image-qanunla-reklam
image-emin66

Zülfiyyə Mustafayeva: “Emin Əmrullayevin mətbuat konfranslarında jurnalistləri yatırtmaq cəhdini son anda qəbul etmək istəmədim”

image-lady-day-az

“Bir jurnalistin mətbuat konfransında verdiyi sual nəyə görə rezonans doğurmalıdır? Biz başımızın tükünün sayı qədər brifinqlərdə iştirak etdik, mətbuat konfransları gördük. Söhbət 1990-cı illərin jurnalistikasından gedir… Bundan daha ağır sualların sahibi olduq. Niyə indi adi bir polemika bu qədər rezonans doğurmalıdır? Bunun səbəbini bir şeydə görürəm: son illər mətbuat sahəsindəki durğunluq, son illərin “dişli jurnalistikası”nın olmaması, jurnalistin, sadəcə, bir kontur fikirlə rəsmi, qərar verə bilən adamların qarşısında çıxış etməməsi. İnsanlar elə bil illərdir, bunu gözləyirdilər. Mənim üçün sürpriz oldu. Çox rahat, sərbəst şəkildə elm və təhsil naziri Emin Əmrullayevə fikirlərimi çatdırmaq istəyirdim və bunun bir rezonans doğuracağını düşünmürdüm. Orda sual vermək fikrində də deyildim. Bir sual verdim, həmin sual isə mənim nəzərimdə o qədər də “dişli” sual deyildi. Sual vermək lazım idi deyə o sualı verdim. Mənim əsas bilmək istədiklərimi artıq həmkarlarım səsləndirmişdilər. Mənə qədər artıq on-on iki jurnalist sual vermişdi. Nazir o suallara bizi qane edəcək – mahiyyəti üzrə cavab versəydi, sualların ətrafında dolanmasaydı, belə halda heç sual verməyə ehtiyacım qalmayacaqdı…”

Bu sözləri Qanunla.az-a “Mia.az” saytının baş redaktoru Zülfiyyə Mustafayeva brifinq zamanı elm və təhsil naziri Emin Əmrullayevlə dialoqunun müzakirə yaratmasından danışarkən deyib.

O bilidirib ki, mətbuat konfransında bəzən 20-30 sual verilir, həmkarlar, demək olar, bütün mövzuları əhatə edirlər: “Bir mövzuda kiminsə narazı qaldığı, narahatlıq doğuran, onu tam şəkildə qane etməyən tərəf varsa, sualı təkrarlaya bilər. Amma nazir Emin Əmrullayevin mətbuat konfransı – suallara cavabları elə qurulmuşdu ki, o, hazırda təhsil sahəsindəki gündəmi əhatə edəcək sualların heç birinə dolğun cavab verə bilmədi. Məsələn, mənim fikrimcə, nazirin hansısa statistik rəqəmləri səsləndirməsi brifinq mövzusu deyil. Çünki istənilən statistik rəqəmləri nazirliyin saytından da əldə etmək olar. Zaman-zaman onsuz da statistika açıqlanır, götürə bilərik. Nazirlə görüş nə deməkdir? Nazir bizim nəzərimizdə qərar verə, problemi həll edə bilən birinci adamdır. Biz aşağıda müxtəlif idarələr, müəssisələr səviyyəsində danışırıq və birdən-birə gəlirik məhz qərar verən, loru dildə desək, “bir kağıza “qol” çəkə bilən adamın” qarşısında dayanırıq, gözləntilərimiz çox böyük olur. Bu illər ərzində bir neçə dəfə nazirin brifinqində iştirak etmişəm. Hər dəfə kənarda bir tərəfdə otururduq və onun suallarımıza verdiyi cavabı qəbul etməkdən başqa əlacımız olmurdu. Biz elə bir durumdaydıq ki, nazir dedisə, doğrudur, onun dediklərini yazmalıyıq, bundan kənara çıxmaq olmaz. Həmin gün arxada oturmuşdum, inanın, məni yuxu basırdı. Birdən-birə düşündüm ki, Azərbaycanda təhsil sahəsində bu qədər narahatlıq doğuran məsələlər var, mən niyə birinci adamın qarşısında yuxulamalıyam? O hisslərlə ayağa qalxdım, sırada dayandım və nazirə fikirlərimi çatdırdım. Dünəndən bəri sosial şəbəkələrdə sadə insanların fikirlərini izləyirəm. Bir neçə hissəyə bölünmüş fikirlər var. Böyük əksəriyyəti nazirlə olan polemikamı, səsləndirdiyim fikirləri dəstəkləyir. Bu, məni sevindirir. Digər tərəfdən balanslaşdırılmış fikirlər də görürəm. Nazirin tərəfini saxlayanlar da olur. Deyirlər ki, nazir etikalı, mədəni məmur olmasaydı, jurnalistə o şəraiti yaratmasaydı, jurnalist polemika üçün yaradılan münbit şəraitdən faydalandı. Doğrudur, bununla da razıyam. Nazir mənə polemika üçün şərait yaratdı, sözümü kəsmədi, fikirlərimin bəziləri ilə razılaşmadı, amma hiss edirdim ki, qaldırdığım bəzi məsələlərlə razıdır. Sadəcə, dilindən açar söz çıxdı ki, siz emosiyalarla yaşayırsınız. Bu, emosiya deyil, biz söz, ruh adamıyıq. Amma mənim rəsmi dövlət dilim var. Bu məsələdə haqlıdır, bütün nazirlər əslində protokol insanları, bürokratik sistemin nümayəndələridirlər. Bu, bütün ölkələrdə belədir. Geyimlərindən tutmuş danışığa qədər rəsmi dövlət adamları hər şeyi protokola uyğunlaşdırmalıdırlar. Amma brifinqdə, yaxın təmaslarda bu protokoldan bir az kənara çıxmaq olardı. Çünki xalqın qarşısına çıxırsansa, xalqın eşitmək istədiyi, qulağına xoş gələn sözü səsləndirmək məcburiyyətindəsən. Əgər bir nazir, məmur xalqa yaxın olmaq istəyirsə, öz dilindən xalqa xoş gələn sözləri də səsləndirməlidir, rəsmi protokol da öz yerində. Mən Emin Əmrullayevin pis məmur olduğunu düşünmürəm, onun təyinatına sevinənlərdən biri olmuşam. Amma bu üç ildə mətbuat konfranslarında jurnalistləri yatırtmaq cəhdini artıq son anda qəbul etmək istəmədim. Qulağıma çatan bəzi söhbətlər oldu ki, guya mənim jurnalist fəaliyyətimə xitam veriləcək, əngəl yaradılacaq. Xeyr, əsla! Mən “MİA.az” saytının baş redaktoruyam. Onda gərək oradan özüm-özümü çıxarım. Kənardan heç bir təzyiq yoxdur. Əksinə, xalq tərəfindən də dəstək var. Mətbuat konfransından çıxan kimi dərhal Elm və Təhsil Nazirliyinin Səbuhi adlı əməkdaşı mənə yaxınlaşdı, bəzi aydınlaşdırmalar etdi. Mən onun fikirlərində də təzyiq, narazılıq görmədim. Əksinə, o, problemlərin həlli ilə bağlı görüləcək işlərin daha da gücləndirildiyini, ciddi nəzarətə götürüldüyünü, özlərinin də I sinfə qəbulla bağlı bəzi məktəblərdə süni əngəllər yaradıldığını aşkar etdiklərini söylədi. Düşünmürəm ki, bir jurnalistin hansısa nazirlə dialoqunun nəticəsi onun işdən çıxarılması, müqaviləsinə xitam verilməsi, yaxud digər təzyiqlərlə yekunlaşa bilər. Növbəti brifinqlərdə iştirak edib-etməyəcəyimlə də bağlı sual var. Mənim hesablamalarıma görə, nazir kvartalda-bir brifinq keçirir. İndidən söz demək çətindir. Üç aydan sonra növbəti brifinqə baxarıq. Birifinqlə bağlı məlumatlar açıq platformada yerləşdirilir. Qeydiyyat da bu cür aparılır. Mən yenə qeydiyyatdan keçəcəyəm…”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki