image-qanunla-reklam
image-img_20251108_223819

Vəkil Toğrul Rzayev: “Müğənnilər qazandıqları məbləğə uyğun olaraq dövlətə vergi ödəyirlərmi?”

image-lady-day-az

“Daxili İşlər Nazirliyinin qumarın təbliği ilə bağlı həyata keçirdiyi əməliyyat xüsusi əhəmiyyət daşıyır və hesab edirəm ki, bu addım tam yerində və doğru qərardır” .

Bu fikirləri Qanunla.az-a Vəkillər Kollegiyasının üzvü, 32 saylı Vəkil Bürosunun vəkili Toğrul Rzayev bildirib.

Onun sözlərinə görə, son dövrlərdə sosial şəbəkələrdə, xüsusilə də TikTok platformasında geniş izləyici kütləsi olan bəzi şəxslər milli-mənəvi dəyərlərə və cəmiyyətin əxlaqi normalarına zidd davranışlar nümayiş etdirərək, ictimai narazılığa səbəb olublar:

“Onların fəaliyyəti araşdırıldıqda görmək mümkündür ki, heç bir maarifləndirici, inkişaf yönümlü və ya cəmiyyət üçün faydalı məzmun təqdim edilmir. Əksinə, qumarın təbliği, mənasız şoular və dəyər aşındıran davranışlar ön plana çıxır”.

Vəkil onu da diqqətə çatdırıb ki, son zamanlar TikTokda özlərini “müğənni” və ya “sənət adamı” kimi təqdim edən bəzi şəxslərin davranışları da cəmiyyət arasında ciddi narazılıq doğurur:

“Açıq şəkildə demək lazımdır ki, ortada nə səs, nə sənət, nə də peşəkarlıq var. Sadəcə olaraq diqqət çəkmək, süni gündəm yaratmaq naminə əxlaqdan kənar davranışlar, bədən üzvlərini nümayiş etdirmə və şou xarakterli hərəkətlər var. Bu şəxslər müxtəlif verilişlərdə ayda 20, 30, hətta 40 min manata qədər gəlir əldə etdiklərini bildirirlər. Amma bu gəlirin əsasında yaradıcı fəaliyyət və ya ictimai fayda yoxdur – sadəcə özlərini reklam etmək və sosial şəbəkə üzərindən qazanc əldə etmək var. Eyni zamanda çox vaxt bu şəxslərin nitqi, davranışı, ünsiyyət mədəniyyəti və böyüklərə hörmət kimi ən elementar sosial normalardan uzaq olduğu müşahidə olunur. Əgər bu qədər yüksək gəlirdən danışılırsa, həmin şəxslər qazandıqları məbləğə uyğun olaraq dövlətə vergi ödəyirlərmi?”.

T. Rzayev qeyd edib ki, Vergi Məcəlləsinə görə, qanuni gəlir əldə edən hər kəs, istər müğənni, istər bloqer, istər influencer olsun – dövlətə vergi ödəməyə borcludur. Xüsusilə ictimaiyyət qarşısında bu qədər nümayişkaranə şəkildə gəlirdən danışan şəxslərin gəlir bəyannaməsi və vergi öhdəlikləri şəffaf olmalıdır. Bu sahədə də nəzarətin gücləndirilməsi cəmiyyətin ədalət hissəsini bərpa etmək və sağlam sosial mühitin formalaşması üçün vacibdir.

Orxan Rasifoğlu 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki