image-qanunla-reklam
image-94165_6530d3d965347

Ümummilli Lider Heydər Əliyev ölkədə qadın siyasətinin əsasını qoymuşdur

image-lady-day-az

Ümummilli Lider Heydər Əliyev ölkədə qadın siyasətinin əsasını qoymuşdur

Heydər Əliyev ölkənin, xalqın taleyi barəsində qərar qəbul edəndə bunu həmişə uzaqgörənliklə, gələcəyə hesablanmış şəkildə edirdi. Çünki xalqın nə istədiyini yaxşı bilirdi və buna uyğun istiqamətlərdə də addımlar atırdı. O, insan hüquq və azadlıqlarının müdafiəsinə xüsusi önəm vermiş və bu hüquqların qorunması yolunda mühüm addımlar atmışdır. 28 dekabr 2001-ci ildə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edildi, 5 mart 2002-ci ildə isə ölkə başçısı tərəfindən bu Qanunun tətbiq edilməsi haqqında Fərman imzalandı və beləliklə də təsisatın yaradılması və fəaliyyət göstərməsi üçün hüquqi baza yaradıldı. Bu, vətəndaşların hüquqlarının müdafəsi sahəsində atılmış mühüm addımlardan biri idi. Böyük siyasətçi insan hüquqları çərçivəsində qadın hərəkatının inkişafına da güclü stimul vermişdi. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Heydər Əliyevin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır. O, qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilmişdir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olmuşdur. Ulu Öndərin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar olmuşdur. Heydər Əliyev hər zaman vurğulayırdı ki, dövlət quruculuğunun bütün mərhələlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi üçün bu gün də var qüvvələrini sərf edirlər. Azərbaycanda lider qadınlar, sahibkar qadınlar yetişir. İqtisadiyyatda, siyasətdə, elmdə, təhsildə, bir sözlə, bunu hər sahədə görmək olar. Hökumətdə, nazirliklərdə, Milli Məclisdə qadınlarımızın fəallığı artmaqda davam edir. Bu kimi müsbət nəticələrin əldə olunmasında Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə qadın hüquqlarının qorunması üçün bir çox qanunlar qəbul etməsi, fərman və sərəncamlar imzalaması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olmasını reallaşdırmasındakı rolu danılmazdır. Azərbaycan qadınları cəmiyyətin dinamik inkişafı istiqamətində həyata keçirilən irimiqyaslı layihələrdə öz fəallığı ilə seçilirlər.
Geniş dünyagörüşlü insanların həm də əsl ailə həyatını təcəssüm etdirməsi bu gün gənclərimizə əsl nümunədir. Belə insanların məhşur ailələrin üzvləri olması isə onların həyatlarının, bir-birinə və övladlarına olan münasibətlərinin hər zaman bir örnək kimi qəbul edilməsinə səbəb olur. Azərbaycan xalqının sadiq oğlu, Ümummilli Lider Heydər Əliyevin ailəsi də gənclərimizə örnəkdir. Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış Heydər Əliyev bu uğurun arxasında hər zaman ailəsinin dayandığını bildirirdi. Böyük şəxsiyyətlərin arxasında böyük qadınlar dayanır. O özü də qeyd edirdi ki, gənc yaşlarından həyatı dövlət işi ilə bağlı olubdur: “Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin rolu böyük olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”. Milli, maddi və mənəvi dəyərlərimizi təbliğ etmək və gənc nəsillərə ötürmək xalqımızın gələcəyi üçün çox böyük əhəmiyyətə malikdir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi – Alagöz Namazova

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki