Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gününün rəsmi şəkildə qeyd olunması həm də Azərbaycanın suverenliyinin əbədi və dönməz olduğunu göstərən rəmzi hadisədir
Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra ölkəmizin qarşısında duran ən böyük vəzifələrdən biri ərazi bütövlüyünün bərpası idi. Uzun illər işğal altında qalan torpaqlarımız xalqımızın qəlbində böyük nisgil yaratmışdı. Lakin Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmadı, haqq səsini beynəlxalq müstəvidə ucaltdı, güclü ordu quruculuğu həyata keçirdi və bütün imkanlarını səfərbər etdi. Nəhayət, 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız azad olundu, üçrəngli bayrağımız doğma şəhər və kəndlərimizdə dalğalanmağa başladı. Vətən müharibəsi təkcə hərbi qələbə deyildi, həm də ədalətin bərpası idi.
Azərbaycan dövləti bütün dünyaya göstərdi ki, işğalçılıq siyasəti uzun müddət davam edə bilməz. Qüdrətli ordumuz, xalqımızın birliyi və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi nəticəsində tarixi ədalət zəfər çaldı. Bu qələbə Azərbaycanın regiondakı mövqeyini daha da möhkəmləndirdi, yeni siyasi reallıq yaratdı və sülhə aparan yolda əsaslı zəmin qurdu.
Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü kimi təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Azərbaycan xalqının uzun və məşəqqətli mübarizəsinin nəticəsidir.
Otuz ilə yaxın davam edən işğal, minlərlə qəhrəman övladımızın canı və qanı bahasına əldə edilən qələbə nəticəsində ölkəmizin tarixi torpaqları azad olundu. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gününün rəsmi şəkildə qeyd olunması həm də Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün əbədi və dönməz olduğunu göstərən rəmzi hadisədir.
Müharibədən sonra da ölkəmiz qarşısına yeni vəzifələr qoydu. Azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Şəhərlərimiz yenidən inşa olunur, kəndlərimiz bərpa edilir, yollar, tunellər, elektrik xətləri çəkilir. Bölgəyə həyat qayıdır, insanlar doğma yurdlarına qayıtmaq üçün səbirsizliklə böyük qayıdış proqramını gözləyirlər.
Bu proses təkcə infrastruktur layihələri ilə məhdudlaşmır, həm də sosial, mədəni və iqtisadi inkişafın təməlini qoyur. Azərbaycanın əldə etdiyi bu tarixi qələbə təkcə hərbi gücün deyil, həm də milli iradənin, dövlət-xalq birliyinin nəticəsi idi. İndi ölkəmiz qalib dövlət kimi regionda sülh və əməkdaşlıq gündəliyini irəli sürür, yeni geosiyasi reallığın formalaşmasında aparıcı rol oynayır. Azərbaycanın ədalətli mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir, ölkəmizin nüfuzu daha da artır.
Bu günün təsis edilməsi eyni zamanda Ermənistanın və qondarma “Dağlıq Qarabağ” rejiminin qanunsuz silahlı dəstələrinin birdəfəlik tərksilah olunaraq ərazilərimizdən çıxarılması ilə bağlıdır. Azərbaycan xalqı illər boyu həsrətlə gözlədiyi ədalətin bərpasına, Qarabağın tam suverenliyimizin ayrılmaz hissəsi kimi dövlət idarəçiliyimizə qovuşmasına şahidlik etdi.
Bu, yalnız hərbi-siyasi uğur deyil, həm də xalqımızın milli birliyinin, iradəsinin və mübarizə əzminin tarixi təntənəsidir. Tarixi Zəfərimiz Azərbaycan xalqının gücünü, dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu gün azad Qarabağda qurulan yeni həyat xalqımızın gələcəyə inamını, dövlətimizin möhkəm iradəsini və qalib xalq olaraq qürurumuzu əks etdirir.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini