image-qanunla-reklam
image-1710147273-prezident

Azərbaycan yekdilliklə COP29-a ev sahibliyi edəcək ölkə seçilmişdir

image-lady-day-az

Azərbaycan yekdilliklə COP29-a ev sahibliyi edəcək ölkə seçilmişdir.

Ölkəmizin iqtisadi qüdrətinin güclənməsi ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində də respublikamızın aparıcı rola malik olduğunu da təmin edib. Ölkə başçısının yürütdüyü uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan ölkəmizin dünyadakı mövqeləri xeyli güclənmişdir. Bir çox beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyinin sübutudur. Bu il ölkəmiz daha bir beynəlxalq tədbirə, dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a evsahibliyi edəcək. 2024-cü ilin 11-24 noyabr tarixlərində Bakıda keçiriləcək konfransda dünyanın 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfər nümayəndə heyətinin Bakıya gəlməsi gözlənilir. Çox qürurverici haldır ki, bütün postsovet məkanında ilk dəfə olaraq Azərbaycan Respublikası bu mötəbər tədbirə ev sahibliyi edəcək. 2023-cü ilin 15 dekabr tarixində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi. Ölkə başçısı müşavirədə çıxış edərək vurğulamışdır ki, bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atmışdır, COP29 beynəlxalq konfrans Azərbaycanda, Bakıda keçiriləcəkdir. Bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı. Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir.Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi. Antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. Bəzi Qərb ölkələri, onların arasında təbii ki, ənənəvi olaraq Fransa bununla barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar.Bəzi hallarda beynəlxalq aləm, beynəlxalq birlik anlayışı Qərbdə təhrif edilir. Beynəlxalq birlik 30-40 ölkə deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərmişdir. Azərbaycan Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edir və burada da bizim sədrliyimiz 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur, hətta sədrliyimiz bir il uzadılmışdır. Bu, artıq böyük bir göstərici idi. Dünyanın 120 ölkəsi Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bu dəfə isə bütün dünya ölkələri bu dəstəyi göstərmişdir.
Dövlətimizin başçısı müşavirədə irimiqyaslı beynəlxalq tədbirlərin üzərimizə böyük məsuliyyət qoyduğunu vurğuladı. Qeyd etdi ki, biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik. Hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirmişik. Onu da hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda bu tədbir keçirilmişdir. Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdi. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq.

Ehtiram Osmanov   Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi

 

 

Perspektiv fəaliyyət istiqaməti.

Bu gün alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl enerjiyə keçidin təmin edilməsi istiqamətində həyata keçirilən layihələr hələ 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan enerji siyasətinin davamıdır. 2003-cü ildən başlayaraq İlham Əliyevin Prezident kimi məqsədyönlü fəaliyyəti ölkəmizin enerji strategiyasını keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Ümummilli Liderin bütün ideallarını gerçəkləşdirən Azərbaycan Prezidenti İlham Əliyev 20 il ərzində Azərbaycanın nəinki qüdrətli enerji dövləti kimi inkişafına nail oldu, eyni zamanda, qətiyyəti, dəmir iradəsi sayəsində ölkəmizin ərazi bütövlüyünü, suverenliyini tam təmin edərək liderliyi ilə yeni tarixi reallıqlar yaratdı. Azərbaycanın yaşıl enerji kursunda Qarabağ və Şərqi Zəngəzurun öz yerini tutması, azad edilmiş ərazilərimizin enerji şəbəkəsinin vahid enerji sisteminə inteqrasiyası, ölkəmizin enerji potensialının daha da güclənməsi və enerji təchizatçısı missiyamızı uğurla davam etdirmək üçün yeni imkanların qazanılması bu reallığın ayrı-ayrı elementləridir. Bu aspektdə, İlham Əliyev dünyanın müasir tarixinin ən parlaq liderlərindəndir. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 qiqavat, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3000 meqavat, günəş enerjisi üzrə 23000 meqavat, bioenerji potensialı 380 meqavat, dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir. Ölkəmizdə bərpaolunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olub. Dövlət Proqramının qəbulu bərpaolunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaradıb. Ötən il fevralın 3-də Bakıda keçirilən ənənəvi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası ilə yanaşı, ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası baş tutub. Bu iclas Azərbaycanın bərpaolunan enerji istehsalı məsələsinə nə dərəcədə önəm verdiyini göstərir. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını yaşıl enerji zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının  bu il ölkəmizdə keçirilməsini İlham Əliyevin növbəti təntənəsi kimi qeyd etmək olar. COP29 konfransına ev sahibliyi Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi olmaqla yanaşı, ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının davamı kimi qiymətləndirilir.  COP29-un Bakıda keçirilməsi qərarı, həm də Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir. Buna uyğun olaraq, ötən il dekabrın 25-də Prezident İlham Əliyev iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması barədə” Sərəncam imzalayıb. Sənəddə rəqabətqabiliyyətli iqtisadiyyatın dayanıqlı inkişafı, ölkənin təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsi kimi əsas prioritetlər nəzərdə tutulur.

Ehtiram Osmanov   Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki