image-qanunla-reklam
image-50m91hyl8r

Zirvə görüşünün Ankarada keçirilməsi ölkəmizin Türk dünyasının birliyinə növbəti töhfəsidir

image-lady-day-az

Zirvə görüşünün Ankarada keçirilməsi ölkəmizin Türk dünyasının birliyinə növbəti töhfəsidir

Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu dərin köklərə əsaslanır və illər keçdikcə atılan addımların fonunda daha da möhkəmlənir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü bir daha bu qardaşlığın aydın mənzərəsini təqdim etdi. Nəzərə alsaq ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu, bu halda atılan mühüm addımın özündə ehtiva etdiyi məna daha dərindən dərk olunar. Prezident İlham Əliyev Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edərək digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olundu. “Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən dəhşətli zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platformadır. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılması, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr apardılar. Azərbaycanın qardaş ölkədə zəlzələnin baş verdiyi ilk gündən göstərdiyi dəstək Türkiyə rəsmiləri tərəfindən yüksək dəyərləndirilir. Azərbaycanın maddi, mənəvi və humanitar dəstəyi, azərbaycanlı xilasedicilərin və həkimlərin zəlzələ bölgəsində əzmlə və fədakarlıqla çalışmaları təqdirlə qarşılandı. Dövlət başçısı İlham Əliyevin zəlzələdən sonra Türkiyəyə işgüzar səfəri dünyanın diqqətindən kənarda qalmadı. Bu, bir daha qardaş dəstəyinin nümayişi oldu.

Azərbaycanın Türk dünyasının birliyinin, həmrəyliyinin möhkəmləndirilməsinə töhfələri həmişə davamlılığı ilə diqqətdə olub. Azərbaycanın “Biz birlikdə güclüyük!”, “Türk dünyası böyük bir ailədir!”, “Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik!” kimi çağırışları Türk dünyasının birliyinə yönələn addım kimi dəyərləndirilir. 2021-ci ildə dövlətimizin başçısı İlham Əliyevin, ötən il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeninə layiq görülmələri Azərbaycan-Türkiyə qardaşlığının Türk dünyasının birliyində roluna, eyni zamanda, hər iki ölkənin bu istiqamətdə göstərdiyi səylərə işıq salır. Prezident İlham Əliyev bu günlərdə “Güvənsizliyi bitir, işbirliyinə başla!” devizi altında keçirilən XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına məktubunda da bu birliyə xüsusi diqqət yönəldərək bildirib ki, bu gün Azərbaycan və Türkiyə iki qardaş ölkə və strateji müttəfiqlər kimi regionda yeni tarixi reallıqlar yaradır, birgə qərarlar, müştərək qlobal layihələr vasitəsilə Avrasiya məkanında sülhə, təhlükəsizliyə, əməkdaşlığa davamlı töhfələr verir. Azərbaycan-Türkiyə birliyinin gücü bölgədə ədalətli sülhün qarantıdır. Ölkələrimiz, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan etibarlı tərəfdaşlardır.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

Heydər Əliyev Fondu Türkiyədə baş verən zəlzələyə ilk reaksiya verən təşkilatlardan biri oldu

 Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfələri əsasında qurulmuş dövlətlərarası münasibətlərimiz bu gün bütün dünya üçün örnəkdir. Dünya bu birliyin sarsılmazlığının 44 günlük İkinci Qarabağ müharibəsində və ötən ayın əvvəlində qardaş Türkiyədə baş verən zəlzələ zamanı bir daha şahidi oldu. Atılan addımlar qardaş dəstəyinin nümunəsini təqdim etdi. Dövlətimizin başçısı İlham Əliyevin əminliklə qeyd etdiyi kimi, qardaş xalqlarımızın iradəsi ilə ən yüksək zirvələrdə qərarlaşmış Azərbaycan-Türkiyə münasibətləri yeni nailiyyətlərlə daha da möhkəmlənəcək.

2021-ci il 15 iyun tarixində Qarabağın tacı Şuşa bu birliyin, həmrəyliyin daimiliyini təsdiqləyən sənədin imzalanmasına şahidlik etdi. Sənəddə əksini tapan müddəaların hər biri münasibətlərimizdə yeni səhifə, yeni addımdır. İki qardaş ölkənin birgə səyləri, siyasi iradəsi nəticəsində reallığa çevrilən layihələr ölkələr, xalqlar arasında körpü rolunu oynayır, əməkdaşlığın coğrafiyasının genişləndirilməsində öz sözünü deyir.

Dövlət başçısı İlham Əliyev Türkiyəyə səfəri çərçivəsində istər həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə, istərsə də Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündəki çıxışında Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişafı üçün möhkəm təməlin mövcudluğundan, qardaş ölkənin Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə uğurlu inkişafından geniş bəhs etdi. Bu inamı da ifadə etdi ki, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə dəhşətli zəlzələnin yaratdığı dağıntıların nəticələrini uğurla aradan qaldıracaq. Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün türk dünyası üçün önəmli şərtdir.

Heydər Əliyev Fondu Türkiyədə baş verən zəlzələyə ilk reaksiya verən təşkilatlardan biri oldu. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Türkiyədəki zəlzələ bölgəsinə edilən yardımlar qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmilər tərəfindən yüksək qiymətləndirildi. Ümumilikdə Heydər Əliyev Fondu tərəfindən Türkiyənin zəlzələ bölgəsinə 9 milyon 485 min 563 manat məbləğində yardım göstərilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşımında hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmağın, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmağın Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biri olduğunu önə çəkərək “Azərbaycanlı olduğuma görə çox qürurluyam!” demişdir.

Azərbaycan-Türkiyə birliyi Türk dünyası, ümumilikdə bütün dünya üçün nümunədir. Reallıq budur ki, üzv ölkələr arasında əlaqələr və əməkdaşlıq getdikcə güclənir. Zirvə görüşündə qəbul edilən Bəyannamədə də Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları gələcək fəaliyyətlə bağlı əsas prioritetləri təsdiqlədilər.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

Türk dünyası qlobal gücə çevrilir

Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Görüşü üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm hadisədir. Dövlət başçılarının çıxışlarında əməkdaşlığın genişləndirilməsinə xidmət edən təşəbbüslərin irəli sürülməsi birliyimizi gücləndirəcək amillərdir. Türkiyədə baş verən zəlzələdən sonra “Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşünün keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşib.

Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platformadır. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkib, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr aparıblar. Digər tərəfdən, türk dövlətlərinin liderləri çıxışlarda Türkiyənin təkcə regionda deyil, bütün dünyada nüfuzunun yüksək olduğunu vurğuladılar. Türkiyənin qlobal güc kimi özünü təsdiq etməsində Prezident  Rəcəb Tayyib  Ərdoğanın müstəsna rolu qeyd edildi. Sammitdə türk ölkələrinin liderlərinin Ərdoğan hökumətinin xarici siyasətinə dəstək nümayiş olundu, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə reallaşdırılan islahatların türk xalqını yeni-yeni uğurlara çatdıracağına əminliyi ifadə edildi.

Zirvə görüşü türkdilli dövlətlərin mövcud olan sıx əlaqələrinin və əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin növbəti təzahürüdür. 14 il əvvəl Naxçıvanda bu təşkilat yaranandan keçən dövr ərzində TDT səmərəli fəaliyyət göstərib. Bu müddət ərzində mədəni, humanitar, iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycan bütün türkdilli dövlətlərlə geniş münasibətlərə malikdir və türkdilli ölkələr arasında əlaqələrin güclənməsində maraqlıdır. Türk dünyasının 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə etdiyini nəzərə alsaq, bu böyük ailənin inteqrasiyasının, birliyinin nə dərəcədə möhtəşəm nəticələr verə biləcəyini təsəvvür edə bilərik. Azərbaycan bu təşkilatın yaranmasında yaxından iştirak edib, hər zaman türk dünyasının sıx birləşməsinə çalışıb.

Fövqəladə Zirvə görüşündə Prezident İlham Əliyev çıxışı zamanı ölkəmizin baş vermiş zəlzələ ilə bağlı Türkiyəyə göstərdiyi dəstək haqqında məlumat verib. İki ölkənin qardaşlıq münasibətlərindən bəhs edən dövlətimizin başçısı 44 günlük Vətən müharibəsində Türkiyənin dəstəyini xüsusi vurğulayıb. Prezidentin dediyi kimi, Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçib, dünyada söz sahibi olub, güc mərkəzinə çevrilib. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

Türk birliyinin qlobal gücə çevrilməsi artıq reallığa çevrilməkdədir

Dövlətimizin başçısı Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu, ermənilərin 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə vandalizm aktları törətdiyini bildirib. 30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılıb. Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşüb. Torpaqlarımız azad edildikdən sonra bir neçə yerdə kütləvi məzarlıq aşkar etmişik. Ermənistan hələ də azərbaycanlı itkinlərin taleyi barədə məlumat verməkdən yayınır. 2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır.

Prezident Ermənistanın həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayındığını bəyan edib. Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır. Hazırda ölkəmiz Qarabağın və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma işləri aparır. Biz sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qururuq. Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi, ölkələrin xarici siyasətdə tam koordinasiyalı və vahid məqsəd uğrunda çalışdığını göstərən nümunələrdən biri Azərbaycanın erməni işğalından azad etdiyi Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa işlərində özünü göstərir. Türkiyə bölgədə bərpa işlərində aktiv iştirak edir. Eləcə də, Özbəkistan və Qazaxıstanın da bu prosesə töhfəsi məmnunluq doğurur.

Türk birliyinin qlobal gücə çevrilməsi artıq reallığa çevrilməkdədir. Bu fakt qloballaşan dünyada türk faktoru ilə hesablaşmağı beynəlxalq birlik üçün zəruri edəcək. Bu tarixi hədəfə tezliklə çatmaq üçün Azərbaycan və Türkiyə ilə yanaşı digər türk dövlətləri də güclü siyasi iradə nümayiş etdirməli, bütün imkanlardan maksimum istifadə olunmalıdır.  TDT-nin Fövqəladə Zirvə Görüşündə qəbul olunan Ankara Bəyannaməsinin müddəaları, eləcə də digər qərarlar bu hədəflərin reallaşmasını daha da yaxınlaşdırır.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Türk dövlətləri ilə əməkdaşlıq əlaqələri daha da genişlənir

Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı və birliyi bu gün hər bir dövlət üçün nümunədir: “Türkiyə-Azərbaycan qardaşlığı və birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaq.

Beynəlxalq münasibətlərdə Azərbaycanın mühüm rol oynadığı platformalardan biri də Türk Dövlətləri Təşkilatıdır: “Belə ki, qardaş Türkiyə ilə strateji müttəfiqliyin əsasında yaradılan Türk Dövlətləri Təşkilatı dünyada yeni bir güc mərkəzinə çevrilməklə yanaşı, həm də regional iqtisadi-siyasi proseslərə ciddi təsir imkanlarına malik nüfuzlu qurumdur. Martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib: “Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq.

Bütün tarixi dövrlərdə davamlı və uzunmüddətli əlaqələr quran Türkiyə və Azərbaycanın ictimai-siyasi, iqtisadi-sosial və mədəni həyatında dinamizm meyilləri müşahidə olunub: “Həmişə bir-birinin köməyini, çətin sınaqlarda dəstəyini hiss edən Azərbaycanla Türkiyənin münasibətlərində hansısa maraqlara söykənən tərəfdaşlıq meyilləri olmayıb. Dövlət başçısı Zirvə görüşündə bildirdi ki, Türkiyədə baş verən dəhşətli zəlzələdən bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır. 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi”.

Azərbaycan və Türkiyənin ticarət dövriyyəsinin artması birbaşa türk dövlətləri arasındakı münasibətlərin xüsusən son illər daha da genişlənməsi ilə əlaqədardır: “2022-ci ildə Azərbaycanla türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 70 faiz artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollaradək yüksəlib. Yaxın illərdə türk dövlətləri ilə ticarət dövriyyəsinin 15 milyard dollaradək yüksəlməsi gözlənilir. Dövlət başçısı çıxışında diqqətə çatdırıb ki, bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur. Türk dövlətləri ilə də əməkdaşlıq əlaqələri daha da genişlənir. Ötən kiçik dövr ərzində Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılmışdır. İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikilir, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunur.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

Türk dövlətlərinin gücü olmadan yeni qlobal düzənin formalaşması mümkün deyil

Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü yeni dünya nizamının formalaşması fonunda diqqət çəkir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar məhz Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Ankara Sammitinin məqsədi təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında praktiki əməkdaşlığın müzakirəsi, eləcə də qardaş Türkiyəyə baş vermiş dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılmasında dəstəyin nümayiş etdirilməsidir. Eyni zamanda, ötən il keçirilən Səmərqənd Zirvə toplantısında müşahidəçi statusu alan Şimali Kipr Türk Cümhuriyyəti ilk dəfə sözügedən Zirvə görüşündə iştirak edib ki, bu da böyük əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, Avropadan uzaq Şərqə qədər təxminən 150 milyon nəfərin yaşadığı coğrafiyanı əhatə edən Türk Dövlətləri Təşkilatı müasir dünyanın aparıcı çoxtərəfli platformalarından birinə çevrilib. Qurumun adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılması da simvolik mənadan çox, qlobal rəqabətdə alternativ siyasi güc formalaşdırılmasına eyham vuran mesajdır. Bu, sadəcə, ad dəyişməsi deyil, həm də inkişaf vektorunun yenilənməsidir.

Hazırda dünyanın aparıcı beynəlxalq təşkilatlarının müxtəlif ölkələrin maraqlarının toqquşması nəticəsində öz üzərinə düşən vəzifəni yerinə yetirə bilməməsi sirr deyil. Bu baxımdan ortaq tarixi, mədəniyyəti, ənənələri paylaşan və təbii müttəfiqlər olan ölkələrin formalaşdırdığı adıçəkilən təşkilatın unikal üstünlükləri var. Belə ki, üzv ölkələrin yuxarıda sadalanan ortaq cəhətləri təşkilat daxilində həmrəyliyin güclənməsinə xidmət etməklə yanaşı, qarşılıqlı inam və dəstəyə, geniş əməkdaşlığa şərait yaradır.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

Türk İnvestisiya Fondunun yaradılması məsələsi də Zirvə görüşündə yüksək dəyərləndirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan adıçəkilən toplantıdan sonra keçirdiyi mətbuat konfransında bu Fondun təsis müqaviləsinin imzalanmasının mühüm əhəmiyyət daşıdığını bildirib. O, həmçinin Fondun Türk dünyasında iqtisadi inteqrasiyanı sürətləndirəcəyinə əminliyini diqqətə çatdıraraq, bərabər sərmayə töhfəsi və Türk dünyasında bərabər səs hüququ əsasında yaradılacaq bu quruma İstanbulun ev sahibliyi edəcəyini söyləyib.

Şübhəsiz ki, Fond gələcəkdə Türk dövlətlərinin inteqrasiyasının sürətləndirilməsinə və birgə layihələrin maliyyələşdirilməsinə mühüm töhfələr verəcək, Qarabağda işləyən sahibkarlara maliyyə dəstəyi göstərəcək.

Türk İnvestisiya Fondunun ilkin kapitalının 450 milyon dollar təşkil edəcəyi gözlənilir. Bir il ərzində isə bu rəqəmin bir milyard dollara çatdırılması planlaşdırılır. Fondun büdcəsinin isə dövlət vəsaitləri və maliyyə təşkilatlarının vəsaitləri hesabına formalaşacağı nəzərdə tutulur.

Prezident İlham Əliyev sammitdə işğaldan azad olunmuş ərazilərimizin bərpası istiqamətində həyata keçirilən tədbirlərdən, bu prosesdə dost, qardaş ölkələrin fəal iştirakından məmnunluğunu ifadə edərək deyib: “Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışıq. Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur.

Dövlətimizin başçısı çıxışında işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikilən məktəbə və Qazaxıstan tərəfindən inşa olunan yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə də minnətdarlığını bildirib.

O, sonda qeyd edib ki, siyasi, iqtisadi, hərbi, mədəni və tarixi baxımdan önəmli məqamlarla bağlı məsələləri özündə ehtiva edən yeni bir düzəndə Azərbaycan və Türkiyə dövlətlərinin təşəbbüsü ilə yaradılan Türk Dövlətləri Təşkilatı önəmli bir rol oynayacaq. Şübhəsiz ki, müasir dünyamızda ayrı-ayrı güclər, təşkilatlar, habelə beynəlxalq hüququn digər subyektləri baş verən proseslərə görə, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə yeni dünya düzəninin formalaşması məsələsində hesablaşmaq məcburiyyətindədirlər. Çünki Türk Dövlətləri Təşkilatının əhatə etdiyi coğrafiya dünya üçün çox önəmli bir ərazidir. Başqa sözlə, bu ərazidə, bu coğrafiyada yerləşən dövlətlərsiz dünyada yeni qlobal düzənin formalaşması mümkünsüzdür.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Azərbaycanın transmilli layihələri türk dövlətlərinin əməkdaşlığının ilk nümunələri kimi tarixə düşüb

Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün bir çox aspektlərlə yanaşı, başlıca olaraq qlobal müstəvidə baş verən proseslər kontekstində təhlili vacibdir. İlk növbədə, TDT-nin son illər dünyanın siyasi sistemində önəmli bir platformaya çevrilmək, siyasi həmrəyliyi, ticari və iqtisadi əməkdaşlığı gücləndirmək strategiyasının həyata keçirilməsi ilə bağlı daha əməli addımların atılmasının sürətləndirilməsinə qərar verildiyini vurğulamaq olar. Bunu şərtləndirən əsas amil dünyada qeyri-müəyyənliyin artması, böyük dövlət arasında rəqabətin açıq qarşıdurma mərhələsinə keçməsi, silahlı münaqişələrin coğrafiyasının genişlənməsinə zəminlərin yaranmasıdır.

Belə bir şəraitdə, qlobal təhlükəsizlik arxitekturasının hər keçən gün zəiflədiyi vaxtda regional ittifaqlar, regional təhlükəsizlik və əməkdaşlıq formatları ön plana çıxır. Böyük dövlətlər arasında rəqabətin açıq qarşıdurma mərhələsinə keçməsi kiçik ölkələr, qonşu regionlar üçün böyük risklər və təzyiqlər yaradır. Bütün bunların qarşısını almaq üçün regional kooperasiya və əməkdaşlıq, blok və ittifaqların yaradılması ən optimal çıxış yoludur. Məhz bu səbəblər, zəminlər TDT-nin güclənməsi, qarşılıqlı yardım və birgə addımlar atılması mexanizmlərinin təkmilləşdirilməsini şərtləndirir. TDT-nin Fövqəladə Zirvəsinin məhz Azərbaycanın, Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutması rəsmi Bakının sürətlə dəyişən dünyada yeni şərtlərə uyğun strategiyalar irəli sürmək, milli, regional və qlobal maraqlarda tarazlıq yaratmaqda uğurlu təcrübəsindən irəli gəlir. Bu baxımdan TDT-nin Fövqəladə Zirvəsində Türk dövlətlərini narahat edən problemlərin həlli ilə bağlı, mövcud və potensial təhdidlərə qarşı birgə çıxış etmək imkanların gücləndirilməsi sahəsində praktiki addımların atılmasında mühüm rol oynayacaq.

TDT-nin Mülki Müdafiə Mexanizminin, Türk İnvestisiya Fondunun yaradılmasını ilk əməli addımlar kimi dəyərləndirmək lazımdır. Hər iki təşəbbüs TDT üzvlərinin birgə əməkdaşlıq, kollektiv səylər göstərmək sahəsində potensialını gücləndirəcək və kömək edəcək. Mülki Müdafiə Mexanizminin yaradılması gələcəkdə təhlükəsizlik məsələlərinin həlli üçün çevik hərbi təyinatlı təsisatların yaradılması yolunda ilk əhəmiyyətli, əməli addım kimi xüsusi əhəmiyyətə malikdir.

TDT-nin gücləndirilməsi, birgə əməkdaşlıq və kollektiv hərəkət mexanizmlərinin yaradılmasında Prezident İlham Əliyevin təcrübəli, etibara, etimada malik siyasi lider kimi rolu xüsusi vurğulanmalıdır. Təsadüfi deyil ki, Azərbaycan və Prezident İlham Əliyev Türk dünyası üçün xarakterik olan təhlükələr, problemlərin birgə müzakirəsi və birgə səylərin göstərilməsində hər zaman təşəbbüskar ölkə olub. Azərbaycanın həyata keçirdiyi transmilli layihələr Türk dövlətlərinin əməkdaşlığının ilk uğurlu nümunələri kimi tarixə düşüb. Azərbaycan və Türkiyənin imzaladığı Şuşa Bəyannaməsi, Bakı ilə Ankaranın hərbi-strateji əməkdaşlığı isə TDT-nin digər üzvləri üçün yol xəritəsini təşkil edib.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Türk dünyası ilə bağlı keçirilən istənilən tədbir cəmiyyətimizdə xüsusi rəğbət hissi ilə qarşılanır

Çünki söhbət eyni dilin, ortaq milli-mənəvi və dini dəyərlərin daşıyıcısı olan xalqlardan gedir. Beynəlxalq münasibətlərin müstəqil subyekti olmağımıza rəğmən, tarixi bağlarımız dövlətlərarası əlaqələrdəki yaxınlığımızı təbii surətdə şərtləndirir. Təsadüfi deyil ki, əsrlər boyu bu yaxınlığa mane olmaq, doğma xalqlar arasına nifaq salmaq istəyən çox siyasi dairələr olub. Bu cür qüvvələr indi də var. Zaman-zaman müşahidə etdiyimiz türkofobiya, islamofobiya və ksenofobiya təzahürləri yalnız ayrı-ayrı fərdlərin cahilliyindən deyil, həm də ondan irəli gəlir ki, keçmişdə olduğu kimi, müasir dövrümüzdə də bəziləri Türk dövlətlərinin birliyini özləri üçün ciddi geosiyasi rəqib hesab edirlər. Onlar yaxşı bilirlər ki, Türk Dövlətləri Təşkilatında tarixi təməllər üzərində birləşən müstəqil ölkələrin siyasi maraqları da təbii olaraq bir-birinə bağlıdır. Təsadüfi deyil ki, martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan giriş çıxışında məhz bu bəyanatı səsləndirdi: “Birliyimiz gücümüzdür!”.

Türk dünyasının birliyini və gücünü təcəssüm etdirən, qardaş ölkələrin daha çox yaxınlaşmasına xidmət edən və Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşündə dövlət başçılarının müzakirəsinə “Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” kimi həssas bir mövzu çıxarılmışdı. Fevralın 6-da Türkiyədə ard-arda baş vermiş böyük dağıdıcı gücə malik iki zəlzələnin minlərlə insanın tələfatına, on minlərlə insanın yaralanmasına və misli görünməmiş dağıntılara səbəb olduğunu nəzərə alsaq, bu mövzu ilə bağlı yüksək səviyyəli müzakirələrin qardaş Türkiyədə hansı həssaslıqla qarşılandığını və Türkiyə ictimaiyyəti üçün nə qədər əhəmiyyətli olduğunu duymamaq, görməmək mümkün deyil. Prezident İlham Əliyevin bu təşəbbüsü Türk dünyasının birliyinə xidmət etməklə yanaşı, həm də geosiyasi maraqların toqquşduğu mürəkkəb bir dövrdə qətiyyətli siyasi mövqenin ortaya qoyulması deməkdir. Elə bu səbəbdən Türkiyə Prezidenti dövlətimizin başçısına minnətdarlığını belə ifadə etdi: “Zirvə görüşünün keçirilməsi çağırışı ilə çıxış edən Can Azərbaycanın Prezidenti cənab İlham Əliyevə şəxsən öz adımdan və millətim adından təşəkkürlərimi bildirirəm”.

Zəlzələ bölgəsində dünyanın bir çox ölkəsindən xilasedicilər qrupu iştirak etdi. Hətta Ermənistan da bu prosesə qoşulmuşdu. Amma nə yazıq ki, Ermənistan hökumətinin bu addımı öz cəmiyyətində birmənalı qarşılanmadı. Nəinki cahillikdən əziyyət çəkən sıravi vətəndaşların, hətta üzdə olan erməni siyasətçilərinin və Ermənistanda ictimai fikrə təsir edə bilən ekspert və politoloqların da insanlığa sığmayan münasibətini gördük. Onlar təbii fəlakətin məhz Türkiyədə baş verdiyinə və böyük itkilərə səbəb olduğuna görə sevinclərini gizlətmir, Türkiyənin zəifləməsindən guya nəsə qazanacaqlarını açıq şəkildə ifadə edirdilər. Çoxsaylı insan faciəsinə görə yaşanan sevinc hissini anlamaq üçün gərək, həqiqətən də, bu düşüncə sahibləri kimi xəstə olasan. Bu cür qeyri-əxlaqi münasibət bir daha ona dəlalət edir ki, türkofobiya, türkə nifrət erməni cəmiyyətində dərin kök salıb. Bu, həm də Ermənistanın qonşularına qarşı irəli sürdüyü əsassız ərazi iddialarının hansı xəstə təxəyyüldən qaynaqlandığının göstəricisidir. Bu kimi simptomlar Ermənistan rəhbərliyinin xilasedici göndərmək qərarının guya səmimi qonşuluqdan və ya humanitar yardım istəyindən irəli gəldiyini də şübhə altına alır. Bəlkə də Ermənistanın baş naziri N.Paşinyan həm də erməni cəmiyyətində yaşanan belə simptomların təsiri altında böyük səhvə yol verərək 2019-cu ildə Şuşadan bəyan etmişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Yəqin ki, elə eyni səbəbdən “yeni ərazilər uğrunda yeni müharibə” ilə bağlı hərbi doktrina da Ermənistanın hazırkı rəhbərliyi dövründə təsadüfən prioritet hədəf kimi seçilməmişdi. Amma Azərbaycan bu xam xəyalları 44 günlük Vətən müharibəsində puça çıxardı.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

 

Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyin icrasından da yayınır

Azərbaycan Prezidentinin bu mesajını həm Ermənistan hakimiyyəti, həm də ona himayədarlıq edən dairələr eşitdilər. Bir daha əmin oldular ki, onların münasibətlərindən fərqli olaraq, bu Bəyannamənin təməlində siyasi maraqlar deyil, tarixi və ortaq milli-mənəvi dəyərlərdən irəli gələn qardaşlıq həmrəyliyi və liderlərimizin iradə əzmi dayanır. Elə bu doğmalığa görə, Azərbaycanın 940 nəfər xilasedici və tibb personalından, könüllülərdən ibarət sayca ən böyük heyəti zəlzələ bölgəsinə ezam etməsi heç kimdə təəccüb doğurmamalıdır. Xilasetmə işlərinə dərhal qoşulan və fəlakət bölgəsini ən son tərk edən də Azərbaycan heyəti oldu. Dövlətimizlə yanaşı, xalqımızın ilk gündən səfərbər olması, imkan səviyyəsindən asılı olmayaraq, qardaşlarımıza bütün mənalarda dəstək verməsi doğmalıqdan və vəfa borcundan irəli gəlir. Prezident İlham Əliyev Ermənistana havadarlıq edən, adəti üzrə erməniləri “məzlum”, “əzilən”, az qala “ən fağır millət” kimi təqdim edən dairələrə, o cümlədən həqiqətləri görmək istəməyən və ya özlərini onlardan bixəbər kimi aparan Avropa parlamentarilərinin diqqətinə bu həqiqəti də çatdırdı: “2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır”.

Azərbaycan Prezidenti Zirvə görüşündə iştirak edən dövlət başçıları ilə yanaşı, beynəlxalq birliyin diqqətinə bir daha onu da çatdırdı ki, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyin icrasından da yayınır. Ermənistan indiyədək Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və əksəriyyəti işgəncələr altında qətlə yetirilmiş 4 minə yaxın vətəndaşımızın taleyi ilə bağlı səhih məlumatı təqdim etməkdən boyun qaçırır. Vətən müharibəsindən sonra mina partlayışı nəticəsində həlak olan, sağlamlığına ciddi xəsər yetirilən 300-ə yaxın azərbaycanlıya görə məsuliyyət də Ermənistanın üzərinə düşür. Qarabağda aşkar edilən 2021-ci il Ermənistan istehsallı minalar bir daha sübut edir ki, o, müharibə cinayətlərindən hələ də imtina etməyib. Təəssüf ki, Ermənistana himayədarlıq edən dairələrin siyasi təsiri səbəbindən Avropa Parlamenti kimi ciddi bir qurum bu həqiqətləri görmür və ya görmək istəmir. Müharibə cinayətlərinə görə Ermənistana qarşı sanksiya tətbiq etməli olduğu halda, hansısa fobiyalar üzündən Azərbaycan hədəf seçilir. Haqqın və ədalətin tərəfini tutmalı olan Avropa parlamentariləri bilməlidirlər ki, xalqımız üçün Qarabağ məsələsi qırmızı xətdir. Ermənistanın törətdiyi etnik təmizləmə cinayətləri nəticəsində 250 minə yaxın azərbaycanlı Ermənistandakı tarixi məskənlərindən didərgin salınıb, ümumilikdə isə milyona yaxın vətəndaşımız bu illər ərzində qaçqın-məcburi köçkün həyatının iztirablarını yaşamalı olub. Ermənistanın monoetnik cəmiyyətə çevrilməsinin səbəblərindən biri də elə bu cinayətləri ilə bağlıdır. Qarabağ həqiqətlərini görmək istəməyən, işğal dövründə Ermənistanın şəhər və kəndlərimizi yerlə-yeksan etməsindən, Ağdamı “Qafqazın Xirosimasına” çevirməsindən özünü bixəbər kimi aparan Avropa Parlamentində onu da bilməlidirlər ki, heç bir qərəzli qətnamə Azərbaycan xalqını haqqından və haqlı hədəflərindən çəkindirə, qırmızı xəttini dəyişməyə sövq edə bilməz. Xalqımız çox gözəl bilir ki, qərəzli qətnamələrin, siyasi şantaj və təzyiqlərin hədəfi Azərbaycan hakimiyyətidir. Bunun səbəbi, iddia edildiyi kimi, nə demokratiyadır, nə də insan haqları. Qarabağ həqiqətlərini təhrif edən ədalətsiz qətnaməni demokratik dəyərlərlə nə qədər pərdələməyə çalışsalar da, bunun səbəbi Azərbaycandan baxdıqda çox aydın görünür. Bu, kimlərinsə siyasi ambisiyasının və ya maraqlarının təmin olunmasına hesablanmış, ölkəmizə qarşı bəsit siyasi təzyiq cəhdidir.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki