Hərbi sənaye kompleksi.
Dörd il bundan öncə bu günlərdə 44 günlük İkinci Qarabağ müharibəsini yaşayan
Azərbaycanın istər informasiya cəbhəsində, istərsə də döyüş meydanında üstünlüyü qazanmasını şərtləndirən mühüm amil təbliğatının real faktlara, tarixi həqiqətlərə əsaslanması, eyni zamanda, 30 il müharibə şəraitində yaşasa da hər sahədə daha da qüdrətlənməsi, möhkəmlənməsi, güclü orduya malik olması idi. Əbəs yerə deyilmir ki, ordun varsa yurdun var.Müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun daha da güclənməsi, beynəlxalq standartlara uyğunlaşdırılması həmişə prioritet məsələ kimi dövlətimizin həyata keçirdiyi siyasətin əsasında dayanır. Baxmayaraq ki, tarixi Zəfərə imza atıb, suverenliyimizi tam bərpa etmişik, cənab İlham Əliyev yeni dövrün hədəflərini açıqlayarkən ordumuzun daha da gücləndirilməsini qarşıya əsas vəzifə kimi qoyur. Reallıq budur ki, İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində hərbi gücümüzü böyük dərəcədə artıb. Yeni silahlı birləşmələr yaradıldı. Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu çağırışı edir ki, Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq. Əsas hədəflərdən biri də yerli hərbi sənaye kompleksini daha sürətlə inkişaf etdirməkdir. Hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. “Bir neçə xarici tərəfdaşla yeni istehsalat sahələrinin yaradılması artıq praktik müstəviyə keçibdir” söyləyən cənab İlham Əliyev bildirir ki, növbəti bir-iki il ərzində hərbi sənaye kompleksimiz həm çeşidlərin sayına, həm də istehsal olunacaq məhsulların keyfiyyətinə görə daha böyük olacaq: “Burada bir neçə məqsəd güdülür. İlk növbədə, yerli hərbi sənaye kompleksinin yaradılması hər bir ölkənin ümumi gücünü və inkişafını göstərir. İkincisi, biz xarici mənbələrdən daha az asılı olmalıyıq. Təbii ki, bu asılılığı tam aradan qaldırmaq mümkün olmayacaq. Bunu da biz bilməliyik. Amma maksimum dərəcədə özümüzü yerli istehsalla təmin etməliyik. Bu sahədə, xüsusilə müasir dövrdə tətbiq olunan texnoloji yeniliklər bizim ümumi intellektual potensialımızı gücləndirəcək. Çünki bu sahədə çalışan kadrlar, öz işlərini tamamilə yeni, texnoloji və metodoloji əsaslar üzərində qururlar və quracaqlar.” Azərbaycanın uğurlarını, hazırkı dövrdə tarixi Zəfərini və suverenliyinin tam bərpa edilməsini həzm etməyən, böyük qısqanclıq hissi ilə qarşılayan qüvvələr qərəzli təbliğatlarını, sanksiyalar tətbiq etmək cəhdlərini davam etdirirlər. Bütün bu cəhdlər Azərbaycanın həqiqətlərə söykənən siyasətinin, hücum diplomatiyasının qarşısında heçə enir. Daim müstəqil siyasəti ilə dünyanın diqqətində olan Azərbaycan üçün milli maraqlar, xalqın iradəsi hər şeydən öndə dayanır. Xatırlasaq, Ümummilli Lider Heydər Əliyev artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həllindən bəhs edərkən dövlətin qətiyyəyinin, xalqın iradəsini və beynəlxalq dəstəyi əsas amil kimi önə çəkirdi. Dövlətimiz ən yüksək tribunalardan dəyişməz mövqeyini bəyan edir və sonadək bu mövqedə dayanacağını bildirirdi. Bu mühüm məqam da xüsusi qeyd edilirdi ki, xalqın iradəsindən kənar heç bir qərar qəbul edilə bilməz. Xalqımızın münaqişənin həlli ilə bağlı mövqeyi bəlli idi. Məsələ sülh yolu ilə öz həllini tapmazsa, hərb yolunun seçiləcəyi bildirildi. Rəşadətli ordumuz daim Müzəffər Ali Baş Komandan İlham Əliyevdən “İrəli!” əmrini gözləyirdi. 2020-ci il 27 sentyabr tarixində məlum səbəblərə görə Silahlı Qüvvələrimizə verilən “Hücum!” tapşırığı qısa müddətdə tarixi Zəfərimizlə tamamlandı.
Ötən ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirlərinin də səbəbi bəlli idi. 2023-cü ilin sentyabrında Qarabağda aparılan antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilərək separatizmə birdəfəlik son qoyuldu.
Şıxbağı kənd tam orta məktəbinin direktoru-Sabir Əhmədov.
Azərbaycan xalqının tarixi Qələbəsi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki şanlı qələbəsindən artıq dörd il ötür. Bu gün, 8 Noyabr Azərbaycanın tarixinə silinməz izlərlə yazılmış, tarixi ədalətin bərpa edildiyi “Zəfər Günü”dür. Ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı sərəncama əsasən ölkədə hər il 8 noyabr Zəfər Günü kimi qeyd olunur. Dəmir Yumruq əməliyyatı ilə başlayan və 44 gün boyunca davam edən II Qarabağ savaşı nəticəsində işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi. Müzəffər Ali Baş Komandanımızın göstərişi ilə qəhrəman əsgərlərimizin, şəhidlərimizin sözlə ifadə edilə bilməyən şücaəti sayəsində bir vaxtlar arzu və diləklərdə, sağlıqlarda söylənilən “Qarabağ” yaramız sağaldı. Azərbaycanın hərbi sahədə əldə etdiyi qələbələr, xüsusilə Şuşanın düşməndən azad edilməsi müharibənin taleyində çox vacib rol oynadı. Bu qələbəni bu gün böyük iftixar hissiylə yaşamağımız Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi sayəsində mümkün olmuşdu. Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Rəşadətli Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi zəfər Ermənistanı masa arxasında oturmağa məcbur etdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən gündür. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bəli, qürurla deyə bilərik ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan müzəffər ordumuza borcluyuq. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir.
İsaqbağı kənd tam orta məktəbinin direktoru-Dayangül Vəliyeva.