Yerli sakinlərin və turistlərinin istirahəti.
2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən İkinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti İlham Əiyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı birgə bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi.
2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Laçının işğaldan azad edilməsi Azərbaycanın hərbi və diplomatik qələbəsinin davamı idi.
İşğaldan azad olunmuş digər yurd yerlərimiz kimi, Laçına da həyat yenidən qayıdır, burada sürətli bərpa-quruculuq işləri aparılır. Baş plan çərçivəsində «15 dəqiqəlik şəhər» konsepsiyası tətbiq olunmaqla həm ekoloji, həm də sosial baxımdan müasir həyat standartları yaradılır. Yeni evlər, məktəblər, xəstəxanalar, turizm və mədəniyyət obyektləri ilə Laçın təkcə yerli sakinlər üçün deyil, həm də beynəlxalq qonaqlar üçün cazibə mərkəzinə çevrilir.
Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı bulvar Laçın sakinlərinin və bura gələn qonaqların sevimli istirahət məkanlarından olacaq. Artıq Həkəri çayında astana və göl yaradılıb. Gölün üzərində asma körpü inşa edilib, ətrafında yaşıllıqlar salınıb, kotteclər tikilib. Burada çimərlik də fəaliyyət göstərəcək. İnsanların rahat istirahət etməsi üçün çimərliyin ətrafında əyləncə mərkəzinin yaradılması nəzərdə tutulub.
Rayonda istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Burada həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər konstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, xırdabuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq.
Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri