Dövlət başçısı həmişə çıxışlarında ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır. Prezident daim qeyd edir ki, “məmurlar xalqın xidmətçisi olduqlarını unutmamalıdırlar. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, təvazökar olmalıdırlar”. Bu baxımdan Prezident çıxışında icra başçılarına xalqdan ayrılmamağı və vətəndaşlarla birbaşa ünsiyyəti prioritet hesab etməyi qəti şəkildə tələb etdi. İcra başçıları və səlahiyyətli nümayəndə xalqın problemlərini yerindəcə, operativ şəkildə həll etməli, səmimi və açıq olmalıdırlar. Müraciətlərə baxılarkən subyektiv yanaşmaya yol verilməməli, vətəndaşlara qarşı hörmət və diqqət ən yüksək səviyyədə təmin edilməlidir. Prezidentin icra başçılarının qarşısında qoyduğu əsas vəzifəsi vətəndaş məmnuniyyətini təmin etməkdir.
Ümumən məmur-vətəndaş münasibətləri ilə bağlı ölkə mənzərəsinə nəzər saldıqda, ürəkaçan tablo ilə qarşılaşırıq. Bu gün Prezident yeni kadr islahatları ilə həm də məmur-vətəndaş münasibətləri sahəsindəki irəliləyişlərin, müsbət tendensiyaların yüksələn dinamika üzrə davamını təmin edir. Ancaq təbii ki, inkişaf yolumuz qüsurlardan da xali deyil, bəzən məmur – vətəndaş münasibətləri sferasında fərdi müstəvidə müəyyən nöqsanlar gözə çarpır. Bununla bağlı da Prezident İlham Əliyev öz prinsipial mövqeyini hər zaman ortaya qoyur və bəzən yekəxanalığa yol verən, təkəbbür sərgiləyən məmurlarla bağlı vaxtaşırı lazımi tədbirləri görülür. Prezident İlham Əliyev yeni rəhbərlərə sərt mesaj verərək, dövlət vəzifələrinin şəxsi maraqlara xidmət etməsinin qarşısının alınması üçün qətiyyətli olacağını bəyan etdi. Korrupsiya, rüşvətxorluq və dövlət əmlakından sui-istifadə hallarına yol verən hər kəsin məsuliyyətə cəlb ediləcəyi qeyd edildi. Rayon başçıları yerli iqtisadiyyatın, xüsusilə kənd təsərrüfatı və turizmin inkişafı üçün təşəbbüskar olmalı, ayrılan dövlət investisiyalarının tam təyinatı üzrə və səmərəli istifadəsinə nəzarət etməlidirlər. Prezidentin bu qəbul zamanı verdiyi tövsiyələr, idarəetmə sistemində yeni, məsuliyyətli, vicdanlı və peşəkar kadrlar üçün fəaliyyət proqramı rolunu oynayır və Azərbaycanın bütün regionlarında aparılan islahatların dərinləşməsinə xidmət edir.
Müasir Azərbaycanda səmərəli dövlət idarəetməsinin qurulması istiqamətində həyata keçirilən işlərin və dövlət siyasətinin mərkəzində vətəndaş durur, onun məmnunluğu inkişafın və şəffaflığın əsas göstəricisi hesab edilir. Hər bir məmurun da öz fəaliyyətində əsas vəzifəsi vətəndaş-məmur münasibətlərində Prezidentimizdən nümunə götürərək bu göstəricinin bütün şkalalar üzrə yüksəldilməsindən ibarət olmalıdır. Bu, həm Prezident İlham Əliyevin, həm də yeni dövrün tələbidir.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc



















