28.10.2021-ci il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Mərkəzin bir qrup əməkdaşları Bərdə terror qurbanlarının adının əbədiləşdirilməsi məqsədilə yaradılmış memorial abidə və Bərdə Şəhidlər Xiyabanını ziyarət etmişlər.
Ziyarət zamanı Zərdab rayon Heydər Əliyev Mərkəzinin kollektivinin üzvləri 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə və igidliyə görə “Azərbaycan Bayrağı” ordeni, “Vətən Uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilən, vətənpərvər ifaları ilə döyüş yoldaşlarını ruhlandıran və qələbəyə kökləyən qəhrəman şəhidimiz Xudayar Yusifzadənin və onlarla qəhrəman şəhidlərimizin məzarı önünə güllər düzərək xatirələrini ehtiramla anıblar.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində tariximizə qızıl hərflərlə həkk olunan şanlı zəfərin qazanılmasında şəhidlərin mühüm pay sahibi olduqlarını bildirən Zərdab rayon Heydər Əliyev Mərkəzinin təmsilçiləri vətənpərvər oğullar böyüdən valideynlərə dərin ehtiramını ifadə edib, bütün şəhidlərə rəhmət, qazilərə şəfa diləyiblər.
Qeyd edək ki, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən Zərdab rayon Heydər Əliyev Mərkəzində qəhrəman şəhidlərin adlarının əbədiləşdirilməsi, onların əziz xatirəsinin daim uca tutulması və göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi diqqət mərkəzində saxlanılır.
İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il ötür.
2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri şəhərdə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarının yerləşdiyi ərazini “Smerç” raketləri ilə atəşə tutub, nəticədə 21 nəfər həlak olub, 70 nəfər yaralanıb.
27-28 sentyabr 2020- ci il tarixdə Ermənistanın Bərdə rayonuna atdığı raket bombaları nəticəsində şəhid olmuş mülki insanların xatirəsinə, Bərdə terrorunun bir ilinin tamam olması ilə bağlı Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Bərdə rayonunda 28 oktyabr 2021-ci il tarixdə həmin terror ilə əlaqədar yaradılmış “Xatirə lövhəsi”nin önündə erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, lövhənin önünə gül düzüb.






























