”Zəfər” Günü münasibətilə və Azərbaycan Respublikası Prezidenti tərəfindən təltif edilmiş Vətən müharibəsi iştirakçılarına medal və onların vəsiqələrinin təqdim edilməsi münasibəti ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon şöbəsində tədbir keçirilib.
Qanunla.Az xəbər verir ki,tədbirdə Rayon İcra Hakimiyyəti Aparatının vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zinhar Bayramov,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon şöbəsinin zabitləri kapitan Anar Rzayev,baş leytenant Fariz Mustafayev iştirak ediblər.
Tədbiri Rayon İcra Hakimiyyəti Aparatının vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zinhar Bayramov açıq elan edərək, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun şücaətindən danışıb. Bildirilib ki, qısa müddət ərzində Azərbaycan Ordusu 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı düşmən tapdağından azad edib. Azərbaycan Ordusu arsenalında olan ən müasir silahlarla faktiki olaraq Ermənistan ordusunu darmadağın edib. Diqqətə çatdırılıb ki, Ali Baş Komandan İlham Əliyevin diqqəti və qayğısı nəticəsində Azərbaycan Ordusu nəinki Cənubi Qafqazın, dünyanın ən peşəkar orduları sırasına yüksəlib. Vətən müharibəsində Azərbaycan Ordusunun peşəkarlığı dünyanın müxtəlif ölkələrinin hərbi ekspertləri tərəfindən yüksək qiymətləndirilib.
Daha sonra Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların ailə üzvlərinə, qazilərə,həmçinin müharibə iştirakçılarına Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə verilən medal və vəsiqələr təqdim edilib.
Qeyd edək ki, ümumilikdə Zərdab rayonu üzrə şəhid ailəsinə,müharibə iştirakçılarına və qazilərə 305 medal və vəsiqələr təqdim edilib.












































Qanunla.Az
Vüqar Rəhimov



















