image-qanunla-reklam
image-resmi887

Cənab İlham Əliyev Azərbaycan dövləti və azərbaycanlıları dünyaya qalib dövlət, məğrur xalq kimi tanıtdı

image-lady-day-az

Cənab İlham Əliyev Azərbaycan dövləti və azərbaycanlıları dünyaya qalib dövlət, məğrur xalq kimi tanıtdı

Prezident İlham Əliyev 31 dekabr 2023-cü il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində Azərbaycanın qazandığı şanlı gələbə və qələbəyə gedən yolda görülən işlər, üzləşdiyimiz çətinliklər, bu gün ölkəmizin güclü və güdrətli bir dövlətə çevrilməsi və dünyada böyük nüfuza sahib olması barədə çıxış etdi, dünya azərbaycanlılarını bayramlar münasibətilə təbrik etdi.

2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndində Azərbaycan bayrağını dalğalandırdı. Noyabrın 8-də Xankəndində keçirilən hərbi parad dünyaya Azərbaycanın gücünün və güdrətinin nümayişi idi. Bu möhtəşəm gələbə ilə birinci və ikinci Qarabağ müharibəsində, eləcə də Xocalıda şəhid olmuş soydaşlarımızın ruhları şad oldu. Azərbaycan Ordusu döyüş meydanında onların qisasını aldı. 2023-cü il dahi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Heydər Əliyev ili kimi də yaddaşlarda qalacaq. Ulu öndər Heydər Əliyev həyatını Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasına həsr etmişdir. Ulu öndərimiz dünyada yaşayan bütün azərbaycanlıların harada olmasından asılı olmayaraq onların yeganə vətəninin Azərbaycan olduğunu vurğulayırdı. Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması Heydər Əliyev ruhuna ən böyük hörmət və ehtiramımızdır.

Prezident İlham Əliyev tərəfindən güclü Azərbaycan Ordusu yaradıldı. Ordumuz şəxsi heyətinin peşəkarlığı, ən müasir silahlarla təchiz edilməsi sayəsində dünyanın ən güclü ordular sırasına yüksəldi. 2020-ci ildə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Lakin Ermənistan əldə olunmuş razılığa görə üzərinə düşən öhdəlikləri yerinə yetirmək əvəzinə yeni təxribatlar törətməyə davam edirdi. Xankəndi və ətraf ərazilərdə 15 minlik silahlı qüvvələrini Qarabağ ərazisindən çıxartmırdı. Prezident İlham Əliyev Ermənistana və dünya ictimaiyyətinə dəfələrlə müraciət etmişdir ki, Ermənistan rəhbərliyi ordu birləşmələrini Azərbaycan ərazisindən çıxarmasa Azərbaycan hərbi yola əl atacaq. Bu xəbərdarlıqlara baxmayaraq Ermənistan Qərbdəki öz havadarlarına güvənərək qanunsuz hərəkətlərini davam etdirirdi. 2023-cü ilin aprel ayında Laçın sərhəd məntəqəsini yaratmaqla Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi və 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan Ordusu 24 saat ərzində Ermənistan ordusunu və separatçılara məxsus qanunsuz silahlı dəstələrini məğlub etdi. Bununla da ölkəmizdə separatizmin kökü kəsildi və Azərbaycanın suverenliyi və Konstitusiya quruluşu bərpa edildi.

Ulu öndər Heydər Əliyev siyasi və iqtisadi kursunu layiqincə və uğurla davam etdirən cənab İlham Əliyev Azərbaycan dövləti və azərbaycanlıları dünyaya qalib dövlət, məğrur xalq kimi tanıtdı. Ölkə başçımızın apardığı müstəqil siyasi və iqtisadi siyasəti dünyada ölkəmizə olan etimadı hər il gücləndirir. Bu etimadın nəticəsidir ki, dünya dövlətləri yekdilliklə COP29 konfransının 2024-cü ildə Azərbaycanda keçirilməsinə səs verdilər. Bəzi Qərb dövlətləri Azərbaycanın güclü dövlət olmasına və dünyada artan nüfuzuna ləkə gətirmək niyyətini güdür. Onlar İlham Əliyev siyasəti qarşısında hər zaman məğlubiyyətə düçar olublar. Ulu öndər Heydər Əliyevin yaratdığı və cənab İlham Əliyevin güclü dövlətə çevirdiyi Azərbaycan müstəqil dövlət kimi əbədi yaşayacaq.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

2023-cü ilin mühüm hadisəsi ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası oldu

Dövlətimizin başçısı İlham Əliyevin 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti artıq tarixə qovuşan 2023-cü ildə bütün sahələrdə qazanılan uğurların təhlili və cari ildə qarşıda dayanan vəzifələrin təqdimatı oldu. Son üç ildə dövlətimizin siyasətində işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri prioritet olub.  2023-cü il bu baxımda da xüsusi diqqətdə oldu. Belə ki, 2022-ci ildə Zəngilanın Ağalı kəndinin sakinlərinə qovuşmasının ardınca 2023-cü ilin mart ayında – Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi sevincli günlərini yaşadı. Ötən il   Müstəqillik Günündə Laçın şəhərinə köçkünlər qayıtdı. Bu qayıdış ilin sonuna qədər mərhələ-mərhələ davam etdirildi. “2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar” söyləyən Prezident İlham Əliyev bu müjdəni də çatdırdı ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar. Bundan başqa, bir neçə yaşayış məntəqəsi də keçmiş köçkünləri qəbul etməyə hazır olacaq.

Göründüyü kimi, bu torpaqların sahibi olaraq bərpa-quruculuq işlərinin sürətini  artırmaqla soydaşlarımızın tezliklə tam şəkildə qayıdışına səy göstərilir. 30 il ermənilər tərəfindən dağıdılan, yerlə-yeksan edilən torpaqlarımız bu gün dirçəlir, sakinlərinə qovuşduqları üçün sevinclidirlər. Dövlətimizin başçısının hər bir müjdəsi xalqımızda böyük qürur hissi yaradır.

2023-cü ilin mühüm hadisəsi ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası oldu: “Dövlətimizin başçısı İlham Əliyev müraciətində ilk olaraq bu uğurumuzu diqqətə çatdırdı. Son üç ildə Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn bütün öhdəliklərin yerinə yetirilməsi istiqamətində səylər göstərsə də, Ermənistan müxtəlif bəhanələrlə yayındı. 30 illik işğal dövründə olduğu kimi, postmünaqişə mərhələsində də Ermənistanın havadarlarının dəstəyinə arxalanması diqqətdən kənarda qalmır. 44 günlük İkinci Qarabağ müharibəsindən nəticə çxarmayan Ermənistan hərbi təxribatlarını davam etdirdi. Azərbaycan dövləti, xalqı belə bir vəziyyətlə barışa bilməzdi. Sentyabrın 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu. Dövlətimizin başçısı İlham Əliyev 2023-cü ilin “Heydər Əliyev İli” olduğunu önə çəkərək bu mühüm məqamı böyük qürur hissi ilə qeyd etdi ki, oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırdığım Dövlət Bayrağımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətimizin əlamətidir.”

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Qalib Azərbaycan yeni-yeni hədəflərə doğru inamla addımlayır

Uğurlarımıza yol açan mühüm amillərdən biri iqtisadi imkanlarımızdır: “2023-cü ildə Azərbaycan iqtisadi uğurları ilə diqqətdə oldu. Ölkəmizin bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasının vacibliyi ilə bağlı çağırışı beynəlxalq dəstək qazandı. Keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə Azərbaycanın bu sahədə mövcud imkanları təhlil olundu, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün mühüm imkanların yarandığı qeyd edildi. Prezident İlham Əliyev sözügedən müraciətində diqqəti bu ilin dekabrında Azərbaycanın COP29-a ev sahibliyi edəcəyinə yönəldərək bildirdi ki, bu, ölkəmizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir. Eyni zamanda, yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir. O da bildildi ki, 2023-cü ildə Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verildi.  230 meqavat gücündə günəş elektrik stansiyası artıq enerji sistemimizə tam inteqrasiya edildi. Bu hədəf də açıqlandı ki, imzalanmış kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaq.

Dövlətimizin başçısının  müraciətində də bu hədəf əsas yer tutur. “Biz Ordumuzu böyük dərəcədə gücləndirmişik, həm peşəkarlıq artdı, yeni silahlı birləşmələr yaradıldı və bu silahlı birləşmələr digər silahlı birləşmələrlə birlikdə antiterror əməliyyatında çox böyük peşəkarlıq göstərmişlər” söyləyən cənab İlham Əliyev belə bir hədəfi də diqqətə çatdırdı ki, 2024-cü ildə hərbi təyinatlı yerli istehsal böyük dərəcədə artacaq. Həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq. Nəinki özümüzü əsas vasitələrlə təmin edəcəyik, Azərbaycan dünya miqyasında çox ciddi ölkəyə çevriləcək.

2023-cü ilin uğurlarına, cari il üçün müəyyənləşdirilən prioritetlərə söykənərək qeyd etmək lazımdır ki, 2024-cü ilin uğurlu il olacaqdır. Qalib Azərbaycan yeni-yeni hədəflərə doğru inamla addımlayır.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Qarşıdakı illərdə bizim hələ görəcək böyük işlər var

1993-cü ilin 15 iyununda Azərbaycana rəhbərliyi öz üzərinə götürən ümummilli lider Heydər Əliyev 10 il ərzində Azərbaycanı olduqca böyük təhlükələrdən qurtardı, vətəndaş müharibəsinin qarşısını aldı və Azərbaycanı inkişaf yoluna çıxartdı. Bu gün isə bu siyasəti ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev davam etdirir. 21-ci əsrdə Azərbaycanın sosial, iqtisadi inkişafı, əldə etdiyi nailiyyətlər, qələbələr Prezident İlham Əliyevin adı, yorulmaz fəaliyyəti ilə bağlıdır. Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri çoxşaxəlidir, misilsizdir və tarixi xidmətlərdir. Son 20 ildə Azərbaycan dövləti dünyanın əksər dövlətlərinin 100  ilə keçə bilmədiyi bir inkişaf yolu keçib. Cənab İlham Əliyevin rəhbərliyi altında biz yüksək döyüş qabiliyyəti olan bir ordu yaratdıq.

Bizim siyasətimizdə sosial siyasət həmişə ön xəttədir və cənab Prezident özü  də qeyd edib ki, bizim siyasətimizin mərkəzində Azərbaycan xalqı dayanır. Cənab Prezidentin fərman və sərəncamları ilə sosial müdafiənin gücləndirilməsi ilə bağlı olduqca böyük işlər görülüb, proqramlar qəbul olunub. Birinci Qarabağ müharibəsinin şəhid ailələri  və  qazilərinin sosial müdafiəsi həll olunub. Onların mənzil təminatı demək olar ki, başa çatıb. 2014-cü ilə qədər növbəyə duran bir nəfər də olsun şəhid ailəsi və Qarabağ qazisi yoxdur ki, mənzillə təmin olunmasın. 2014-cü ildən sonra növbəyə duranlar üçün  isə yeni proqram qəbul olunub və 2025-ci ilə qədər bu məsələ də öz həllini tapacaqdır. İkinci Qarabağ müharibəsinin şəhid ailələrinin böyük bir qismi isə artıq mənzillərlə təmin olunub və proses qarşıdakı illərdə də davam edəcək.

Cənab Prezidentin sosial layihələrində, şübhəsiz ki, təhsil və tibb sahəsi həmişə öndə gedir. Təkcə onu demək kiyafətdir ki,cənab Prezident koronavirusla mübarizədə nə qədər sosial təbəqələrə həssaslıqla yanaşdı və öz xalqını sevən bir Lider olduğunu bir daha göstərdi. Eyni zamanda, cənab Prezident həm Türk  Şurasının sədri, həm də Qoşulmama Hərəkatının sədri kimi BMT yə müraciət edərək koronavirusla mübarizə ilə əlaqədar xüsusi sessiya çağırılmasını təklif etdi və bu təklif də qəbul olundu. İki dəfə BMT- nin xüsusi sessiyası cənab Prezidentin məhz təklifi əsasında keçirildi. Cənab Prezident o sessiyada çıxış edərək dünyanın bəşəriyyətin taleyinə biganə qalmayan bir ölkənin və millətin lideri kimi bir daha bəşəriyyət tərəfindən sevildi və hörmətlə qarşılandı.

Cənab İlham Əliyevin 2016-cı  ildə imzaladığı Strateji Yol Xəritəsində ölkəmizin inkişafı üçün mühüm olan məsələlər öz əksini tapdı. Heç şübhəsiz ki, bu fəaliyyətin, bu xidmətin ən mühümü torpaqlarımızın işğaldan azad edilməsi oldu. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Biz yüz illərdir ki, torpaqlarımızı itirə-itirə getmişik və torpaqlarımızın işğalını anım günləri ilə xatırlamışıq. Artıq bu təqvimdə bizim Zəfər günümüz var. Bəlkə də 21-ci  əsrdə Azərbaycan  yeganə dövlətdir ki, hərbi qələbə paradı keçirdi və bütün bunların hamısı cənab İlham Əliyevin rəhbərliyi altında baş verdi.

Qarşıdakı illərdə bizim hələ görəcək böyük işlər var. Qarabağın və Şərqi  Zəngəzurun bərpası, Zəngəzur dəhlizinin açılması, bölgədə böyük sülh müqaviləsinin bağlanması və böyük iqtisadi münasibətlərin başlanması görüləcək işlərdən sadəcə bir necəsidir. Bu gün biz fəxr edirik ki, dünyada xüsusi nüfuzu olan ölkəmizin həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdıran, Azərbaycanın daxili və xarici siyasətini uğurla həyata keçirən, ölkəmizdə quruculuq-abadlıq işlərinin aparılmasında, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının yenidən qurulmasında cənab İlham Əliyevin misilsiz xidmətləri var.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

2023 – Zəfər təqvimində dövlət suverenliyinin bərpası ili

Azərbaycanın regional və qlobal müstəvidə geosiyasi imkanlarının artmasında, şübhəsiz ki, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının müstəsna rolu var.

44 günlük müharibədə qələbə qazanaraq yeni gerçəkliklər yaradan – Qafqazın geostrateji arxitekturasını yenidən dizayn edən, BMT-nin müvafiq qətnamələrinin icrasına öz hərbi-siyasi resursları vasitəsilə nail olan Azərbaycan nəyə qadir olduğunu bütün dünyaya göstərdi.

Bu xüsusda ən vacib məqam 2023-cü ilin Azərbaycanın Zəfər təqviminə dövlət suverenliyinin bərpası ili kimi həkk olunmasıdır. Bu, xalqımızın yaddaşında və dünyanın siyasi tarixində əbədi qalacaqdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi”.

Hərbi təxribatlar və siyasi sabotajları davam etdirən Ermənistannın illeqal fəaliyyətinin qarşısının alınması məqsədilə Azərbaycan tərəfindən 2023-cü il aprelin 23-də Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması Zəfər marafonunun Laçın qələbəsi idi.

44 günlük Vətən müharibəsinin şanlı Qələbə ilə başa çatması və 24 saatlıq antiterror tədbirləri ilə ərazi bütövlüyünün tam bərpası – Şuşada son nöqtənin, Xankəndində isə Zəfər nidasının qoyulması müstəqillik zirvəsində suverenliyin bərqərar olunması ilə əlamətdardır. Müzəffər Ali Baş Komandanın vurğuladığı kimi: “2023-cü ilin aprel ayında isə biz ərazi bütövlüyümüzü tam bərpa etmişdik. Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi qurulmuş və o gündən bəri Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmişdir”.

Laçın-Xankəndi yolunda nəzarətin təmin edilməsi, ardınca əzəli və əbədi Qarabağımızda lokal antiterror tədbirləri vasitəsilə konstitusiya quruluşunun bərpası ilə geniş geosiyasi arealda – Cənubi Qafqazda, Qafqazda və postsovet məkanında separatizmin məhv edilməsi təcrübəsi yaradıldı. 30 ilə yaxın müddətdə BMT-nin kağız üzərində qalmış 4 qətnaməsinin icrasını təmin etməklə nadir presedent formalaşdıran Azərbaycan daha bir nümunə yaratdı. Bu, postsovet məkanında separatizmin birdəfəlik məhvinə ilk dəfə məhz ölkəmizin ərazisində müvəffəq olunmasıdır. Azərbaycan Prezidentinin bildirdiyi kimi: “Dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq etmişdik ki, bu vəziyyət davam edə bilməz. Ya separatçı rejim özünü buraxmalıdır, Ermənistan ordusu bizim ərazimizdən çıxarılmalıdır, ya da ki, biz güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa edəcəyik. Əfsuslar olsun ki, bizim sözümüzə diqqət yetirilmədi. Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır. Bununla Azərbaycanda separatizmin kökü kəsildi və separatizm – bu bəla bizim torpağımızda bir daha baş qaldıra bilməz”.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Böyük Qayıdış: tarixi Qələbə strateji prosesə çevrilib

Prezident İlham Əliyev bəhs olunan müraciəti zamanı Böyük Qayıdış məsələsinə də diqqəti cəlb etdi. Dövlət başçısı bildirdi ki, “Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir”.

Böyük Qayıdış tarixi Qələbənin strateji prosesə çevrilməsini təmin edən çox mühüm amillərdən biridir. 2023-ci ildə qürurlu və müzəffər xalqın nümayəndələri, qüdrətli və məğrur dövlətin vətəndaşları kimi azadlıqdan abadlığa aparan yolda inamla addımladıq. Qarabağın Xilaskarı İlham Əliyevin lider dövlətin Lideri, Müzəffər Ali Baş Komandan kimi işğaldan azad olunmuş torpaqlarımıza atdığı hər addım tarixin yaddaşına əbədi həkk olundu. Həmin ərazilərdə kənd və şəhərlərimizin, mədəni irsimizin bərpa olunması, yeni reallıqlar əsasında ölkəmizin və regionumuzun gələcəyinin inşa edilməsi Zəfər yürüşümüzün davam etdiyini göstərdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyev hələ 2020-ci ildə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan bayrağını ucaldaraq xalqımızın, dövlətimizin ən yüksək zirvələri fəth etdiyini bir daha bütün dünyaya nümayiş etdirmiş, “Biz qayıtmışıq. Düşməni məhv edərək, zəfər çalaraq qayıtmışıq. Bir müddət sonra bu bölgəyə həyat tam qayıdacaq, İnşallah”, – deyə qətiyyətlə vurğulamaqla Azərbaycanın iradəsini, prinsipial mövqeyini, gələcəyə aydın – strateji baxışını ifadə etmişdi. 2023-cü ildə də bu istiqamətdə işlər ardıcıl olaraq davam etdirildi. Budur, bölgəyə həyat qayıdır, Qarabağa, Şərqi Zəngəzura yeni həyat bəxş edən, yeni nəfəs verən addımlar atılır. Ermənilərin işğalçı siyasəti nəticəsində dağıdılmış yaşayış məntəqələrinin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpası milli gücümüzün təsdiqi və nümayişidir.

Hərbi müstəvidə qazanılmış Qələbəni diplomatik-siyasi arenada və quruculuq meydanında möhkəmləndirmək, iqtisadi gücümüzü, ictimai immunitetimizi artırmaq, siyasi üstünlüyümüzü və beynəlxalq mövqeyimizi gücləndirmək üçün davamlı işlər görməliyik və görürük. Bir sözlə, davam edirik – nə yol, nə də mübarizə bitib…

Paralel olaraq Cənubi Qafqazda etimad quruculuğu – Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması diqqət mərkəzindədir, danışıqlar aparılır – təmaslar davam edir. Bütün bunlar, ABŞ Prezidenti Cozef Baydenin dövlətimizin başçısı İlham Əliyevə göndərdiyi məktubda ifadə edildiyi kimi, “tarixin mühüm anı”nda baş verir. Və taleyüklü məsələlər həll olunur. Ona görə də indi milli həmrəylik, siyasi birlik nümayiş etdirməyə, dövlətin maraqlarını qorumağa hər zamankından daha çox zərurət və əşəddü-ehtiyac var. Bu, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir şəxsin ümdə vəzifəsi, vətəndaşlıq borcudur. Müzəffər Liderimizin ifadə etdiyi kimi: “Tarixi Zəfərimiz – İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. “Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq”.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

 

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirdiyi kimi, regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır

“Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində ötən ilin ölkəmizin həyatında ən önəmli hadisə respublikamızın suverenliyinin bərpası olduğunu diqqətə çatdırmaqla Azərbaycan xalqının bu tarixi hadisəni heç vaxt unutmayacağını, həmin günün yaddaşımızda əbədi qalacağını vurğulayaraq milli yaddaşımıza tarixi çağırış etdi”.

Ötən il birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycanın öz dövlət suverenliyini tam bərpa etməsi, işğalçı qüvvələrin beynəlxalq hüquqla tanınan ərazilərimizdən çıxarılması, separatizmə son qoyulması və düşmən ordusunun məhv edilməsi fonunda yekun qələbənin təmin edilməsi müasir dünya təcrübəsində nadir rast gəlinən nümunədir.

Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusunun ötən ilin sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edildi. Beləliklə, bir gündən də az sürən antiterror əməliyyatı bizə imkan verdi ki, suverenliyimizi bərpa edək. Əməliyyat elə tərzdə aparıldı ki, mülki infrastruktura zərər dəymədi və dinc əhali arasında itkilər olmadı. Əməliyyat başlayan anda bəyan etdik ki, Ermənistan ordusu silahları yerə qoyan kimi biz dayanacağıq və onlara oraları tərk etməyə icazə verəcəyik. Əməliyyat 24 saatdan az sürdü və onlar təslim olduqlarını bəyan edəndən sonra bütün fəaliyyətlər dayandırıldı.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirdiyi kimi, regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır. Biz böyük qələbəmizi hələ 3 il əvvəl 44 günlük Vətən müharibəsində qazanmışdıq, lakin ölkə Prezidentinin də ifadə etdiyi kimi, “biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb”. Bu mənada, məhz 2023-cü ildə Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməklə əslində uzun illər davam edən ədalətsiz bir gedişata son qoymuş oldu. Bu müddət ərzində heç bir ittiham, heç bir təzyiq bizim iradəmizə təsir edə bilmədi. Ölkəmizin başçısı bunu müraciətində xüsusi vurğulayaraq dedi ki, “dünyada, xüsusilə Qərb ölkələrində Ermənistanın arxasında dayanan, onlara daim dəstək göstərən ölkələr hay-küy qaldıraraq, bizə qarşı əsassız ittihamlar irəli sürmüşdülər. Biz haqq yolundayıq, öz sərhədimizi özümüz nəzarətə götürmüşük və heç kimə imkan vermərik ki, bizim torpağımızda at oynatsın.

Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Zəfər çaldığımız Vətən müharibəsində dünya azərbaycanlıları bir amal ətrafında tarixin heç bir dönəmində olmadığı kimi birləşərək həmrəy oldu. Həmvətənlərimiz beynəlxalq aləmə səsimizi çatdırmaq üçün informasiya müharibəsində mühüm xidmətlər göstərdilər.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaq

2023-cü il ölkəmiz üçün tarixi nailiyyətlər və zəfərlərlə yadda qaldı. Xüsusilə, aprel ayında Laçın sərhəd buraxılış məntəqəsinin yaradılması ilə ərazi bütövlüyümüz, sentyabrda isə antiterror tədbirləri nəticəsində dövlət suverenliyimiz tam təmin olundu. Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu məqamları xüsusi vurğuladı.

Dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaq. Ölkə başçısının dediyi kimi, 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilib, düşmən ordusu məhv edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda növbəti məqsədin Xankəndi olacağı məlum idi. Çünki 3 il ərzində Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta əksinə, ölkəmizə qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Qarabağda antiterror tədbirləri nəticəsində Azərbaycanda separatizmin kökü kəsildi. Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, separatizm bizim torpağımızda bir daha baş qaldıra bilməz.

Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın keçirilməsi milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri oldu.

Ərazi bütövlüyü və suverenliyimizin bərpa olunması Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi. Bu tarixi nailiyyətlər Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə əldə edildi. Bununla da bu dahi şəxsiyyətin ruhu şaddır. Eyni zamanda, şəhidlərimizin də ruhu şaddır. Çünki onların qanı yerdə qalmadı. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları on minlərlə Azərbaycan hərbçiləridir. Azərbaycan 20 il ərzində bu günə hazırlıq görürdü, beynəlxalq hüquq müstəvisində Azərbaycanın mövqeləri möhkəmləndirilirdi.

Ermənistan bundan sonrakı mərhələdə Prezident İlham Əliyevin mesajlarından nəticə çıxarmalı, hansısa xarici qüvvələrin regionda pozuculuq planlarına alət olmamalıdır. Təcrübə göstərir ki, hər hansı təxribat cəhdləri Ermənistanın özü üçün ciddi problemlər yaradır. Ona görə də, rəsmi İrəvan nə qədər tez sülh sazişi imzalasa, onun üçün faydalı olacaq.

Prezident İlham Əliyev xalqa təbrikində yeni müjdələr də verdi. Bu müjdə ondan ibarətdir ki, yeni qədəm qoyduğumuz 2024-cü ildə azad olunmuş bir sıra yaşayış məntəqələrinə keçmiş köçkünlərin qayıdışı təmin olunacaq.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Son illər xalqımız üçün bir-birindən dəyərli, yaddaqalan hadisələrlə yaddaşlara həkk olunub

2016-cı ilin Aprel döyüşləri, iki il sonra Naxçıvanın Günnüt əməliyyatı, daha sonra Tovuz döyüşləri, nəhayət, 2020-ci il noyabrın 10-da Azərbaycanın tarixi Qələbəsi və Ermənistanın öz məğlubiyyətini rəsmən təsdqiləməsi – kapitulyasiya aktının imzalanması. Daha sonra 2023-cü il sentyabrın 19-20-də keçirilən antirerror tədbirləri zamanı Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. Söz yox ki, 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ancaq bunların sırasında ən yaddaqalanı dövlət suverenliyimizin bərpası oldu. Azərbaycan xalqı bu tarixi hadisəni heç vaxt unutmayacaq. Həmin gün yaddaşımızda əbədi qalacaq.

Prezident İlham Əliyevin 2023-cü il dekabrın 31- də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində də bu məsələ öz əksini tapıb. Dövlətimizin başçısı qeyd edib ki, 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir. İşğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin olunmuş, düşmənin ordusu, hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür. Son 20 ildə həyata keçirilən siyasi kursun prioriteti Azərbaycanın öz dövlət suverenliyini tam bərpa etmək idi. 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi başa çatanda Azərbaycan Bayrağı Şuşada və azad edilmiş digər ərazilərimizdə qaldırıldı. Ancaq xalq yaxşı bilirdi ki, işimiz yarımçıq qalıb. Axı, Xankəndidə yuva salmış separatçı qüvvələr tam məhv edilməmişdi. Həmin qüvvələr yeni hərbi təxribatlar hazırlayır və onları həyata keçirirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmamışdı. Əksinə, yeni silah -sursat, hərbi texnika, minalar Qarabağa gətirilir və ölkəmizə qarşı mina terroru davam etdirilirdi.

Dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq edilməsinə baxmayaraq, separatçı qüvvələr təxribatlardan əl çəkmirdilər. Nəhayət, Azərbaycanda separatizmin kökü kəsildi. Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror tədbiri Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələndi. Dövlətimizin başçısı müraciətində də qeyd etdi ki, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan Ordusu peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərərək Birinci və İkinci Qarabağ müharibəsi, həm də antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisasını döyüş meydanında aldı.

Prezident İlham Əliyev də bunu müraciətində xüsusi vurğulayaraq dedi ki, dünyada, xüsusilə Qərb ölkələrində Ermənistanın arxasında dayanan, onlara daim dəstək göstərən ölkələr hay-küy qaldıraraq, bizə qarşı əsassız ittihamlar irəli sürmüşdülər. Biz haqq yolundayıq, öz sərhədimizi özümüz nəzarətə götürmüşük və heç kimə imkan vermərik ki, bizim torpağımızda at oynatsın. Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilib. İşğaldan azad edilmiş şəhərlərimizi, kəndlərimizi yenidən qururuq. Artıq bu il 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıdıb. Bu ilin mart ayında – Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtmışdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi bayram içində idi. Bu il Laçın şəhərinə Müstəqillik Gününü qeyd edərkən, keçmiş məcburi köçkün soydaşlarımız qayıtmışdır – 28 May tarixində Laçında böyük bayram günü idi. Ondan əvvəl Ağalı kəndində köçkünlər məskunlaşmış və beləliklə, beş yaşayış məntəqəsində indi həyat bərpa edilib.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki