image-qanunla-reklam
image-8ace7a6526c9b9c0fc96a620325c041e_1391588

Azərbaycan və Albaniya iki dost ölkədir

image-lady-day-az

Azərbaycan və Albaniya iki dost ölkədir.

Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrın 23-də qurulub. Albaniya Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdəndir.  Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək  qarşılıqlı olub. Həm işğal, həm də İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatları, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstək yüksək qiymətə layiqdir. Azərbaycan və Albaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. 2022-ci ilin  noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasına səfər edib. Bu səfər Prezident İlham Əliyevin Albaniyaya ilk səfəridir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. 2016-2019-cu illərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Qlobal Bakı forumlarına bir qayda olaraq Albaniya Respublikasının Prezidenti, həmçinin Mərkəzin fəaliyyətində fəal iştirak edən keçmiş prezidentləri qatılıblar.

2022-ci il aprelin 14-də Azərbaycana rəsmi səfər edən Albaniyanın Baş naziri Edi Rama Bakıda olarkən deyib: “Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəkləyir və bunu etməyə davam edəcək”. Baş nazir, həmçinin əlavə edib: “Biz sizin qonşunuz Ermənistanla sülhə və uzunmüddətli əməkdaşlığa yönəlmiş olduqca nümunəvi səylərinizi alqışlayırıq”.

Həm Albaniya, həm də Azərbaycan ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. 2022-ci ilin yanvar-sentyabr aylarında Albaniya Azərbaycanın 86-cı xarici ticarət tərəfdaşı olub. Azərbaycanda tikinti və xidmət sahələrində fəaliyyət göstərən 3 Albaniya investisiyalı şirkət qeydiyyatdan keçib.

2019-cu il noyabrın 26-da Albaniyada baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan tərəfindən humanitar yardım olaraq 500 min avro ayrılıb.

Həmçinin 2013-cü il aprelində Bakıda iki ölkə arasında  “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş” imzalanıb. Enerji sahəsində əməkdaşlıq da əlaqələrimizin əsas istiqamətidir. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin həyata keçirilməsi strateji əhəmiyyət daşıyır və hər iki ölkə bu istiqamətdə uğurla əməkdaşlıq edib. Eyni zamanda, Albaniya Azərbaycan tərəfinin ölkənin enerji infrastrukturunda aktiv iştirakında maraqlıdır.

Prezidentin cənab ilham Əliyevin Albaniya respublikasına reallaşdırdığı dövlət səfəri hər iki dövlətin qarşılıqlı münasibətlərinin inkişaf etdirilməsi  istiqamətində daha müfəssəl addımların atılmasını təmin etmək məqsədi daşıyırdı. Xatırladaq ki, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən, Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biri olduğu dəfələrlə vurğulanıb. İndiyədək Azərbaycan və Albaniya arasında 8 sənəd imzalanıb.

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov

 

 

 

Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir.

Azərbaycan qədim neft diyarı olaraq artıq dünyada özünü qaz hasilatçısı və ixracatçısı kimi də təsdiq edib. Azərbaycanda neftçıxarmanın tarixi çox qədimdir. Dövlətimizin uğurlu enerji siyasəti Azərbaycanı regionda böyük enerji mərkəzinə çevirib. Zəngin enerji resurslarına malik olan Azərbaycan özünü bütün dünyada həm də mavi yanacaq ölkəsi kimi təsdiqləməkdədir. Respublikamız “Şahdəniz” yatağının işlənməsinin uğurla davam etdirilməsi, 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi sayəsində Avropanın mühüm qaz təchizatçılarından birinə çevrilərək “Qoca qitə”nin yeni enerji xəritəsini formalaşdırır. “Cənub qaz dəhlizi” layihəsinin təşəbbüskarı və aparıcı qüvvəsi məhz  Azərbaycandır. Bu, Azərbaycanın tarixi nailiyyətidir. Bir çox ölkələri birləşdirən bu layihə gələcəkdə o ölkələr və digər Avrasiya ölkələri arasında yeni əməkdaşlıq formatının təməlini qoyur. Bu əməkdaşlıq formatı bu gün artıq özünü nəqliyyat sektorunda, ticarət sektorunda göstərir, ondan sonra digər sektorlarda göstərəcək. Zəngin ehtiyatlara və müasir nəql şəbəkəsinə malik olan, daim ədalətli enerji siyasəti həyata keçirən Azərbaycan Avropanın artan ehtiyacını müəyyən həcmlərdə qarşılamağa hazır və qadir ölkədir. Azərbaycanın enerji strategiyası bütövlükdə uğurla icra edilir. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumuna görə, ölkəmiz 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq statistik rəqəmlər onu göstərir ki, inamla bu hədəfə doğru gedirik.

Azərbaycanın enerji strategiyası uğurla icra edilir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir.

Ümumilikdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri göz önündədir. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Ölkəmiz  neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir.  Azərbaycanın qarşıdakı dövr üçün hədəflərinə  qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir.  Azərbaycanın enerji resurslarına ehtiyacın hazırda  heç vaxt olmadığı qədər böyük olduğu diqqətdən kənarda qalmır.

Zərdab Rayon Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşı Mayisə Babayeva

 

 

 

Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib.

Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə etməsi ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrasında özünün aydın ifadəsini tapır. Regional çərçivədə başlanan əməkdaşlıq zaman keçdikcə beynəlxalq miqyas aldı. Bu, ölkəmizin etibarlı və arzuolunan tərəfdaş kimi mövqeyinin möhkəmlənməsindən irəli gəlir. Azərbaycanın yeni neft strategiyasının müəllifi, Ümummilli Lider Heydər Əliyev dünya təcrübəsinə əsasən bu fikri xüsusi qeyd etmişdir ki, səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Ulu Öndər, eyni zamanda, bu tezisi də irəli sürmüşdür ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.

Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüzə və gələcəyə xidmət edən mühüm addımlarındandır. Belə ki, 1994-cü ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanmasından bu günədək Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirdikdə ölkəmizin uğurla həyata keçirilən enerji layihələrində önəmini aydın şəkildə görmək mümkündür.

2014-cü ildə çoxtərəfli əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizi layihəsinin təməli qoyuldu. Həmin mərasimdə cənab İlham Əliyev bu mühüm addımı görülən işlərin zirvəsi kimi dəyərləndirdi. Təbii ki, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri reallığa çevrilməsəydi, bu gün Cənub Qaz Dəhlizindən danışmaq mümkün deyildi. Azərbaycanın hər layihəni uğurlu sonluqla başa çatdırması ölkəmizin malik olduğu potensialın təqdimatında əhəmiyyətli rol oynayır. Keçirilən Neft-Qaz Sərgiləri, enerji samitləri, həmçinin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində 2015-ci ildən etibarən hər il ənənəvi olaraq baş tutan nazirlərin toplantısı ölkəmizin enerji sektorunda əldə etdiyi uğurların geniş təhlilinə imkanlar yaradır. Toplantılar çərçivəsində dövlət başçısı İlham Əliyevin keçirdiyi görüşlərdə müzakirə olunan məsələlər bir daha Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan roluna aydınlıq gətirir.

Bu gün dünya ölkələri bu istiqamətdə Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

Təsadüfi deyil ki, Avropa ölkələrindən altısı artıq Azərbaycandan qaz alır. Yaxın gələcəkdə bu ölkələrin sayının artacağı da gözlənilir. Bu istiqamətdə danışıqlar aparılır.

Prezident cənab İlham Əliyev cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışı zamanı bu məsələnin vacibliyini xüsusi olaraq vurğulayıb.

Bu gün Azərbaycan enerji potensialını düzgün qiymətləndirərək çoxşaxəli enerji siyasəti ilə regional və qlobal əhəmiyyətli aktora çevrilib. Həmçinin Azərbaycan durmadan artan iqtisadi qüdrəti, regionda lider dövlət statusuna sahib olması, beynəlxalq təşəbbüsləri, reallaşdırdığı faydalı layihələr onun beynəlxalq nüfuzunu xeyli artırıb.

Artıq beynəlxalq aləm bu gün dərindən anlayır ki, Azərbaycan dünya üçün nə qədər əhəmiyyətli və potensialı yüksək olan ölkədir. Əsasən neft-qaz mənbələrindən asılı olan Avropa regionu ölkələri enerji təhlükəsizliyi baxımından Azərbaycanla əməkdaşlığa böyük üstünlük verirlər.

Eyni zamanda qalib və güclü Azərbaycanla əməkdaşlıq etmək gələcək meqalayihələrlə bağlı təhlükəsiz mühit deməkdir. Avropa ölkələri də bunu yaxşı başa düşür və Azərbaycanı hazırkı durumda əməkdaşlıq üçün cazibədar ölkə hesab edirlər. Bu da prespektivdə Azərbaycanın Avropa regionun böyük hissəsini neft və qazla təmin edəcəyinin ismarıcıdır.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki