image-qanunla-reklam
image-xocali_deti_7

Xocalı Soyqırımı -Bəşəriyyət tarixinin ən dəhşətli səhifəsi

image-lady-day-az

Xocalı Soyqırımı -Bəşəriyyət tarixinin ən dəhşətli səhifəsi

1992-ci il fevralın 25-dən 26-na keçən gecə bəşəriyyət tarixin ən dəhşətli cinayətlərindən birinə şahidlik etdi. Xocalı şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə yerlə-yeksan edildi.  Rəsmi statistikaya nəzər saldıqda, baş verən qətliamın vəhşiliyi qarşısında sarsılmamaq mümkün deyil. Bu soyqırımı nəticəsində:

​613 nəfər dinc sakin qətlə yetirilib ki, onlardan 63-ü uşaq, 106-sı qadın və 70-i ahıl insan olub.8 ailə tamamilə məhv edilib, dünya üzərində bir nəfər belə doğmaları qalmayıb.25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirərək böyük bir travma ilə baş-başa qalıb. Dəhşətlisi odur ki, 150 nəfərin taleyi haqqında bu günə qədər heç bir məlumat yoxdur.

Xocalı təkcə insanlarını deyil, həm də tarixini itirdi. Şəhərdəki 3000-dən çox bina, məktəblər, kitabxanalar və mədəniyyət evləri dağıdıldı. Bizim XIV-XV əsrlərə aid tarixi türbələrimiz və müqəddəs məzarlıqlarımız vandallıqla məhv edildi. Bu, təkcə bir şəhərə deyil, ümumilikdə bəşər mədəniyyətinə qarşı törədilmiş bir cinayət idi.

Əhalinin qətlə yetirildiyi məkana səfər edənlərdən biri olan jurnalist Çingiz Mustafayevin sözlərində deyildiyi kimi, ölənlər arasında “2 yaşla 15 yaş arası onlarla uşaq, qadın, yaşlı var idi, çoxuna isə alnının tən ortasına yaxın məsafədən atəş açılmışdı. Cəsədlərin vəziyyəti onu göstərirdi ki, insanların çoxu soyuqqanlılıqla, qəsdən öldürülüb, heç bir mübarizə, yaxud qaçmağa çalışırcasına əlamət yox idi. Bəzilərini kənara çəkib tək başına güllələmişdilər; bəzi hallarda isə bütün ailənin birdən güllələndiyi görünürdü. Bəzi cəsədlərdə bir neçə yara izi var idi ki, bunlardan biri həmişə başda olurdu bu da yaralının öldürüldüyünü sübut edirdi. Uşaqların qulaqlarını kəsmişdilər; orta yaşlı qadının üzünün sol tərəfinin dərisi, kişilərin isə başlarının dərisi soyulmuşdu. Üstü-başı qarət edildiyi açıq-aşkar görünən cəsədlər var idi”.

Xocalı bir çox cəhətlərinə görə öz özəlliyi ilə seçilir. Birincisi, Xocalı heç bir ciddi hərbi texnika və istehkamlara malik olmayan bütövlükdə mülki yaşayış məskəni idi. Buna görə ağır texnika ilə şəhərə hücum heç bir hərbi zərurətə malik olmadığından hərbi cəhətdən heç cür əsaslandırıla bilməz. Beləliklə, bu zəruri olmayan və artıq güc tətbiqi idi. İkincisi, Xocalıya hücum hərbi əməliyyatların dövlətlər-arası mərhələsinin başlanması dövrünə təsadüf edir. Bu səbəbdən şübhəsiz Ermənistan növbəti təcavüzkar əməliyyatlarını həyata keçirməkdə psixoloji üstünlük əldə etmək məqsədilə azərbaycanlıları qorxutmaq niyyətini güdürdü. Erməni qəddarlığının misilsiz dərəcəsi, o cümlədən erməni işğalçıları tərəfindən əhalinin yaxın məsafədə və xüsusi amansızlıqla öldürülməsi və ardınca meyitlərin üzərində aparılan təhqiredici hərəkətlər bu nəticəyə gəlmək üçün şübhə yaratmayan əsaslar verir.

Digər vacib məqam ermənilərin “dəhliz” iddiaları ilə bağlıdır. Ermənistan iddia edir ki, guya dinc sakinlərin şəhəri tərk etməsi üçün “humanitar dəhliz” təmin etmişdir. Bu xüsusda məntiqi olaraq sual çıxır: Ermənistanın niyyəti şəhəri məhv etmək idisə onlar nə üçün əhalinin şəhərdən çıxmasına imkan verən bu çıxışı açıq saxlamışdır? Cavab sadədir: Ermənistan bu çıxışı özünün iddia etdiyi kimi humanitar səbəblərdən açıq saxlamamışdır – onlar ya bu sonuncu çıxışı bağlamaq imkanına malik olmamış, ya da sonradan mülki əhali üçün seçim imkanı yaratdığını və onları qırmaq niyyəti güdmədiyini iddia etmək üçün qəsdən onu açıq buraxmışdır.

Ulu Öndər Heydar Əliyevin təşəbbüsü ilə 1994-cü ildə bu hadisəyə ilk dəfə siyasi-hüquqi qiymət verilmiş və 26 fevral “Xocalı Soyqırımı Günü” kimi elan edilmişdir. BMT-nin 1948-ci il konvensiyasına əsasən, Xocalıda baş verənlər tam mənası ilə soyqırımı faktıdır. Çünki burada məqsəd bir xalqı milli mənsubiyyətinə görə qismən və ya tamamilə məhv etmək idi.

 

Gülnar Tağıyeva – Zərdab rayonu Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin tarix müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki