image-qanunla-reklam
image-resmi00998

Zəngəzur dəhlizinin açılması artıq Amerika Prezidenti tərəfindən də təsdiqlənmişdir

image-lady-day-az

Zəngəzur dəhlizinin açılması artıq Amerika Prezidenti tərəfindən də təsdiqlənmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə zamanı səsləndirdiyi “Zəngəzur dəhlizinin açılması artıq Amerika Prezidenti tərəfindən də təsdiqlənmişdir” fikri regionda gedən geosiyasi proseslərin yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi mesaj kimi dəyərləndirilə bilər. Bu bəyanat təkcə Azərbaycanın regional nəqliyyat və kommunikasiya strategiyasının möhkəmlənməsi deyil, eyni zamanda layihənin beynəlxalq siyasi legitimliyinin artması baxımından xüsusi əhəmiyyət daşıyır. Cənab Preziden müsahibə zamanı əlavə olaraq qeyd etdi ki, “Artıq mən də əminəm, Azərbaycan vətəndaşlarında şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq. Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir. Beləliklə, bizə Ermənistanla normallaşma prosesi çərçivəsində lazım olan bütün məsələlər istədiyimiz kimi öz həllini tapdı. Əlbəttə, Ermənistanla Azərbaycan arasında paraflanmış sülh sazişinin əhəmiyyəti, imzaladığımız birgə Bəyannamə təbii ki, göz önündədir. Prezident Tramp şahid qismində bu Bəyannaməyə öz imzasını atdı. Bütün bunlar və digər önəmli hadisələr dediyiniz məsələyə bəlkə də daha geniş prizmadan aydınlıq gətirir”.

Zəngəzur dəhlizi ideyası ilk növbədə 2020-ci il Vətən müharibəsindən sonra formalaşan yeni regional reallıqların məhsuludur. Azərbaycanın əsas məqsədi ölkənin qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa, təhlükəsiz və maneəsiz nəqliyyat əlaqəsinin təmin olunmasıdır. Lakin zaman keçdikcə bu layihə təkcə ikitərəfli və ya regional xarakter daşımayan, daha geniş geoiqtisadi və geosiyasi çərçivəyə daxil olan təşəbbüsə çevrilmişdir.

Cənab Prezident İlham Əliyevin çıxışında ABŞ Prezidentinin bu məsələyə münasibətinin xüsusi vurğulanması təsadüfi deyil. ABŞ kimi qlobal güc mərkəzinin Zəngəzur dəhlizinin açılmasını dəstəkləməsi layihənin beynəlxalq nəqliyyat marşrutlarının şaxələndirilməsi, Avrasiya məkanında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və enerji-logistika təhlükəsizliyinin gücləndirilməsi baxımından əhəmiyyətini təsdiqləyir. Bu, həm də Azərbaycanın regionda etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi mövqeyinin möhkəmləndiyini göstərir.

Bu açıqlama Zəngəzur dəhlizinə qarşı çıxan dairələrə ünvanlanmış açıq siyasi mesaj kimi də qiymətləndirilə bilər. Cənab Prezidentin fikirləri onu göstərir ki, məsələ artıq yalnız regional razılaşmalar çərçivəsində deyil, beynəlxalq siyasi iradə səviyyəsində də qəbul edilən bir reallığa çevrilməkdədir. Bu isə layihənin gecikdirilməsi və ya siyasiləşdirilməsi cəhdlərinin perspektivsiz olduğunu nümayiş etdirir.

Zəngəzur dəhlizi təkcə bir nəqliyyat xətti deyil, regionda sülh, əməkdaşlıq və qarşılıqlı asılılıq yaradan mühüm geosiyasi alətdir. Layihənin qlobal güclər tərəfindən dəstəklənməsi isə onun gerçəkləşməsinin zaman məsələsi olduğunu göstərir və Cənubi Qafqazın gələcək inkişaf konturlarını müəyyənləşdirən əsas amillərdən biri kimi çıxış edir.

Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki