Zirvə görüşü tarixi hadisədir
Azərbaycan və Türkmənistan arasında strateji yaxınlıq həm siyasi, həm də iqtisadi müstəvidə özünü aydın göstərir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Qurbanqulu Məlikquliyeviçin Azərbaycana son səfəri zamanı Qarabağ bölgəsinə birgə səfərlər həyata keçirilib və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Dövlətlərimizin mövqelərinin üst-üstə düşməsi, gələcək əməkdaşlıq perspektivlərinin dostluq və qardaşlıq əsasında inkişaf etdirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq formatlarının güclənəcəyini göstərir.
Türkmənistanın Füzuli şəhərində məscid inşa edəcəyi barədə qərarı Azərbaycan–Türkmənistan qardaşlığının bariz nümunəsidir. Prezident İlham Əliyev bildirdi ki, bu təşəbbüs qardaş türkmən xalqının Azərbaycan xalqına mənəvi dəstəyini, həm də işğaldan azad edilmiş torpaqlarda birgə mədəni-mənəvi irsin dirçəlişinə xidmət etdiyini sübut edir. Artıq məscidin memarlıq layihəsi hazırlanıb və yaxın gələcəkdə onun təməlinin qoyulması planlaşdırılır. Azərbaycan–Özbəkistan qardaşlığının bariz nümunəsi isə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən sosial layihələrdə öz əksini tapır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Özbəkistanın təşəbbüsü ilə Xankəndidə böyük tikiş fabriki fəaliyyətə başlayıb. Hazırda burada iki yüzdən çox insan çalışır, onların böyük əksəriyyəti qadınlardır. Bu təşəbbüs Qarabağda məşğulluğun artırılması, qadınların sosial-iqtisadi həyata cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Yüksək səviyyəli görüşün ən mühüm nəticələrindən biri isə üçtərəfli əməkdaşlıq formatının yaradılması barədə qərardır. Prezident İlham Əliyev bəyan etdi ki, artıq müvafiq dövlət qurumlarına göstərişlər verilib və nəqliyyat, tranzit, logistika, enerji, neft, qaz və mədəni əlaqələr üzrə əməkdaşlıq istiqamətləri müəyyən olunacaq. Bu isə regionda yeni geosiyasi əməkdaşlıq mərkəzinin formalaşdığını göstərir. Dövlət başçımız çıxışının sonunda vurğuladı ki, bu Zirvə görüşü tarixi hadisədir və bölgədə sülhə, əməkdaşlığa və davamlı inkişafa xidmət edəcək yeni tərəfdaşlıq formatı yaradılıb.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “Türkmənhavayolları” Dövlət Xidməti arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı haqqında Anlaşma Memorandumu”, “Füzuli şəhəri (Azərbaycan Respublikası) ilə Arxadağ şəhəri (Türkmənistan) arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkmənistanın Dəmiryolu Nəqliyyatı Nazirliyi və Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu” imzalandı. 22 avqustda keçirilən görüş və onun nəticələri qlobal enerji bazarında, həmçinin beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında yeni geoiqtisadi reallıqların formalaşmasına mühüm töhfə verəcək. Prezident İlham Əliyevin bəyanatı isə yalnız regionun gələcək inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirməklə kifayətlənmədi, eyni zamanda Azərbaycanın xarici siyasət kursunun ardıcıl, praqmatik və uğurlu nəticələrini bir daha təsdiqlədi.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru