image-qanunla-reklam
image-resmi2

Cənubi Qafqazın inkişaf şərti

image-lady-day-az

Cənubi Qafqazın inkişaf şərti

Hazırda dünyada qlobal geosiyasi dinamikanın sürətlə dəyişdiyini görürürük. Belə bir şəraitdə aktual məsələlərdən biri də regional geosiyasətə ciddi təsir edə bilən dövlətlərin müəyyən olunmasıdır. Dünyanın bütün regionlarında bu istiqamətdə proseslər gedir. Cənubi Qafqaz regionunda lider dövlət olan Azərbaycan bu baxımdan diqqəti daha çox cəlb edir. 44 günlük Vətən müharibəsində Azərbaycanın işğalçı Ermənistan üzərində qəti və tam qələbəsi ölkəmizə olan etimadı daha da artırıb. Azərbaycan Cənubi Qafqazda siyasi və iqtisadi əməkdaşlığa çox böyük əhəmiyyət verən, bu əlaqələrin inkişaf etməsində maraqlı olan ölkədir.

Məlum olduğu kimi, Ermənistan 30 il işğal altında saxladığı Qarabağ bölgəsində bütün infrastrukturu məhv edib. Artıq işğaldan azad olunmuş ərazilərimizdə geniş quruculuq-abadlıq işləri həyata keçirilməkdədir. Bu layihələrin həyata keçirilməsində bizimlə bərabər dünyanın ən qabaqcıl şirkətləri iştirak edəcəkdir. Ölkəmiz ən böyük iritutumlu layihələrdə iştirak edərək öz geosiyasi nüfuzunu daha da möhkəmləndirir. Beynəlxalq enerji layihələrinin və ticarət dövriyyəsinin mərkəzində yerləşən Azərbaycan tarixi İpək Yolunun bərpa edilməsi üçün çox böyük səylər göstərib.

Azərbaycan dövləti Gürcüstana münasibətdə mehriban qonşuluq prinsiplərinə daima riayət edib və onun müsbət qarşılığını görüb. Bu münasibətlərin bünövrəsi hələ ötən əsrin əvvəllərində qoyulsa da, sovet dövründə Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadzenin dostluğu Gürcüstan-Azərbaycan münasibətlərinin yüksək səviyyə çatmasına əməli töhfə verib. Onlar SSRİ dövründə bir-biri ilə sıx təmasda olublar, ittifaq rəhbərliyində Cənubi Qafqazı birlikdə təmsil ediblər.

Ümumilikdə planetin ən gözəl guşələrindən olan Qafqaz regionu həm turizm, həm faydalı qazıntılar, həm də kənd təsərrüatı baxımından unikal imkanlara sahib olmasıyla böyük tərəqqi potensialı daşıdğı üçün ona lazım olan ən böyük faktor sülh və əmin-amanlıqdır. Bu nailiyyət bütün Qafqazın çiçəklənməsinə səbəb ola bilər. Bunun etibarlı lokomotivi isə Azərbaycan və Gürcüstandır.

Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadzenin dostluğunun çox böyük tarixçəsi var

Eduard Şevardnadze 1928-ci il yanvarın 25-də Gürcüstan SSR Lançxuti rayonunun Mamati kəndində anadan olub. Tbilisidə tibb texnikumunu və Kutaisidə A.Sulukidze adına Kutaisi Pedaqoji İnstitutunu bitirib. 1965-1972-ci illərdə Gürcüstanın daxili işlər naziri, 1972-1985-ci illərdə Gürcüstan KP MK-nın birinci katibi vəzifələrində işləyib. 1985-ci ildə SSRİ xarici işlər naziri təyin edilib. 1985-1990-cı illərdə Sov.İKP MK Siyasi Bürosunun üzvü olub. SSRİ dağılandan sonra Eduard Şevardnadze Gürcüstana qayıdıb, 1992-ci ildə ölkə parlamentinin sədri seçilib. 1995-ci ildə Gürcüstanın prezidenti seçilib və 2003-cü ilin noyabr ayına qədər həmin vəzifədə çalışıb.

Eduard Şevardnadzenin gürcü xalqı qarşısında böyük xidmətləri olub. Belə ki, Gürcüstan vətəndaş müharibəsinin cəngində can verəndə, ölkə dağılma təhlükəsi ilə üz-üzə qalanda o, xalqının köməyinə çatıb və gürcü xalqını bu ağır vəziyyətdən çıxarıb. Buna qədər isə E.Şevardnadze SSRİ kimi superdövlətin xarici siyasət idarəsinin rəhbəri olaraq, XX əsrin II yarısında qlobal miqyasda baş verən proseslərdə – “Soyuq müharibə”nin başa çatdırılmasında, Almaniyanın vahid dövlət halında birləşməsində, Əfqanıstandan sovet qoşunlarının çıxarılmasında aktiv iştirak edib

Gürcüstanın Abxaziya və Osetiya problemi olduğuna görə ölkəmizin haqlı mövqeyini başa düşən Eduard Şevardnadze, demək olar ki, bütün müsahibələrində, keçirdiyi bütün görüşlərdə Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəklədiyini bildirib.

Beləliklə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Gürcüstanın o vaxtkı lideri Eduard Şevardnadze tərəfindən möhkəm özül üzərində qurulan dostluq əlaqələri ildən-ilə daha da möhkəmlənərək qarşılıqlı dostluq və qardaşlıq müstəvisinə yüksəlib. Belə ki, ölkələrarası diplomatik münasibətlər qurulandan sonra Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadze istər regional, istərsə də qlobal məsələlərdə həmişə eyni mövqedən çıxış ediblər. Ölkələr arasındakı ikitərəfli münasibətlər Ulu öndər Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” və “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq” haqda qarşılıqlı bəyannamələr imzalayıblar.

Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb.

Ümummilli Lider Heydər Əliyevin və Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri bu əlaqələri inkişaf etdirməyə əhəmiyyətli təkan verib. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb.

Beləliklə, Ulu öndər Heydər Əliyevin və Eduard Şevardnadzenin əsasını qoyduğu strateji əməkdaşlıq keçən müddətdə bütün sahələr üzrə davam edib. Bu gün Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRACEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Siyasi yaxınlaşma iqtisadi inteqrasiya fonunda baş verir və strateji xarakter alır.
Və son olaraq bildirmək yerinə düşər ki, Eduard Şevardnadze Gürcüstan – Azərbaycan münasibətlərinin, eləcə də xalqlarımız arasındakı sıx dostluq əlaqələrinin inkişafına müstəsna töhfələr verdiyi üçün onun xatirəsi hər zaman yaddaşlara əbədi olaraq yaşayacaqdır. O, sözün əsl mənasında, Azərbaycan xalqının dostu idi.

Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

 

Ərazi bütövlüyü və suverenlik.

2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.

Müzəffər Azərbaycan Ordusu çıxdığı bu şərəfli yolda 44 günlük Zəfər yürüşü ilə doğma Qarabağımızın düşmən tapdağından azad edilməsi uğrunda rəşadətlə mübarizə apardı, bu müqəddəs savaşda böyük zəfərlə Azərbaycan xalqını sevindirdi. Bu şanlı Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi, qüdrətli Ordumuzun qəhrəmanlığı və əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı. 44 günlük Vətən Müharibəsi Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan öz tarixi torpaqlarında qələbə qazandı.

Bildiyiniz kimi, bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq. Ən düzgün seçimlərdən biri isə  həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi. Hər zaman Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Necə ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir:

Göründüyü kimi, çağdaş dünya siyasətinin xarizmatik liderlərindən olan cənab  Prezident İlham Əliyevin siyasi kursu təkcə Azərbaycan üçün deyil, bütün region ölkələri üçün sülh, təhlükəsizlik, inkişaf və rifah gətirmək məramı daşıyır. Regionda reallaşdırılan bütün qlobal miqyaslı beynəlxalq iqtisadi layihələrdən kənarda qalan Ermənistan bu həqiqəti dərk etməlidir. Cənubi Qafqazın tərəqqi yolunu Azərbaycan cızır və işğalçılıq hikkəsindən əl çəkməyən Ermənistan isə uğursuzluq zolağında çabalamaqda davam edir. Reallıq onu göstərir ki, inkişafa gedən yol Azərbaycandan keçir!

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Həm enerji, həm nəqliyyat sahəsində çox böyük əməkdaşlıq planları var.

Azərbaycanla Gürcüstan irimiqyaslı enerji və nəqliyyat layihələri ilə Asiya və Avropanı birləşdirir, eləcə də Avrasiya qitəsində nəqliyyat mərkəzi rolunda çıxış edirlər. İki ölkənin dostluğu və tərəfdaşlığı regional sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Dost qonşu ölkələr arasında iqtisadi-ticarət, informasiya-kommunikasiya texnologiyaları, mədəni-humanitar əlaqələrin daha da inkişafı üçün böyük imkanlar vardır.

Azərbaycanın, Gürcüstanın və Türkiyənin birgə səylərlə reallaşdırdığı bu layihələr ölkələrimizin iqtisadi inkişafını böyük dərəcədə artırır. Əgər tarixə bir qədər nəzər salsaq görərik ki, hələ 1990-cı illərin sonlarında Bakı-Supsa neft kəmərinin tikintisi böyük hadisə idi. Bu, imkan verdi ki, Xəzər dənizi Qara dənizlə neft kəməri ilə birləşsin. Ondan sonra əlbəttə ki, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri tikildi. Bütün bunları, Azərbaycan, Gürcüstan və Türkiyə birgə səylərlə həyata keçirdik. Bu gün bu sadaladığımız layihələr sayəsində iqtisadi inkişaf böyük dərəcədə artıb.
Azərbaycanla Gürcüstan enerji sektorunda əməkdaşlığı yenə də davam etdirirlər. Dost qonşu ölkə Azərbaycanın liderliyi ilə reallaşdırılan Cənub Qaz Dəhlizi layihəsinə ilkin mərhələdə qoşulub. Təxminən 45 milyard dollar həcmində investisiya qoyuluşu nəzərdə tutulan Cənub Qaz Dəhlizi enerji mənbələrinin və nəqlinin şaxələndirilməsi layihəsidir. 2018-ci ildə hazırda yeddi ölkəni birləşdirən Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində çox böyük addımlar atıldı. Belə ki, Cənub Qaz Dəhlizinin Bakıda rəsmi açılış mərasimi keçirilmişdir, həmçinin Türkiyədə yeni enerji nəqli marşrutunun mühüm seqmentlərindən biri olan TANAP istifadəyə verildi. Layihənin son seqmentinin – TAP-ın icrası da intensiv şəkildə davam edir. Burada nəzərdə tutulan işlərin 85 faizdən çoxu artıq tamamlanıb. Beləliklə, dünya birliyi yaxın perspektivdə Azərbaycandan başlayan və qonşu Gürcüstandan keçən yeni dəhlizlə böyük həcmlərdə “mavi yanacağ”ın Avropanın mərkəzi ölkələrinə çatdırılmasının şahidi olacaq.
Nəqliyyat sektoru da Azərbaycanla Gürcüstanın sıx əməkdaşlıq etdikləri sahədir. İki dost ölkə nəqliyyat daşımaları baxımından olduqca əlverişli coğrafi mövqedə yerləşir. Hər iki dövlət bu üstünlüklərindən istifadə edərək Avropanı Asiya ilə birləşdirən əlverişli infrastruktur yaradılmasında maraqlıdır. Azərbaycan qədim İpək Yolunun bərpasına, Şərq-Qərb dəhlizinin funksionallığının artmasına böyük töhfələr verir. İndiyədək ölkəmizin ərazisindən keçərək Gürcüstan sərhədinədək uzanan magistralların yenidən qurulması ilə bağlı bir sıra layihələr uğurla tamamlanıb. Böyük həcmli investisiyalar hesabına inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolu da iqtisadi baxımdan çox önəmli layihədir.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyanı birləşdirən ən qısa dəhlizdir. Təsadüfi deyil ki, bu marşrutla yük daşımağa maraq göstərən ölkələrin sayı getdikcə artır.

Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

 

Gürcüstanın və Azərbaycanın birlikdə və digər qonşu ölkələrlə birgə  icra etdiyi layihələr böyük məna daşıyır

Müstəqil dövlət kimi, Azərbaycanın dünya dövlətləri, təşkilatları ilə əməkdaşlığı və dostluq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir. Mövcud münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib.

Belə ki, o cümlədən Azərbaycan-Gürcüstan dövlətləri arasında siyasi-iqtisadi münasibətlərin indiki səviyyəyə gəlib çatması iki ölkənin xalqları arasında tarixən mövcud olan sıx əlaqələr, mehriban qonşuluq münasibətləri, bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. İki ölkənin münasibətlərinin tarixinə nəzər salsaq bir daha bu fikri böyük əminliklə qeyd edə bilərik ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin və Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi əməkdaşlıqda yeni səhifə açdı. Hər iki liderin Azərbaycanla Gürcüstan arasında əlaqələrin yüksələn xətlə inkişafında rolu böyükdür. Təbii ki, burada onların şəxsi nüfuzu, eyni zamanda, bir-birlərinə yaxın dost münasibətləri də əhəmiyyətli rol oynadı.Eyni regionda, mürəkkəb coğrafi ərazidə yerləşən hər iki ölkənin əsrlərə söykənən qonşuluq, dostluq əlaqələri müstəqillik illərində daha da genişləndi, iştirak etdikləri qlobal infrastruktur layihələrinin həlli ilə dünyanın enerji xəritəsinin dəyişməsinə təsir göstərdilər. Bu baxımdan tam əminliklə söyləmək olar ki, möhkəm iradə, etibarlı təməl üzərində formalaşan münasibətlər bu gün artıq dövlətlərarası tərəfdaşlığı gücləndirən amil kimi diqqəti cəlb edir. Bu gün Azərbaycan və Gürcüstan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir, siyasi, iqtisadi münasibətlər, hər iki xalq arasında əsrlərdən bəri davam edən mehriban qonşuluq əlaqələri getdikcə möhkəmlənir.Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır.

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Gürcüstanda 2014-cü ildə aparılan son siyahıyaalmaya əsasən, bu ölkədə tarixən yığcam halda yaşayan azərbaycanlı əhalinin sayı 233 min nəfər təşkil edib.

Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.

Bu gün iki dövlət arasında əməkdaşlıq əlaqələri davamlı şəkildə inkişaf edir. Ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələri güclənir və möhkəmlənir. Ölkə başçıları arasındakı ənənəvi görüşlər ölkələrimizin bir-birinə daha yaxın olması və xalqlarımızın bir-biri ilə daha da sıx dostluq etməsinə xidmət edir. Əsrlər boyu hər iki xalq mehriban qonşuluq və dostluq şəraitində yaşayıblar, bu gün də bu davam edir. Bu da, həm ölkələrimiz üçün, həm bütün bölgə üçün çox vacib şərtlərdəndir.

2014-cü ildə aparılan son siyahıyaalmaya əsasən, Gürcüstanda, bu ölkədə tarixən yığcam halda yaşayan azərbaycanlı əhalinin sayı 233 min nəfər təşkil edib. Soydaşlarımız əsasən Kvemo-Kartli regionunun Marneuli, Qardabani, Bolnisi, Dmanisi, Tsalka və Tetristkaro rayonlarında, Rustavi şəhərində, Kaxeti, Şida-Kartli, Mtsxeta-Mitianeti bölgələrində və Acarıstan Muxtar Respublikasında, eləcə də paytaxt Tbilisi şəhərində məskunlaşıblar.

Onu da qeyd edək ki, iki dost və qonşu ölkələr arasında qardaşlıq üzərində də ardıcıl işlər aparılır. Buna misal olaraq Azərbaycanla Gürcüstan şəhərlərinin qardaşlaşması faktlarını da göstərə bilərik. Beləliklə, Azərbaycan Respublikası ilə Gürcüstanın bir sıra şəhərləri – Gəncə – Kutaisi (1995-ci il), Sumqayıt – Rustavi (2007-ci il), Naxçıvan – Batumi (2012-ci il), Şəki – Telavi (2012-ci il), Bakı – Tbilisi (2021-ci il), Şəmkir-Marneuli (2022-ci il), Ağstafa-Qardabani (2022-ci il), Göygöl-Bolnisi (2022-ci il), Daşkəsən-Dmanisi (2022-ci il) arasında qardaşlaşma əlaqələrinə dair müvafiq və tarixi memorandumlar imzalanıb.

Beləliklə, respublikalar arasında işgüzar səfərlər ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etməsinə şərait yaradır və bu reallıq qarşılıqlı səmimiyyətlə vurğulanıb. Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf edir və bu əlaqələrin bundan sonra da möhkəmlənəcək.

Şabəyim Ağayeva-  Zərdab rayon Dəli Quşçu kənd körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki