image-qanunla-reklam
image-17025528841576233340_1200x630

Vəkillər Kollegiyasının sədri: Vəkilin bilik səviyyəsi prokurorun, hakimin, müstəntiqin biliyindən aşağı olmamalıdır – MÜSAHİBƏ

image-lady-day-az

Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov ölkədə vəkillik peşəsinin inkişafı sahəsində cari ildə görülmüş işlər, kollegiyanın aidiyyəti dövlət qurumları və beynəlxalq əlaqələri, vəkillik fəaliyyəti məhdudlaşdırılan şəxslər, regionlarda işləyən vəkillərin fəaliyyəti, bu peşəni təmsil edən şəxslərin sayı, qurumun maddi texniki imkanları barədə AZƏRTAC-a geniş müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

– Son illər ölkəmizdə vəkillik institutunun nüfuzunun artdığı müşahidə edilir. Hazırkı nəticəyə necə nail olunub və gələcəkdə bu sahənin inkişafı üçün hansı addımlar atmağı planlaşdırırsınız?

– Azərbaycanda vəkillik peşəsi tam müstəqildir. 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun qəbul edilmişdi və həmin qanuna görə vəkillik müstəqil peşə kimi tanınmışdı. Yeri gəlmişkən, bu il 100 illiyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin böyüklüyü, müdrikliyi, uzaqgörənliyi ondan ibarət oldu ki, xalqımızın dahi şəxsiyyəti, eyni zamanda, ölkədə müstəqil vəkillik institutunun banisi oldu. Bir sıra postsovet ölkələrində isə hələ də vəkillik institutu Ədliyyə Nazirliyindən tabeli vəziyyətdədir. Qazaxıstanda, Özbəkistanda, Belarusda bu peşə tam müstəqil deyil. Rusiyada vəkillərin vəsiqəsini Ədliyyə Nazirliyi verir. Hüquqi yardıma çatımlılıq həm beynəlxalq, həm də yerli səviyyədə əsas insan hüquqlarından biridir. Bu olmadıqda heç vaxt ədalət mühakiməsinin yüksək standartlarından danışmaq olmaz. Məlum olduğu kimi, vəkillər insanların hüquqlarını müdafiə edirlər. Bu zaman ehtiyacı olan hər kəsə yüksək keyfiyyətli peşəkar hüquqi yardım göstərməlidirlər. Əslində hüquqi yardıma çatımlılıq təmin edilən cəmiyyətlərdə ədalət mühakiməsi də keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyur. Bu baxımdan son illər ərzində Azərbaycanda vəkillik sahəsində aparılan islahatların əsas hədəfi təbii ki, vətəndaş məmnunluğunun artırılması ilə bağlıdır. Azərbaycan vəkilləri hər bir vətəndaşımıza maddi, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq hüquqi yardım göstərməyə hazırdırlar. Son illər ərzində aparılan islahatlar təkcə Vəkillər Kollegiyasının təşəbbüsü ilə olmayıb. Azərbaycan Prezidenti İlham Əliyev də ölkədə vəkillik fəaliyyətinin gücləndirilməsinə çox böyük dəstək göstərib. Çünki vəkillik peşəsi dövlətimizin diqqətində olan vacib sahələrdən biridir. Vəkillər Kollegiyasının işi barəsində ölkə vətəndaşlarının, cəmiyyətin kifayət qədər məlumatı olmalıdır. Qeyd edim ki, Vəkillər Kollegiyası qapalı bir qurum deyil. Bu qurum vətəndaş cəmiyyətinin ən mühüm təsisatlarından biridir. Buna görə də son illər ərzində işimizi tam şəffaf qaydada qurmuşuq. Həm kütləvi informasiya vasitələrinin nümayəndələri ilə, həm dövlət, həm də qeyri-dövlət təşkilatları ilə əməkdaşlıq edirik. Məqsədimiz odur ki, ölkəmizdə hüquqşünaslar arasında vəkil peşəsi populyar və hər kəs üçün əlçatan olsun.

– Altı ildir Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədrisiniz. Altıillik iş fəaliyyətiniz barədə nə deyə bilərsiniz? İşinizdən nə dərəcədə razı qalmısınız?

– 2017-ci ilin dekabrında ilk dəfə olaraq vəkillərin konfransı tərəfindən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri vəzifəsinə seçilmişəm. Aydın məsələdir ki, hər bir insanın əməyinə, fəaliyyətinə ilk növbədə, onu seçən insanlar tərəfindən qiymət verilir. Zənnimcə, vəkil həmkarlarım tərəfindən şəxsən fəaliyyətimə verilən ən yüksək qiymət ondan ibarət olub ki, düz bir il öncə Vəkillər Kollegiyasının konfransı tərəfindən təkrarən növbəti 5 il müddətinə sədr seçilmişəm. Şəxsən mənim üçün böyük şərəfdir ki, ölkəmizin vəkil korpusu növbəti dəfə məni Kollegiyanın sədri vəzifəsində görmək istədi. Ölkədə vəkilliyin nüfuzu, onun gücləndirilməsi, modernləşdirilməsi və vəkillik fəaliyyətinin təminatı bizim üçün ən vacib məsələlərdən biridir. Həm ilk, həm də təkrar seçkilərdə öz həmkarlarım qarşısında verdiyim ən vacib vədlərdən biri o olub ki, mən hər bir vəkilin vəkili olmalıyam. Öz fəaliyyətimdə bu vədimə əməl etməyə çalışıram. Mənim öz fəaliyyətimə verdiyim qiymət barəsində isə birmənalı olaraq qeyd edə bilərəm ki, fəaliyyətimdən tam razı deyiləm. Çünki həmişə özümün və başqalarının fəaliyyətinə tənqidi yanaşıram. Hesab edirəm ki, bundan sonra da bir çox işlər görülməlidir. Peşə fəaliyyətimiz sahəsində hələ də mövcud olan nöqsanlar və qanunvericilikdə olan müəyyən boşluqlar aradan qalxmalıdır. Əsas odur ki, bunları aradan qaldırmaq üçün iradəmiz və görüləcək işlər üzrə yol xəritəmiz var.

– Konkret olaraq, hansı boşluqlardan söhbət gedir?

– Ötən müddət ərzində “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun təkmilləşdirilməsi üçün bir çox işlər görmüşük. Bu sahədə tərəfimizdən müvafiq layihələr hazırlanıb. Hazırda qanunda olan boşluqların aradan qaldırılması üçün çalışırıq. Ancaq Vəkillər Kollegiyasının qanunvericilik təşəbbüsü hüququ olmadığına görə təbii ki, bunu etmək bəzən çətin olur. Bu məsələləri aidiyyəti dövlət qurumları ilə razılaşdırmalıyıq. Ümid edirəm ki, yaxın dövrdə bunu yekunlaşdıra biləcəyik. Eyni zamanda, çox istərdim ki, ölkədə vəkillərin sayı çoxalsın. Bizi narahat edən məqam odur ki, hələ də Avropa ölkələri siyahısında ölkəmiz vəkillərin sayına görə son yerlərdən birini tutur. Bu məsələyə biganə qala bilmərik. Düzdür, 2018-ci ilin əvvəlində bu rəqəm çox bərbad idi. Belə ki, ölkədə 11 min vətəndaşa bir vəkil düşürdü. Hazırda isə təxminən 4 000 nəfərə bir vəkil düşür. Ancaq bu göstərici yenə də bizi qane etmir. Bundan əlavə, vəkillərin sayının artımı da kortəbii olmamalıdır. Ən savadlı, hazırlıqlı, peşəkar hüquqşünaslar vəkil peşəsinə yiyələnməlidir. Bizə həm kəmiyyətin, həm də keyfiyyətin artması lazımdır. Bu balansı qoruyub saxlamaq isə çox çətin məsələdir. Gənc hüquqşünasların vəkil olmaq istəyinin şahidiyik. Ancaq qanunda vəkil olmaq üçün 3 illik staj tələb olunur. Bu staj tələbi universitetləri bitirən savadlı, perspektivli hüquqşünasların bu peşəyə gəlməsinə mane olur. Bu obyektiv səbəbin qarşısını ala bilmirik. Buna ancaq qanunu dəyişməklə nail ola bilərik. Hesab edirəm ki, vəkillik fəaliyyəti üçün 1 illik staj kifayət edir.

Bundan əlavə, əvvəllər vəkillik peşəsinə daha çox yaşlı nəslin nümayəndələri gəlirdi. Hazırda müəyyən dərəcədə əvvəllər mövcud bu stereotip düşüncə aradan qalxıb. Gənc nəslin də vəkilliyə yanaşması dəyişib. Bizim hüquqşünas tələbələrimiz vəkillik peşəsinə maraq göstərirlər. Biz də var gücümüzlə bu marağı təşviq edirik. İstərdik ki, regionlarda da bu proses güclənsin. Bu gün ölkədə 2 387 nəfər vəkil fəaliyyət göstərir. Onlardan 1 796 nəfəri Bakıda, yalnız 541 nəfəri regionlardadır. Vəkillik peşəsi azad olduğuna görə biz təyinatla vəkili hansısa regiona göndərə bilmərik. Hüquqi yardım xidmətləri bu sahədə tarazlıq yaratmalıdır. Bəzən elə vəziyyət yaranır ki, vəkillər özləri gedib regionda işləmək istəyirlər. Son illər ərzində görülmüş tədbirlər, mütəmadi olaraq keçirdiyimiz imtahanlar və gənc hüquqşünaslar arasında apardığımız işlər nəticəsində 2018-ci ilin əvvəlindən ölkədə vəkil sayı 2,6 dəfə artıb. Xatırladım ki, 2004-2018-ci illər ərzində ölkədə cəmi 5 dəfə imtahan keçirilib. Ancaq son 6 ildə 12 dəfə yazılı test imtahanı keçirilib. Yalnız 2023-cü ildə 600 nəfərdən çox namizəd bizim test imtahanlarımızda iştirak edib. Onlardan 206 nəfəri uğur əldə edib.

– Bəzən cəmiyyətdə belə bir fikirlər səslənir ki, vəkilliyə qəbul digər peşələrdən asan olmalıdır. Sizin bu cür fikirlərə münasibətiniz necədir?

 

 

– Biz çalışırıq ki, ən layiqli şəxslər vəkil olsun. Bu gün vəkil olmaq elə də asan iş deyil. İmtahanlar sualların mürəkkəbliyinə görə hakimlərin verdiyi imtahanlarla demək olar ki, eynidir. Hesab edirəm ki, imtahanlara daha da yaxşı hazırlaşmaq lazımdır. Çünki vəkilin bilik səviyyəsi prokurorun, hakimin, müstəntiqin biliyindən aşağı olmamalıdır. Ölkədə vəkillik fəaliyyəti gücləndikcə və vəkillərin sayı artdıqca vəkillər məhkəmə sistemində əsas kadr bankına çevrilib. Yeni təyin olunan hakimlər sırasında vəkillər ön sıralardadır. Bu, onu deməyə əsas verir ki, getdikcə vəkillərin məhkəmə fəaliyyətində rolu daha da artacaq. Həmçinin hesab edirəm ki, ölkədə vahid test imtahanı olmalıdır. Vəkilləri, hakimləri, prokurorları ayrıca testdən keçirməyə ehtiyac olmamalıdır. Yazılı imtahan vahid olmalıdır. İnkişaf etmiş cəmiyyətlərdə belə bir təcrübə var. Ümid edirəm ki, gələcəkdə bu məsələlər öz həllini tapacaq. Bir çox ölkələrdə bütün hüquqşünaslar vahid test imtahanı verirlər. Test ancaq beş il ərzində qüvvədə olur, onlar sertifikat alırlar. Sonra müxtəlif qurumlarda bu nəticələrlə əlavə imtahanlar da verə bilərlər. Bu, çox düzgün olardı. Arzu edərdim ki, gələcəkdə bu məsələlər öz həllini tapsın. Bizi narahat edən ikinci məsələ – vəkillikdə gender balansı məsələləridir. 2018-ci ilin əvvəlində vəkillərin yalnız 14 faizini xanımlar təşkil edirdi, 86 faiz vəkil isə kişilərdən ibarət idi. Bu, çox xoş olmayan statistika, göstərici idi. Deyə bilərəm ki, yenə də ardıcıl, məqsədyönlü atılan addımlar nəticəsində bu statistikanı xeyli dəyişə bilmişik. Bu sahədə gənc xanım hüquqşünaslar arasında görüşlər, müzakirələr, diskussiyalar, treninqlər baş tutub. Həmçinin Vəkillər Kollegiyasında Qadın Vəkillər Alyansı yaradılıb. Hazırda qadın vəkillərin sayı xeyli artıb və ümumi vəkillər sırasında 415 nəfər qadın vəkilimiz var. Bu müsbət dinamika getdikcə davam edəcək. Qonşu ölkələrdə: Türkiyə, İran, Qazaxıstan, Rusiya, Gürcüstanda haradasa balans var. Yalnız bizdə belə statistika var idi. Hesab edirəm ki, xanım hüquqşünasların potensialından gələcək vəkillik üçün biz geniş istifadə etməliyik. Əslində, xanımlar üçün vəkillik çox gözəl peşədir. Azad şəkildə həm ailə ilə, həm də sevimli işinlə məşğul ola bilirsən. Bu peşədə yaş həddi olmadığı üçün istədiyin qədər işləyə də bilərsən. Vəkillər Kollegiyasının üzvləri Kollegiyadan nə əməkhaqqı, nə rütbə, nə də vəzifə alırlar. Mən də vəkiləm, onlar da vəkildir. Hamımızın mantiyası eynidir və bu, bizim bərabərliyimizi göstərir. Əslində isə bizim vahid mantiyamız peşə həmrəyliyimizin və bütün vəkillərin bərabər hüquqlara malik olduğunun bir rəmzidir.

– Qadınların bu peşədə sayının az olmasının səbəblərindən biri də həm də qarşı tərəfin hər hansı təzyiqlərindən ehtiyat etməklə bağlı ola bilərmi?

– Bizim peşəmiz cəsarət tələb edir. Mən sualınızla bağlı fikirlərimi öz müşahidələrimə və təcrübələrimə əsaslanaraq bildirmək istərdim. Belə ki, Kollegiyadakı fəal xanımların bir çoxunun müxtəlif situasiyalarda fəaliyyətini izləmişəm. Elə xanımlarımız var ki, kifayət qədər cəsarətli, mərd, prinsipialdır. Əgər insan müstəqil düşünə bilirsə, prinsipialdırsa, iradəlidirsə, qətiyyətlidirsə, onda cinsindən asılı olmayaraq birmənalı olaraq yaxşı vəkil olacaq. Bu gün bizim xanımlarımız bu keyfiyyətlərə kifayət qədər malikdirlər. Təkcə bir faktı isə misal çəkim ki, bütün Türk dünyasının ilk xanım vəkili azərbaycanlı, Şuşa şəhərində doğulmuş Əhməd bəy Ağaoğlunun qız övladı Sürəyya Ağaoğlu olub. Sürəyya Ağaoğlu 1903-cü ildə Şuşa şəhərində dünyaya gəlib. Yeri gəlmişkən, bu il onun anadan olmasının 120 illiyini qeyd edirik. Şəxsən xanım vəkillərin kişi vəkillərlə müqayisədə hər hansı problemini görmürəm. Əksinə, gördüyüm mənzərə ondan ibarətdir ki, xanım vəkillər bir çox kişilərdən də bəlkə işinə daha məsuliyyətlə yanaşır. Bizim vətəndaşlar da tez-tez xanım vəkil axtarırlar. Ona görə ki, xanımlar işlərində bir qayda olaraq daha nizam-intizamlı, punktual və səliqəli olurlar, müştərilər də bunu dəyərləndirir.

– Hazırda fəaliyyət göstərən 2 387 vəkilin yaş aralığı nisbəti necədir?

– Əvvəllər böyük problem ondan ibarət idi ki, vəkillərin yaşı əllidən yuxarı idi. Amma son illər bu peşəyə qəbul olunan vəkillərimiz 30 yaşınadək olan hüquqşünaslardır. Nəticə etibarilə, bu gün Azərbaycanda vəkillərin orta yaşı haradasa 40-dır. Bu, yaxşı bir göstəricidir. Aydın məsələdir yaşı daha çox olan vəkillərimiz də var. Hər birinə bizim xüsusi hörmətimiz və rəğbətimiz var. Məhz bu məqsədlə Vəkillər Kollegiyasının Ağsaqqallar Şurası yaradılıb. Həmin Şuraya ölkəmizin Əməkdar hüquqşünası, böyük təcrübəyə malik olan İkram Kərimov rəhbərlik edir. Bizim 80-90-a yaxın yaşı olan vəkillərimiz də var. Bu peşədə yaş həddi yoxdur. Ancaq orta hesabla son illər ərzində bizə gələn vəkillərin tam əksəriyyəti 40 yaşına kimi olan şəxslərdir. Nəticə etibarilə vəkillik gəncləşir. Orta yaş getdikcə 40 yaşdan aşağıya düşür və bu, təbii ki, müsbət haldır.

– Müsahibələrinizin birində Naxçıvan Muxtar Respublikasında vəkillərin sayının azlığından narahatlığınızı dilə gətirmişdiniz. Bu il ərzində rəqəmlərdə hər hansı artım varmı?

– Təəssüf hissi ilə onu qeyd edim ki, Naxçıvan Muxtar Respublikasında son illər ərzində vəkillərin sayı nəinki artıb, əksinə azalıb. Bu gün Naxçıvanda cəmi 18 nəfər vəkil fəaliyyət göstərir. Təbii ki, bu bizi qane edə bilməzdi. Hazırda Naxçıvan Vəkillər Kollegiyasının yeni rəhbərliyi seçilib və çox mütərəqqi, savadlı insanlardır. Yeni Rəyasət Heyəti ilə biz sıx təmasdayıq. Onlara hərtərəfli dəstək göstəririk. Elə bu il mən iki dəfə Naxçıvana səfər etmişəm. Orada həm rəsmilər, həm vəkillər, həm də hüquqşünas tələbələrlə bir çox görüşlər keçirmişik. Naxçıvan Dövlət Universitetinin çox gözəl şəraiti var. Oranın hüquq fakültəsinin tələbələri bizim gələcək potensial vəkillərimizdir.

Həmçinin ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda biz yeni vəkil bürosu açdıq. Hazırda imtahanda da Naxçıvandan olan namizədlər uğur qazanıblar. Mən ümid edirəm ki, növbəti imtahandan sonra, yəni 2024-cü ildə Naxçıvanda vəkil sayında kəskin artım olacaq. Proqnozlarıma görə, gələn ilin təxminən aprelinədək bu artım baş verəcək. Biz bundan ötrü bütün səylərimizi səfərbər edirik və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının tərkibində olan Naxçıvan Muxtar Vəkillər Kollegiyasına hər cür dəstək – həm maddi, həm də təşkilati dəstək göstəririk. Hətta onlara avtobus da hədiyyə etmişik. Bundan əlavə, Naxçıvan Respublikasının Vəkillər Kollegiyası bu ilə kimi özü-özünü maliyyələşdirə bilmirdi. Hətta onlara Naxçıvan dövlət qurumlarından maddi dəstək göstərilirdi. İndi bu məsələ aradan qalxıb. Hazırda bu qurum da tamamilə özünü idarə edən, özünü maliyyələşdirən bir orqana çevrilib.

– Hazırda hansı hallarda vətəndaşlar ödənişsiz hüquqi yardım ala bilirlər?

– Bu ilin iyul ayına kimi yalnız cinayət işləri və mülki işlər üzrə kassasiya instansiyasında vətəndaşlar dövlət hesabına ödənişsiz hüquqi yardımdan yararlana bilirdilər. Mülki və apellyasiya işləri üzrə birinci instansiyada isə belə bir imkan yox idi. Prezident İlham Əliyevin təşəbbüsü ilə Mülki Prosessual Məcəlləyə dəyişikliklər edildi. Nəticə etibarilə, mülki işlər üzrə də çox geniş kateqoriya aztəminatlı və imtiyazlı şəxslərə də dövlət hesabına hüquqi yardımın göstərilməsi qanunla müəyyən olundu. Bu, çox böyük bir uğurdur. Ümumiyyətlə, son illər ərzində saysız-hesabsız ödənişsiz hüquqi yardım aksiyaları keçirilir. Vəkillik ölkədə az peşələrdəndir ki, vətəndaşlara ödənişsiz hüquqi yardım da göstərir. 2022-2023-cü illər ərzində 5 000-ə yaxın vətəndaşa tamamilə ödənişsiz hüquqi yardım göstərilib. Fürsətdən istifadə edib sizin vasitənizlə vətəndaşlara müraciət edirəm ki, dekabrın 28-də bizim vəkillər tərəfindən növbəti ödənişsiz hüquqi yardım aksiyası keçiriləcək. Bundan əlavə, dövlət hesabına hüquqi yardımla bağlı 2020-2022-ci illər ərzində Azərbaycanda 78 109 qərar üzrə vətəndaşlarımıza dövlət hesabına hüquqi yardım göstərilib. 2023-cü il tamam başa çatmasa da, qeyd edə bilərəm ki, bu günə kimi 34 182 qərar üzrə vətəndaşlara dövlət hesabına hüquqi yardım göstərilib. Bu, artıq kəskin bir artımdır. Bilirsiniz ki, dövlət hesabına hüquqi yardımın 1 saatına görə 6 manat ödənilir. Son dəfə bu sahə üzrə artım 2018-ci ildə baş verib. Bizi narahat edən məqam odur ki, 2018-ci ildən bəri həmin rəqəm dəyişməz olaraq qalıb. Aydındır ki, bütün sahələr üzrə əməkhaqlarında artım baş verib. Ona görə də bu məsələ ilə bağlı tərəfimizdən aidiyyəti dövlət qurumuna müraciət edilib. Yəqin ki, bu məsələ də öz həllini tapacaq.

– Mütərəqqi addımlardan biri odur ki, bu ilin sentyabrında vəkillərin özlərinin peşə hüquqlarının pozulmasına qarşı Kollegiyada “Vəkillərin peşə hüquqlarının müdafiəsi komitəsi” yaradılıb. Yaradılmasından az vaxt keçsə də bu müddət ərzində komitəyə müraciət edən vəkillər olubmu?

– Əslində, vəkillərin hüquqlarının müdafiəsi Kollegiyanın əsas hüquqlarından biridir. Ancaq təəssüf edirəm ki, bizdə qanunda və Kollegiyanın nizamnaməsində bu məsələ öz əksini tapmayıb. 2022-ci ilin dekabrında keçirilən konfransda biz nizamnaməyə dəyişiklik etdik və sənədə Vəkillər Kollegiyasının əsas funksiyalarından biri kimi vəkillərin hüquqlarının müdafiəsinin müddəasını daxil etmişik. Məhz bunu rəhbər tutaraq müvafiq komitə yaratdıq. Orada bizim peşəkar vəkillərimiz təmsil olunur. Düzdür, komitə hələ tam gücü ilə fəaliyyət göstərmir. Çünki onun əsasnaməsi və təşkilatı məsələləri tam həllini tapmayıb. Ancaq demək olar ki, mütəmadi olaraq vəkillər pozulmuş hüquqları ilə bağlı mənə şəxsən müraciət edirlər. Operativ olaraq onların problemlərinin həlli ilə bağlı aidiyyəti qurumlarla danışıram. Məsələni işçi qaydada həll edirik.

Qeyd edim ki, hər il dekabrın 28-də vəkillərin peşə bayramı günü qeyd olunur. İlk dəfə olaraq, bu peşə bayramı ərəfəsində ən çox cinayət və mülki işlər üzrə fərqlənən, uğur əldə etmiş üç vəkili təltif edəcəyik. Həmçinin ilin sonunda vəkilliyin fəaliyyətinə töhfə verən digər peşə sahiblərini də təltif edəcəyik. Bu məqsədlə “Vəkillərin dostu” mükafatı da təsis olunacaq.

– Vəkillərin İntizam Komissiyası tərəfindən cari ildə neçə vəkil Kollegiyadan kənarlaşdırılıb?

– Biz adətən vəkillərin cəzalandırılması ilə bağlı rəqəmləri açıqlamırıq. Bu zaman onların adlarının da açıqlanması məsələsi gündəmə gəlir. Burada məsələ vəkilin nüfuzu ilə bağlıdır. Qeyd edim ki, 2023-cü il ərzində Vəkillər Kollegiyasının Rəyasət Heyətində 186 intizam işinə baxılıb. 12 nəfər vəkilin fəaliyyəti, onların üzvlükdən azad edilməsi üçün məhkəməyə müraciət edilməsi ilə bağlı qərarlar qəbul olunub. 9 nəfər vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb. 19 vəkilə töhmət verilib və 21 vəkilə irad tutulub. Humanizm nümayiş etdirilərək 31 iş üzrə intizam tənbeh tədbiri tətbiq edilməyərək, sadəcə xəbərdarlıq edilib. Çox istərdik ki, gələcəkdə qanunda vəkillərin intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı meyarlar daha dəqiq göstərilsin.

– Xaricdə ailə vəkilliyi institutu daha geniş yayılıb. İnsanlar hər hansı problemlə üzləşəndə vəkilləri onları müvafiq instansiyalarda təmsil edirlər. Azərbaycanda bunun geniş yayılmamasının səbəbi vəkil saxlamaq üçün ona aylıq məvacib ödənilməsi ilə bağlı ola bilərmi? Sizcə, başqa hansı səbəblər var?

– Bizdə bu institutun yayılmamasının əsas səbəbini cəmiyyətdə hüquq mədəniyyətinin yüksək səviyyədə olmaması ilə əlaqələndirirəm. Bizim insanlar problemlə üzləşəndə vəkilə müraciət etmək əvəzinə dost, qohum, tanış axtarırlar. Xaricdə isə bu hal qeyri-etik sayılır. Bu məsələdə də gələcəkdə müsbət irəliləyiş olacaq. Artıq bəzi ailələrin özlərinin vəkilləri var. Hüquqi şəxslərin özlərinin vəkilləri var və yaxşı olardı ki, fiziki şəxslər də bu metoddan istifadə etsinlər. Beynəlxalq təcrübədə geniş yayılmış ailə vəkili institutu bizdə də inkişaf etməlidir. Təbii ki, vəkillərimizə tövsiyəmiz ondan ibarətdir ki, abunə haqqını təyin edəndə insanların gəlirlərini də nəzərə alsınlar.

– Kollegiyanın hazırkı fəaliyyət göstərdiyi binanın texniki imkanları sizi qane edirmi? Gələcəkdə yeni ofisə köçmək planlarınız varmı?

– Vəkillər Kollegiyasının fəaliyyət sahəsi çox genişdir. Bizdə peşəyə qəbul, intizam icraatı, vətəndaşların qəbulu, beynəlxalq əməkdaşlıq, dövlət və qeyri-dövlət qurumları ilə əlaqələndirmə, peşə hazırlığının artırılması, ərizə və şikayətlərin qəbulu prosesləri var. Ölkədə bu həcmdə çoxsahəli fəaliyyət göstərən və yalnız Aparatında 19 nəfər mütəxəssis işləyən ikinci bir qurum yoxdur. Vəkillər Kollegiyası özü-özünü maliyyələşdirən bir qurumdur, ona görə də ştatları çox edə bilmərik. Ancaq vəkillərin sayı artdıqca iş həcmi də artır. Təbii ki, yeni müasir binaya ehtiyacımız var. Prezident İlham Əliyev 2018-ci ildə ölkədə vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər barədə Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, regional məhkəmələrin fəaliyyət göstərdiyi bölgələrdə Vəkillər Kollegiyasına binaların ayrılması ilə bağlı tapşırıqlar verilib. Gəncədə hazırda binanın təmir olunması istiqamətində işlər davam edir. Ümid edirəm ki, gələn il həmin binanı da təhvil verəcəyik. Sumqayıt, Şəki, Şirvan şəhərlərində Vəkillər Kollegiyasının müasir binaları istifadəyə verilib. Bakı şəhərində isə bütün layihə-smeta sənədləri hazırdır. Yaxın zamanda, əsaslı təmir-tikinti işlərinə başlayacağıq. Öz binamızı daxili imkanlarımız hesabına təmir edəcəyik. Dövlət tərəfindən müəyyən dəstək olsa, bizim də yükümüz azalar. Buna ümid edirəm. Hesab edirəm ki, 2025-ci ilin sonu, 2026-cı ilin əvvəlinə kimi biz işləri yekunlaşdıracağıq.

– Ölkədə mediasiya institutunun yaranması vəkillərin fəaliyyətinə necə təsir göstərib?

– Vəkillər Kollegiyası Mediasiya Şurasının həmtəsisçisi olaraq onun fəaliyyətinə hər zaman dəstək göstərib. Mediasiya Şurası və onun rəhbərliyi ilə bizim işgüzar və sağlam əməkdaşlığımız mövcuddur. Mediatorlar sırasında da vəkillərimiz üstünlük təşkil edir. Bəzən maraqların toqquşması halları da baş verir. Çalışırıq ki, qarşılıqlı əməkdaşlıq əsasında məsələləri tez zamanda həll edək. Gələcəkdə Mediasiya Şurası daha da gücləndikcə, bu instituta vəkilliyin yeri və rolu barədə məsələni yenidən müzakirə etmək mümkün olacaq.

– Vəkillər Kollegiyasının məhkəmələr və Məhkəmə-Hüquq Şurası ilə əməkdaşlığını necə qiymətləndirirsiniz?

– “Məhkəmə Hüquq Şurası” haqqında Qanuna əsasən Vəkillər Kollegiyası Şuranın işində iştirak edir. Hazırda Kollegiyanı Məhkəmə-Hüquq Şurasında mən təmsil edirəm. Bir nümayəndəmiz də Hakimlərin Seçki Komitəsində fəaliyyət göstərir. Vəkillər Kollegiyası məhkəmə hakimiyyətinin formalaşmasında, idarə edilməsində bilavasitə iştirak edir. Yeri gəlmişkən, vəkil korpusunun formalaşmasında hakimlər də iştirak edir. Bu sahədə son illər ərzində ciddi islahatlar aparılır. Ali Məhkəmənin sədri İnam Kərimovun təşəbbüsü ilə Femida Dialoq Platforması fəaliyyət göstərir. Bu çərçivədə ilk görüş vəkillərlə keçirildi. Bu da onu göstərir ki, Ali Məhkəmənin rəhbərliyi vəkillərin fəaliyyətinə çox böyük önəm verir. Hakim həmkarlarımızla birgə hədəfimiz ondan ibarətdir ki, ədalət mühakiməsi həyata keçirilən zaman qeyri-prosessual münasibətlər tamamilə aradan qalxsın. Bu cür halların qarşısının alınması üçün müəyyən hüquqi baryerlər, mexanizmlər mümkün olmalıdır.

– Son illərdə Kollegiyanın beynəlxalq əlaqələri sahəsində hansı yeniliklər baş verib?

– Bu gün Azərbaycan beynəlxalq arenada mühüm ölkələrdən biridir. 2018-ci ilə kimi Kollegiyanın beynəlxalq əməkdaşlığı mövcud deyildi. Hazırda isə fəaliyyətimizdə beynəlxalq əməkdaşlıq önəmli yer tutur. Demək olar ki, bütün beynəlxalq vəkil təşkilatlarının üzvüyük. Bir çox beynəlxalq təşkilata üzv olmaqla hər kəsə sübut etdik ki, ölkəmizdə müstəqil vəkillik peşəsi və Kollegiyası mövcuddur. Əməkdaşlıqlarımız vasitəsilə xaricdəki Azərbaycan vətəndaşlarının problemlərinin həllinə töhfə veririk. Eyni zamanda, ölkəmizin haqlı mövqeyini də beynəlxalq səviyyədə təşkilatların diqqətinə çatdırırıq. Bundan əlavə, bir çox beynəlxalq tədbirləri də ölkəmizdə təşkil edirik.

– Siz hazırda vəkil kimi işlərə çıxmırsınız. Maraqlıdır ki, bundan öncəki vəkillik fəaliyyətinizdə çıxdığınız işlər üzrə hansı uğurlar əldə etmisiniz?

– Mən mülki və biznes hüququ sahəsində vəkillik fəaliyyəti göstərmişəm. Hesab edirəm ki, kifayət qədər də uğurlu vəkil idim. Qısa müddət ərzində rəhbərlik etdiyim hüquq şirkəti ölkənin aparıcı hüquq şirkətlərindən biri olub. Beynəlxalq reytinqlərə görə, həmişə partnyor olduğum şirkət ilk sıralarda yer alıb. Zənnimcə, fəaliyyətimə ən yaxşı qiymət verən şəxslər müştərilərimdir. Günü bu gün də onlar mənə müraciət edirlər. Ancaq hazırda mən məhkəmə işlərinə çıxmıram, amma çalışıram ki, əlaqələrimi itirməyim. Demək olar ki, hər gün mənə müraciət edən hər kəsə imkan və vaxt daxilində ödənişsiz hüquqi yardım göstərirəm. İndiyə kimi peşəmlə bağlı mənə müraciət edən adamlara “yox” deməmişəm. 27 ildir ki, mobil telefon nömrəmi dəyişmirəm. Çünki köhnə tanışlarım, yaxınlarım və vətəndaşlar üçün əlçatan olmalıyam. Sosial şəbəkələrdəki səhifələrimi də özüm idarə edirəm. Həmkarlarıma vətəndaşlara, cəmiyyətə daha əlçatan olmaq fəaliyyətimin əsas prinsipidir. Bu prinsipə sadiq qalmağa çalışıram.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki