Azərbaycanın qədim dövlətçiliyi Şah İsmayılın adı ilə bağlıdır
Azərbaycanın tarixi torpaqlarını ilk dəfə vahid mərkəzdə birləşdirməyə nail olan Səfəvilərin istər dövlətçiliyimizin, istərsə də mədəniyyətimizin inkişafındakı rolu, həqiqətən də, müstəsnadır. Zaman-zaman zəifləməsinə baxmayaraq, 200 ildən artıq bir dövrdə nəinki Qafqazın, eləcə də bütün Yaxın Şərqin siyasi həyatında həlledici söz sahiblərindən biri olmuş Səfəvilər dövlətinin qoyub getdiyi tarixi mirasın ölkəmizdə mükəmməl bir şəkildə öyrənildiyini, onun layiq olduğu dəyəri aldığını demək çətindir.
Şah İsmayil tərəfindən verilən fərmanların araşdırılması dövlətçiliklə bağlı elementlərin zənginliyini üzə çıxarır. Dövlətə, millətə, ümmətə xüsusi xidməti olan şəxsiyyətlərin dəyərini vermək, onlara dövlət qayğısı göstərmək ənənəsinin əsasını hələ I Şah İsmayıl qoymuşdur. Xacə Cəlaləddin Əbülqasim əl-Cami ilə bağlı bir fərmanda deyilir: “Onun imamət və vilayət ailəsinə nisbət əqidəli olduğu və (bu əqidənin) ürəyinin dərinliyinə saldığı nurun təsiri məlum oldu. Padşahın lütfünü nümayiş etdirmək məqsədilə Ona Loy (Əjdaha) ilindən başlayaraq hər il Cam vilayətinin “mal-cəhət”indən soyurqal formasında on Təbriz tüməni məbləğində həmişəlik olaraq bağışladıq. Qeyd edilən məbləği hər il adı qeyd olunan Xacənin əkinçilik işlərinə nəzarət edən şəxsdən pula çevrilməsini (tələb edib) az və ya çox olması yoxlanılaraq qaytarılsın. Bir şey azaldıb və ya çoxaltmasınlar. Az və ya çox olmasına tamah salmasınlar. Bu barədə səhlənkarlıq və ya uzunçuluğa (süründürməçiliyə) yol verməyərək, ona qarşı həmişə belə mehribanlıq etsinlər. Bu bəxşişi qalıcı dəftərlərdə qeyd edib yazsınlar. Həmin xacəyə, övladları və nəvələrinə nəsilbənəsil çatsın və hesabı soruşulmasın. Hər il bu barədə yeni icazə kağızı tələb etməsinlər. Habelə böyüklərin ağası Cəlaləddin Məhəmmədə də mərhəmət göstərərək, onun Cam vilayətində olan əkinlərinə nəzarət edən şəxsdən 5000 Təbriz dinarı məbləğində (alaraq) ona hədiyyə və soyurqal verilməsini əmr etdik”.
“Aydın düşüncəli əmrlər, tayı-bərabəri olmayan vəzirlər, saray vəkilləri, məsləkdaşları, səltənət işlərində müşavirlər və divan işlərində önəmli vəzifə tutan şəxslərin hamısı və xüsusilə də padşahın kitabxanasının işçiləri və qeyd edilən camaat bilməlidir ki, adı keçən ustadı qeyd-şərtsiz rəhbər (kələntər) hesab etsinlər, kitabxana işlərini onun idarəçiliyi və səlahiyyətinə versinlər, onun qeyd və möhrü ilə olan dəyərləndirmələri mötəbər hesab etsinlər. Padşahın kitabxana işləri ilə əlaqədar və qeydə alınma haqqında buyurduqlarından imtina edilməsin, qeyd edilən vəzifənin tərkib hissəsi olan işlərin ona aid olduğunu bilsinlər. İşarə olunan şəxs də parlaq düşüncə və ürəyinə əmanətdarlıq və dindarlığı hakim edərək bu işə doğru və dürüst başlasın, əyilmək və yaltaqlıqdan çəkinərək uzaq dursun, doğru yoldan kənara çıxmasın. Xırdalıqlarda da bu cür davransınlar. Padşahın bu hökmü uca və şərafətli möhür ilə birlikdə olduqda etimad edilsin”.
Fərmanda dövlətin vətandaşına qayğısı ilə yanaşı, vətəndaşın da borcunun nə olduğunun bu gün üçün əhəmiyyəti bəlli olur. Son günlər ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı fərmanlarda vətəndaşlara münasibətdə etinasızlıq, laqeydlik halları ciddi şəkildə pislənir ki, bu, bir daha Azərbaycan dövlətçiliyinin qədim təməllərindən xəbər verir.
20-ci səhifə “Topluya daxil olan və Şah İsmayılın orta əsr müsəlman aləminin görkəmli miniatür ustası, tanınmış rəssam, incəsənət tarixində daha çox “Şərqin Rafaeli” adı ilə məşhurlaşmış Kəmaləddin Behzad (1455-1536) haqqında verdiyi xüsusi fərman isə nəinki Səfəvi dövlətinin, eləcə də İslam tarixinin ən ibrətamiz hadisələrindən hesab oluna bilər. Səfəvi sarayına pənah aparan bu görkəmli sənət adamı Şah İsmayıl tərəfindən ən yüksək səviyyədə qəbul edilmiş, ona böyük qayğı, diqqət göstərilmişdir. İstedadlı bir insanın taleyinə, sənətinə biganə qalmayaraq, onun Səfəvilərin Təbrizdəki saray kitabxanasının rəhbəri təyin edilməsinə dair ayrıca fərman imzalaması İsmayılın nəcib əxlaqından və mədəniyyətə olan möhkəm bağlılığından xəbər verməkdədir”.
Hüseynova Aygün
Saatlı şəhər Bülbül adına UMM-nin müəllimi
























