image-qanunla-reklam
image-1644215850_fb_mg_1644215619622

Vətən və torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi

image-lady-day-az

Vətən və torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi.

Fevralın 2-də Bakıda Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. Gülüstan sarayında təşkil olunan tədbirdə gənc sahibkarlar, dövlət proqramlarının iştirakçıları, keçmiş məcburi köçkün, şəhid ailələrinin gənc üzvləri, Vətən müharibəsi iştirakçıları, təhsildə və sosial inklüziv fəaliyyətdə fərqlənənlər iştirak edib. Forumda çıxış edən ölkə başçısı həm çıxışı əsnasında, həm də forum iştirakçılarının suallarını cavablandırarkən bir çox mühüm məqamlara toxunub. Hesab edirəm ki,Prezident İlham Əliyevin Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda səsləndirdiyi fikirlər gənclərimizin gələcək fəaliyyəti üçün yol xəritəsidir. Dövlət başçısının fikirləri həm də milli vəzifələr baxımından strateji əhəmiyyətli çağırışdır və Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısının növbəti göstəricisidir.
Hələ 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Ümummilli Lider gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirdi. Ondan bir il sonra isə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi. Məhz o vaxtdan bu günə qədər Azərbaycanda gənclər siyasəti daim dövlətin prioritetləri sırasındadır. 2003-cü ildən sonrakı dövrdə isə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Bununla da Prezident İlham Əliyevin gərgin əməyi sayəsində gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması, inkişafı üçün yaradılan şərait gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunmasına zəmin yaradıb. Bu gün ölkəmizdə həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət nəticəsində gənclər mədəniyyət, incəsənət, elm və idman sahələrində zəfərlər qazanır, zəngin mədəni irsimizin qorunub saxlanılması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar.
Ölkəmizdə həyata keçirilən gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Müharibə zamanı Azərbaycan gəncləri hərbi komissarlıqlara gedərək könüllü şəkildə vətənimizin müdafiəsinə qalxdılar. Bununla da ölkəmizin işğal altında olan torpaqlarının hamısının düşməndən azad edilməsində yaxından iştirak etdilər. Bu gün biz şəhid və qazilərimizin sırasına, azad olunan ərazilərimizlə bağlı medallarla təltif edilənlərin siyahısına baxan da görürük ki, onların əksəriyyəti Azərbaycan gəncliyidir. Hesab edirəm ki, bu da Azərbaycan gəncliyinin ən yaxşı nümunələrindən biridir. Dövlət başçısı da ötən gün çıxışında Vətən müharibəsində gənclərin həlledici rolunun olduğunu qeyd etdi və dedi ki, “Biz gənclərimizi bundan sonra da mütləq vətənpərvərlik ruhunda tərbiyə etməliyik. Biz bu gün haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”.
Ölkə başçısının çıxışında ən diqqətçəkən məqamlardan biri onun məşhur amerikalı sahibkar Corc Soros haqda dedikləri idi. Belə ki, İlham Əliyev Sorosçuların əsas hədəfinin gənclik olduğunu vurğulayıb. Cənab prezident çıxışında  qeyd etdi ki, “Bu qlobalistlərin – mən onları şərti olaraq belə adlandırıram – sorosçuların məqsədi məhz gənclərdir. Ona görə fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətinə qarşı, ilk növbədə, öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırsınlar və sonra onlardan zombi kimi istifadə etsinlər”. Prezidentin məhz Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda bu məqamı qeyd etməsi və Sorosu açıq hədəf seçməsi heç də təsadüfi deyil. Məsələ ondadır ki, qlobalistlər və onların üzdə görünən siması, dünyada “inqilabların atası” olaraq tanınan amerikalı milyarder Corc Sorosun “açıq cəmiyyət” ideyasının əsas hədəf auditoriyası məhz gənclərdir.Təsadüfi deyil ki, hazırda dünyanın əksər ölkələrində gənclər sürətlə həmin hərəkata cəlb olunur. Proses məhz Soros Fondunun maliyyələsi ilə həyata keçirilir. Əslində isə Soros bu kimi ittihamları inkar etmir. Mənə elə gəlir ki, hər bir ölkənin Prezidenti bu cür risqli çıxış etmir. Məlumdur ki, həmin şəbəkənin əlində kifayət qədər resurslar var. Buna baxmayaraq, Prezident ölkəmizin gələcəyi naminə cəsarət nümunəsi ortaya qoyur. Biz gənclər bundan ciddi nəticə çıxarmalıyıq. Gənclərin ümumi ab-havasından görünür  ki, ölkə gəncləri cənab Prezidentin yürütdüyü siyasəti dəstəkləyirlər. Artıq Azərbaycan yeni mərhələyə qədəm qoyub. Yad təsirlərlə bizim ölkənin daxilində məkirli siyasət yütüdülə bilməz. Bizim gənclər 44 günlük müharibənin gedişində dövlətlərinə nə qədər bağlı olduqlarını göstərdilər. Düşünürəm ki, belə Prezidenti və gəncləri olan ölkə heç vaxt sarsılmaz.

Rüfət Muradov,  İmişli RİHB Aparatı İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini,
dini qurumlarla iş təşkilatçısı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki