Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Emin Abdullayevin cinayət işi üzrə məhkəməsi başlayıb.
“Qanunla.az”ın verdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Zaur Qasımov ittiham aktını elan edib.
İttiham aktında göstərilib ki, Emin Vaqif oğlu Abdullayev yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şaxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olub və yol nəqliyyat hadisəsi yerindən qaçmış, eləcə də satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib, saxlamış və daşıyıb.
Belə ki, Abdullayev Emin Vaqif oğlu 31 oktyabr 2024-cü i tarixda saat 21 radələrində etibarnamə olmadan idarə etdiyi avtomobillə Tovuz rayonu, Böyük Qışlaq kəndi ərazisində onunla eyni istiqamətdə qarşıda hərəkətdə olan şəxsin avtomobilinin arxa hissəsindən toqquşub və hadisə yerindən uzaqlaşıb. Qarşıdakı avtomobildəki sərnişin isə xəsarət alıb.
Bundan başqa o, istintaqa məlum olmayan mənbədən külli miqdarda 5,747 qram çəkidə psixotrop maddə metamfetamini əldərək Tovuz şəhəri “Şah əsəri” şadlıq sarayının yaxınlığına daşıyıb.
Daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayatkarlıqla Mübarizə İdarəsinin və Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 19 may 2025-ci ill tarixda yuxarıda qeyd olunan ərazidə saxlanılıb.
Emin Abdullayev daha sonra Tovuz Rayon Polis Şöbəsinə gətirilib və üzərinə baxış zamanı 1 ədəd sellofan bükümda təmiz çəkisi külli miqdarda 5,747 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
Bununla da, Abdullayev Emin Vaqif oğluna qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 263.1-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır vurulmasına səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülüb.
Daha sonra söz təqsirləndirilən şəxsə verilib və o, ittiham üzrə özünü təqsirli bilməyib.
Təqsirləndirilən şəxs iddia edib ki, onun həbs edilməsinə səbəb Tiktokda kriminal aləmə meyilli olan dostu ilə fotosunu paylaşması olub:
“Sinif yoldaşım 10 il cəza çəkdikdən sonra azadlığa çıxıb. Və bu münasibətlə mıni çay süfrəsinə çağırıb. Mənim də məqsədim onunla görüşüb bir stəkan çay içmək idi. Mən narkotik istifadəçisi deyiləm və bu ittihamla da razılaşmıram”.
Daha sonra vaxt azlığından prosesə sədrlik edən hakim Mikayıl Məmmədzadə məhkəməni təxirə salıb.
Orxan Rasifoğlu












