image-qanunla-reklam
image-1630485997_bakuhava730072_df6d251032_k_361

“Azərbaycan xalqının qəlbində milli azadlıq ruhu, müstəqillik ruhu daim yaşamışdır”

image-lady-day-az

“Azərbaycan xalqının qəlbində milli azadlıq ruhu, müstəqillik ruhu daim yaşamışdır”

Azərbaycan xalqı əsrlər boyu müstəqillik arzusu ilə yaşamış, milli azadlıq uğrunda mübarizə aparmışdır. XX əsrin əvvəlində Azərbaycan torpağında ilk Azərbaycan Demokratik Respublikası yaranmış, Azərbaycan xalqı, Azərbaycan Respublikası öz müstəqilliyini dünyaya elan etmişdir. 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası Azərbaycan xalqının çoxəsrlik arzusunun, istəyinin həyata keçirilməsinin ilk addımı olmuşdur. İlk Azərbaycan Demokratik Respublikası ölkəmizin müstəqilliyini dünyaya bəyan etmək üçün və müstəqil demokratik dövlət qurmaq üçün ilk addımlarını atmış, bir çox tədbirlər görmüşdür. Artıq bütün dünyaya bəyan olmuşdur ki, Azərbaycan xalqı öz müstəqil dövlətini qurmağa qadirdir. Lakin ilk Azərbaycan Demokratik Respublikası çox yaşamamış, 1920-ci il aprelin 28-də süquta yetmişdir. Azərbaycan Demokratik Respublikasının fəaliyyəti bununla da bitmişdir. O vaxt Azərbaycanda Sovet hakimiyyəti qurulmuş, Azərbaycan Respublikası Sovetlər İttifaqının tərkibinə daxil olmuş və 70 il ərzində xalqımız bu İttifaqın tərkibində yaşamış, yaratmışdır. Bu, Azərbaycan xalqı üçün əhəmiyyətli və məhsuldar dövr olmuşdur. Doğrudur, Azərbaycan, onun xalqı müstəqillikdən məhrum olmuş, böyük əzab-əziyyətlə yaradılan demokratik respublika fəaliyyətini dayandırmış, ancaq xalqımız yaşamış, yaratmış və mövcud iqtisadi, sosial-siyasi sistem daxilində öz həyatını qurmuş, inkişaf etdirmişdir. Bu dövrdə Azərbaycanın iqtisadiyyatı, xalqın həyat tərzi yüksəlmiş, elm, mədəniyyət inkişaf etmişdir. Azərbaycanda böyük iqtisadi potensial yaranmış, intellektual potensial ölkəmizin bu gün müstəqil dövlət olması üçün böyük, əsas zəmin yaratmışdır. Ancaq Azərbaycan xalqının qəlbində milli azadlıq ruhu, müstəqillik ruhu daim yaşamışdır.

Artıq 1980-ci illərin axırlarında məlum idi ki, sovet imperiyası, Sovet İttifaqı dağılmaqdadır. Ancaq onu saxlamağa cəhd göstərən qüvvələr hələ güclü və çox idi: Məhz buna görə də Azərbaycanın o vaxtkı dövründə milli azadlıq hərəkatını, milli şüuru boğmaq üçün qanlı yanvar hadisələri törədildi. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı hərbi təcavüz oldu. Bu, Azərbaycanı sıxmağa, boğmağa, Azərbaycanda ayağa qalxmış xalqın iradəsini sındırmağa yönəldilmiş təcavüz idi. Azərbaycan rəhbərliyinin qaçıb gizləndiyi bir vaxtda Ulu Öndər Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bütün dünyaya öz sözünü dedi. Ulu Öndər çıxışında 20 Yanvar faciəsinə siyasi qiymət verərək, kütləvi qırğına göstəriş verənlərin, törədənlərin cəzalandırılmasını tələb etdi. Bununla da o, bütün təzyiqlərə baxmayaraq, daima xalqının yanında olduğunu və doğma xalqının dərdinə şərik olduğunu göstərdi. Heydər Əliyevin Moskvadakı tarixi çıxışının mətni maneələrə baxmayaraq, respublikada və dünyada geniş yayıldı. O, belə bir ağır gündə xalqını həmrəyliyə və birliyə çağırdı.

Bildiyiniz kimi, 1991-ci il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyanat qəbul olundu. 1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi. Bununla da Azərbaycan bir müstəqil dövlət kimi özünü dünyaya bəyan etdi. Azərbaycanın müstəqilliyini dünya ictimaiyyəti bəyəndi, qəbul etdi, tanıdı. 1991-1993-cü illərin xaosu buna ən böyük maneə idi. Eyni zamanda, Ermənistan tərəfindən hələ 1988-ci ildən başlanmış hərbi təcavüz bu illərdə daha da güclənmişdi. Belə bir hal həm respublikamızın daxilində olan vəziyyəti gərginləşdirmiş, həm də Azərbaycanın xarici siyasətinə çox böyük maneələr törətmişdi. Bu müharibə dövründə buraxılmış böyük səhvlər və ayrı-ayrı qrupların xalqımıza qarşı etdiyi xəyanətlər nəticəsində ölkə ərazisinin 20 faizi erməni silahlı qüvələri tərəfindən işğal olunmuş, bir milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Çox təəssüf ki, bu illər ərzində xalqın qüvvəsini toplayıb düşmənə qarşı mübarizə aparmaq, beynəlxalq aləmdə Azərbaycanın mövqeyini möhkəmləndirmək əvəzinə, respublikamızın daxilində ayrı-ayrı qüvvələr hakimiyyət mübarizəsi ilə məşğul olmuşlar. Onlar vəzifə hərisliyinə düşərək öz mənafeylərini ümummilli mənafeylərdən üstün tutaraq respublikada qarışıqlıq yaratmağa çalışmış, ölkəni vətəndaş müharibəsi həddinə çatdırmış, parçalanma, müstəqilliyin itirilməsi, dünya xəritəsindən silinmə təhlükəsi ilə üz-üzə qoymuşdular. Belə bir şəraidə xalqın, ölkənin güclü bir liderə ehtiyacı yarandı. AXC liderləri arasında hakimiyyət uğrunda mübarizə getdiyi bir vaxtda Heydər Əliyevin rəhbərliyi altında vətənpərvər partiyası olan Yeni Azərbaycan Partiyası yarandı. Xalqın təkidli tələbi ilə Heydər Əliyevin yenidən respublika rəhbərliyinə qayıdışı ölkədə vətəndaş müharibəsi, dövlətçiliyimizin itirilməsi təhlükəsini aradan qaldırdı. Bununla da Ulu Öndərin Vətən naminə mücadiləsində yeni dövr başlandı.

Ulu Öndərimizin Azərbaycanın çicəklənməsi, yüksək səviyyədə inkişaf etməsi üçün həyata keçirdiyi islahatlar təkcə iqtisadi sferanı deyil, mədəni həyatımızı da əhatə etmişdi.

Dövlət Müstəqilliyimizin bərpasından sonra, Ulu Öndərin ikinci dəfə hakimiyyətə qaydışı, on il respublikaya rəhbərliyi müasir tariximizə Heydər Əliyev epoxası kimi daxil olmuş və əsrə bərabər tutulan bu illər ərzində Azərbaycan Böyük inkişaf yolu keçmiş, ictimai-siyasi, sosial-iqtisadi sahələrdə böyük uğurlar qazanmışdı. O, müəllifi olduğu müstəqil Azərbaycanı həmişəyaşar, əbədi etmişdir.

Ümummilli Lider Heydər Əliyev dövlətçilik ənənələrinin qorunub saxlanılmasına, onun müəyyənləşdirdiyi kursun siyasi varisliyinin təmin olunmasına xalqın ciddi əhəmiyyət verməsi məhz bu məntiqə söykənirdi. Cəmiyyətdə qəti olaraq belə bir rəy formalaşdı ki, cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunun müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin edə biləcək alternativsiz şəxsidir.

Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin siyasi fəaliyyət fəlsəfəsi ondan ibarətdir ki, o, mövcud reallıqları obyektiv və operativ olaraq qiymətləndirməyi bacarır, sosial sifarişə uyğun cevik qərarlar qəbul edir. Xususilə ölkənin sosial-iqtisadi problemlərinə onun münasibəti daha həssasdır. Prezident cənab İlham Əliyev həm də istedadlı strateq olaraq Azərbaycanın geosiyasi mövqeyini düzgün qiymətləndirir. Prezidentin siyasi-psixoloji portretinin əsasını təşkil edən komponentlər onun Azərbaycan və dünya siyasi arenası üçün uğurlu sima olduğunu birmənalı olaraq sübut etdi. Möhtərəm prezident bu keyfiyyətləri ilə Azərbaycan siyasətinə həm də yeni nəfəs, siyasi ruh və müasirlik gətirdi. Ulu Öndərin ərməğan qoyub getdiyi dövlət müstəqilliyimizi daha da möhkəmləndirdi, onun əbədiliyi, dönməzliyini dünyaya bir daha bəyan etdi. Tam əminik ki, qərinələr ötəcək, əsrlər keçəcək nəsillər dəyişəcək, dövlət müstəqilliyimizlə Ümummilli Lider Heydər Əliyevin adı qoşa çəkiləcəkdir.

Yaşasın müstəqil Azərbaycan Respublikası!

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

 “Ulu Öndər Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”

Azərbaycançılığın ümummilli ideologiyaya, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müasir müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, bu məfkurəyə əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı.

Xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyev hələ respublikamıza birinci rəhbərliyi dövründə azərbaycançılıq məfkurəsi istiqamətində çox böyük, həm də qətiyyətli addımlar atmışdı. Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin hərtərəfli şəkildə və dərindən öyrənilməsi, təbliği, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsində, milli şüurun dirçəlişi, ümumən, bütün sahələrdə azərbaycançılıq amalının möhkəm, etibarlı bazasının formalaşdırılması yönündə həyata keçirilən qətiyyətli tədbirlər məhz Ulu Öndərin parlaq dühası, ardıcıl səyləri sayəsində reallaşmışdı.

2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi milli həmrəyliyimizin nümayişinin parlaq təzahürü oldu. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı Sərəncama əsasən, keçirilmiş bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratmışdır.

Ulu Öndər Heydər Əliyev həmin tarixi tədbirdəki çıxışında dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi zərurəti ilə bağlı tövsiyə xarakterli fikirlərini söyləmişdir. Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, müxtəlif ölkələrdə dilimizin, tariximizin, mədəniyyətimizin yüksək səviyyədə təbliği, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun təşkili məsələləri qurultayın qarşıya qoyduğu başlıca vəzifələr olmuşdur.

Müasir dövrdə azərbaycançılıq ideologiyası dövlət ideologiyası olaraq öz təsir dairəsini genişləndirməklə ölkəmizin sosial, siyasi, iqtisadi və mədəni cəhətdən daha da inkişaf etməsinə zəmin yaradır. Ulu Öndər Heydər Əliyevin ideyalarını uğurla gerçəkləşdirən Prezident cənab İlham Əliyev diaspor və lobbi quruculuğuna mühüm məsələlərdən biri kimi yanaşır. Ötən müddətdə bu yöndə ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsini təmin edən ölkə başçısı müxtəlif ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla keçirdiyi görüşlərdə milli diaspor təşkilatlarının vahid, mütəşəkkil qüvvə kimi təşkilatlanması zərurətini önə çəkmiş, bunun ideoloji-siyasi konturlarını müəyyənləşdirmişdir. Dövlət başçısı müasir dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan xarici siyasətdə ciddi uğur qazanmağın qeyri-mümkünlüyünü çıxışlarında dəfələrlə vurğulamışdır. Bəli, azərbaycançılıq konsepsiyası bu gün cəmiyyətin inkişafının ideya təməlini təşkil edir.

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov

 

“Biz hamımız azərbaycanlıyıq, hamımızın dilimiz var, hamımız da bu azərbaycanlılığı anadangəlmə qəbul etmişik.”

Azərbaycan dilinin analoqu yoxdur. Ümummilli Lider Heydər Əliyevin hələ sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq Azərbaycan dilinin respublikada dövlət dilinə çevrilməsində böyük xidməti olmuşdur. Ana dilinin inkişafı ilə əlaqədar Ulu Öndərin müntəzəm imzaladığı fərman və sərəncamlarda, eləcə də tövsiyələrində, çıxış və məruzələrində vaxtaşırı ortaya çıxan problemlərin həlli vacib sayılırdı. Hələ ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan dilinin hərtərəfli inkişafına, onun rəsmi dövlət dilinə çevrilməsinə, beynəlxalq münasibətlər sisteminə yol tapmasına, zənginləşməsinə, zənginləşə-zənginləşə nüfuz qazanmasına böyük əhəmiyyət verirdi. “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur” – söyləyən Ulu Öndər Heydər Əliyev yürütdüyü dil siyasətində həmişə çalışırdı ki, gənc nəsildə bu cür nəcib hisslərin tərbiyə edilməsi ön planda olsun. Ümummilli Lider ana dilini sadəcə öyrənmək deyil, onu sevməyi də tələb edirdi. Bu mənada dillə bağlı söylədiyi bütün fikirlərdə, çıxış və məruzələrində həmişə böyük mənalar duyular, müdriklik hiss edilərdi: “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini də yaxşı bilməz”. Ulu Öndər Heydər Əliyev Azərbaycan dilini təkcə ölkəmizdə, soydaşlarımızın yaşadığı yerlərdə deyil, beynəlxalq dillər mühitində də səsləndirməyi lazım bilirdi. Ümummilli Lider Heydər Əliyev bütün fəaliyyəti boyu Azərbaycan dilinin dövlət dilinə yalnız sözdə deyil, əməldə də çevrilməsi üçün bütün gücü, qüdrəti və iradəsi ilə çalışmışdır. Dünyaya səpələnmiş azərbaycanlılar arasında bir daha ünsiyyət vasitəsi, milli-mənəvi körpülər olması üçün əsl mübarizə aparmışdır.

Ümummilli Lider Heydər Əliyevin məşhur bir fikrində demişdir: “Millətin milliliyini saxlayan onun dilidir”. Məhz bu fikrin növbəti təsdiqidir ki, ölkə Prezidenti cənab İlham Əliyev qətiyyətlə bildirir ki, ana dilimizi yad təsirlərdən qorumalıyıq.

Dövlət müstəqilliyimizi qazandıqdan sonra ana dilimizlə bağlı, onun tədqiqi işinin təkmilləşdirilməsi ilə əlaqədar müxtəlif sərəncamlar, fərmanlar imzalanıb. Dil tarixində əlamətdar hadisəyə çevrilən bir məqamdır ki, 2001-ci ilin avqust ayında imzalanan sərəncama əsasən, 1 avqust ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Əlbəttə, dil sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda, ədəbiyyatdır, tarixdir, mahnıdır, musiqidir, millətin taleyidir. Bu gün dövlət başçısının dillə bağlı qətiyyətli çağırışı hər kəsi bir daha ana dilinə məsuliyyətlə yanaşmağa sövq edir. Azərbaycan dili zəngindir, bir sözün neçə mənası, yozumu var. Ona görə də istər yazıda, istərsə danışıqda mütləq məntiqli olmaq, sözü düzgün ifadə etmək lazımdır. Dilimizi yad təsirlərdən qoruyaq. Ana dilinə məsuliyyətlə yanaşmaq həm övladlıq, həm də vətəndaşlıq borcumuzdur.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı İmanova Xanım

 

“Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır.”

Azərbaycanın siyasi tarixinin həm məsuliyyətli, həm də şərəfli bir təqvim göstəricisindən – Milli  Qurtuluş Günündən söz açarkən Ulu Öndərin 15 iyun 1993-cü ildə Ali Sovetin Sədri seçilərkən Milli Məclisdəki tarixi çıxışını xatırlamamaq mümkün deyil. Tarix zamanla sübut etdi ki, Ulu Öndərin bu tarixi çıxışı həm də gələcəkdə müstəqil Azərbaycanın ümumi inkişaf konturlarının cızıldığı yol xəritəsidir.

Ulu Öndərin həmin çıxışında uzaqgörənliklə səsləndirdiyi, vaxtilə bəzilərinə xülya kimi görünən fikirlərin bənd-bənd reallaşması Azərbaycan xalqının öz böyük oğluna güvəninin təsadüfi olmadığının bariz göstəricisidir.

Ulu Öndər çıxışında da ilk sətirlərdə vurğuladığı kimi, 1993-cü ildə Azərbaycanın taleyi ilə bağlı necə böyük bir məsuliyyət yükünə çiyin verdiyinin fərqindəydi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm”.

Ümummilli Liderin tarixi çıxışında Azərbaycan Xalq  Cümhuriyyəti ənənələrinin  qorunub yaşadılması fikri də ilk cümlələr içərisində yer almışdı: “Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır”.

Ulu Öndərin siyasi irsini layiqincə yaşadan cənab Prezident də çıxışlarında müasir Azərbaycan Respublikasının 100 yaşlı Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu vurğulayır. Bu siyasətin davamı kimi Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub.

…Müstəqilliyimizin ilk illərində hələ də sovet buxovları üçün darıxan, “bəlkə də qaytardılar” düşüncəsi ilə  yaşayanlara Ulu Öndər elə həmin çıxışında fikrini çatdırmışdı. Bu fikirlər fikir olmaqla qalmadı, zaman keçdikcə real həyatda öz təsdiqini tapdı:   “Mənim fikrimcə, Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək. Keçmiş Sovetlər İttifaqının bərpa olunması, Azərbaycan Respublikasının da ora daxil olması ehtimalı haqqında bəzi şayiələr, fikirlər gəzir. Bunlar xülyadır. Mən bu fikirləri rədd edirəm və bütün Azərbaycan vətəndaşlarını bu fikirləri rədd etməyə dəvət edirəm”.

Ümummili Lider respublikanın qarşısında çox böyük və ağır vəzifələr durduğunu söyləyərkən ölkədə sabitliyin bərpasını ən vacib vəzifələrdən hesab edirdi. Ulu Öndər hakimiyyətdə olduğu dövrdə bu sabitliyin yaranmasına, qorunmasına və gələcək nəslə ən dəyərli töhfə kimi çatdırılmasına nail oldu.

Ulu Öndər tərəfindən istiqaməti müəyyənləşdirilən həmin yolu hazırda Azərbaycanın Prezidenti cənab İlham Əliyev, respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva beynəlxalq səviyyəli uğurlara imza  ataraq davam etdirirlər.

Ulu Öndər Azərbaycanda əsrlərdən bəri mövcud olan  multikultural ənənələri siyasi müstəvidə inkişaf etdirdi. Bu gün Azərbaycanın dünyada multikultural və tolerantlıq məkanı kimi tanınmasında Ulu Öndərin bu sahədə əsasını qoyduğu siyasətin çox böyük rolu var. Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli” elan olunması Ulu Öndərin bununla bağlı ideyalarının bu gün də qorunub yaşadılmasından  xəbər verir.

İndi də xalqımız Ulu Öndər ideyalarının sadiq davamçısı olan cənab Prezident İlham Əliyevin  ətrafında yumruq kimi birləşərək 1993-cü ilin 15 iyunundan etibarən dünya siyasi xəritəsindən silinmək təhlükəsindən qurtulan qüdrətli, inkişaf etmiş müasir Azərbaycanın şərəfli tarixini yazmaqdadır…

Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva

 

 

“Azərbaycan xalqı hər zaman ümumbəşəri dəyərlərlə, Avropa dəyərləri ilə Azərbaycanın milli-mənəvi dəyərlərinin inteqrasiyasına çalışmışdır.”

Dövlət müstəqilliyinin əldə edilməsi Azərbaycan xalqının qarşısında yeni tarixi vəzifələr qoydu. Bu vəzifələr ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qorumaq , milli dövlət quruculuğu prosesini ardıcıl olaraq həyata keçirmək və demokratik dəyərləri özündə əks etdirərək siyasi sistemi bərqərar etməkdən ibarət idi.

Azərbaycanın xarici siyasətində də, əsaslı dönüş Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra baş verdi. Azərbaycanın beynəlxalq aləmdə tanınması və dünya birliyində layiq olduğu yerini tutması üçün görülən böyük işlər nəticəsində əvvəlki illərdə buraxılmış kobud səhflər aradan qaldırıldı. Azərbaycanın müstəqilliyini, suverenliyini tanıyan dövlətlərin sayı getdikcə artmağa başladı.

Azərbaycanın xarici siyasətinin əsas aspektlərinin müəyyənləşdirilməsində Heydər Əliyevin  müxtəlif yığıncaqlarda və iclaslarda etdiyi çıxışlar əsas rol oynamışdı. Belə ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Milli Məclisdəki  çıxışında Azərbaycan Respublikasının xarici siyasət kursuna toxunaraq demişdi: “Azərbaycan Respublikası demokratik dövlət kimi bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər yaratmalıdır. Hansı dövlətin daxili quruluşu, daxili  siyasətinin hansı istiqamətdə getməsindən asılı olmayaraq, biz normal münasibətlər yarat-malıyıq”. O dövr üçün aparılan siyasi kurs göstərir ki, bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq prinsipi Azərbaycanın xarici siyasətin piraritet sahəsi olmuşdur.

Xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyevin qətiyyətlə həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmiz siyasi və dövlət böhranından xilas oldu. İqtisadi böhran məngənəsindən qutardı. Respublikada siyasi və iqtisadi islahatlar həyata keçirilməyə başladı.

Azərbaycan beynəlxalq birliyin tamhüquqlu üzvü kimi, layiq olduğu yeri Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra tutdu. Azərbaycanın haqq işi dünya miqyasında tanınmağa başlandı. Daxili vəziyyətin sabitləşməsi nəticəsində Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsi barədə xarici neft şirkətləri ilə müqavilə imzalandı, ölkədə siyasi və iqtisadi islahatların, özəlləşdirmənin həyata keçirilməsi imkanı gerçəkləşdi

Azərbaycanın müstəqilliyə qovuşduğu ilk onilliyin təcürbəsi, xüsusilə 1993-2003-cü illərdə aparılan siyasət və onun nəticələri bir daha göstərir ki, Ulu Öndər Heydər Əliyevin sayəsində Azərbaycanın müstəqilliyi və demokratik dövlət quruculuğu təmin edilmişdir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

“Bəşəriyyət üçün sülhə, barışığa nail olmağın yolu Tanrı nuruna tapınmaqdan, mənəvi, ruhani kamillikdən keçib gedir.”

İslam dünyasında Orta əsrlərdə mövcud olmuş təsəvvüfi-irfani dəyərlərə söykənən ənənəvi tolerant dini düşüncədən fərqlənən, dini mətnlərə literal yanaşan, onları kontekstindən çıxarıb, başqalarına qarşı dözümsüz fikirlərinin dayağına çevirməyə çalışan qruplar öz təsir dairələrini get-gedə artırırlar. Bu mənfi tendensiyanın qarşısını almaq üçün dinin ənənəvi ümumbəşəri dəyərlərinin modern insanın düşüncəsinə xitab edəcək şəkildə təqdim və təbliğ olunması böyük əhəmiyyət kəsb edir. Müsəlman teoloqların və din xadimlərinin üzərinə bu baxımdan böyük öhdəlik düşür.

Ulu Öndər Heydər Əliyevin 1994-ci il 7 fevral tarixində İstanbul beynəlxalq “Sülh və Səbir” konfransı iştirakçıları qarşısında nitqi də bu baxımdan mühüm tarixi çıxışdır: “Ayrı-ayrı bölgələrdə millətlərarası münaqişələrin gücləndiyi, xalqların qarşı-qarşıya qoyulduğu narahat zəmanəmizdə bütün sülhsevər qüvvələrin, xüsusilə də din xadimlərinin bir araya gəlməsi, dünyada barışıq və əmin-amanlıq üçün səy göstərməsi təqdirəlayiq hadisədir. Adamları humanizmə, şəfqətə, nəcibliyə, yüksək mənəvi dəyərlərə səsləyən dinlərin bəşər tarixində rolu əvəzsizdir. Silahların danışdığı, Uca Tanrının günahsız bəndələrinin acı məhrumiyyətlərə düçar olduğu bir vaxtda insanlara dözümlülük, mərhəmət və qarşılıqlı hörmət duyğuları təlqin edən Müqəddəs Allah kəlamlarına dünyamızın böyük ehtiyacı var. Bəşəriyyət üçün sülhə, barışığa nail olmağın yolu Tanrı nuruna tapınmaqdan, mənəvi, ruhani kamillikdən keçib-gedir”.

Azərbaycanda tarixən formalaşmış birgəyaşayış ənənəsi dünyada mövcud olan nümunəvi modellərdən biridir və müasir Azərbaycanda bu modelin inkişaf etdirilməsində Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolu olmuşdur. Hazırda da bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev layiqincə yerinə yetirir.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova

 

 

“Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir.”

Azərbaycan ədəbiyyatı və ümumən ictimai-elmi fikrinin inkişafında Azərbaycan xalqının böyük oğlu Ulu Öndər Heydər Əliyev mühüm rol oynamışdır. Bu uzaqgörən liderin müdrik fikirləri ədəbiyyatımızın, eyni zamanda, ədəbiyyatşünaslığımızın milli ideyalar istiqamətində inkişafında əvəzsiz mənbə olmuşdur. Hələ konkret elmi yanaşma meyarlarının olmadığı, yanlış fikirlərin, təhlükəli stereotiplərin hakim olduğu bir dönəmdə məhz müdrik liderin fikirləri yeni elmi-tənqidi meyarların müəyyənləşməsinə güclü təkan vermişdir. Müdrik lider ədəbiyyatın milli tale və ictimai inkişafdakı böyük rolunu qiymətləndirərək demişdir: “Bu gün, ümumiyyətlə, müstəqillikdən danışarkən ədəbiyyatımızın xalqımız üçün nə qədər zəngin sərvət olduğunu qeyd etmək lazımdır. Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir. Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim milli hissiyyatları oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xaıqımıza birinci növbədə ədəbiyyatdan keçir”.

Ulu Öndər milli ədəbiyyatımızı həm də ümumtürk kontekstində öyrənməyin zəruriliyini ifadə edir, ədəbiyyatşünaslıq elmi üçün ədəbi sərvətlərə yanaşma tərzinin bu istiqamətini təqdim edirdi.  Yaşadığımız dövr üçün son dərəcə zəruri olan bu yanaşma üsulu ədəbiyyatımıza vahid, məqsədli, milli ideologiyalı, ümumtürk və ümumdünya düşüncəli ədəbi konsepsiya müəyyənləşdirmiş oldu

Ulu Öndər Heydər Əliyev Azərbaycan elmi-ictimai fikrinin inkişafına özünün müdrik fikirləri ilə yeni güc qatmış, onun ideya-estetik, elmi meyarlarının müəyyənləşməsində mühüm rol oynamışdır. Azərbaycan xalqının hərtərəfli həyatında məhz bu cür müdrik davranış və xilaskarlıq missiyası həyata keçirmənin nəticəsi idi ki, dahi lider Heydər Əliyev liderlikdən ümummilli liderliyə ucalaraq əbədiyaşarlıq qazanmışdır.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

 

“Azərbaycan xalqını əsrlər boyu yaşadan, bu günə qədər gətirib çıxaran onun gələcəyə həmişə nikbinliklə baxması olmuşdur.”

1980-1990-cı illərdə baş verən proseslər Azərbaycanda milli azadlıq uğrunda mübarizəni yenidən gücləndirmiş və o zaman Sovetlər İttifaqında, bütün dünyada gedən obyektiv tarixi proseslər nəticəsində Azərbaycanın öz müstəqilliyini əldə etməsi üçün şərait yaranmışdır. Bu dövr Azərbaycan Respublikası üçün çox çətin və ağır dövr olmuşdur. Bir tərəfdən xalqın əksəriyyəti milli azadlıq, müstəqillik uğrunda çarpışmış, ikinci tərəfdən isə sovetlər hakimiyyətini, imperiyanı saxlamaq meylində olan Azərbaycandakı mühafizəkar qüvvələr yenə də bu hərəkatların qarşısını almağa çalışmışlar. Ancaq bu maneələr bir nəticə verməmişdir.

1991-ci ilin martında Sovetlər İttifaqının qalıb-qalmaması məsələsi həll edilərkən, Azərbaycanda xalqın əksəriyyəti müstəqillik arzusunda olduğu bir zaman Azərbaycanın o vaxtkı rəhbərliyi xalqın iradəsinə zidd olaraq, martın 17-də respublikanın guya Sovetlər İttifaqı tərkibində saxlanmasına səs verdiyini bildirdi. Ancaq bu da, şübhəsiz ki, Azərbaycanda müstəqillik, milli azadlıq əzminin qarşısını saxlaya bilmədi. Nəhayət, 1991-ci ilin avqustunda Moskvada həyata keçirilən dövlət çevrilişi və onun qarşısının alınması sovet imperiyasının dağılmasına gətirib çıxardı və bundan sonra gedən proseslər nəticəsində ittifaq dağıldı. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası da öz müstəqilliyini bəyan etməyə nail oldu.

Əgər 1993-cü ildə xalqın tələbi və təkidi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan çox böyük bəlalarla üzləşə bilərdi. Ölkə parçalanma ərəfəsində idi. Vətəndaş müharibəsi, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın itirilməsi, digər təhlükəli amillər ölkəni dağıdırdı. Azərbaycan böhran içində idi. Olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayandığını nümayiş etdirən Ulu Öndər Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri sırasında həmişəlik öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Ulu Önədr Heydər Əliyev bir dövlət başçısı kimi Azərbaycanın ən çətin anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır. Ulu Öndər Heydər Əliyevin bütün həyatı, bütün fəaliyyəti bir amala qulluq edirdi. Azərbaycançılıq, Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmət, millətimizə xidmət etmək onun həyatının ən ümdə amalı idi. Ulu Öndər uzaqgörən şəxsiyyət kimi tarixi hadisələrin gedişini irəlicədən müəyyən edə bilir, milli tarix üçün olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman əsl vətənpərvər mövqeyi nümayiş etdirir, tam qətiyyətlə hərəkət etməyi bacarırdı. Azərbaycan dövlətinin başçısı, Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyevin çoxəsrlik dövlətçiliyimiz tarixində müstəsna yeri vardır. Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti baxımından Azərbaycanın hüdudlarından çox-çox kənarlara çıxır. Müasir dövrdə nəinki Azərbaycanda, hətta bütün postsovet məkanında, eləcə də dünya miqyasında gedən prosesləri Heydər Əliyevin şəxsiyyətindən və fəaliyyətindən kənarda təsəvvür etmək mümkün deyildi. Ulu Öndər Heydər Əliyev zəmanəmizin böyük filosofu və mütəfəkkiri idi. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır.
Ulu Öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir.

Bu gün Azərbaycan dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biridir. Ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsinə, əhalinin rifah halının ildən-ilə yüksəlməsinə imkan yaradır. İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Qələbə güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Otuz il işğal altında qalan torpaqlarımız məhz bu konsepsiyanın nəticəsində hərbi-siyasi yolla azad olundu, ərazi bütövlüyümüz təmin edildi.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı bu böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirdi.

Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, Dahi Rəhbərin yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

 

 

 “Ulu Öndər Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”

 Tarixin ilk dövrlərində azərbaycançılıq məfkurəsi mənəvi və dini- fəlsəfi mahiyyət daşıyırdısa, digər tərəfdən siyasi- coğrafi məfhumla qırılmaz sürətdə bağlı idi. Qədim zamanlardan başlayaraq günümüzə qədər mərhələli şəkildə Azərbaycan siyasi hüdudları daxilində yerli dövlətçilik sistemi mövcud olmuş, dövlətçiliyimiz inkişaf mərhələsi keçmişdir. Azərbaycançılıq ideologiyası, XX əsrin ikinci yarısında özünün daha dinamik və yüksək inkişaf mərhələsinə qədəm qoyub. Bu proses Ulu Öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə sıx bağlıdır. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ölkəmizin çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən məkan kimi geniş şöhrət qazanması Ulu Öndər Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur. Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının elmi- nəzəri bazasının müasir dövrün tələbləri əsasında formalaşmasında da mühüm rol oynamışdır. Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir.
İllər, qərinələr ötdükcə Azərbaycan xalqının böyük oğlu Dahi Şəxsiyyət Heydər Əliyevin tarixi xidmətləri, bir insan ömründə yaratdığı xarüqələr daha aydın görünəcəkdir. Zaman keçdikcə Ulu Öndərimizin böyüklüyünü daha çox hiss edəcəyik. O, Azərbaycanın yalnız bu gününü düşünmürdü, xalqımızın sabahını, dövlətimizin gələcəyini düşünürdü. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Ümummilli Liderimizin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə bundan sonra da faydalanacaqdır. Ulu Öndərimiz xilaskarlıq üçün doğulmuşdu, bütün ömrünü bu işə sərf etdi. O, birinci dəfə xalqını gerilikdən çıxarıb yüksəltməklə xilas etdi. İkinci dəfə xalqını parçalanıb məhv olmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. O, xalqı ilə yaşadı, xalqını yaşatdı. Hələ sağlığında xalqın qəlbində özünə əbədi abidə ucaldan, millətin Ümummilli Liderinə çevrilən Heydər Əliyev Azərbaycan xalqı durduqca onunla yaşayacaqdır.
Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini Heydər Əliyev məktəbinin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət etmişdir. Xalqımız Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarmızı azad edərək xalq olaraq bizə Zəfər qazandırdı. Ötən hər gün Azərbaycanı daha böyük tərəqqiyə qovuşdurur.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova

 

 

“Azərbaycan xalqının potensialı – həm qəhrəmanlıq, həm döyüşkənlik, həm də intellektual potensialı böyükdür.”

İttifaq ölkələri sırasında istiqlaliyyəti uğrunda ən güclü mübarizə aparan Azərbaycan xalqı milli azadlıq hərəkatındakı əzmkarlığına, qəhrəmanlığına görə “ilin xalqı” elan edilmişdi. Təbii ki, bu möhtəşəm ləqəbi almaq heç də asanlıqla və qısa müddətdə olmamışdır. Süqutu ötən əsrin 80-ci illərində sürətlənən sovet imperiyası 70 il SSRİ tərkibində yaşamış xalqların ötən əsrin sonlarında güclənmiş milli azadlıq hərəkatının qarşısını nəyin bahasına olursa-olsun almağa, labüd iflasdan yaxa qurtarmağa çalışmışdır. İmperiyanın onlara vermək istəmədiyi azadlığı xalq nəyin bahasına olursa-olsun, azadlığına qovuşmaq, suverenlik əldə etmək istəmiş, meydanlara toplaşan yüz minlərlə insan yalnız bu əzmlə mücadilə aparırdı.

Azərbaycanın dövlətçilik ənənələri və Azərbaycan xalqının bir millət kimi formalaşması onun uzaqgörən, cəsur və mərd övladı Heydər Əliyev ideyaları, qəhrəmanlıqları və əməllərinin nəticəsidir. Dahi Şəxsiyyət Heydər Əliyev sayəsində ölkəmiz dünya sivilizasiyasına özünün layiqli töhfələrini verib, dövlətçiliyini qoruyub saxlayıb və müasir dünyanın bir hissəsinə çevrilib.

Azərbaycan xalqının potensialı dedikdə, sadəcə döyüş meydanındakı qəhramanlıqlarımızdan deyil, həm də ictimai – siyasi addımlar atan gənclərimizi də unutmamaq gərəkdir. Azərbaycan cəmiyyətində intellektual resursların səfərbər olunması strateji prioritetlərdən biridir. Dövlətimiz bu məsələyə xüsusi diqqət yetirir. Xüsusilə də, dövlət idarəçiliyində səmərəliliyin artırılması, elmi təşkilatçılıq işinin daha təkmil və nizamlı aparılması, elm və təhsilin inkişafı, gənclərin ictimai-siyasi, elmi fəallığının yüksəldilməsi, müvafiq fond və institutların təsis olunması kimi istiqamətlər stimullaşdırıcı amillər olmaq etibarilə bu kontekstdə xüsusi yer tutur. Azərbaycan xalqı tarixinin bütün dövrlərində intellektual ənənələrə, yüksək potensiala malik olub və məhz bu gün cəmiyyət daxilindəki intellektual əsaslar bu ənənələrə, dəyərlərə söykənir.  Bu gün Azərbaycanda yüksək intellektə malik olan gənc nəsil formalaşıb.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli

 

 

“Azərbaycan vətəndaşları, Azərbaycan xalqı deyəndə, biz Azərbaycanda yaşayan bütün millətlərin birliyini dərk edirik.”

Azərbaycan çox qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin Vətəni olmuşdur. Həqiqətən, ən müxtəlif milli-etnik qrupların nümayəndələrinin yaşadığı Azərbaycan unikal coğrafi, geosiyasi və mədəni məkandır.

Azərbaycanda, tarixən, bütün xalqlara, mili azlıqlara və etnik qruplara eyni, normal münasibət bəslənib. Azərbaycan dövləti ardıcıl və düzgün milli siyasət yeridib, milli azlıqların hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edib. Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib. Azərbaycan dövləti təminat verir ki, ölkə ərazisində yaşayan milli azlıqlar qanunla nəzərdə tutulan hər cür təşkilat yarada bilərlər.

Azsaylı xalqların etnik tərkibi Azərbaycanda yaşayan hər bir xalq öz etnik xüsusiyyətini saxlamaqla bərabər, digər xalqların və etnik qrupların həyat tərzində, məişətində, adət və ənənəsində, mədəniyyətindəki bir çox mütərəqqi amilləri əxz edərək, onları qarşılıqlı surətdə inkişaf etdirmişdir. Ümumi, birgəyaşayış qaydalarına əməl olunan zamanlarda bu xalqlar bir-birinə daha da yaxınlaşmış, lakin öz dillərini, etnoqrafik xüsusiyyətlərini qoruyub saxlamışlar. Bu gün, ölkə əhalisinin təxminən 10 faizdən çoxunu milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir.

Onu da qeyd etmək lazımdır ki, Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu təsdiq etdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Ölkəmizdə müxtəlif millətlərin milli birlik, milli həmrəylik mühitində, dostluq, qardaşlıq şəraitində yaşaması, bu torpağa qəlbən bağlanması, onların hər birinin Azərbaycanı doğma Vətəni kimi sevməsi, azadlığı uğurunda şəhid olması 44 günlük Vətən müharibəsində bir daha öz təsdiqini tapdı.

Zərdab şəhər sakini fəal gənc Kəmalə Xəlilli

 

 

“Azərbaycanlılar çox vətənpərvər və qonaqpərvərdirlər.”

Ümummilli Lider Heydər Əliyev xaricdə yaşayan azərbaycanlıların birliyi məsələsini daim diqqət mərkəzində saxlamış və bir çox çıxışlarında da bunu nitqlərində əks etdirmişdir. Bu çıxışlarında Ulu Öndər soydaşlarımıza xalqımızın gücünü, qüdrətini xatırladır, tarixi keçmişimizdə bu yana keçdiyi yolu göstərirdi.

Həqiqətən də əsrlər boyu başına gəlmiş bəlaların hamısından xalqımız öz gücü, cəsarəti, qəhrəmanlığı sayəsində çıxmışdır. , Azərbaycan xalqı öz tarixinə, öz milli ruhuna, öz milli ənənələrinə sadiq qalmış və bu duyğuları, bu hissləri qəlbində qoruyub saxlamışdır. Əlbəttə ki, Ulu Öndərin  “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sözləri damarlarından azərbaycanlı qanı axan hər bir insan üçün müqəddəsdir. Bu sözlər  hər birimiz üçün bayrağımız qədər əzizdir. Eyni zamanda Azərbaycanın işıqlı gələcəyi naminə xaricdəki soydaşlarımızın vətənlə daim əlaqə saxlamağının başlıca təminatıdır.

Bu il ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunur. Bu artımın baş verməsinin əsas səbəblərdən biri də təbii ki, bizim xalqımızın necə canayaxın, qonaqpərvər olmasıdır. Azərbaycan xalqının lap qədim zamanlardan çox maraqlı və ibrətamiz qonaqpərvərlik adətləri olmuşdur. Dədə-babalarımız özlərinə ev tikərkən mütləq qonağı nəzərə almış, onun üçün ayrıca otaq nəzərdə tutmuşlar. Bu adətlər indi də davam edir. Ən darısqal mənzillərdə belə, otaqlardan biri qonaq üçün bəzədilir. Hər evdə mütləq “qonaq otağı” deyilən bir otaq vardır. Ora həmişə diqqətdə saxlanılır ki, istənilən vaxt gələn qonaq üçün səliqə-sahman, rahatçılıq olsun. Xalqımız həmişə qonağa qarşı çox mülayim, diqqətli və qayğıkeş olmuşdur.

Elə məhz bu keyfiyyətlərimizə görə də, Azərbaycanımıza gələn bütün qonaqlar gələn il ailələri, qohumları ilə bir daha gəlib gözəl yurdumuzun təbiətindən zövq alırlar.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki