Ümummilli Lider Heydər Əliyevin dövlət dili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təklif
Dil sadəcə ünsiyyət vasitəsi deyil, bir millətin yaddaşı, kimliyi, ruhu və tarixidir. Hər bir xalqın milli-mənəvi dəyərlərinin formalaşmasında, qorunmasında və gələcək nəsillərə ötürülməsində dilin rolu əvəzolunmazdır. Azərbaycan xalqının tarixində bu həqiqətin canlı nümunəsini Ulu Öndər Heydər Əliyevin ana dilinə olan dərin sevgisində, onun qorunması və inkişafı uğrunda apardığı mübarizədə aydın şəkildə görmək mümkündür. Əsrlər boyunca müxtəlif imperiyaların tərkibində yaşamış xalqımız öz dilini, milli-mənəvi dəyərlərini itirmədən bu günə qədər gəlib çatmışdırsa, bu, ilk növbədə ana dilimizə göstərilən sədaqət və məhəbbət nəticəsində mümkün olmuşdur.
Azərbaycan Demokratik Respublikası ilhaq edildikdən sonra SSRİ yaradıldı, müttəfiq respublikalarda da dövlət dili rus dili müəyyənləşdirildi. Bu, öz əksini Konstitusiyada da tapmışdı. Respublikalarda milli dilin fəallığı nəzərəçarpacaq dərəcədə sıxışdırılmağa başladı.
Belə bir vaxtda milli dilə həssaslıqla yanaşmaq, onun cəmiyyətdə işləkliyi qayğısına qalmaq böyük cəsarət tələb edirdi. Bu haqda fikir səsləndirənlər ciddi təqib edilirdi. Bu sahə elm üzünə də qapanmışdı. Həmin vaxtlarda Azərbaycan KP MK-nın birinci katibi böyük tarixi şəxsiyyət Heydər Əliyev idi. O, belə bir mühüm problemin həlli üçün cəsarətli bir təşəbbüs göstərdi: 1978-ci il aprel ayının 27-də Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi də əlavə edildi. Bu da böyük tarixi şəxsiyyətin Azərbaycanımıza, xalqımıza misilsiz xidmətlərindən biri oldu.
Böyük tarixi şəxsiyyət digər dövlət rəmzləri kimi ana dilini də olduqca müqəddəs bilirdi, ziyalıları, ümumən xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edirdi, deyirdi ki, Konstitusiya vətəndaşlara təhsil hüququ verir, bu hüquq hər bir vətəndaşa öz ana dilində təhsil almaq imkanı yaradır.
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Ulu Öndər müstəqil dövlətimizin yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 1995-ci il noyabrın 5-də keçirilən iclasında müzakirələrin məntiqi nəticəsi kimi dövlət dilinin adı barədə öz qəti fikrini bildirmişdir: “Mən hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın da, dilimizin də adı tanınıb. Bu reallıqdır”. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili kimi təsbit edilmişdir.
Tamam Xaspoladova- Zərdab rayon Şahhüseynli kənd tam orta ümumtəhsil məktəbinin direktoru