə Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək bu qanlı hadisələrə qəti etirazını bildirdi və onu törədənləri, SSRİ rəhbərliyini, xüsusən Qorbaçovu günahlandırdı. Bu, həqiqətən də belə idi və 20 Yanvar qırğınına verilmiş ilk siyasi qiymət idi. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib.

20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilməsi, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi tədbirlərlə mümkün olmuşdur. Ulu Öndərin ölkəyə rəhbərliyi dövründə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, o cümlədən 1998-ci il 31 mart tarixli Fərmanı ilə “20 Yanvar şəhidi” adının təsis edilməsi, 1998-ci il 5 avqust tarixli Sərəncamına əsasən Şəhidlər xiyabanında “Əbədi məşəl” kompleksinin yaradılması böyük tarixi əhəmiyyət daşıyır.

Prezident cənab İlham Əliyev dahi rəhbər Heydər Əliyev siyasətini davam etdirərək ölkəni daha da inkişaf etdirdi, güclü ordu yaratdı. Prezident məqsədyönlü, fəal xarici siyasət apardı. Qardaş Türkiyə ilə əlaqələrimiz daha da inkişaf etdi. Prezident əlverişli geosiyasi vəziyyət yaranan kimi Ermənistanın təmas xəttində yaratdığı təxribata cavab olaraq Azərbaycan Ordusuna əks-hücum əmri verdi.

Azərbaycan Prezidenti, Ali Baş Komandan bütün imkanlardan istifadə edərək 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. Şuşanın işğaldan azad edilməsi xalqımızın qəhrəmanlıq tarixinin ən parlaq səhifəsi olmaqla erməni faşizminin belini qırdı. Bu tarixi Qələbə Ulu Öndərimizin və bütün şəhidlərimizin ruhunu şad etdi.

Şəhid ailələrinə diqqət və qayğının daha da artırılması, ölkəmizə gələn dövlət və hökumət başçılarının, qonaqların Şəhidlər xiyabanını ziyarət etməsi xalqımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən Vətən övladlarına dövlət səviyyəsində ehtiramın təzahürüdür.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

Ölkəmizin tarixində unudulmaz səhifə.

Azərbaycan xalqı zaman-zaman ağır faciələrlə üzləşib, hədsiz haqsızlıqlarla qarşılaşıb. Başımıza gətirilən belə faciələrdən biri də qanlı 20 Yanvar faciəsidir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən, müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.

Bu faciədə 131 nəfər şəhid olub, 744 nəfər yaralanıb və xəsarət alıb, 4 nəfər itkin düşüb, 400-dən çox şəxs isə qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub.

Hadisənin səhəri günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ümummilli Lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırıb.

20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqı milli azadlığını, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər.

Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, müzakirələrin yekunu olaraq həmin ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib.

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anırlar.

Azadlıq uğrunda savaş kimi yaddaşlara hopmuş 20 Yanvarın ən böyük dərsi budur ki, hər hansı təhlükə qarşısında xalq öz birlik, azadlıq eşqi üçün canından keçməyə hazır oldu, igid Vətən övladları canları, qanları bahasına gələcək müstəqilliyin təməlini qoydular.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

Qanlı Yanvar qırğını.

1988-ci ildən başlayaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini iddia edən erməni şovinistlərinə qarşı heç bir tədbir görməyən keçmiş SSRİ hakimiyyəti, əslində, ermənilərin cinayətlərinə göz yumurdu. Belə bir şəraitdə Azərbaycan xalqı öz haqlı etiraz səsini ucaltmağa başladı.

O dövrdə yüksələn xətt üzrə davam edən gərginliyin, erməni təxribatlarının qarşısını almaq əvəzinə, sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törətdi, xalqımızın etiraz səsini, respublikamızın suverenliyi və azadlığı uğrunda mübarizəsini boğmaq üçün 1990-cı il yanvarın 20-də dinc insanların üzərinə ordu yeridərək mülki vətəndaşları qırğına məruz qoydu. SSRİ rəhbərliyinin xalqımıza, onun azadlıq mübarizəsinə qarşı həyata keçirdiyi bu qanlı əməliyyat sovet imperiyasının siyasətinin gerçək mahiyyətini əks etdirən növbəti arqument oldu. Bu fakt, eyni zamanda, keçmiş SSRİ rəhbərliyinin Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasəti dəstəklədiyinə dəlalət edirdi.

Həmin qətliamdan bir gün sonra, yanvarın 21-də xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru dünyanın mütərəqqi qüvvələri də qətiyyətlə pislədi.

Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994 cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Xalqımız hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edir. Bütövlükdə, 20 Yanvar faciəsi unudulmur, xalqımız isə şəhidlik zirvəsinə ucalmış qəhrəman övladları ilə fəxr edir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı  Alagöz Namazova

 

 

Öncədən planlaşdırılmış hərbi cinayət.

1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Ermənistan SSR-nin respublikamıza ərazi iddialarına, radikal erməni millətçiləri tərəfindən qızışdırılan separatizmə və soydaşlarımız əleyhinə törədilən kütləvi zorakılıqlara SSRİ rəhbərliyinin bilavasitə və ya dolayısı ilə dəstək verməsi, habelə Azərbaycanın o zamankı rəhbərlərinin cinayətkar qətiyyətsizliyi və milli maraqlara zidd addımları xalqımızı respublikanın ərazi bütövlüyünün qorunması naminə ayağa qalxmağa sövq etdi. Beləliklə, respublikada geniş sosial spektrli xalq hərəkatı yarandı və proseslərin gedişi onun tədricən milli azadlıq hərəkatına çevrilməsinə zəmin yaratdı.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində ümumilikdə respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri olub.

20 Yanvar hadisələrinə siyasi qiymət ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən verildi. Ulu Öndər Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu. Məhz Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu Öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı. Azərbaycan dövləti və xalqı öz şəhidlərini unutmur. Azərbaycan xalqı və dövləti 20 Yanvar şəhidlərin xatirəsini daim uca tutur.

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər ilə həm də 20 Yanvar şəhidlərinin narahat ruhları dinclik tapdı.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki