Ötən gün gecə saatlarında Xəzər dənizində, Qum adası istiqamətində partlayışın ardınca irəli sürülən ehtimallar olduqca maraqlıdır. Kimi deyir, “Ümid” platformasında partlayış olub, kimi deyir, neft tankeri partlayıb, kimi deyir, SOCAR-ın yeraltı strukturunda nəsə ciddi fəsad var və s.
“Ümid”dən çəkilən video-görüntülər təsdiqlədi ki, partlayış türkmən qardaşlarımızla ortaq platformadan çox uzaqdır, bu gün FHN-in yaydığı əməliyyat görüntülərindən isə bəlli oldu ki, tanker-zad partlamayıb – hər halda, tanker partlayanda dənizin dibindəki torpaq üzə çıxmır, torpağın ortasında da alov olmur.
Əsas ehtimallardan biri palçıq vulkanıdır və bu, getdikcə daha əsaslı faktlarla zənginləşir.
Ancaq sosial şəbəkə istifadəçiləri inanmır. Hər kəs bir ağızdan deyir ki, palçıq vulkanı elə püskürmür, xalqı aldatmayın.
Əslində doğru deyirlər, o, palçıq vulkanı-zad deyil, Allahın oliqarxlara göndərdiyi villadır. Həm də nə Eldar Əzizovdan sərəncam alacaqsan, nə Arxitekturadan layihənin təsdiqini. Tam dənizin ortasında Allah-təalanın yoxdan var etdiyi adadır da, özü də “Ümid”in yaxınlığında. “Ümid”dən ora villanın materiallarını daşımağa nə var ki!
Bu, həm də Azərbaycan xalqına Allahın lütfüdür. İmkanlı-varlı-hallı kişilərimiz daha dənizin ortasında villa üçün Dubaya-zada pul tökməzlər, elə öz sərvətimizi öz dənizimizə səpərlər. Uzağı, ora bir saatın pulu gedər, ya getməz!
Hələ bir az fərasətli olsalar, orda sanatoriya da açmaq olar. Axı, kraterdə yığılan şirə – lava minbir dərdin dərmanıdır – dəri xəstəliklərinə xeyir edir, insanı gəncləşdirir, kosmetik vasitələrdə istifadə edilir, sinir sisteminə müsbət təsir göstərir, əsəb xəstəliyini sağaldır və s.
Yəni ötən gecə baş verən partlayış vulkan-zad deyil, sərvətdir, başımıza yağan dövlətdir yağır. İndi kimin başına yağır – ta onu deyə bilmirəm.
Zəruri xəbərdarlıq edim ki, Xəzərdəki kiçik adaların böyük əksəriyyəti palçıq vulkanları nəticəsində yaranıb və bəziləri aktivdir. Yəni villa tikəndə ehtiyatlı olun, hər halda, bir az gözləməyiniz fərzdir. İmkan verin, üstü torpaqlansın, münbitləşsin, ot-zad bitsin…