Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş soyqırımı aktı təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ağır cinayət idi
XX əsrin sonlarında xalqımızın üzləşdiyi ən dəhşətli faciələrdən biri 1992-ci ilin fevralında baş verib. Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş soyqırımı aktı təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ağır cinayət idi. Bu faciə xalqımızın yaddaşında silinməz iz qoyub, milli tariximizin qanlı səhifəsinə çevrilib. 1990-cı illərin əvvəllərində davam edən hərbi-siyasi qarşıdurma nəticəsində Xocalı şəhəri mühasirə şəraitində yaşayırdı. Strateji əhəmiyyətə malik olan şəhər həm coğrafi mövqeyi, həm də bölgədəki yeganə hava limanının burada yerləşməsi səbəbindən xüsusi hədəfə çevrilmişdi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı alayının köməkliyi ilə Azərbaycanın Xocalı şəhərini işğal edən Ermənistan silahlı birləşmələri 613 nəfər dinc və mülki azərbaycanlını, o cümlədən 106 qadın və 63 uşağı xüsusi qəddarlıqla qətlə yetirib, 1275 nəfəri əsir aparıb və bununla da XX əsrdə Azərbaycan xalqına qarşı növbəti müharibə və soyqırımı cinayətini törədib.
“Hər il fevralın 26-da xalqımız Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın xatirəsini dərin hüznlə yad edir. Hazırda Azərbaycan dövlətinin bununla bağlı qarşıya qoyduğu əsas məqsədlərdən biri Xocalıda baş verənlərin beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı kimi tanınması, eləcə də beynəlxalq hüquq tərəfindən soyqırımı cinayəti kimi tövsif olunmasıdır. Belə ki, Azərbaycan dövlətinin erməni yalanlarının ifşası və Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində gördüyü işlərin, “Azərbaycanlıların soyqırımı haqqında” Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə qarşıya qoyulan vəzifələrin icrasının, 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü elan olunmasının, Leyla Əliyevanın həyata keçirdiyi “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının və digər bu kimi tədbirlərin nəticəsi olaraq 18 dövlətin milli qanunvericilik orqanı, İslam Əməkdaşlıq Təşkilatı və ABŞ-nin 24 ştatı Xocalı faciəsinin soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair qətnamə və qərarlar qəbul ediblər. Xocalıda baş verənlərin beynəlxalq hüquq tərəfindən soyqırımı cinayəti kimi tövsif olunması üçün kifayət qədər hüquqi əsaslar var. Lakin bu xüsusda qeyd etmək istərdim ki, Xocalıda dinc və mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətin istintaqı, bu cinayətin təşkili və törədilməsində iştirak etmiş təqsirkar şəxslərin müəyyənləşdirilib hüquqi məsuliyyətə cəlb olunması, habelə beynəlxalq hüququn normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən aparılan istintaq zamanı müəyyən olunub ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalıya hücumu zamanı xilas olmaq istəyən dinc azərbaycanlı əhali çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələniblər. Onların pulemyot, avtomat və başqa atıcı silahlardan gülləbaran edilməsi bunu bir daha təsdiqləyir. Ən dəhşətlisi budur ki, həmin vaxt dinc əhali, hətta yaşlılar və uşaqlar həm də ən qəddar üsullarla qətlə yetiriliblər. Bütün bunlar ermənilərin 1992-ci ildə Xocalı şəhərində törətdiyi qeyri-insani hərəkətlərinin kökündə məhz soyqırımı niyyətlərinin dayandığını aşkar surətdə üzə çıxarır”.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal


























