image-qanunla-reklam
image-whatsapp-image-2023-09-04-at-14-05-55-2

YAP-çı ziyalılardan prezidentə – MÜRACİƏT

image-lady-day-az

Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Ulu Öndərin imzasını daşıyan “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 25 mart tarixli, 450 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnaməsinin” (bundan sonra “Çeklər haqqında Əsasnamə” adlandırılacaq) 1.5-ci bəndi bütün özəlləşdirmə dövrlərində çeklərdən ödəniş vasitəsi kimi istifadə oluna biləcəyini tənzimləyərək çeklərin tədavül müddətinin də müəyyən bir müddət ilə məhdudlaşdırılmasına mane olmuşdur. Lakin buna baxmayaraq həm “I Dövlət Proqaramı”nın 3-cü bölməsinin 5-ci abzası (3 il müddətində), həm də Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 1.5-ci bəndi dövlət özəlləşdirmə çeklərinin tədavül (dövriyyə, ödəniş vasitəsi kimi istifadə olunma) müddətini məhdudlaşdırıb(2011-ci ilin yanvar ayına qədər). Halbuki öz dövründə bütün dövlət əmlakının 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması nəzərdə tutulurdu. Qeyd edək ki, bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Əmlak Komitəsinin qərarı ilə bir özəlləşdirmə payının qiyməti 2000 ABŞ dolları həddində müəyyən edilib. Hamı bilməlidir ki, ulu öndər Heydər Əliyev tərəfindən verilən Miras Özəlləşdirmə Payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çekləri – QANUNLA verilib!

Maraqlıdır ki, bu məsələdə deputatlar nə düşünürlər?

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, özəlləşdirmə çeklərinin yenidən tədavülü sahibkarlıq mühitinə müsbət təsir edə bilər. Eyni zamanda vətəndaşların hüquqlarının qorunması baxımından da uğurlu addım olar:

“Sovet dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir. Bu çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Əksər şəxslər özəlləşdirmə prosesində iştirak edə bilmədiklərini irəli sürürlər və o çekləri hələ də saxlayırlar. Tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Nəzərə almalıyıq ki, insanlar hökumətin konkret strukturlarının çağırışlarına inanıblar və buna uyğun hərəkət ediblər. Bu, maliyyə məkanındakı siyasət qədər önəmlidir. Çeklər vətəndaşların iqtisadi hüququnun ayrılmaz hissəsidir. Ona görə də özəlləşdirmə çekləri ilə bağlı məsələ parlament və iqtisadi bloku təmsil edən hökumət qurumları tərəfindən ümumi nəzarətə götürülə bilər”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalıya görə, o vaxtı işbazlar da ayrı-ayrı dövlət müəssisələrində pay sahibinə çevrildilər:

“Bu gün sahib olduğu çeklərini saxlayan pay sahibləri var və onların sayı yüzminlərlədir. Bununla bağlı ətraflı araşdırma aparılmalıdır. Çekləri əllərində qalan vətəndaşların fayda götürəcəyi bir mexanizm işlənib hazırlanmalıdır. Şərait yaradılmalıdır ki, vətəndaşlar dövlət qayğısının təzahürü olan paylarından istifadə edə bilsinlər. Müvafiq qurumlar iqtisadçı ekspertlərlə birlikdə bu mexanizmi hazırlayıb hökumətə təqdim etməlidirlər”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev vurğulayıb ki, özəlləşdirmə çekləri ilə bağlı məsələ diqqətdən kənarda qala bilməz:

“Yaxşı olardı ki, Nazirlər Kabineti səviyyəsində problem öz həllini tapsın. Hökumət bu istiqamətdə hərəkətə keçməlidir. Azərbaycan hökuməti özəlləşdirmə çekləri ilə bağlı Qanunun tələblərinə əməl etməlidir. Həm parlamentdə, həm də ölkə ziyalıları tərəfindən özəlləşdirmə çeklərinin tədavül müddətinin artırılması, yaxud da dəyən zərərin kompensasiya şəklində ödənilməsi ilə bağlı rəsmi dairələrə çağırışlar edilir. Vauçerləri əlində qalan vətəndaşlar da müvafiq qurumlara müraciətlər edirlər. Hesab edirəm ki, hər şey hökumətin qərarından asılıdır. Elə qərar vermək lazımdır ki, yüzminlərlə vətəndaşın hüquqları bərpa edilsin”.

Öəlləşdirmə çekləri ilə bağlı məsələni müdafiə etməyə hazır olduğunu bildirən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev vurğulayıb ki, bir neçə il öncə özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması ilə bağlı məlumatlar yayılmışdı, amma heç bir nəticə olmadı. Halbuki bu problemin həll olunması vacibdir:

“Özəlləşdirmə çeklərinin tədavülünə dəstək olan millət vəkilləri də haqlıdır. Çünki cənab prezident də hər zaman öz çıxışlarında bildirib ki, insanların haqqları və tələbləri təmin olunmalıdır. Özəlləşdirmə çeklərinin qiymətləndirilməsi müqabilində vətəndaşlara kompensasiya ödənməlidir. Bu, çox vacibdir. Çünki o vaxtı paylanan özəlləşdirmə çekləri vətəndaşların haqqıdır”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, YAP-çı deputat Məlahət İbrahimqızı hesab edir ki, əllərdə qalmış yüzminlərlə özəlləşdirmə çeklərinin taleyinə aydınlıq gətirilməlidir:

“İqtisadiyyat Nazirliyi, onun ayrı-ayrı strukturları, Əmlak Məsələləri Dövlət Xidməti və aidiyyəti qurumlar bu problemin həll olunması istiqamətində təkliflər planı təqdim etməlidir. Çünki bu, bilavasitə onların səlahiyyətinə aid olan məsələdir. Nəzərə almaq lazımdır ki, bu, sadə məsələ deyil və həll olunması zaman tələb edir. Ola bilər ki, mərhələli şəkildə, yaxud da kompensasiya ödənilməsi formasında bu problem öz həllini tapsın. Bir deputat kimi bu problemin tezliklə həll olunmasının tərəfdarıyam. İnanıram ki, bu istiqamətdə də müsbət yeniliklərin şahidi olacağıq”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədova görə, sözügedən problemlə bağlı geniş müzakirələr aparılır və güman olunur ki, yaxın vaxtlarda konkret fəaliyyət planı təsdiq ediləcək:

“İnsanların əllərində qalan özəlləşdirmə çekləri istifadəyə buraxılmalı, bunun üçün müvafiq qərar verilməlidir. Hesab edirəm ki, vətəndaşların əlində qalan vauçerlər istifadə olunmalıdır. Yəni, bu, onların hüququdur və heç kim bu hüququ poza bilməz. Yaxın gələcəkdə bəzi dövlət qurumlarının özəlləşdirməyə çıxarılması nəzərdə tutulur. Bununla bağlı müəyyən addımlar atılır. Xüsusən gəlir gətirməyən dövlət şirkətlərinin özəl idarəetməyə verilməsi nəzərdə tutulur. Gələcəkdə bu vauçerlərdən həmin qurumların özəlləşdirilməsi zamanı istifadə oluna bilər”.

Hüquq elmləri magistri, Milli Məclisdə Gənclər və İdman komitəsinin üzvü, deputat Jalə Əhmədova qeyd edib ki, hazırda bu məsələ üzərində çalışmalar davam edir:

“Özəlləşdirmə çekləri ilə bağlı problemə görə vətəndaşlardan daim müraciətlər alırıq və aidiyyatı komitəyə yönləndiririk. Hazırda bu məsələ üzərində çalışmalar davam edir. Yaxın gələcəkdə çeklərlə bağlı məsələ öz həllini tapacaq və ictimaiyyətə məlumat veriləcək. Bu problemin həllində parlament də maraqlıdır. Çünki parlamentə müraciət edənlərin sayı kifayət qədər çoxdur. Bu isə o deməkdir ki, məsələnin həll olunması vacibdir. Əmin ola bilərsiniz ki, bu məsələ öz həllini tapacaq”.

Vauçerlərin yenidən dövriyyəyə buraxılması məsələsinin aktuallaşdığını bildirən millət vəkili, Ali Məhkəmənin keçmiş rəhbəri Tahir Kərimliyə görə, minlərlə insanın mülkiyyət hüququ pozulub:

“Ziyalıların yekdil fikri bundan ibarətdir ki, özəlləşdirmə çeklərinin tədavül müddəti yenidən artırılmalı və zərər görmüş vətəndaşlara kompensasiya ödənilməlidir. Elə qanun qəbul etməliyik ki, vauçer sahibləri özəlləşmədən faydalana bilsinlər. Problemin müsbət həllinin tərəfdarıyam. Dövlətimizin buna imkanı çatır. Xüsusi qərarla, Neft Fondundan maliyyə ayırmaqla həmin vətəndaşlarımızın pozulmuş haqqı təmin oluna bilər.

Milli Cəbhə Partiyasının və “Region Beynəlxalq Analitik Mərkəzi”nin (RBAM) sədri, deputat Razi Nurullayev çağırış edərək bildirib ki, insanlar haqlı olaraq çox narahatdır və dəfələrlə müxtəlif instansiyalara müraciət edirlər. Amma, onların səsinə səs verən yoxdur:

“Hesab edirəm ki, bu sahədə fəaliyyət göstərən təşkilatların, fəalların və aidiyyatı hökumət strukturlarının iştirakı ilə müzakirələrin keçirilməsi vacibdir. Özəlləşdirmə çekləri 1996-cı ildə mərhum Prezident Heydər Əliyev tərəfindən 450 nömrəli fərman ilə 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına əmlak payı olaraq verilib. Hardasa, 1 milyon 600 mindən çox özəlləşdirmə çeki ayrı-ayrı vətəndaşlarda saxlanılır. 7 ədəd özəlləşdirmə çeki də mənim evimdədir. Çek sahibləri bir neçə maddə üzrə konstitusiya hüquqlarının pozulduğunu deyirlər və Konstitusiya Məhkəməsinə də məktub ünvanlayıblar. Oxşar məktublar bir neçə millət vəkili tərəfindən eyni quruma ünvanlanıb. Özəlləşdirmə çekləri dövlətin vətəndaşlara verdiyi paydır. Bir sıra millət vəkilləri də vətəndaşların narazılığının aradan qaldırılmasının tərəfdarıdırlar”.

Hüquqşünas, sabiq millət vəkili Çingiz Qənizadəyə görə, çeklər mülkiyyət hüququ əldə etmək üçün bir sənəddir. Mülkiyyət hüququna sahib olmaq üçün verilmiş qiymətli kağız “ölə”, müddətlə tənzimlənə bilməz:

“Özəlləşdirilməmiş kifayət qədər əmlaklar var. Hazırda özəlləşdirməyə çıxarılan və ya gələcəkdə çıxarılması planlaşdırılan xeyli əmlak mövcuddur. Əgər əlində çek qalmış vətəndaşların sayı yüzminlərlədirsə, 2011-ci ildəki qanunvericiliyə yenidən baxılmalıdır. Vətəndaşlara həmin çeklərdən sərbəst istifadə etmək hüququ verilməlidir. 2011-ci ildə dayandırılan fəaliyyət yenidən bərpa olunmalıdır. İnsanların özəlləşdirmə çekləri üzərində sərəncam vermək hüququ təmin edilməlidir ki, bundan istifadə etsinlər və pay sahibi olsunla”.

Qeyd edək ki, yüz minlərlə ailənin mənafeyini ifadə edən “Özəlləşdirmə Çekləri Qrupu” imzası ilə Prezident İlham Əliyevə müraciət ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133

Mövzuya dair daha ətraflı məlumatla aşağıdakı videolardan tanış ola bilərsiniz:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki