image-qanunla-reklam
image-635537b333913ba1640b655873914f75

Zərifə xanım həkim ailəsində böyümüşdü, sənətinə vurğunluğunu atası Əziz Əliyevdən əxz etmişdi

image-lady-day-az

Zərifə xanım həkim ailəsində böyümüşdü, sənətinə vurğunluğunu atası Əziz Əliyevdən əxz etmişdi

Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

Böyük alim Zərifə Əliyevanın fəaliyyəti geniş və zəngindir. Xeyirxahlığına, yüksək intellektinə, diqqət və qayğısına görə hamının hörmət və məhəbbətini qazanmış bu insan ilk növbədə böyük ziyalı, işıqlı, nurlu şəxsiyyət idi. Sözün həqiqi mənasında bu böyük ziyalının insanlara bəxş etdiyi nur mənəvi paklığından, intellektinin kamilliyindən, şəxsiyyət ucalığından və bütövlüyündən qidalanmışdır.

Zərifə xanım həkim ailəsində böyümüşdü, sənətinə vurğunluğunu atası Əziz Əliyevdən əxz etmişdi. 1942-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və təhsilini 1947-ci ildə başa çatdırmışdı. Sonra Moskvada Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçmiş və bu ixtisasa dərindən yiyələnmişdir.
Elmi tədqiqatlara olan marağı Zərifə Əliyevanı Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirir. Orada həkim-ordinator kimi fəaliyyətə başlayır. 1950-ci ildə aspiranturaya daxil olur, sonra isə institutda elmi işçi kimi çalışır.

Həmin illərdə Azərbaycanı traxoma göz xəstəliyi bürümüşdü. Üstəlik də, bu xəstəliyə qarşı təsirli müalicə üsulları yox idi. Odur ki, onunla mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütünlükdə respublika səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edirdi. O, Bakıda insanları müalicə etməklə kifayətlənmir, traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, oftalmoloqlara mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Zərifə xanımın təklif etdiyi yeni müalicə metodu  Azərbaycanda tezliklə geniş təcrübi tətbiqini tapır

Alim tədqiqat işi olan traxomanın müalicəsi ilə bağlı məsələlərə, daha doğrusu, traxomanın müalicəsində və onun ağırlaşdığı hallarda daha təsirli vasitələrin öyrənilməsinə xüsusi diqqət yetirirdi. Nəticədə traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində müvəffəqiyyətli nəticələr əldə edir. Çünki sintomisin geniş antibakterial spektrlərlə yanaşı, antixlamedik fəallığa da malik idi. Tədqiqatların nəticələri Zərifə Əliyevanın 1960-cı ildə uğurla müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasının əsasını təşkil edir. Zərifə xanımın təklif etdiyi yeni müalicə metodu Azərbaycanda tezliklə geniş təcrübi tətbiqini tapır və nəticədə respublikada traxoma xəstəlik kimi ləğv edilir. Ona görə də qətiyyətlə demək olar ki, Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğv edilməsi Zərifə Əliyevanın adı ilə bağlıdır. El məhəbbətindən, insanları korluq əzabından qurtarmaq zərurətindən doğan bu şəfqətli tədbirlərin həyata keçirilməsi təbii ki, böyük zəhmət, fiziki və zehni gərginlik, uzun müddətli vaxt tələb edirdi. Zərifə xanım bu çətinliyin öhdəsindən uğurla gəlir.

1967-ci ildə Zərifə Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət alır. Həmin dövrdə həkimlik fəaliyyəti ilə məşğul olur, bir çox cərrahiyyə əməliyyatları aparır, xəstələri qəbul edirdi. Bir sözlə, fəaliyyəti təkcə klinikada qapanıb qalmır, bütün oftalmologiya təşkilatlarını əhatə edirdi. Göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji işi genişləndirir, elmi tədqiqatları üzərində çalışırdı.

Getdikcə oftalmologiyanın aktual məsələlərinə daha çox diqqət yetirirdi. Bu məsələlər sırasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi və s. xüsusi yer tuturdu. Çox keçmir ki, alimin diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının patologiyası cəlb edir.

1968-ci ildən məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məşğul olmağa başlayır. Bu problem üzərində iş apararkən çox vaxt sənaye müəssisələrində olur, zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirirdi. Bununla yanaşı, Bakının və Sumqayıtın bir sıra sənaye müəssisələrinin, o cümlədən Şin zavodunun sexlərində laboratoriya şəraitində elmi təcrübələr aparırdı. Genişmiqyaslı klinik və təcrübi tədqiqatlar nəticəsində alim zərərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğunu aşkara çıxara bilmişdir.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Zərifə Əliyevanın elmi nailiyyətlərinin bir çoxu Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutu ilə bağlıdır.

Onun yüksək elmi təşkilatçılığı, təşəbbüsü və rəhbərliyi ilə 1979-cu ildə burada yaradılmış göz xəstəliklərinin professional patologiyası laboratoriyası Azərbaycan oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olmuşdur.

Alimin çoxillik elmi araşdırmalarının nəticəsi olaraq kimya sənayesi işçilərinin göz xəstəliklərinin tədqiqini ümumiləşdirən, ciddi elmi nəticələr doğuran işi 1976-cı ildə doktorluq dərəcəsinə layiq görülmüşdür. Görmə orqanının vəziyyəti və funksiyasının dərindən və hərtərəfli nəzərdən keçirilməsi zamanı şin və yod istehsalı sahəsində çalışan 1500-dən çox insan üzərində müşahidələr aparılmış, spesifik iş şəraitinin, sanitar-gigiyenik durumun görmə orqanlarına mənfi təsiri elmi dəlillərlə sübuta yetirilmişdir.

1977-ci ildə professor Zərifə Əliyevanın təklifi ilə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilir. Plenuma hazırlığın və onun təşkilinin əsas ağırlığı da Zərifə xanımın üzərinə düşür. Bu, çox əhəmiyyətli bir tədbir idi. Belə ki, Azərbaycanda, eləcə də keçmiş SSRİ-nin oftalmologiya sahəsinin inkişafına və elmi-pedaqoji kadrların hazırlanmasına öz töhfəsini verir.

Doktorluq dissertasiyasını müdafiə etdikdən az sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilir, 1983-cü ildə isə həmin kafedranın müdiri olur. Ətrafına istedadlı həmkarlarını toplayaraq elmi-tədqiqat işini, kadrların və elmi işçilərin hazırlanmasını yüksək səviyyədə təşkil edir.

Elmi araşdırmalarının nəticəsi kimi Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirir. Bunlar dünya elmi ictimaiyyətinin diqqətini cəlb edən əsərlər idi. Sonra “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, səhiyyə etikası və əxlaq məsələləri” kitabını nəşr etdirir. Burada da məhz Zərifə xanımın daxili aləmi, vəzifə borcuna, xəstələrə və ümumən ətrafdakılara münasibəti bir daha öz əksini tapır. Əsər elmi səciyyə daşısa da, mahiyyət etibarilə daha geniş əhəmiyyət kəsb edir. Kitab səhiyyə mövzusu çərçivəsindən çıxaraq məişət və ailə əlaqələri də daxil olmaqla bütövlükdə insanların qarşılıqlı münasibətlərinin öyrənilməsində mühüm əhəmiyyət daşıyır.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Bu gün də oftalmoloqların stolüstü kitablarından olan fundamental “Terapevtik oftalmologiya”nın müəlliflərindən biri akademik Zərifə Əliyevadır

1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə Zərifə Əliyeva o zaman oftalmologiya aləmində ən yüksək mükafat sayılan SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülür. Professor Zərifə xanım həmin mükafatı alan ilk alim qadın olur.

Professorun elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Alimin görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətə yaxşı məlumdur. Həmin elmi işlərin tətbiqi bir sıra xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir. Həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş “Herpetik göz xəstəliyi”, “Ağır virus konyuktivləri” və digər dərs vəsaitləri məhz bu məsələyə həsr olunmuşdu. Bu dövrdə alim həmçinin qlaukomanın etimologiyası, diaqnostikası və müalicəsi məsələlərinə həsr olunmuş xeyli tədqiqatlar aparmışdır. Sonralar bu tədqiqatların nəticəsində bir sıra məqalə və monoqrafiyalar yazıb çap etdirmişdir.

Zərifə Əliyeva gözün zədələnməsinin profilaktikası və müalicəsi imkanlarını da öyrənmişdir. Bir sıra elmi işlərində görmə orqanı zədələndikdə mövcud olan cərrahiyyə əməliyyatları üsullarını araşdırmış, həmin üsulların təkmilləşdirilməsi üçün faydalı tövsiyələr işləyib hazırlamışdır. Həmin tövsiyələr cərrahiyyə əməliyyatına məruz qalan zədələnmiş gözün müalicəsini xeyli yüngülləşdirmişdir.

Akademikin bir sıra elmi işləri isə görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Onun daktriologiyadan bəhs edən “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların deyil, həm də fizioloqların diqqətini cəlb etmişdi.

Bu gün də oftalmoloqların stolüstü kitablarından olan fundamental “Terapevtik oftalmologiya”nın müəlliflərindən biri akademik Zərifə Əliyevadır.

Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında dəyərli sözlər demişlər. Moskva oftalmologiya məktəbi Zərifə xanımı oftalmologiyanın mirvarisi adlandırırdı. Dünya şöhrətli oftalmoloq, akademik A.Nesterov yazırdı: “Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli alim idi”. Akademik N.Puçkovskaya “xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi” deyərək alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulamışdır. Professor A.Brovkina onu nəciblik və mənəvi paklıq timsalı adlandırmışdır. Professor N.Şulpina Zərifə xanımı dünya şöhrətli alim adlandıraraq “Biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik” – demişdir.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Akademik Zərifə Əliyeva çoxillik səmərəli fəaliyyəti ilə Azərbaycan tibb elminə çox mühüm yeniliklər gətirib

Elə insanlar var ki, onların həyatı mayaka bənzəyir. Başqaları da belə insanlara oxşamağa çalışır, onları özləri üçün nümunə sayırlar. Dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva bu qəbildən olan insanlar sırasında yer alır. Biz onun timsalında Azərbaycan qadınlarının ümumiləşmiş obrazını görürük. Zərifə xanım Əliyevanın portret cizgiləri, mənalı həyatı və fəaliyyəti qadınlarımızın zərifliyini və fədakarlığını təcəssüm etdirir.

Zəngin və mənalı ömür yolu keçən Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də qədim Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açıb.
Akademik Zərifə Əliyeva Azərbaycanda peşə oftalmologiyasının əsasını qoyub.
Zərifə xanım Əliyeva əqidə adamı idi və heç vaxt çətinliklərin üstünə getməkdən çəkinmirdi. Xarakterindəki prinsipiallıq, həmçinin insanlara qarşı böyük sevgi hissi bəsləməsi onun peşə seçimində özünü göstərdi. O, həyatını çətin, ancaq hər kəsə gərək olan tibb sahəsi ilə bağlamağa qərar verdi. Zərifə xanım Əliyeva sonradan bu sahədə çoxillik səmərəli fəaliyyəti, fundamental axtarışları ilə Azərbaycan tibb elminə çox mühüm yeniliklər gətirdi.

Həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. O zaman bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə nəinki oftalmologiya elmi üçün, hətta bütünlükdə respublika üçün mühüm məsələyə çevrilmişdi. Göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini məhz traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib.
Zərifə Əliyevanın traxoma xəstəliyi ilə bağlı apardığı elmi axtarışlar və səmərəli praktiki fəaliyyəti bütün respublika miqyasında böyük maraqla izlənilirdi. Gənc alim tezliklə Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi seçildi. O, paralel şəkildə qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri apardı. 1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Əliyeva Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. Apardığı tədqiqatların nəticələri olaraq Zərifə xanım Əliyeva 1960-cı ildə namizədlik dissertasiyasını uğurla müdafiə edib. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı verib. Ötən əsrin altımışıncı illərinin sonlarından etibarən Zərifə Əliyeva fəal həkimlik fəaliyyəti ilə məşğul olurdu.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

Gözəl müəllim, bacarıqlı təşkilatçı kimi tanınan Zərifə xanım Əliyeva davamçılarının çox olmasını arzulayırdı

Zərifə xanım Əliyeva 1968-ci ildən başlayaraq peşə oftalmologiyasının problemləri ilə ciddi məşğul olub. Təsadüfi deyil ki, onun elmi uğurları sırasında peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinə həsr olunmuş tədqiqatları xüsusi yer tutur. Diqqətəlayiqdir ki, Ulu Öndər Heydər Əliyev respublikamızın tərəqqisi naminə Azərbaycanda sənayeni yeni inkişaf mərhələsinə yüksəltdiyi bir vaxtda Zərifə xanım Əliyeva təzə tikilmiş zavod və fabriklərdə işləyən sadə əməkçilərin qayğısına qalır, onların peşə xəstəlikləri probleminin həlli uğrunda çalışırdı. Zərifə xanım peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərini dünyada ilk araşdıran alimlərdən olmuş, əslində, elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoymuşdur. Dünyada bu sahədə ilk elmi tədqiqat laboratoriyasını da məhz o, yaratmışdır. Zərifə xanım, həmçinin apardığı tədqiqatların gedişində “Göz yaşının axmasının fiziologiyası”, “Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti” və s. kimi onlarla elmi məqalə və monoqrafiya çap etdirib. Zərifə xanım Əliyevanın tədqiqatlarının mühüm bir istiqaməti yod-sənaye müəssisələrində, neft-kimya sənayesində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərlə bağlı idi.
Elmi tədqiqatların nəticəsi olaraq Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirməyə nail oldu. “Xroniki yod intoksikasiyasında oftalmologiya” mövzusunda yazdığı növbəti monoqrafiya 1981-ci ildə işıq üzü gördü. Zərifə xanım Əliyeva fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir və bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. Zərifə xanım xəstəliyin diaqnostikasının yeni istiqamətdə inkişafını ilk dəfə tədqiq edən alimlərdəndir və bu mövzuya bir sıra elmi məqalələr həsr edib. Zərifə xanım Əliyevanın zəngin pedaqoji, elmi və əməli təcrübəsi “Oftalmologiyanın aktual məsələləri” monoqrafiyasında (professor N.B.Şulpina və L.F.Moşetova ilə birlikdə) öz əksini tapıb.
Peşə oftalmologiyası Zərifə xanımın ilklərə imza atdığı yeganə elmi istiqamət deyil. O, həm də alternativ təbabət sahəsi olan iridodiaqnostikanı bir elm kimi araşdıran ilk alimlərdən idi. Zərifə xanım “İridodiaqnostikanın əsasları” kimi fundamental elmi əsərin müəlliflərindən biri idi. Həmin dövrdə kitabın nəşri də elə Zərifə xanımın səyi nəticəsində mümkün olmuşdu.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

 

Tibb elminə gətirdiyi yeniliklər Zərifə xanım Əliyevaya hələ sağlığında bütün dünyada böyük şöhrət qazandırmışdı

Zərifə xanım Əliyevanın həyatında pedaqoji fəaliyyət də mühüm yer tutur. O, heç bir halda özünü sırf elmi axtarışlara qapanan bir alim kimi təsəvvür etmirdi. Zərifə xanım özü gecə-gündüz öyrəndiyi kimi, həm də bildiklərini başqalarına öyrətmək istəyirdi.
1967-ci ildə Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunub. Bu institut ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin – Zərifə xanımın atasının adını daşıyırdı. 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi alan alim bir qədər sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilir, 1983-cü ildə isə həmin kafedranın müdiri olur. Zərifə xanım Əliyeva elmi axtarışları ilə yanaşı, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə geniş pedaqoji iş aparırdı. Ümumiyyətlə, Zərifə xanım davamçılarının çox olmasını arzulayırdı. Gözəl müəllim olan Zərifə xanım illərlə əldə etdiyi bilikləri həvəslə həkimlərə çatdırmağa böyük səy göstərirdi. Onun rəhbərliyi ilə bir çox doktorluq və namizədlik dissertasiyaları müdafiə edilmişdir.

Zərifə xanımı fərqləndirən cəhətlərdən biri də bu idi ki, o, cəmiyyətdə daim fəal mövqe tutmağa çalışır və ictimai işlərə qoşulurdu. Səmərəli ictimai fəaliyyət üçün xüsusi istedad tələb olunur. Tanrı bu müdrik xanıma belə bir istedadı da bəxş etmişdi. Dövrünün ictimai həyatında yaxından iştirak edən akademik, Əməkdar elm xadimi Zərifə Əliyeva keçmiş SSRİ-nin Oftamoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, SSRİ və Azərbaycan Sülhü Müdafiə Komitəsinin rəhbər orqanlarının, respublika “Bilik” cəmiyyəti İdarə Heyətinin və “Novosti oftalmologii” jurnalının redaksiya heyətinin üzvü kimi ən müxtəlif, məsuliyyətli vəzifələri böyük bacarıq və ləyaqətlə yerinə yetirirdi. 1977-ci ildə professor Zərifə xanım Əliyevanın təklifi ilə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilib.

Zərifə xanım Əliyevanın tədqiqatları, elmi axtarışları Azərbaycanda bir yenilik idi. Sonralar böyük xidmətlərinə, çoxillik elmi tədqiqat işlərinə görə professor Zərifə Əliyeva Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdi.
Bununla belə, Zərifə xanım Əliyevanın elmi yaradıcılığının və praktiki fəaliyyətinin nəticəsi olaraq tibb elminə gətirdiyi yeniliklər hələ onun sağlığında respublikamızın sərhədlərini aşmışdı və Azərbaycan aliminə beynəlxalq səviyyədə böyük şöhrət qazandırmışdı. Belə bir faktı qeyd etmək yerinə düşər ki, Zərifə xanım Əliyeva “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində, H. Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. Onun dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Dünya şöhrətli alim Zərifə Əliyeva sıradan bir ailənin xanımı deyildi

Həkim kimi peşə fəaliyyətində, alim kimi elmi axtarışlarında böyük uğurlar qazanan Zərifə xanım Əliyeva barəsində söhbət açarkən onun xalqımızın tarixdən gələn ailə ənənələrinə sadiqliyini də xüsusi qeyd etmək lazımdır. O, peşəsini sevdiyi kimi, ailəsinə, uşaqlarına, ömür-gün yoldaşına da bütün varlığı ilə bağlı idi.
Yeri gəlmişkən, ayrıca bir məqamı da xüsusi vurğulamaq istərdik. Dünya şöhrətli alim Zərifə Əliyeva sıradan bir ailənin xanımı deyildi. O, Azərbaycan xalqının Ümummilli Lideri, respublikamızın o dövrdəki rəhbəri və sonralar keçmiş SSRİ-nin Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinədək yüksələn Heydər Əliyevin həyat yoldaşı idi. Onunla unikal şəxsiyyət olan Heydər Əliyevin ulduzunun barışması saf sevgi əsasında baş tutmuşdu. Ulu Öndərin Özü aradan illər ötəndən sonra da Zərifə xanıma olan sonsuz məhəbbətini böyük sevinclə dilə gətirirdi. Heydər Əliyev kimi yüksək vəzifələrdə çalışan şəxsiyyətin ömür-gün yoldaşı olmaq Zərifə xanım üçün yalnız xoşbəxtlik deyildi, həm də böyük məsuliyyət idi. O dövrün gərgin, ziddiyyətlərlə dolu ictimai-siyasi ab-havasını göz önündə canlandırsaq, onun çiyinlərinə necə ağır yük düşdüyünü təsəvvür edə bilərik. Ancaq burada da Zərifə xanımın təmkini, ağılı, ömür-gün yoldaşına böyük sevgisi, ana olmağın məsuliyyətini bütün miqyası ilə dərk etməsi onun ailəsində gözəl ab-havanın yaranmasını şərtləndirirdi. Məhz buna görə də onun ailəsinə xoşbəxtlik hakim kəsilmişdi.

Təbii ki, Zərifə Əliyeva və onun ömür-gün yoldaşı Heydər Əliyev bütün valideynlər kimi, öz övladları üçün ən yaxşı olanları arzulayırdılar və həm də bunun üçün gecə-gündüz böyük səy göstərirdilər. Onların bu zəhməti hədər getməyib. İki unikal şəxsiyyətin – Zərifə Əliyeva ilə Heydər Əliyevin ailəsində böyüyüb boya-başa çatan cənab İlham Əliyev 17 ildən artıqdır ki, müstəqil Azərbaycana rəhbərlik edir. O, ötən dövrdə Özünü bacarıqlı, nəyi necə, nə zaman etməyi yaxşı bilən, xalqını sevən və xalqının böyük etimadını qazanan bir Lider kimi təsdiqləyib. Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını qətiyyətlə qoruyur. Onun rəhbərliyi ilə Azərbaycan möhtəşəm uğurlara imza ataraq dünyanın sayılıb-seçilən ölkəsi səviyyəsinə yüksəlib. Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş tapşırıqlarını uğurla yerinə yetirərək şanlı qələbə qazandı və ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Bu qələbə xalqımızın tarixində əbədi qalacaq.

Övladının yüksək məqama çatması, Vətən, xalq üçün faydalı işlər görməsi hər bir valideynin arzusudur. Bu mənada deyə bilərik ki, Azərbaycan üçün milli ruhlu, müasir düşüncəli Lider yetişdirən Ulu Öndər Heydər Əliyev və Zərifə xanım Əliyeva xoşbəxt valideynlər olublar.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

Zərifə xanım Əliyevanın adı oftalmologiya tarixinə qızıl hərflərlə yazılıb

Səhiyyənin  inkişafı dövlətimizin siyasətinin əsas istiqamətlərindəndir. Yeni tibb ocaqlarının yaradılması,  onların  müasir  avadanlıqlarla təhciz edilməsi, yerli tibb kadrlarının yetişdirilməsi,  bilik və  təcrübələrinin artırılması  üçün konfransların, seminarların və  treninqlərin  təşkili  qarşıya qoyulan əsas məqsədlərdən biridir.  Müasir müstəqil  Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  iqtisadiyyatın  digər sahələri kimi,  səhiyyə  sistemində də təkmil islahatlar həyata keçirilmiş,    nöqsanların aradan qaldırılması istiqamətində  ciddi tədbirlər görülmüş və  gələcək layihələrin konturları müəyyənləşdirilmişdir.  Son 15 ildə  ümummilli lider Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz inkişaf, tərəqqi yolunda inamla addımlayır,  bütün bölgələrimizdə  yüzlərlə tibb ocağı tikilərək əhalinin istifadəsinə verilib,  tibb müəssisələrində  fəaliyyət göstərən kollektivin   əsasən yerli kadrlardan ibarət olması,  beynəlxalq tibbi  standartlara cavab verən yüksək keyfiyyətli  avadanlıqlarla təhcizatı  təmin edilib,   əhaliyə  göstərilən səhiyyə  xidmətlərinin keyfiyyəti daha da yaxşılaşdırılıb.  Tibb sahəsində   ən qabaqçıl  və  müasir müalicə  üsullarının tətbiqi  əvvəllər müalicəsi respublikamızda  mümkün olmayan xəstəliklərin də  qarşısını  almağa geniş  şərait yaradıb.  Prezident İlham Əliyev  tərəfindən dərman-əczaçılıq preparatlarının keyfiyyətinə və  qiymətləndirilməsinə nəzarətin gücləndirilməsi,  əhalinin rifahının yüksəldilməsi  və  keyfiyyətli tibb xidmətləri ilə təhciz olunması məqsədilə təsdiqlənən  “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Dərman vasitələri haqqında”  və  s. kimi  müxtəlif Fərman və sərəncamlar,  həmçinin əczaçılıq zavodlarının tikintisinə start verilməsi   bir daha göstərir ki,  əhaliyə  yüksək keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi  prioritetdir.

Əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını öz əzabları bilir və onun üçün sağalıb evinə-eşiyinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatıdır. Buna görə də hər dəfə xəstələri qəbul edəndə, onlarla söhbət aparanda həkim həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı  qarşısında mənəvi  məsuliyyət hiss edir. Vicdan əsas hakimimizdir.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 

 

 

Bütün bu elmi fəaliyyəti ilə yanaşı,  Zərifə xanım, eyni zamanda, qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur

O, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, «Yüksək etimad» kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Zərifə Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi altında gənc  alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. O, heç zaman gərgin işdən usanmamış,  ilhamla çalışmışdır. Həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi  bu böyük şəxsiyyətə həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.

Bütün bu elmi fəaliyyəti ilə yanaşı,  Zərifə xanım, eyni zamanda, qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur. Bu ocaqda iki övlad böyüyüb: ata-anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, Vətənimizin qüruru sayılan övladlar.  Deyirlər, ana övladını özündən də çox istəyir. Tanrının bəxş etdiyi övladlarına qarşı Zərifə xanım məhz belə ana olub. Enişli-yoxuşlu ömür yollarında birgə addımladığı həyat yoldaşı, ümummilli liderimiz  Heydər Əliyev gərgin fəaliyyətlə məşğul olan, həyatını bütövlükdə Azərbaycana həsr edən böyük şəxsiyyət kimi yorulmadan müqəddəs amallar yolunda öz qüvvəsini əsirgəmədi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, qüdrətli, güclü  Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir.

Ulu öndər Heydər Əliyevin təbirincə desək, «Özünü həkimlik, təbiblik peşəsinə həsr Akademik Zərifə xanım  Əliyeva Azərbaycanda müasir oftalmologiya elminin yaradıcılarından və  banilərindən biridir.  İllərlə fəaliyyət göstərdiyi  sahə  üzrə  minlərlə xəstənin  sağalaraq göz xəstəliklərindən xilas olması  üçün çalışmışdır.  1947- ci  ildə  Azərbaycan Tibb Universitetini bitirdikdən sonra əmək fəaliyyətinə başlayan zaman Azərbaycanda traxoma infeksion xəstəliyi tüğyan edirdi.  Təəssüf ki, o zamanlarda bu xəstəliyin etiologiyası  və  yaranma səbəbləri  kifayət qədər öyrənilmədiyinə  və  müalicə  üsulu olmadığına görə  yüzlərlə xəstə dünya işığından məhrum olurdular.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki