Cəmiyyətin inkişafında dövlət qulluqçularının, xüsusilə rəhbər vəzifə sahiblərinin rolu danılmazdır. Onların gördüyü işlər, göstərdiyi nümunə, xalqla olan münasibəti dövlət idarəçiliyinin səviyyəsini müəyyənləşdirir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, rəhbər vəzifədə çalışan hər bir şəxs ilk növbədə xalqa xidmət etməli, öz davranışı, düşüncəsi və fəaliyyət tərzi ilə təvazökarlıq nümunəsi göstərməlidir.
Təvazökarlıq insanın mənəvi kamilliyinin göstəricisidir. Bu keyfiyyət rəhbərlik mövqeyində olan şəxs üçün ikiqat vacibdir. Çünki rəhbər özünü xalqdan üstün tutduqda, onunla məsafə qoyduqda, ədalət və səmimiyyət prinsipləri zədələnir. Lakin təvazökar rəhbər insanlarla bir yerdə olur, onların dərdini, qayğısını bölüşür və onların etimadını qazanır. Belə rəhbərin arxasında həm mənəvi dəstək, həm də ictimai etibar dayanır.
Bu məsuliyyət xalqın etimadından doğur. Hər bir məmur bilməlidir ki, tutduğu vəzifə xalqın ona olan inamının nəticəsidir. Sadəlik və təvazökarlıq nümayiş etdirən məmur xalqla bir ailə kimi davranır, onun problemini öz problemi kimi qəbul edir. Belə münasibət dövlət idarəçiliyində şəffaflığı, ədaləti və etibarı möhkəmləndirir.
Təəssüf ki, bəzi hallarda rəhbər şəxslər səlahiyyətlərini şəxsi maraqlar üçün istifadə edir, özlərini xalqdan üstün tutur və məsafə yaradırlar. Bu isə dövlət siyasətinin mahiyyətinə – xalqın rifahına xidmət etmək prinsipinə ziddir. Belə halların qarşısının alınması üçün həm qanuni, həm də mənəvi məsuliyyət gücləndirilməlidir.
Rəhbər vəzifədə çalışan hər bir şəxs təvazökar olmalı, dövlətin simasını ləyaqətlə təmsil etməlidir. Çünki rəhbərin davranışı bir bölgənin, bir idarənin, bəzən isə bütöv bir dövlətin obrazını formalaşdırır. Təvazökar, ədalətli və xalqın yanında olan rəhbər dövlətə etimadı artırır, cəmiyyətdə mənəvi mühitin sağlamlaşmasına xidmət edir.
Təvazökarlıq sadəcə bir insan keyfiyyəti deyil — bu, xalqın inamının və dövlətin sabitliyinin qorunması üçün əsas şərtdir.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı
























