XANKƏNDİNDƏN DÜNYAYA AÇILAN NÖVBƏTİ PƏNCƏRƏ!
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşün bu il ilk dəfə Xankəndi şəhərində keçirilməsi həm siyasi, həm mənəvi, həm də strateji baxımdan tarixi əhəmiyyət daşıyır. 52 ölkədən 140-a yaxın qonağın iştirak etdiyi bu beynəlxalq tədbir Azərbaycanın informasiya diplomatiyasındakı uğurlarının, söz və media azadlığına verdiyi önəmin növbəti göstəricisidir. Azərbaycan artıq öz haqlı mövqeyini yalnız beynəlxalq təşkilatlarda deyil, elə tarixi torpaqlarımızda, azad edilmiş şəhər və kəndlərimizdə dünya ictimaiyyətinə çatdırır. Forum iştirakçılarının çoxsaylı suallarını cavablandıran cənab Prezident İlham Əliyev öncə diqqəti Qlobal Media Forumunun ənənə halını almasına yönəldərək bildirdi ki, bu ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir. Ənənəvi keçirilən Şuşa Qlobal Media Forumu həqiqətlərimizin təbliğində mühüm platformadır. Dövlətimizin başçısının ünvanlanan suallara cavabları həm ölkəmiz, həm də region və dünyada baş verən hadisələrlə bağlı dolğun məlumatların əldə edilməsində zəngin mənbədir. Bu kimi tədbirlər, eyni zamanda, Azərbaycanın sabit, təhlükəsiz ölkə, əməkdaşlıq məkanı olduğunu bir daha nümayiş etdirir. Beynəlxalq jurnalistlərin Xankəndidə, daha öncə isə Şuşada keçirilən tədbirlərdə iştirakı, azad edilmiş ərazilərdə görülən bərpa və yenidənqurma işlərini yerində izləməsi, Azərbaycanın şəffaf siyasət yürütdüyünün bariz göstəricisidir. Ölkəmizdə media üçün açıq mühitin yaradılması, xarici jurnalistlərin işğaldan azad edilən torpaqlara səfərlərinin təşkili Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. III Şuşa Qlobal Media Forumu eyni zamanda, Ermənistanın illər boyunca dünya ictimaiyyətinə təqdim etdiyi təhrif olunmuş informasiyalara qarşı effektiv informasiya platforması rolunu oynadı. Qonaqların gördüyü reallıq – dağıntılarla yanaşı, sürətli yenidənqurma və həyatın geri dönüşü Azərbaycanın sülhə və inkişafa yönəlmiş siyasətini əyani şəkildə nümayiş etdirdi. Cənab Prezident İlham Əliyevə ünvanlanan suallardan aydın olurdu ki, dünya mediası geosiyasi proseslərin bu regiona təsirilə maraqlanır və qalib ölkə kimi Azərbaycanın mövqeyi xüsusi maraq kəsb edir: “30 ilə yaxın işğaldan əziyyət çəkən ölkə kimi Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin tərəfdarı olduğunu cənab Prezident bir daha bəyan etdi. “Cənubi Qafqaz sabit məkan olacaq. Bizə sabitlik, təhlükəsizlik lazımdır. Biz artıq sülh şəraitində yaşamalıyıq” deyən dövlət başçımız bu regionun əsrlər boyu qan tökülmə, toqquşma, işğal məkanı olduğunu, Qafqaz xalqlarının çox əziyyət çəkdiyini xatırlatdı. 50-dən artıq ölkədən nümayəndənin qatıldığı beynəlxalq media platformasından bu mesajın verilməsi olduqca vacibdir. Çünki müharibənin başa çatmasından 5 ilə yaxın vaxt keçməsinə rəğmən hələ də yekun sülh müqaviləsi imzalanmayıb və bəzi qərəzli dairələr sülhün yubanmasında Azərbaycanı ittiham etməyə çalışır, Ermənistandan isə “sülh göyərçini” düzəltməyə çalışır. Dünya mediası bu platforma vasitəsilə sülhün yubanmasının əsas səbəbini öyrənmiş oldu. Cənab Prezident İlham Əliyev sözügedən Qlobal Media Forumunda xarici sərmayələrin təşviqi baxımından hansı əlavə tədbirlərin görüləcəyindən, iqtisadiyyatımızda ən perspektivli sahələrdən, Azərbaycanın etibarlı tərəfdaşlarının hansı ölkələr və şirkətlər ola biləcəyindən danışdı. Regional əməkdaşlıq və inkişaf üçün prioritet layihələr də diqqətdə oldu. Xarici sərmayələri şərtləndirən amillər bir daha təhlil edildi. Dövlət başçısı İlham Əliyev bu reallıqları diqqətə çatdırdı ki, sabitlik və təhlükəsizlik əsasdır. Qarabağ münaqişəsi başa çatandan sonra sabitlik, təhlükəsizlik və inkişaf üçün perspektivlər daha aydın və genişdir. İkinci amil qonşularla xoş münasibətlərdir. Bu olmadığı təqdirdə ölkə tranzit ölkə ola bilməz. Bu sahədə də fəal diplomatik fəaliyyət aparılır. Ölkəmiz bir daha təsdiqlədi ki, etibarlı tərəfdaşdır və sözümüzün imzamız qədər dəyəri var.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Sevinc Gülüşova