“Zəngilanın azad olunmasına görə” medal
Zəngilan Azərbaycanımızın ən gözəl, ən dilbər guşələrindən biridir. Özünü tarixi, mədəniyyət abidələri, şair və yazıçıları, qədim yaşayış məntəqələri ilə Cənubi Qafqazda hər zaman zəngin bir rayon kimi tanıdıb.
1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının cənub-qərb rayonlarına genişmiqyaslı hücuma keçdi. Ermənistan ordusunun bu hücumda başlıca məqsədi Azərbaycan Respublikasının Zəngilan rayonunu ələ keçirmək, bununla da Azərbaycanın cənub-qərb hissəsinin tamamilə işğal olunmasını başa çatdırmaq idi. Nəticədə, Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Azərbaycanın Zəngilan rayonu bütünlüklə işğal edildi. İşğal nəticəsində Zəngilan rayonu ərazisindəki memarlıq abidələri bütünlüklə talan edilmiş, yandırılmış, dağıdılmış və məhv edilmişdir. Bütün Avropada ən böyük çinar meşəsi də bu rayonda idi. Həmin çinarları ermənilər doğrayaraq xarici ölkələrə satırdılar.
Ümumilikdə, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi, memarlıq və dini abidələri, o cümlədən Azərbaycanın tarixi irsinə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılmışdır.
44 günlük Vətən müharibəsində Azərbaycan tarixi ədaləti bərpa edərək, 30 ilə yaxın işğal altında qalan torpaqları düşmən tapdağından azad etdi. Bu gün Zəngilanın işğaldan azad olunmasından beş il ötür. Azərbaycanın möhtəşəm qələbəsiylə başa çatan Vətən Müharibəsindən sonra ölkəmizdə yeni dövr başlamışdır. Dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə infrastruktur layihələr davamlı şəkildə icra olunur. Planlı şəkildə aparılan abadlıq-quruculuq işləri deməyə əsas verir ki, erməni vəhşiliyinin qurbanı olan şəhərlərimiz, qəsəbələrimiz və kəndlərimiz əvvəlki görkəmindən də gözəl görünüşə malik olacaqdır. Artıq ata-baba yurdumuzdan azan səsi gəlir, şanlı üçrəngli bayrağımız dalğalanır. Qarşıda duran əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızın bərpası, quruculuq işlərinin başa çatdırılmasıdır.
Bu gün Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə bütün zəruri tədbirlər həyata keçirilir, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir. Məqsəd insanların rahat yaşayışını təmin etməkdir. Hazırda Zəngilanda digər işğaldan azad edilmiş rayon və şəhərlərdə olduğu kimi yeni həyat başlayıb. Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda möcüzələr yaradır. 30 il ərzində erməni barbarlarının dağıdıb viranəyə çevirdiyi yurd yerlərimiz başdan-başa tikinti-quruculuq meydanına çevrilib.
Azad edilən yurdlarımız gündən-günə dirçəldilir, müasir infrastruktur qurulur, “ağıllı kənd”, “ağıllı şəhər”lər salıb. Artıq Qarabağ və Şərqi Zəngəzur nəhəng tunellərin çəkildiyi, dünya miqyaslı dəhlizlərin salındığı, beynəlxalq hava limanlarının tikildiyi, meqalayihələrin gerçəkləşdirildiyi unikal məkana çevrilib.
İşğaldan azad edilən tarixi torpaqlarımızda görülən bütün bu irimiqyaslı işlər birbaşa Prezident cənab İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında həyata keçirilir.
Vətən müharibəsindən sonra Prezident cənab İlham Əliyev tərəfindən “Zəngilanın azad olunmasına görə” medalı təsis edilib. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Zərdab Rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova