image-qanunla-reklam
image-355890529_824582585688188_4966574223757710457_n

İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət  almışdır

image-lady-day-az

İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət  almışdır.

Silahlı Qüvvələrin döyüş hazırlığının səviyyəsi tək hərbi texnika ilə deyil, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan əhəmiyyətli dərəcədə asılıdır. Silahlı Qüvvələrimizin strukturuna daxil olan müxtəlif qoşun növlərini peşəkar hərbi kadrlarla təmin etmək üçün Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi, Hərbi tibb fakültəsi də yaradılmışdır. Bu hərbi təhsil müəssisələri ordumuza ehtiyac duyulan bütün hərbi mütəxəssisləri hazırlamaq imkanına malikdir.

Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin öz vədinə sadiq olduğunu təsdiq edir. Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Ölkəmizin hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən yüksəkdir. Dövlət başçısının qeyd etdiyi kimi, bu siyasət davam etdiriləcək və ölkəmizin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti artdıqca hərbi sahədə həyata keçirilən tədbirlərin miqyası daha da genişlənəcəkdir.

Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə 2018-ci il iyunun 26-da Bakının Azadlıq meydanında təntənəli hərbi parad təşkil edildi. Paradda iştirak edən Prezident, Ali Baş Komandan İlham Əliyevin qəti əminliklə dediyi sözlər – xalqımızın həsrətlə gözlədiyi qələbə arzuları çox keçmədən reallaşdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində rəşadətli Ordumuzun qazandığı şanlı Qələbə tariximizə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Təsadüfi deyil ki, XXI əsrin müharibəsini aparan Azərbaycan Ordusunun döyüş əməliyyatları, xüsusən də, Şuşa əməliyyatı bu gün dünyanın qabaqcıl hərbi məktəblərində öyrənilir. Azərbaycan ordusu dünyada öz gücünü sübut etdi.

Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Azərbaycan müstəqil siyasət aparmaq iqtidarındadır

Azərbaycan dünyada tam müstəqil siyasət yürüdən ölkə kimi qəbul edilir. Son illər həyata keçirilən xarici siyasətin təhlilinin ümumi mənzərəsindən də tam aydın olur ki,  Azərbaycan nəinki Cənubi Qafqaz, həmçinin Avropa  və dünya məkanında fəal aktora çevrilib. Bu mövqe həyata keçirilən  siyasi-hüquqi, iqtisadi islahatların  nəticələrinə və bunun əsasında təşəkkül tapmış siyasi nəaliyyətlərə söykənir.

Bu gün Azərbaycan olduqca fəal xarici siyasət həyata keçirir. Bu siyasət rəqabətə deyil, dostluq, əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanır. Azərbaycan dünyada gedən proseslərdə, ümumi rifahı təmin edəcək dünya nizamının formalaşmasında tutduğu konstruktiv mövqe ilə də fərqlənir. Son illər ölkəmizin əldə etdiyi nailiyyətlər ölkənin beynəlxalq aləmdəki nüfuzunu xeyli artırıb. Dünyanın ən nüfuzlu beynəlxalq qurumları ilə sıx əməkdaşlıq həyata keçirilir və xarici siyasətdə regional əməkdaşlıq məsələləri prioritet xarakter daşıyır.

Müasir dövrün səciyyəvi  xüsusiyyətləri, xüsusəndə qloballaşmanın ölkələr arasındakı münasibətlərə köklü düzəlişlər etməsi  Azərbaycanın daxili və xarici siyasətində tam dəqiqliklə nəzərə alınır.  Həmin siyasət Azərbaycanın geosiyasi məkanda öz yerini müəyyənləşdirməsinə, beynəlxalq münasibətlərin nəinki fəal, hətta regional münasibətlər sistemində aparıcı dövlətə çevrilməsinə imkan verib.

Ölkə rəhbəri tərəfindən aparılan müstəqil siyasət nəticəsində Azərbaycan inkişaf edir, bölgənin liderinə çevrilir.Cənab Prezident İlham Əliyev çıxışları zamanı da qeyd etmişdir ki, ölkəmizin uğuru siyasi inkişafda, müstəqilliyin gücləndirilməsindədir. Bizim hər zaman öz müstəqil siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb. Bütün bunlar, yerinə yetirilən vədlər bir daha onu göstərir ki, heç bir qüvvə Azərbaycanı öz müstəqil siyasətindən döndərə bilməz və əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən müstəqil xarici siyasət kursu Azərbaycanın parlaq gələcəyini təmin edir.

Şabəyim Ağayeva- Zərdab rayon Dəli Quşçu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Ulu Öndərin Azərbaycan Ordusunun formalaşmasında xüsusi rolu vardır

Müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyən edib.

1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı. Həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. Ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlandı. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı. Sözün həqiqi mənasında Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.

Bir sözlə Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü qüvvəsinə çevrildi. Azərbaycan Ordusunun güclənməsinin və uğurlu şəkildə təşkilatlanmasının ən başlıca səbəbi, ordu quruculuğuna Heydər Əliyevin rəhbərlik etməsi idi. Azərbaycanın müstəqilliyinə, xalqının milli maraqlarına dərindən bağlı olan ulu öndər Heydər Əliyev müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə ordu quruculuğuna xüsusi bir önəm verdi, bu prosesin siyasətini çox böyük incəlik və dəqiqliklə müəyyənləşdirdi, onun icrasında məqsədyönlü bir çeviklik nümayiş etdirdi.

Bu gün də Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan Ordusu böyük inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatları həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən, hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir. Silahlı Qüvvələrimiz daha da modernləşdirilib, ən son hərbi texnologiyalar orduya cəlb edilib. Möhtəşəm hərbi paradlar da bunu təsdiq edir. Bu paradlar xalqımızın Ümummilli lideri Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramının gözəl nümunəsidir.

Həcər Orucova- Zərdab rayon GƏlmə kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Şuşa Qarabağın tacıdır.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi zaman o  daim Qarabağa çox böyük diqqət göstərmişdir.Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri məhz Qarabağın inkişaf mərhələsi olmuşdur. Heydər Əliyev Şuşaya hər zaman zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Dahi şəxsiyyət Heydər Əliyev bir çox bölgələrin,xüsusilə də Şuşanın çiçəklənməsi üçün mühüm tədbirlər görürdü. Şuşa qədim dövrlərdən etibarən abidələr diyarı idi.

Şuşa işğal altına düşdükdən sonra Ümummilli Liderin ən böyük arzusu bu torpaqları azad görmək idi. Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Ulu Öndərin bu vəsiyyəti layiqincə yerinə yetirildi.Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsidir.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri Şuşanı azad görmək idi. Bu gün Şuşa azaddır. Azərbaycan xalqı sərbəst şəkldə öz doğma diyarında bayramını qeyd edir.  Şuşa bu gün yenidən dirçəlir, abadlıq işləri aparılır. Yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir. Bu da onun inkişafının əsas göstəricisidir.Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu şəhər  bizim tarixi şəhərimizdir. Şuşa qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olardı.

Şuşa azad olunandan sonra Ermənistan dövləti və hökuməti öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur. Şuşa bizim gücümüzün, əyilməz ruhumuzun, qəhrəman hərbçilərimizin şücaətinin, qəhrəmanlığının təcəssümüdür.

Bu gün azad Şuşa sürətlə bərpa olunur. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Burada mühüm zəruri addımlar atılır. Qalib, məğrur xalqımız bu azadlığın, bu təntənənin sevincini yaşayır.

Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Erməni vəhşiliklərini heç vaxt unutmamalıyıq.

Tarixi mənbələr sübut edir ki, erməni millətçilərinin türk xalqlarına qarşı törətdiyi düşmənçilik siyasətinin 200 ildən artıq yaşı vardır. Əsrlər, illər keçməsinə baxmayaraq xalqımız o ağır işgəncələri unutmur, soyqırımlarının qurbanları olmuş günahsız insanların xatirəsini dərin ehtiramla yad edir. Əslində, keçmişini unudan tarixini yaşatmayan bir xalqın gələcəyi yoxdur. Bütün hadisələr hər bir millətin qan yaddaşında əbədi yer tutmalı və gələcək nəsillərə təbliğ edilməlidir.Ermənistan dövlətinin tarixi ərazilərimizdə həyata keçirdiyi məqsədyönlü soyqırımı siyasətinə ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib.

Ulu Öndərimiz Azərbaycan tarixinin araşdırılması və tarixi faktlara düzgün qiymət verilməsi üçün çoxsaylı fərman və sərəncamlar imzalayıb. İlk dəfə olaraq 1998-ci ildə dahi rəhbərin imzaladığı fərmana əsasən, 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Elə həmin vaxtdan da bu gün dövlət səviyyəsində qeyd olunur, bütün kollektivlərdə, idarə və təşkilatlarda, təhsil müəssisələrində, həmçinin ölkəmizin xarici dövlətlərdə akkreditə olunmuş səfirliklərində və diaspor qurumlarında anım mərasimləri keçirilir.

XX əsrin sonlarına yaxın, yəni Mixail Qorbaçov kimi qaniçən bir diktatorun Sovet İttifaqına rəhbərliyi dövründə hiyləgər ermənilər onu ələ alaraq 1988-ci ildən etibarən Qarabağ bölgəsində işğalçılıq məqsədlərini davam etdirməyə nail olurlar. Bu zaman Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində Vətənimizin qədim, əzəli torpaqları olan Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon – Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan düşmən tərəfindən işğal edildi. Ermənilərin növbəti qəsbkarlıq siyasətinin nəticəsi olaraq 1 milyondan artıq vətəndaşımız ata-baba yurdlarından zorla didərgin salındı, 20 minə qədər azərbaycanlı qətlə yetirildi, 20 mindən çox dinc sakin yaralandı, 50 mindən çox adam əlil oldu, 4 min nəfərdən artıq azərbaycanlı isə əsir və girov götürüldü. Ötən əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımında isə bir qəsəbə yer üzündən silindi, 613 nəfər dinc əhali, o cümlədən 63 azyaşlı uşaq, 106 qadın vəhşicəsinə öldürüldü, 487 nəfər şikəst oldu, 1275 nəfər əsir götürülərək ağlasığmaz işgəncələrə, təqiblərə məruz qaldılar. Bu vəhşilikləri Azərbasycan xalqı heç zaman unutmayacaqdır.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin keçirdiyi təxirəsalınmaz tədbirlər və uğurlu siyasəti nəticəsində qisasımız düşməndən layiqincə alındı. Torpaqlarımız işğaldan azad olundu.  Azərbaycan Respublikası özünü dünya miqyasında layiqincə sübut etdi.

 Aytac Həşimzadə- Zərdab rayon İsaqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki