image-qanunla-reklam
image-383994925_875764997236613_1888850228560843647_n

Azərbaycanın regional statusunun əhəmiyyəti durmadan artır

image-lady-day-az

Azərbaycanın regional statusunun əhəmiyyəti durmadan artır.

Müstəqil xarici siyasət həyata keçirən Azərbaycan Respublikası dünya miqyasında çox etibarlı tərəfdaş kimi tanınır. Bütün beynəlxalq təşkilatlarla və dünyanın aparıcı dövlətləri ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olan ölkəmiz bunun üçün konkret addımlar atır, bərabərhüquqlu əlaqələrin qarşılıqlı maraqların təmin edilməsi istiqamətində, biri-birinin işinə qarışmamaq prinsipləri çərçivəsində davam etdirilməsi işinə öz töhfəsini verir. Qətiyyətlə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət nəticəsində  ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənmiş, bu diplomatik reallıqlar fonunda respublikamızın Avropaya və dünya birliyinə inteqrasiyası xeyli sürətlənmişdir. Dövlət başçımızın məntiqli xarici və daxili siyasəti, uğurlu diplomatik fəaliyyəti belə deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də hərtərəfli inkişaf tempini saxlayacaq, ölkəmizin həm regional, həm də qlobal səviyyədə mövqelərinin möhkəmlənməsi davam etdiriləcəkdir.

Həqiqətən də elmi əsaslara söykənən daxili və xarici siyasətin həyata keçirilməsi nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti səviyyəsinə yüksəlməklə yanaşı, həm də bölgədə sülhün, təhlükəsizliyin və inkişafın simvoluna  çevrilmişdir. Bu gün ölkəmiz ümumilikdə regionun dünya birliyinə inteqrasiyası üçün qlobal əhəmiyyət kəsb edən təşəbbüslərlə çıxış edir və bu, beynəlxalq ictimaiyyət tərəfindən alqışlarla qarşılanır. Azərbaycanın qazandığı uğurların təməlində isə ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət strategiyası dayanır. Müstəqilliyinin ilk illərindən BMT, ATƏT və İKT-yə üzv olan Azərbaycan Respublikası həyata keçirdiyi ardıcıl siyasət nəticəsində 2001-ci ildə Avropa Şurası kimi mötəbər bir quruma da qəbul edildi. Beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsinə böyük önəm verən ulu öndər Avropa Birliyi, NATO və başqa təşkilatlarla sıx əlaqələr yaratdı, bu nüfuzlu qurumlar çərçivəsində qarşılıqlı faydalı münasibətlərin daha da inkişaf etdirilməsi üçün fəal xarici siyasət həyata keçirildi. Böyük əhəmiyyətə malik geosiyasi və geostrateji məkanda yerləşən Azərbaycan 1993-cü ildən etibarən bu mövqedən həm özünün, həm də tərəfdaşlarının yetərincə faydalanması üçün əlverişli imkanlar yaratdı, milli mənafelərinin və təhlükəsizliyinin təmin olunması istiqamətində önəmli addımlar atdı.

Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq münasibətlər sisteminə qoşulması, nüfuzlu qurumlarla əlaqələrini genişləndirməsi ilə ölkənin sosial-iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinin tənzimlənməsində əsaslı dönüş yarandı. Bu prinsipləri rəhbər tutaraq və uzunmüddətli milli mənafelərdən çıxış edərək, Azərbaycanın xarici siyasətinin prioritetlərindən hesab edilən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı daha da möhkəmləndirmək, respublikanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin və risklərin, ilk növbədə ona qarşı Ermənistan Respublikası tərəfindən edilmiş təcavüzün aradan qaldırılması kimi həyati əhəmiyyətli məsələni başlıca məqsəd güdərək konkret siyasət yeridildi. Bu gün də bölgədə əmin-amanlıq və sabitliyin bərqərar edilməsi, nəhəng nəqliyyat və əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsi kimi strateji məqsədlərə nail olmaq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Qloballaşan dünyada Azərbaycan xalqının maraqlarının daha səmərəli müdafiəsi naminə, ölkə iqtisadiyyatının inkişafı üçün müxtəlif layihələrə xarici sərmayələrin cəlb edilməsi də ölkəmizin  xarici siyasəti üçün müstəsna əhəmiyyət daşımaqdadır. Demokratik tərəqqi yolunu seçmiş respublikamız özünün qonşusu olan və olmayan digər dövlətlərlə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı faydalı münasibətlərin qurulub inkişaf etdirilməsi üzrə ümumi məqsədi mümkün qədər tam şəkildə həyata keçirmək əzmindədir.

Azərbaycanın milli maraqlar üzərində qurulan xarici siyasət kursu çoxvektorlu səciyyə daşıyır. Biz bilirik ki, eyni region çərçivəsində ikitərəfli və bəzi hallarda çoxtərəfli formatlar kontekstində yürüdülən adi diplomatiya bir çox ölkəyə xas olan xüsusiyyətdir. Prezident İlham Əliyevin diplomatik fəallığı isə multiregional və strateji xarakterlidir, özündə fərqli coğrafiyalarda Azərbaycanın maraqlarına uyğun tərəfdaşlıq əlaqələrinin formalaşmasını ehtiva edir, siyasi, hərbi, iqtisadi və humanitar sahələri əhatə edən yeni hədəflər müəyyənləşdirir. Belə məqsədyönlü multiregional siyasət ölkəmizə həm Avropada, həm də İslam coğrafiyasında böyük nüfuz qazandırıb. Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət sayəsində respublikamız etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevrilib, onunla əməkdaşlıq etmək istəyən ölkələrin sayı isə durmadan artır. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyada yüksək liderlik keyfiyyətlərinə malik olan dövlət başçısı kimi qəbul olunur. Onun liderlik missiyası milli məzmunlu, qlobal əhəmiyyətli fəaliyyətlə assosiasiya olunur. Bu barədə istənilən qədər nümunə gətirmək olar. Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq xoş mərama əsaslanan qonşuluq siyasəti aparır, daim beynəlxalq həmrəyliyin güclənməsinə hesablanan təşəbbüslərlə çıxış edir. Ədalətli enerji siyasəti ölkəmizi Avropanın mühüm tərəfdaşlarından birinə çevirib.

 

Telman Ağayev

Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki