Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
44 günlük Vətən müharibəsindən sonra bu, İran prezidentinin Bakıya ilk səfəridir.
Müharibədən sonra İran hakimiyyətinin yürütdüyü ikitərəfli və regional siyasət səbəbindən tərəflər arasında gərginlik yaranmışdı.
İran hökumətinin başçısı səfər öncəsi Azərbaycan Televiziyasına və İranın İRNA agentliyinə müsahibəsində ikitərəfli əlaqələrin inkişafına dair açıqlama verib. Onun sözlərinə görə, İran və Azərbaycan qonşu olaraq bir-birinə çox kömək edə bilər.
Məsud Pezeşkian ölkələr arasında əməkdaşlıq imkanlarının mövcudluğundan bəhs edərək, sağlam əlaqələrin yaradılması üçün əl-ələ verib əməkdaşlıq etməyin mümkünlüyünü vurğulayıb. Onun vurğuladığı məsələlərdən biri “o tay, bu tay“ ifadəsidir: “Bu tay, o tay bir-birimizlə qohumuq. Gediş-gəlişlər töhfə verir. Ona görə də bir-birimizin gediş-gəlişimiz üçün yolları açmalıyıq. Bir-birimizə kömək edə, hər iki ölkənin xalqına sakit, yaxşı həyat yarada bilərik”.
Pezeşkian İranın əvvəlki prezidentlərindən fərqli olaraq Azərbaycan Respublikasına münasibətində bir fərd olaraq daha səmimi sayılır. Çünki o, Təbrizdə danışılan dildə Bakıda da danışa bilir. Bunun Pezeşkianın Azərbaycan Prezidenti və başqa rəsmilərlə müzakirələr aparmasına yardım etməsi mümkündür.
İran Prezidenti Bakıya səfərdən əvvəl səhiyyə, müalicə, dərman, tibbi təchizat, sənaye, ticarət sahələrində əməkdaşlıq etmək istədiklərini bildirmişdi. O, mədəniyyət, idman sahələrində də iki ölkə arasında əməkdaşlığın töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.
İran prezidenti M. Pezeşkianın Bakıya səfəri iki ölkə arasında münasibətlərin yenidən inkişafına stimul olacaq. Bu səfər iki ölkə arasında regional yeni siyasi-təhlükəsizlik çağırışları fonunda baş verir. İran daima Azərbaycanla siyasi müstəvidə böhrana aparacaq siyasət həyata keçirib. Bu səfər iki ölkə arasında münasibətlərin inkişafı baxımından həlledicidir. Amma, rəsmi Tehran Azərbaycanla bağlı öz siyasətində ciddi korrektlərə getməlidir.
Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova