Xəbər verdiyimiz kimi, bu gün ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana səfər edəcək.
Səfər öncəsi Qərbi Azərbaycan İcması və ölkənin bir sıra vətəndaş cəmiyyətinin nümayəndələri Vensə müraciət edərək, bir sıra vacib məsələləri qabardıblar. Xüsusi olaraq, Qərbi Azərbaycan məsələsi önə çəkilib.
Bu müraciətlərdə 1987-ci ildən bəri Ermənistandakı dədə-baba torpaqlarından zorla çıxarılan Qərbi azərbaycanlıların üzləşdiyi tarixi ədalətsizlik xüsusi vurğulanıb. Qeyd olunub ki, bu prosesdə yüzlərlə kənd viran qoyulub, evlər talanıb, İrəvandakı tarixi Göy Məscid də daxil olmaqla müqəddəs yerlər təhqir edilib və ya tarixi izləri silinib. Həmçinin, Qərbi azərbaycanlıların heç bir ərazi iddiası irəli sürmədiklərindən də söz açılıb.
Bu müraciətlərdə 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin ümid işığı rolunu oynadığı vurğulanıb.
Müraciətin sonunda 1990-cı illərin əvvəllərində Ermənistan Respublikasından qovulmuş azərbaycanlıların qayıtmaq hüququnun müdafiəsi və mədəni irsinin qorunması üçün ABŞ-dən dəstək istənilib.
Qeyd olunub ki, Qərbi azərbaycanlıların tarixi yurdlarına dinc yolla qayıtmalarına və Ermənistanda Azərbaycan xalqına məxsus dağıdılmış dini və mədəni irs yerlərinin bərpasına ABŞ-nin dəstəyi düzgün istiqamətdə atılmış mühüm bir addım olar.

Politoloq Kənan Novruzov Musavat.com-a açıqlamasında sözügedən məktubda diqqətçəkən məqamların olmasından danışıb:
“Azərbaycan uzun illərdir dinlərarası və mədəniyyətlərarası dialoqa töhfə verir. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı” mükafatına layiq görülməsi də məhz bunun nəticəsidir.
Qlobal miqyasda harmoniya, dinlərarası və mədəniyyətlərarası dialoq ABŞ-nin prioritetidir. Bu baxımdan Vaşinqtonun Bakının siyasətini dəstəkləməsi gözləniləndir. Təbii ki, ikitərəfli münasibətlər, həmçinin ABŞ-nin ən ali səviyyədə Azərbaycana diqqətində bu amil də mühüm rol oynayır.
Məktubda diqqətçəkən ikinci məqam Qərbi Azərbaycanla bağlıdır. Qərbi Azərbaycan tarixi Azərbaycan torpaqlarıdır. Orada dədə-babalarımızın məzarları, həmçinin tarixi memarlıq abidələri var. Ora qayıtmaq azərbaycanlıların ən təbii hüququdur. Lakin bu, heç bir halda iddia kimi təqdim olunmamalıdır.
Nəzərə almaq lazımdır ki, rəsmi Bakının kimsənin torpağında gözü yoxdur. Azərbaycan sadəcə tarixi ədalətin bərpasını istəyir. Ermənistan bu məsələdə konstruktiv mövqe ortaya qoymaqla ümumi prosesə töhfə verə bilər. Gələcəkdə Qərbi Azərbaycanla bağlı məsələlərdə ABŞ-nin də mühüm rol oynayacağı istisna edilmir.
Düşünmək olar ki, səfər çərçivəsində hər iki məsələ gündəmdə olacaq. Eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı durumu ilə yanaşı, çox güman, İran ətrafındakı vəziyyət də müzakirə olunacaq. Ola bilsin ki, Vaşinqton bu məsələdə Bakının “nəbzini yoxlamağa” çalışacaq. Bütün hallarda, fikrimcə, səfər uğurlu olacaq və ikitərəfli əlaqələrin inkişafına töhfə verəcək”.
Cavanşir ABBASLI






















