Xankəndi tələbələr şəhərinə çevrilib
Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, Azərbaycan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində separatçıların əsas rəhbərləri həbs olundu. Beləliklə, antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər etdi, Əsgəran qalasında oldu və orada Azərbaycan bayrağını qaldırdı. Həmin tarixdə Azərbaycan lideri İlham Əliyev Xankəndidə çıxış edərək bildirdi ki, bu gün tarixi bir gündür: “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Düz 20 il bundan əvvəl xalqıma söz vermişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər icra edildi.” 2023-cü il noyabrın 8-də Ali Baş Komandanın Xankəndinin mərkəzi meydanında Zəfər paradını keçirməsi qələbə rəmzinin simvolu idi. Həmçinin ölkə başçısı İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Xankəndidə Qarabağ Universiteti yaradıldı. Universitet artıq fəaliyyətə başlayıb və dövlət başçısının sözləri ilə desək, Xankəndi tələbələr şəhərinə çevrilib. Bu ali məktəb Qarabağın elmi, mədəni və sosial inkişafına böyük töhfə verəcək. Azərbaycan Respublikasının Milli Məclisi 5 dekabr 2023-cü ildə qəbul etdiyi qanunla inzibati ərazi bölgüsündə dəyişiklik edərək, mərkəzi Ağdərə şəhəri olmaqla yeni Ağdərə rayonunun yaradılmasına qərar verdi. Bu qərar dövlət idarəçiliyinin səmərəliliyini artırmaq məqsədi daşıyır. 2023-cü il dekabrın 21-də Xankəndidə 30 ildən sonra ilk rəsmi futbol oyunu keçirildi. Ağdamın “Qarabağ” komandası Azərbaycan Kubokunun 1/8 final mərhələsində MOİK-lə qarşılaşdı. Prezident İlham Əliyevin oyunu izləməsi Qarabağın mədəni və idman həyatına dönüşün simvoluna çevrildi.
Prezident İlham Əliyev 2023-cü ildən bu günədək Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə çoxsaylı səfərlər etmiş, açılışlarda, təməlqoyma mərasimlərində iştirak etmişdir. Bu səfərlər regionda sürətlə aparılan bərpa-quruculuq işlərinin və dövlət siyasətinin praktiki təzahürüdür. Xankəndidə hotellərin, konqres mərkəzlərinin, məktəblərin, uşaq bağçalarının, Zəfər parkının, dəmir yolu və avtovağzal kompleksinin açılışı və təməlqoyması – bütün bunlar qısa müddətdə əldə edilən uğurların bariz nümunəsidir. Cənab Prezident ötən il iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” və “Palace” hotellərinin açılışını etmişdi, 2024-cü il sentyabrın 19-da “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə maraqlandı (hotelin açılışı bu ilin fevral ayında baş tutub), Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış oldu. Dövlət başçısı həmin səfər zamanı Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin təmirdən sonra istifadəyə verilməsi mərasimində iştirak edib. Habelə, Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolu və şəhərin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə də tanış olub. Bütün bunlar Xankəndinin nəhəng quruculuq meydanına çevrildiyini, öz yeni milli tarixi simasını bərqərar etdiyini göstərir.
Xankəndidə istehsal, emal, ticarət, xidmət, iaşə, sənaye və digər sektorların da fəaliyyətinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlərin görülməsi nəzərdə tutulur. Şəhərdə kiçik və orta biznes tərəfindən müxtəlif istiqamətli layihələr icra olunur, ictimai iaşə, istehsal, xidmət obyektləri istifadəyə verilib. Bu isə Xankəndinin iqtisadi imkanlarının səfərbər edilməsi və reinteqrasiyaya qoşulmasını tam mümkünləşdirəcək. Prezident İlham Əliyev imzaladığı müvafiq Sərəncama əsasən, Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd edilməsi isə qürurverici tariximizin əbədiləşdirilməsi deməkdir.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc