image-qanunla-reklam
image-1695229576_ilham_aliyevv

Əlli ildən sonra Konqres yenidən Bakıda keçirilir

image-lady-day-az

Əlli ildən sonra Konqres yenidən Bakıda keçirilir.

Azərbaycanın paytaxtı Bakı oktyabrın 2-dən etibarən beş gün ərzində daha bir mötəbər tədbirə – 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməyə başlayır.

Bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi barədə qərar 2019-cu ilin oktyabrında ABŞ-ın paytaxtı Vaşinqtonda qəbul edilib. Belə ki, Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Həmin seçkilərdə Azərbaycan paytaxtı bu mötəbər tədbirə ev sahibliyi üçün namizədliyini irəli sürmüş Rio-de-Janeyro, Nyu-Dehli və Sinqapur kimi müasir və inkişaf etmiş şəhərləri geridə qoyaraq qalibiyyət əldə edib.

Azərbaycan dövləti bu mötəbər beynəlxalq tədbirin ölkəmizdə ikinci dəfə təşkilinə böyük önəm verir və bu Konqresə ciddi hazırlaşıb. Prezident İlham Əliyevin 2022-ci il 7 fevral tarixli Sərəncamı ilə 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Baş nazirinin sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb.

Bundan başqa, Konqreslə əlaqədar ölkəmizə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Prezident İlham Əliyev tərəfindən başqa bir Sərəncam da imzalanıb. Həmin Sərəncama əsasən, bu mötəbər tədbirlər əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il sentyabrın 20-dən oktyabrın 7-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala biləcəklər.

Dövlətimizin başçısının 2022-ci il 7 fevral tarixli Sərəncamında kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilmiş təcrübənin, formalaşmış yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü olaraq, Azərbaycanın Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazandığı vurğulanır. Eyni zamanda, Sərəncamda bildirilir ki, Azərbaycanda müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilib. Ötən illərdə hərtərəfli dövlət dəstəyi ilə ölkədə kosmik sənaye üzrə müasir infrastruktur yaradılmış, informasiya təhlükəsizliyinin vacib komponenti olan telekommunikasiya peykləri orbitə buraxılmış, xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılmış və peyk xidmətlərinin ixracına başlanılıb. Mövcud peyk şəbəkəsi ölkəmizin suverenliyinin qorunması ilə yanaşı, onun sosial-iqtisadi inkişafına da mühüm dəstək verir. Uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz qazanıb.

 

Gülüşova Ləman

Saatlı şəhər Bülbül adına UMM-nin nəzəriyyə müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki