Xankəndi şəhərindən beynəlxalq aləmə türk dünyasının qardaşlığının, həmrəyliyinin, birliyinin növbəti mesajları ünvanlandı
İyulun 3-4-də Xankəndi şəhəri tarixinin yeni səhifəsini yazdı. Bu qədim Azərbaycan torpağının ev sahibliyi etdiyi İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü qlobal siyasi gündəmdə təkcə mühüm beynəlxalq hadisə deyil, eyni zamanda, Ermənistanın 30 il davam edən işğalının dağıntılarından bərpa-quruculuq dövrünə qədəm qoyan bir şəhərin dirçəlişinin rəmzi kimi dəyərləndirildi.
Son beş ilin qüruruverici hadisələrindən biri azadlığına qovuşmuş torpaqlarımızın beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul edilməsidir. Prezident İlham Əliyevin Zirvə görüşündəki çıxışında “İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz!” müraciəti harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qəlbində sonsuz sevinc, qürur hissi yaratdı. 30 il davam edən işğal dövrünün əsas hədəfi olan “Azərbaycan Bayrağının Qarabağda, o cümlədən Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil” çağırışı artıq reallığa çevrilməklə yanaşı, bu gün bu torpaqlarda dost, qardaş, müttəfiq ölkələrin dövlət bayraqları Azərbaycan Bayrağı ilə birlikdə dalğalanır. Bu cənnət məkanda beynəlxalq tədbirlər keçirilir, Qarabağdan, Şərqi Zəngəzurdan dünyaya mühüm mesajlar ünvanlanır.
3-4 iyul tarixlərində Xankəndi şəhərindən beynəlxalq aləmə türk dünyasının qardaşlığının, həmrəyliyinin, birliyinin növbəti mesajları ünvanlandı. Son illərin Azərbaycan-Türkiyə-Pakistan qardaşlığı, həmrəyliyi də Zirvə görüşünün diqqətçəkən mühüm məqamlarından oldu. Bir sözlə, azad Qarabağımız bu günlərdə daha möhtəşəm, qürurlu anlarını yaşadı. Prezident İlham Əliyevin Zirvə görüşü çərçivəsində bu məkanda ECO-nun üzv dövlətlərinin başçıları və digər rəsmiləri ilə çoxsaylı görüşlərinin hər biri istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında yeni səhifə açdı. Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında “Azərbaycan artıq üçüncü dəfədir ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. Əvvəlki iki Zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilmişdir” söyləyərək budəfəki Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası olduğunu bildirdi. Vurğuladı ki, işğaldan azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Bu sırada Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd edə bilərik.
Suverenliyimizin tam bərpasından keçən iki ilə yaxın dövrdə Xankəndidə görülən işlərin timsalında bütün azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq tədbirləri barədə aydın təsəvvür yaratmaq mümkündür. Zirvə görüşünün keçirildiyi Xankəndi Konqres Mərkəzinin dövlət başçısı İlham Əliyevin iştirakı ilə iyulun 3-də açılışı oldu. Ümumiyyətlə, Azərbaycan Prezidentinin Qarabağa son səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimində iştirak etdiyi, görülən işlərlə tanış olduğu sosial obyektlərin xronologiyası bu məkanın tərəqqi yolunda inamla addımlamasının aydın mənzərəsini yaradır.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri