image-qanunla-reklam
image-384545835_6811383348921794_6765749801355852173_n

27 ildən sonra düşmən işğalından azad edilmiş Cəbrayıl

image-lady-day-az

27 ildən sonra düşmən işğalından azad edilmiş Cəbrayıl

Üç il öncə oktyabrın 4-də Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi. Rayon işğaldan azad edildikdən sonra 72 ümumtəhsil məktəbinin, 8 xəstəxananın, 132 tarixi abidənin, 150 mədəniyyət ocağının, 100-ə yaxın kəndin, həmçinin türbələrin, məqbərələrin, məscidlərin erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılması faktları bir daha dünyaya bəlli oldu. Aydınlaşdı ki, işğal nəticəsində ermənilər Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan vurub. Cəbrayıl rayonundan olan insanların hüquqları pozulub və 27 il davamlı qaçqınlıq həyatı yaşamağa, qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmağa məcbur qalıblar.

Cəbrayıl əməliyyatının əhəmiyyəti ondan ibarət idi ki, bu rayon azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücum mümkün oldu. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Hətta, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Bütün bunlarla yanaşı Cəbrayıl əməliyyatı ilə Xudafərin körpüsü düşməndən azad edildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tarixi Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması xalqımız üçün qürur, fəxarətdir, böyük tarixi və siyasi əhəmiyyət daşıyırdı. İşğaldan azad olunan Cəbrayıl rayonunda ötən dövr ərzində bərpa və abadlıq-quruculuq işləri aparılmışdır. Belə ki, “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması da Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisə idi. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı təsdiq edilib, hazırda Cəbrayılda 200 hektarı əhatə edən böyük bir layihə icra olunur, 4-6 zolaqlı yol çəkilir, SOCAR və BP 240 meqavatlıq günəş elektrik stansiyasının inşa olunur. Onu da xüsusi məqam kimi bildirmək lazımdır ki, vətəndaşlar Cəbrayıldan keçməklə Zəngəzur dəhlizindən istifadə edə biləcəklər. Bütün bunlar isə heç şübhəsiz ki, işğaldan azad olunmuş Cəbrayılın sürətli şəkildə bərpasına hesablanıb.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

 

Cəbrayılın işğalı

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal vaxtı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları həcmində maddi ziyan dəyib, mənəvi ziyanı ölçməksə sadəcə, mümkün deyil. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayon Tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, Kökəltmə birliyi, Quşçuluq fabriki fəaliyyət göstərirdi.

Ermənistan 27 sentyabr 2020-ci ildə atəşkəs rejimini kobud şəkildə pozaraq cəbhə boyu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayılın işğalda olmayan yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq ölkəmizə qarşı növbəti təcavüz aktına başladı. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədi ilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək Əmri verdi. Vətən Müharibəsi və tarixi Zəfər 44 günlük müharibədə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın başçılığı ilə tarixi ədaləti bərpa etdi.  Bu gün 30 ilə yaxın müddətdə yağı tapdağında olan Qarabağda və Şərqi Zəngəzurda indi üçrəngli Azərbaycan bayrağı dalğalanır. Mənfur düşmən üzərində qazandığımız qələbə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik qabiliyyətinin, Azərbaycan Ordusunun gücünün, xalqımızın birlik və həmrəyliyinin parlaq təzahürüdür.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi.

Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini işğaldan etməklə 44 günlük Zəfər yürüşünə başladı 27 il ərzində əldə edilən uğurlar, görülən hazırlıqlar bizi addım-addım möhtəşəm qələbəyə yaxınlaşdırdı. Bu böyük sevinci bütün xalqımıza bəxş edən başda Ali Baş Komandan İlham Əliyev olmaqla bütün igid, qəhrəman Azərbaycan Ordusuna minnətdarıq. Möhtəşəm qələbəmizdən ötən dövr ərzində Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında aparılan yenidənqurma və bərpa işlərinə nəzər saldıqda görürük ki, bu yerlərdə tezliklə həyat öz axarına düşəcək. O cümlədən, Cəbrayıl camaatı öz ata-baba yurdlarına qayıdaraq yenidən xoşbəxt, firavan həyat sürəcək. Öz ev-eşiyindən, doğma yurd-yuvasından məcburi köçkün düşmüş bir milyondan çox soydaşımızın 30 il həsrətlə gözlədiyi Böyük Qayıdış məhz Cəbrayıl rayonundan başladı.

Möhtərəm Prezidentimizin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərə həyat yenidən qayıdır. 04 oktyabr 2020-ci il tarixi Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad edildiyi gündür. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir. Bu qələbə ordumuzun hər bir mənsubunun fədakarlığının, şücaətinin parlaq nəticəsidir. 2020-ci il noyabrın 26-da Prezident  cənab İlham Əliyevin Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi və Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22 min 797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Erməni vandalizmi

27 il ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Cəbrayıl rayonunun bütün infrastrukturu dağıdılmaqla yanaşı, maddi-mədəni abidələri də məhv edilib. Belə ki, Dağtumas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbə və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar. 52000 nəfər əhalisi olan,1050 km2-i əhatə edən rayon ərazisi və bu ərazilərdəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı vəhşicəsinə dağıdılıb. Cəbrayıl rayonundan Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

27 illik işğal dövründə Ermənilər Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Adı çəkilən ərazilərin azad edilməsilə, həm də Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun gücünün, şücaətinin nəticəsidir. 27 il ərzində əldə edilən uğurlar, görülən hazırlıqlar bizi addım-addım möhtəşəm qələbəyə yaxınlaşdırdı. Bu gün bütün dünyanın gözü Azərbaycanın işğaldan azad olunan ərazilərdə gördüyü işləri heyranlıqla izləyir. İşğaldan azad olan ilk rayon mərkəzi kimi Cəbrayıl şəhəri tarixə düşdü. Şübhəsiz ki, Azərbaycan xalqının birliyi və dövlətimizin gücü sayəsində dağıdılmış bütün tarixi abidələr yenidən bərpa olunacaq.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki