image-qanunla-reklam
image-101803_65dc7bee58cbc

Xocalı qurbanlarının ruhu bu gün şaddır

image-lady-day-az

Xocalı qurbanlarının ruhu bu gün şaddır

Biz inanırdıq ki, bir gün Xocalıya geri dönəcəyik. Nəhayət ki, 32 ildən sonra bu baş verdi. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı. Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik.

Biz bu gün Xocalı faciəsinin 32-ci ildönümünü qeyd edirik. Bu, xalqımızın, millətimizin tarixində qara bir səhifədir, xalqımızın faciəsidir. Eyni zamanda bu faciə xalqımızın, vətəndaşlarımızın öz Vətəninə, torpağına, millətinə sadiqliyinin nümunəsidir. Xocalıda şəhid olanlar, həlak olanlar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olublar, özlərini qurban veriblər. Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirdi. Xocalı soyqrımı bəşər tarixinin ən qanlı qətliamlarından biri kimi xarakterizə olunmalıdır.

Ermənilər yadda saxlasınlar ki, onlar əvvəlkilərdən fərqli olaraq bu dəfə törətdikləri cinayətlərə görə cəzasız qalmadılar. Ermənistan bu kimi əməllərlə Azərbaycan xalqının gözünü qorxutmağa, onun döyüş əzmini qırmağa çalışırdı. Ancaq əksinə oldu. Azərbaycan xalqı bu cinayətləri, eləcə də torpaqlarının işğal altında qalması ilə barışmayacağını döyüş meydanında sübut etdi. Cənab Prezidentimizin də Xocalılarla görüşdə qeyd etdiyi kimi: “Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın“. Əgər onlar yenə eyni əməlləri törətməyə cəhd etsələr, yenə də Azərbaycanın sərt yumruğu ilə qarşılaşacaqlar.

Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə Bakıda  “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. İlk dəfədir ki, Xocalı soyqırımı gününü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalıda günahsız Xocalı qurbanlarının xatirəsini anaraq, onların xatirəsini əbədiləşdirmək məqsədilə Xocalı Soyqırımı Memorialının təməlini qoydu.

Xocalı qurbanlarının ruhu bu gün şaddır. Bizim üçrəngli bayrağımız bu gün Xocalıda dalğalanırsa, deməli biz tarixi ədaləti bərpa etmişik.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

 

Otuz iki ildən sonra işğaldan azad edilmiş bütün digər ərazilərimiz kimi, Xocalıyı da bu şəhərin əsl sahibləri qayıdırlar

Bu il ilk dəfə xocalı soyqırımının anım mərasimi Xocalı şəhərində keçirildi. Bu, əlbəttə ki, ədalətin böyük təntənəsi oldu. Fevralın 26-da Ölkə Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.  Diqqətəlayiq haldır ki, bu memorialın layihəsi əslində çoxdan hazır idi. Lakin dövlət başçımızın bu kompleksin nə vaxtsa məhz Xocalıda inşa ediləcəyinə olan inamı layihənin Bakıda, bu məqsədlə Xocalı soyqırımı abidəsinin yanında seçilmiş yerdə tikintisinin hər dəfə təxirə salınmasına səbəb olurdu. Hər zaman olduğu kimi, Prezident İlham Əliyev bu dəfə də haqlı çıxdı. Otuz iki ildən sonra işğaldan azad edilmiş bütün digər ərazilərimiz kimi, Xocalıyı da bu şəhərin əsl sahibləri qayıdırlar.

Rayon ictimaiyyəti ilə keçirdiyi görüş zamanı dövlət başçımız bir daha diqqətə çatdırdı ki, Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Həqiqətən də Azərbaycan xalqı bu qanlı cinayəti heç vaxt unuda bilməz. Otuz iki il bundan əvvəl Ermənistanın işğalçı silahlı qüvvələri günahsız insanları görünməmiş qəddarlıqla qətlə yetirmişdir. 613 insan vəhşicəsinə qətlə yetirilmiş, 150 insan itkin düşmüş, 1000-dən çox insan girov götürülmüşdür. 60-dan çox uşaq, 100-dən çox qadın, 70 yaşlı insan erməni faşistləri tərəfindən vəhşicəsinə bir gecə içində qətlə yetirilmişdir.

Lakin Azərbaycan sonsuzadək beynəlxalq birlikdən ədalət gözləyə bilməzdi. Buna görə də 2020-ci ildə Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə apardığı Vətən müharibəsinin gedişində təkcə Xocalı qurbanlarının deyil, həm də bütün şəhidlərimizin qanını döyüş meydanında düşməndən aldı, Vətən torpaqlarını işğaldan azad etdi. Keçən il isə, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.

Uzun illərdir ki, bu faciə ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə düzgün təbliği və günahkarların layiqli cəzalandırılması istiqamətində Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə məqsədyönlü iş aparılır. Artıq İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olması öz təsdiqini tapıb. Həmçinin Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Lakin əfsuslar olsun ki, Azərbaycanın “Xocalıya ədalət!” çağırışı bir çox böyük dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən hələ də tanınmamışdır. Bu beynəlxalq riyakarlığın ən bariz nümunəsidir.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

 

İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi kimi dəyərləndirilir

XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının 32-ci ildönümünü qeyd etdik. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra istər bayramlarımızı, istərsə də faciələrimizi tamamilə fərqli bir şəkildə qeyd edirik. Bu gün Qarabağımız, Şərqi Zəngəzurumuz azaddır, genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. 1992-ci il fevralın 26-sına keçən gecə Xocalı faciəsini törətməklə erməni millətçiləri məkrli məqsədlər güdürdülər. Azərbaycan xalqını qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, torpaqlarımızın işğalı faktı ilə barışmağa məcbur etmək. Amma hiyləgər və amansız düşmənin bu niyyəti baş tutmadı. Torpaqlarımızın müdafiəsi uğrunda hər an şəhidlik zirvəsinə yüksəlməyə hazır olan vətənpərvər nəsil yetişdi və 30 illik işğala 44 gündə qəhrəmanlıqla son qoydu.

Prezident İlham Əliyev fevralın 26-da Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu kimi məqamlara xüsusi diqqət yönəltdi. “Otuz iki ildən sonra siz qayıtmısınız. Otuz iki ildən sonra – o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir” söyləyən dövlətimizin başçısı onu da bildirdi ki, “Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Tarixi ədaləti bərpa etmişik. Günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq. Buna 30 il vaxt lazım oldu. Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün imkan yaradırdı.

İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi kimi dəyərləndirilir. Otuz il Azərbaycan əksər dünya güclərindən ədalət gözlədi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, Xocalı soyqırımı ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın. Amma bu ədaləti Azərbaycan özü bərpa etməli oldu və etdi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi ədalətin bərpası 30 il Ermənistana dəstək olan, sülh danışıqları prosesinin uzanmasına səbəb olan əksər dünya gücləri bu reallığı qəbul etdilər ki, ədaləti və beynəlxalq hüququ maraqların arxasında gizlətməyə nə qədər cəhdlər edilsə də sonda zəfər çalan yenə də ədalətdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində rəşadətli ordumuz dünya güclərinin 30 ildə edə bilmədiklərini 44 gündə etdi. Baxmayaraq ki, 30 illik işğal dövründə Ermənistana dəstək verən dövlətlər belə rəy yaratmağa çalışırdılar ki, münaqişənin hərb yolu ilə həlli mümkünsüzdür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, buna 30 il vaxt lazım olsa da, bu illər ərzində Azərbaycan hər bir sahədə uğurlu inkişafa nail oldu, daha da gücləndi, iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirdi, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdırdı. Dünyanın əksər aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların ikili standartlara əsaslanan siyasəti Azərbaycan dövlətini, xalqımızı ruhdan salmadı, əksinə daha da irəli gedərək atdığı addımları ilə Qarabağ münaqişəsinin həllinin hər an yaxınlaşdırdı.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

44 günlük İkinci Qarabağ müharibəsi malik olduğumuz imkanların təqdimatında əhəmiyyətli rol oynadı

Prezident İlham Əliyev bu məqamı da xüsusi qeyd etdi ki, Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, bu torpağımız azad olunmadan biz sakitləşə bilməzdik.

Tarixi Zəfərimizdən ötən üç ildə Azərbaycan dövləti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması istiqamətində səylərini daha da artırdı. Hər bir məsələnin həllində ədalətə və beynəlxalq hüquqa söykənən Azərbaycan yenə də bu məsələni sülh yolu ilə həll etməyə çalışdı, lakin Ermənistan və ona havadarlıq edən dövlətlər hər vəchlə buna mane olmağa çalışdılar. İşğalçı dövlət Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi haqqında düşünmədi. Əksinə törətdiyi hərbi təxribatlarla vəziyyəti daha da gərginləşdirməyə cəhd göstərdi. Bütün bunların nəticəsində antiterror tədbirlərinin keçirilməsi qaçılmaz oldu. 2023-cü ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin keçirdikləri lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu. Həmin il oktyabrın 15-də Xocalıda, Xankəndidə, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağı ucaldıldı.

Bu mühüm addım Xocalı faciəsi ilə bağlı bütün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayacaq. Ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdikləri kütləvi qırğının soyqırımı aktı olmasını beynəlxalq hüququn normaları da təsdiqləyir. Dövlətimizin “Xocalıya ədalət!” çağırışı dünya gücləri tərəfindən cavabsız qaldı. Baxmayaraq ki, 18 ölkə Azərbaycan dövlətinin uğurlu siyasəti nəticəsində bu qanlı faciəni soyqırımı kimi tanıyıb, lakin onların arasında böyük dövlətlərin adının olmaması, beynəlxalq təşkilatların məsələyə biganə yanaşmaları diqqətdən kənarda qala bilməz. Hansı ki, həmin dövlətlər yeri gəldi-gəlmədi digər ölkələrə “ədalət və beynəlxalq hüquq” dərsi keçirlər. “Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır”, – söyləyən dövlətimizin başçısı Xocalı şəhərində memorial kompleksin tikintisi ilə bağlı məsələyə də xüsusi diqqət yönəltdi. Bununla bağlı layihənin çoxdan hazır olduğunu və bunun üçün yer Bakıda da müəyyənləşdirildiyini bildirən Prezident İlham Əliyev onun tikintisi ilə əlaqədar tərəddüdlər keçirdiyini və bu səbəbdən də layihəni təxirə saldığını bildirdi. Təbii ki, tərəddüdə səbəb dövlətimizin başçısının, Azərbaycan xalqının Xocalıya qayıdacağımıza əminlikləri idi. Həmin memorial kompleksin təməlinin məhz fevralın 26-da Xocalıda qoyulması özündə bütün məqamları ehtiva edir. Biz artıq Xocalıya qayıtmışıq, yaralarımız sağalmasa da bu qayıdış hər birimizi qürurlandırır.

Səfər çərçivəsində dövlətimizin başçısı Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə görülən bərpa-quruculuq işləri ilə tanış oldu. Prezident İlham Əliyev ictimaiyyət nümayəndələri ilə görüşündə bu hədəfi açıqladı ki, artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il yeni yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Cari ildə həm Xocalı, həm Xankəndi, o cümlədən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri bərpa ediləcək.

Prezident İlham Əliyevin hər bir çıxışı mühüm çağırışlarla, Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajlarla zəngin olur. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xocalıdan bəyan etdi: Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

 

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz yeni yeni uğurlara imza atacaqdır.

Qürur hissi ilə deyə bilərik ki, 30 ilə yaxın bir müddət ərzində erməni işğalında qalan torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan ordusunun sücaəti və qahrəmanlığı sayəsində Azərbaycanın haqq davası olan 44 günlük Vətən Müharibəsi zamanı işğaldan azad olundu və tarixi ədalət bərpa olundu.

Azərbaycan xalqı öz liderinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Prezident İlham Əliyevin dediyi kimi “Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi”.
Şanlı Vətən müharibəsində qisası alınan Xocalı bu gün özünün yeni dövrünü yaşayır və Prezident İlham Əliyevin Xocalı soyqırımının 32-ci ildönümdə azad Xocalıda şəhidlərimizi yad etməsi isə qürurverici tarixi hadisə idi.

Prezident İlham Əliyev 26 fevral tarixində Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirdi ki, “İlk dəfədir ki, Xocalı soyqırımı gününü biz Xocalıda günahsız Xocalı qurbanlarının xatirəsini anaraq qeyd edirik. Otuz iki ildən sonra biz doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün bu gün burada – 26 fevral günündə memorial kompleksin təməli qoyulacaq. Onu bildirməliyəm ki, bu layihə çoxdan hazır idi, yer də seçilmişdi, Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer seçilmişdir. Ancaq memorial kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Ona görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq. Otuz iki ildən sonra siz qayıtmısınız. Otuz iki ildən sonra – o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir.”

Tam əminliklə deyə bilərik ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi və yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz yeni yeni uğurlara, yeni yeni qələbələrə imza atacaqdır. Bu gün Azərbaycan müstəqil siyasət yürüdür və öz milli maraqları çərçivəsində, beynəlxalq hüquq normalarına əsaslanaraq öz siyasi mövqeyini ortaya qoyur. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan nəinki regionda, beynəlxalq aləmdə böyük nüfuz sahibi olan bir dövlətə çevrilmişdir.

Bu gün tarixi qan yaddaşımızın simvoluna çevrilən Xocalı azaddır və digər işğaldan azad olunmuş ərazilərimiz kimi Xocalı şəhərində də üç rəngli şanlı bayrağımız qürurla dalğalanmaqdadır.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Ermənistan dövləti və azğınlaşmış erməni millətçiləri bu qanlı faciəni törədərək, Xocalıda günahsız azərbaycanlıları qətlə yetirib

Xocalı soyqırımı insanlıq tarixinin ən dəhşətli faciələrindən biridir. Bu soyqırımının 32-ci ildönümünün Xocalının özündə və sağ qalmış xocalıların, qırğının canlı şahidlərinin iştirakı ilə keçirilməsinin özü də mühüm tarixi hadisədir. Bu mənada fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı şəhərinə səfər etməsini, orada əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb söhbət etməsini, sonra isə Xocalı Soyqırımı Memorialının təməlini qoymasını Xocalının ən yeni tarixinin başlanğıcı hesab etmək olar.

Dövlətimizin başçısı Xocalı rayonunun ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxış edərkən həm yerli auditoriyaya, həm də ki, yenidən revanşizm yolunu tutan Ermənistana və onun köhnə-yeni havadarlarına bir sıra önəmli mesajlar verdi: “O, öncə qeyd etdi ki, biz 32 ildən sonra doğma torpağımıza qayıtmışıq və bu il ilk dəfədir ki, Xocalı soyqırımı gününü Xocalının özündə, günahsız Xocalı qurbanlarının xatirəsini anaraq qeyd edirik.

Prezident bu illər ərzində paytaxtda Xocalı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün Memorial Kompleksin təməlinin qoyulmasının nə üçün təxirə salınmasının səbəblərinə də aydınlıq gətirdi və bildirdi ki, “bu layihə çoxdan hazır idi, yer də seçilmişdi, Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer seçilmişdir. Ancaq Memorial Kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Ona görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün Memorial Kompleks yaradılacaq. Dövlət başçısının çıxışında həmçinin Xocalı soyqırımının heç vaxt xalqımızın yaddaşından silinməyəcəyi, Azərbaycan xalqının bu qanlı cinayəti unutmayacağı məsələsinə də toxundu. Çünki bu faciə öz miqyasına və məqsədlərinə görə heç bir insanlıq çərçivələrinə sığmır. Ermənistan dövləti və erməni terrorçuları bu qətliamı həyata keçirməklə həm konkret bir ərazidə soyumuzu qurutmağı, həm də bütövlükdə Azərbaycan xalqının mənəvi-psixoloji cəhətdən sındırılmasına nail olmağı öz qarşılarına əsas məqsəd kimi qoymuşdular. Ona görə də 32 il bundan əvvəl təcavüzkar Ermənistan dövləti və azğınlaşmış erməni millətçiləri bu qanlı faciəni törədərək, Xocalıda günahsız azərbaycanlıları qətlə yetiribdir.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

 

Dünya birliyi Xocalı soyqırımını törətdiyini inkar edən Ermənistanın yanında yer aldı

“Biz bu stereotipi sındırdıq” etirafını dilə gətirməsi də törədilmiş qətliamın heç də təsadüfi deyil, məhz soyqırımı cinayəti kimi Ermənistan rəhbərliyi tərəfindən öncədən xüsusi olaraq planlaşdırıldığını, həyata keçirildiyini təsdiqləyir. Bəli, Xocalı soyqırımı Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət və soyqırımı cinayətlərinin zirvəsi idi. Bundan əvvəl isə Ermənistan dövlətinin və erməni millətçilərinin azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti Bağanis Ayrım, Cəmilli, Kərkicahan, Meşəli, Malıbəyli, Quşçular, Qaradağlı və s. yaşayış məntəqələrində törədilən insanlıq əleyhinə cinayətlərlə müşayiət olunub. Xocalıda isə onlar erməni faşizminin bütün qəddarlığını ortaya qoydular.

Lakin əfsuslar olsun ki, dünya birliyi Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistanın azərbaycanlılara qarşı törətdiyi digər insanlıq əleyhinə cinayətlər kimi Xocalı soyqırımında da beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasına göz yumdu, cinayətkarların cəzasız qalmasına şərait yaratdı. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı, beynəlxalq təşkilatların bir çoxu bu faciəyə biganə münasibət sərgilədi. Erməni faşizminə “dur!” deyən tapılmadı. Əksinə, ATƏT-in Minsk Qrupu kimi bədnam missiyalar Ermənistanın işğalçı siyasətinin nəticələrini “qanuniləşdirməyə” və Azərbaycan xalqını da hər vəchlə ərazilərimizin işğal edilməsi ilə, başımıza gətirilən müsibətlərlə barışmağa məcbur etməyə çalışdılar.

Beləliklə, Ermənistanın təcavüzkar siyasətininin ifşa edilməsini və Xocalı soyqırımı ilə bağlı əsl həqiqərlərin dünyaya çatdırılmasını Azərbaycan özü təkbaşına həyata keçirməli oldu. Cənab Prezidentin də qeyd etdiyi kimi Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, bizim ictimai təşkilatlarımız Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərdi. Xüsusən də Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın müxtəlif yerlərində bir çox tədbirlər, təqdimatlar həyata keçirilib, kitablar, məqalələr dərc edilib, sərgilər təşkil olunub”.

Azərbaycan Prezidenti haqlı olaraq vurğuladı ki, biz bu həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün bir çox səylər göstərmişdik və haqlı olaraq dünyadan ədalət tələb edirdik. Çünki Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Ona görə də dünya bu vəhşiliyə ədalətli münasibət nümayiş etdirməli, vicdanını ortaya qoymalıydı. Lakin biz bunu görmədik. Ermənistan dövləti də, o vaxt və bu gün onun arxasında duran qüvvələr də əlindən gələni edirdilər ki, bu hadisə ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın. Bir sözlə, dünya birliyi Xocalı soyqırımını törətdiyini inkar edən Ermənistanın yanında yer aldı. Bu mənada Azərbaycan Prezidentinin Xocalı soyqılrımını inkar edənlərlə bağlı söylədiyi fikir tam da yerinə düşür. İlham Əliyev haqlı olaraq bəyan etdi ki, Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik

Azərbaycan hökuməti bu ədalətsizliyə son qoyulması və Xocalı soyqırımı kimi qanlı cinayəti törədənlərin ədalət məhkəməsi qarşısında cavab vermələri üçün həm diplomatik müstəvidə, həm də informasiya-təbliğat savaşı cəbhəsində onilliklər ərzində çalışdı. Və sonunda bu ədaləti biz özümüz bərpa etməli olduq. Azərbaycan özü BMT qətnamələrinin icrasını hərbi yolla təmin etdi, ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsinə nail oldu. 44 günlük İkinci Qarabağ müharibəsi və keçən ilin sentyabrında baş tutan 23 saatlıq lokal antiterror tədbirləri nəticəsində torpaqlarımız işğaldan azad edildi, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasına daxil olan ərazilərimiz, o cümlədən Xocalı da separatçılardan təmizləndi. Beləliklə, Şanlı Ordumuzun rəşadəti, şəhidlərimizin qanı hesabına tarixi ədalət bərpa olundu. İkinci Qarabağ müharibəsi sözün həqiqi mənasında ədalətin təntənəsi idi. Biz həm İkinci Qarabağ müharibəsi zamanı, həm antiterror əməliyyatı zamanı qisasımızı cinayətkarlardan aldıq. Dövlətimizin başçısının qeyd etdiyi kimi bizim övladlarımız ölümə gedirdilər ki, bu torpaqları işğalçılardan azad etsinlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şübhəsiz ki, “Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Xocalılarla söhbətində bu məsələyə toxunan Cənab Prezident bildirdi ki, “bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın. Düzdür, buna 30 il vaxt lazım oldu. Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün bizə imkan yaradırdı”.

Şuşa kimi, Xankəndi kimi Xocalının da işğaldan azad edilməsi, separatçılardan təmizlənməsi Azərbaycan üçün həm hərbi-strateji baxımdan, həm də mənəvi-psixoloji aspektdən mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Prezident İlham Əliyevin sözügedən çıxışında səsləndirdiyi “Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik” fikri ilə hər bir azərbaycanlı şərikdir. Cənab Prezident bu fikirlə hər birimizin mövqeyini ifadə edib”.

Nikol Paşinyan və Ermənistan rəhbərliyinə daxil olan digər şəxslər başa düşməlidirlər ki, Azərbaycanın şərtlərini qəbul etmək onlar üçün ən optimal çıxış yoludur. Beynəxalq hüquq normalarına uyğun olan bu şərtlər Cənubi Qafqazda qalıcı sülhün və sabitliyin bərqərar olmasına həqiqətən də ciddi töhfə verə bilər. Ona görə də Ermənistanın baş naziri Nikol Paşinyan iradə zəifliyinə və tez-tez mövqe dəyişkənliyinə son qoymalı, Fransa kimi neoimperialist güclərin əlaltısı kimi çıxış etmək xəttindən əl çəkməlidir. Paşinyan özünü ciddi siyasətçi hesab edirsə, Azərbaycan Prezidentinin mesajlarını düzgün dəyərləndirməlidir. İlham Əliyevin Xocalıdan verdiyi mesaj Ermənistanın yeganə xilas yoludur”.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

 

Xocalı soyqırımı bəzi Qərb ölkələrinin riyakar simasını ifşa etdi

Rayon ictimaiyyəti ilə keçirdiyi görüş zamanı Prezident İlham Əliyevin Xocalı soyqırımının heç vaxt xalqımızın yaddaşından silinməyəcəyi barədə dediyi sözlər bütün xalqın yekdil fikrini ifadə edir: “Həqiqətən də Azərbaycan xalqı bu qanlı cinayəti heç vaxt unuda bilməz. Otuz iki il bundan əvvəl Ermənistanın işğalçı silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə günahsız insanları görünməmiş qəddarlıqla qətlə yetirmişdir. Bu qanlı cinayətin nəticəsində 613 insan vəhşicəsinə qətlə yetirilmiş, 150 insan itkin düşmüş, 1000-dən çox insan girov götürülmüşdür. 60-dan çox uşaq, 100-dən çox qadın, 70 yaşlı insan erməni faşistləri tərəfindən vəhşicəsinə bir gecə içində qətlə yetirilmişdir. Uzun illərdir ki, bu faciə ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə düzgün təbliği və günahkarların layiqli cəzalandırılması istiqamətində Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə məqsədyönlü iş aparılır. Artıq İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olması öz təsdiqini tapıb. Həmçinin Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Lakin dövlət başçımızın dediyi kimi, Azərbaycanın “Xocalıya ədalət!” çağırışı bir çox böyük dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən hələ də tanınmamışdır. Bu beynəlxalq riyakarlığın ən bariz nümunəsidir. Azərbaycanın nəticə etibarı ilə ədaləti özünün bərpa etmək məcburiyyətində qoyulduğunu vurğulayaraq bunları deyib: “Əlbəttə ki, Azərbaycan sonsuzadək beynəlxalq birlikdən ədalət gözləyə bilməzdi. Buna görə də 2020-ci ildə Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə apardığı Vətən müharibəsinin gedişində təkcə Xocalı qurbanlarının deyil, həm də bütün şəhidlərimizin qanını döyüş meydanında düşməndən aldı, Vətən torpaqlarını işğaldan azad etdi. Keçən il isə, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev işğaldan azad edilmiş bütün ərazilərdə olduğu kimi, qədim Azərbaycan şəhəri olan Xocalıda da müqəddəs bayrağımızı qaldırdı. Baxmayaraq ki, Ermənistan dövləti, həmçinin o vaxt da və indi də onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əllərindən gələni edirdilər ki, bu hadisə ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın bütün bu səylər heç bir nəticə vermədi. Bu gün əlləri dinc azərbaycanlıların qanlarına bulaşmış erməni qatillərindən bir çoxu artıq Azərbaycan qanunları qarşısında cavab verir və bu aqibət Xocalı qətliamının, eləcə də xalqımıza qarşı törədilmiş başqa cinayətlərin bütün digər iştirakçılarını da mütləq şəkildə gözləyir.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki