image-qanunla-reklam
image-627730760_1456570899156017_118800119856527581_n-1

Vitse-prezident Vensin bugünkü səfəri imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti baxımından tarixidir

image-lady-day-az

Vitse-prezident Vensin bugünkü səfəri imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti baxımından tarixidir.

ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Cənab Prezident İlham Əliyevin mətbuata bəyanatında vurğuladığı kimi, “Əziz qonaqla imzaladığımız Xartiyada əməkdaşlığımızın müxtəlif istiqamətləri əks olunur. Biz təhlükəsizlik və antiterror əməliyyatları məsələləri üzərində işimizi davam etdirəcəyik. Bu gün Azərbaycan öz təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyini təmin edir. Onların 11-i NATO-nun üzvü, ABŞ-ın müttəfiqidir. Bağlantılara gəldikdə, artıq qeyd etdiyim kimi, TRIPP layihəsi regionda sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olacaq. Biz müdafiə məhsullarının satışı sahəsində yeni səhifə açırıq və bu, həmçinin perspektivlidir. Əlbəttə ki, süni intellekt mərkəzlərinin yaradılması bu gün ikitərəfli gündəliyimizin bir hissəsidir və Amerikanın aparıcı şirkətləri ilə işbirliyi quraraq artıq ilkin nəticələrimiz var. Başqa sözlə, Vitse-prezident Vensin bugünkü səfəri imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti, dostumuz və qonağımızın qəbulu baxımından tarixidir.”

Xartiya siyasi dialoqun daha sistemli və davamlı şəkildə aparılmasını nəzərdə tutur. Sənəd çərçivəsində yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsi, müntəzəm məsləhətləşmələrin keçirilməsi və beynəlxalq təşkilatlar daxilində koordinasiyanın gücləndirilməsi əsas istiqamətlər kimi müəyyən olunub. Bu, Bakı ilə Vaşinqton arasında etimad mühitinin daha da möhkəmlənməsinə xidmət edir.

Enerji təhlükəsizliyi Xartiyanın prioritet sahələrindən biridir. Azərbaycan uzun illərdir ki, qlobal enerji bazarında etibarlı tərəfdaş kimi çıxış edir. Xəzər hövzəsinin enerji resurslarının dünya bazarlarına çıxarılması, Cənub Qaz Dəhlizi və digər transmilli layihələr ölkəmizin strateji əhəmiyyətini artırıb. Yeni sənəd enerji sahəsində əməkdaşlığın şaxələndirilməsini, o cümlədən bərpa olunan enerji və yaşıl texnologiyalar üzrə birgə təşəbbüslərin həyata keçirilməsini təşviq edir.

Regional təhlükəsizlik və sabitlik məsələləri də Xartiyada xüsusi yer tutur. Azərbaycan post-münaqişə dövründə Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində ardıcıl siyasət yürüdür. Kommunikasiyaların açılması, iqtisadi inteqrasiya və qarşılıqlı etimadın formalaşdırılması regionun gələcək inkişafı üçün əsas şərtlərdir. ABŞ ilə strateji tərəfdaşlıq bu proseslərə əlavə beynəlxalq dəstək və siyasi çəki qazandırır.

İqtisadi əməkdaşlıq və investisiya mühiti də sənədin mühüm komponentlərindəndir. Azərbaycanda aparılan iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı və rəqəmsallaşma istiqamətində atılan addımlar ABŞ şirkətləri üçün geniş imkanlar yaradır. Xartiya qarşılıqlı investisiyaların artırılmasını, innovasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur.

Strateji Tərəfdaşlıq haqqında Xartiya sadəcə siyasi sənəd deyil, həm də ortaq məqsədlərə yönəlmiş yol xəritəsidir. Azərbaycan müstəqil xarici siyasət kursunu davam etdirərək, beynəlxalq tərəfdaşları ilə bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər qurmağa sadiqdir. İmzalanmış Xartiya isə Azərbaycan–ABŞ əlaqələrinin daha dərin, sistemli və perspektivli şəkildə inkişaf edəcəyini təsdiqləyir.

 

Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki