Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri baş tutub. Aərbaycan Prezidenti İlham Əliyev Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə birgə mətbuata bəyanatında bildirib ki, ölkələrimiz arasında uğurlu inkişaf müdrik rəhbərlik sayəsində əldə olunur: “Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, zənnimcə, hər kəs anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı. Buna görə düşünürəm ki, xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar”.
Azərbaycan-Tacikistan diplomatik münasibətlərinin 30 illiyi ərzində iki ölkə arasında sıx iqtisadi əlaqələr qurulmuşdur. Bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyevin son Düşənbə səfəri də dostluq münasibətlərini təcəssüm etdirən nümunələrlə zəngin olmuşdur. Tacikistan Prezidenti Emoməli Rəhmon mətbuata açıqlamasında etiraf etdi ki, iki xalqın münasibətlərində ən qürurlu məqamlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə bağlıdır: “…buna çox cəhətdən əsası Azərbaycan xalqının görkəmli oğlu və mənim dostum, böyük yoldaşım Heydər Əliyev tərəfindən qoyulmuş sıx, qarşılıqlı etimada əsaslanan əlaqələr şərait yaradır. Gələn ay Heydər Əliyevin 100 illiyini Tacikistanda da qeyd edəcəyik”.
Qarşılıqlı əlaqələrin inkişafında Azərbaycan Prezidenti cənab İlham Əliyevin də atdığı addımlar tarixi dostluğumuzun dərin köklərinə söykənir. Bu dostluq tarixinə qısa da olsa nəzər salmaq yerinə düşərdi. Azərbaycan-Tacikistan münasibətlərinin tarixi əsrlərlə ölçülür. Klassiklərimiz Məhəmməd Füzuli, Nizami Gəncəvi tacik xalqı tərəfindən dərin məhəbbətlə sevilir. Prezident İlham Əliyevin Tacikistana növbəti səfəri çərçivəsində iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün aparılan danışıqlar zamanı investisiyalar, sənaye kooperasiyası, kənd təsərrüfatı, nəqliyyat sahələrində və yanacaq-energetika kompleksində qarşılıqlı fəaliyyətin istiqamətləri müzakirə edilmişdir. Azərbaycan Prezidentinin Düşənbə səfəri çərçivəsində iki ölkə arasında əlaqələrin inkişafını sürətləndirən bir sıra sənədlər imzalanmışdır. Bu sırada iqtisadi əlaqələrin geniş inkişafına daha çox yer ayrılmışdır.
Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin Tacikstana səfəri, Prezident Emoməli Rəhmon ilə görüş, imzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlər, hər iki ölkə liderlərinin mətbuata bəyanatlarla çıxışları iki ölkə arasında münasibətlərin inkişafı istiqamətində yaxşı perspektivlərin olduğunu göstərdi. Həmçinin, Səfər bir daha göstərdi ki, hər iki dövlət rəhbərinin arzuları, istəkləri üst – üstə düşür və bu bilavasitə əməkdaşlığın, dostluğun möhkəmləndirilməsinə və xalqların rifahının yaxşılaşdırılmasına, xoşbəxt gələcəyinə hesablanmışdır.
Zərdab rayon Gəlmə kənd tam orta məktəbin müəllimi-Tağıyeva Səidə
























